Yüz yaşlı bayrağın TARİXİ
Bizi izləyin

Nida Xəbər

Yüz yaşlı bayrağın TARİXİ

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin yüzüncü ildönümü tamam olur. Azərbaycanın üçrəngli bayrağı xalqımızın müstəmləkəçiliyə qarşı apardığı siyasi mübarizənin nəticəsində ucaldılıb.

28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyəti Tiflisdə elan olunduqdan sonra qısa zamanda dövlətin atributları da təsis edildi.

İlk bayraq

Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul etdi. Əslində bu, Osmanlının əski bayraqlarından biri idi və təbii ki, Qafqaz İslam Ordusunun əhval-ruhiyyəsinə uyğun idi. Azərbaycanın ilk bayraqlarının Osmanlı bayraqları ilə oxşar olması təsadüfi deyildi. Belə ki, AC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edilmişdi. Bütün bunlar Azərbaycanda Qafqaz İslam Ordusunun, dolayısı ilə Osmanlının açıq təsiri ilə bağlıdır.

Lakin I Dünya müharibəsində Osmanlının məğlubiyyəti onun Azərbaycandakı bayrağının da məğlubiyyəti ilə nəticələndi. İngilislərin nəzarəti altına keçən Azərbaycanda ingilislərin təzyiqi ilə Osmanlı bayrağı yeni bayraqla əvəzləndi.

Şuşada toxunulan bayraq

Amma qəribədir ki, 1926-cı ildə Sovet Azərbaycanı dönəmində Şuşada Azərbaycanın ilk bayrağının təsviri olan bir xalça toxunulub. Azərbaycan Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib.

Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli ara sahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində “Zikr edər cinnü-mələk həm insan. Yaşasın devlet-ü Azərbaycan" və “Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan” misraları yazılıb.

Ölçüsü 178 x129 olan xovlu xalça yundan toxunub.

Üç rəngli bayraq

1918-ci il 11 təşrini-sanidə (noyabrda) “Azərbaycan” qəzeti hökumətin 9 noyabr tarixli iclasının yeni bayrağımız haqqında qərarından söz açaraq yazırdı:

“Yenə həman iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və 8 guşəli yıldız olacaqdır”.

Üstünə türklüyün rəmzi olan mavi rəng və islamın rəmzi olan yaşıl rəng artırılmış yeni bayrağın ortasındakı qırmızı rəngli hissədə Osmanlı bayrağının özəyi saxlanılmışdı. Ancaq az sonra ingilislərin rəhbərliyi altında Bakıya girən Müttəfiq qoşunlarının rəhbərliyinə bu, çağdaş Avropa demokratiyasının rəmzi kimi izah edildi və həmin aydınlatma bugünədək öz qüvvəsindədir.

Noyabrın 17-də Bakı limanına yaxınlaşan 3 paroxoddan 1000 ingilis və 800 hind əsgər və polisindən ibarət ingilis-fransız-amerikan hərbi, eləcə də İngiltərə, ABŞ, Fransa və İtaliya ittifaq dövlətlərinin nümayəndələri enərək Mudros razılaşmasına əsasən, Bakıya girdi. Limanda onları daxiliyyə naziri Behbud xan Cavanşir qarşıladı. General Tomson Müttəfiqlərin bayraqları ilə yanaşı asılmış Azərbaycan bayrağını görərək qəzəbləndi və onun dərhal götürülməsini əmr etdi. Amma qısa zamanda Tomson mövcud Azərbaycan hökumətini tanıdı, dekabrın 7-də Azərbaycan Parlamenti açılarkən parlament binasının içində və üstündə Azərbaycan bayrağı asıldı. Açılış günü Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə belə dedi:

“Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başımızın üstündə dalğalanacaqdır. Bir daha yüksələn bayraq, bir daha enməyəcəkdir!”

Həmin günlə bağlı Üzeyir bəy Hacıbəyli “Təəssürat” adlı məqaləsində yazır: “Parlamanımız açıldı, gördük, Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi. Məhəmmədəmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endirilməz!” - dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

Bu dövrdə Azərbaycan bayrağına xalq arasında böyük maraq yaranmışdı. Təsadüfi deyil ki, parlamentin iclasında Qubadan göndərilmiş millət vəkili Mürtəza Axundov belə bir müqayisə aparmışdı:

“Bakı Azərbaycanın paytaxtı olduğu halda, burada 3 rəngli bayraqdan ancaq bir dənə görürəm, halbuki Qubada kasıb, dövlətli hər kəsin ipək parçadan tikilmiş 3 rəngli bayrağı var, hər cümə günü şəhərə təzyin edirlər. Lakin nədənsə bunu Bakıda görmürəm”.

Təbii ki, bayraq müstəqil dövlətin simvolu olduğuna görə onun ləğv edilməsini, endirilməsini istəyənlər də vardı. Buna görədir ki, “Azərbaycan” qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyli 1919-cu ilin 8 mayında “Bayrağımız sarsılmaz” adlı məqaləsində yazırdı:

“Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır. Münəvvər bayrağımızın üç rəngli parçasını övci-səmayə qaldıran ağacı, iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməkdədir. Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqda olan qüdrət və qüvvəti zalım düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir. O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər; ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istəyirlər...

Əbəs zəhmət!

O ağac sınmaz, o nur sönməz, o əl dönməz!! Çünki bayrağımız həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!

Nahaq səy!

Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, haqq və hürriyyət bayrağı enməz, sarsılmaz!”

Azərbaycan bayrağı Cümhuriyyətin poçt markalarında da yer alıb.

Bayrağın rənglərinin mənası

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağın rəngləri həmin dönəmdə Azərbaycanda və Osmanlıda hakim olan türkləşmək, müasirləşmək, islamlaşmaq düsturunun əksi idi. Bu düsturun müəllifi isə Azərbaycanın tanınmış publisisti, fikir adamı Əli bəy Hüseynzadə olub.

Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng çağdaşlığı, modernləşməni, yaşıl rəng isə islam dininə mənsubluğu ifadə edir.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Cəfər Cabbarlı “Azərbaycan bayrağına” şeirində belə yazır:

Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU

Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,

Yurdumuzu qucmuşdur!

Aypara və ulduzun Bizansdan Osmanlıya, Osmanlıdan bizə keçdiyi barədə də iddialar var.

Bayrağın gerçək mahiyyətini isə 10 dekabr 1918 tarixli ikinci iclasında Məhəmmədəmin Rəsulzadə açıq şəkildə bildirib:

“Artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmatimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir”.

Bayrağımızın mühacirət həyatı

Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra 1920-ci il mayın 3-də bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi. Bundan sonra Azərbaycan milli bayrağının mühacirət həyatı başladı. Amma 1956-cı ildə Bakıda möhtəşəm bir hadisə də baş verdi. Belə ki, 1956-cı ilin 28 mayında Çingiz Abdullayev və Cahid Hilaloğlu adında iki nəfər şəxs Qız qalasında üç rəngli bayrağı bir saata yaxın dalğalandırdılar, buna görə də həbs edildilər.

İşğaldan sonra mühacirətdə keçirilən 28 may tədbirlərində, eləcə də Türkiyədə, Fransada, Almaniyada, Amerikada evlərdə milli bayraq asıldı. Məhəmmədəmin Rəsulzadə Türkiyədə çap etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabının üz qabığını bayraq təsviri ilə süslədi. Polşada çap etdiyi kitabının üz səhifəsəndə də Azərbaycan bayrağına yer verdi.

“Yeni Kafkasya” jurnalının 1925-ci ildə çap olunan 41-ci sayındakı “Kiçik Türkiyənin böyük bir günü” adlı məqaləsində Rəsulzadə “ÇeKa” zülmü altında da bayrağı evlərində saxlayanların olduğunu yazıb:

“1918-1919-cu illərdə hər evin üstündə dalğalanan mavi, qırmızı və yaşıl rəngli bayraq indi yalnız “ÇeKa”nı xor görən qəhrəmanların evində gizli şəkildə açıla bilsə də, onun bu gün ifadə etdiyi məna o gün ifadə etdiyi məfhumdan daha qüvvətlidir”.

28 may tədbirlərinin birində ona verilən Azərbaycan bayrağını alarkən isə Rəsulzadə əminliklə belə söyləyib:

“İstiqlalımızla bərabər yaşadığımız məsud gündə “bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!” demişdim... Ey Vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o imanlı azəri gəncliyinin əlindədir, çox çəkməz o əl onu təkrar Azərbaycanın üfüqlərində dalğalandıracaqdır. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi!”

Dediyi oldu.

1988-ci il Meydan hərəkatı dönəmində Azərbaycan bayrağı yenidən dalğalanmağa başladı.

Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti milli bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sonda qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir.

Dilqəm ƏHMƏD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm