Dilçidən Afaq Məsuda SƏRT SÖZLƏR: “Hər işin qulpundan yapışıb...” - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Dilçidən Afaq Məsuda SƏRT SÖZLƏR: “Hər işin qulpundan yapışıb...” - MÜSAHİBƏ

Publika.az Teleqraf.com-un Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri Sevinc Əliyeva ilə müsahibəsini təqdim edir:

- Sevinc xanım, Azərbaycan Tərcümə Mərkəzi KİV-də apardığı monitorinqi necə qiymətləndirirsiniz?
- Konkret faktlardan çıxış edərək deyə bilərik ki, Azərbaycan Tərcümə Mərkəzinin apardığı monitorinqlərin heç bir əsası yoxdur. Hər hansı işə peşəkar şəkildə yanaşmaq ayrı şeydir. Bir də var, hər işin qulpundan yapışıb yarımçıq iş ortaya qoyula, bir sözlə, biabır olasan. Nəsimi adına Dilçilik İnstitutu olaraq monitorinqlərlə 2011-ci ildən məşğul oluruq. Monitorinq şöbəsi prezidentin 2013-cü ildə 9 aprel sərəncamı ilə yaradılıb və 2014-cü ildən fəaliyyətə başlayıb. Hər il bir neçə sahə üzrə monitorinqlərin nəticələri həmin qurumların nümayəndələrinin iştirakı ilə ictimaiyyətə açıqlanır.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, monitorinq birtərəfli aparılmır. Söhbət məsələn, reklamlardakı monitorinqlərdən gedirsə, nəticələri əlaqədar qurumların - Bakı Şəhər Reklam və İnformasiya İdarəsi, Reklamçılar İttifaqının əməkdaşları dəvət olunmaqla və mətbuat nümayəndələrinin iştirakı ilə elan edirik. Bakıda və rayonlarda apardığımız monitorinqlər buna misal ola bilər.

Onu da qeyd edim ki, Tərcümə Mərkəzi də bir vaxtlar bununla məşğul idi.

Saytlarda Azərbaycan ədəbi dil normalarına uyğunluq və qeyri-uyğunluq məsələsi ilə bağlı monitorinqlər zamanı da eyni metodologiyanı tətbiq etmişik. Heç vaxt məsələyə fərdi yanaşmamışıq, saytın rəhbərinin kimliyinə diqqət yetirməmişik. Bu, ciddi məsələdir.
Bizi düşündürən yalnız Azərbaycançılıq, dilimizə xidmət, ədəbi dilimizə riayət məsələsi olub.

Məmurlardan tutmuş istənilən vətəndaşa qədər hər kəs Azərbaycan dilində normal danışmağı, düzgün yazmağı bacarmalıdır. Bu, ilk növbədə bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan Respublikasının vətəndaşıyıqsa, müvafiq olaraq ana dilimizdə danışmalıyıq. Söhbət peşəkarlıqdan gedirsə, yanaşma da peşəkarcasına olmalıdır. Biz orta məktəb dərsliklərinin monitorinqi zamanı müvafiq qurumları dəvət etmişik, əgər gəlməyiblərsə, bu, başqa məsələnin mövzudur. Monitorinqin nəticəsi heç vaxt gizli olmayıb, saytımıza qoymaqla kifayətlənməmişik, ictimaiyyətə açıqlamışıq.
Bir məqamı da vurğulayım, televiziyaların monitorinqini aparanda teleaparıcılar mənə sual ünvalayırdı ki, niyə Azərbaycan Dövlət Televiziyası kənarda qalır? Son 3-4 ildə apardığımız monitorinqlərə Azərbaycan televiziyasını da cəlb etmişik. Aparıcıların nitqində qüsurlar varsa, görüntülər verilməklə ictimaiyyətə açıqlanıb.

Tərcümə Mərkəzinin işini ona görə pisləyirik ki, əvvəla, qeyri-peşəkar yanaşma var. Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətinə daxil olan sözlərin qeyri-etik olduğunu vurğulayırlar. Əgər söz lüğətimizə daxil olubsa, ümumişlək sözdür. Xalqın dilindəki sözlər lüğətdə öz əksini tapıbsa, deməli, işlənə bilər.

Birtərəfli yanaşmadan çıxış edərək məqsədli şəkildə hansısa saytı qınaq obyektinə çevirmək xatirinə hər hansı sözü axtarmaq düzgün deyil. Başqa bir məqam da var, hansısa xəbərdə qüsur görəndə diqqət edirik, sayt öz xəbərinimi qoyub, yoxsa başqa mənbəyəmi istinad edib? İstinad varsa, xəbəri olduğu kimi yayımlayan sayta deyil, orijinala müraciət etməliyik. Tərcümə Mərkəzi bu işdə peşəkar olmadığına, hər hansı məqsəd güddüklərinə görə bu cür yanaşıb.

Orfoqrafiya lüğətini misal gətirə bilərəm, hər hansı quruma subyektiv münasibəti ortaya qoymaq üçün iş görülmür. İşi peşəkarcasına görmək istəyirsənsə, işinin keyfiyyətini ortaya qoymalısan. Monitorinq elə aparılmalıdır ki, indiyə qədərki monitorinqlərə uyğun olsun, onlarla çəkidə taraz gələ bilsin.

- Orfoqrafiya lüğəti ilə bağlı məsələni vurğuladınız, bəs KİV-lə bağlı monitorinq hansı məqsədə xidmət edir?
- Belə qənaətə gəldim ki, bu da subyektiv münasibətdir. Əgər söhbət reallıqdan gedirsə, niyə görə bütün saytlar monitorinqə cəlb olunmur? Niyə bütün saytlardan nümunələr verilməklə monitorinqin nəticələri açıqlanmır? Söhbət hər hansı saytı qınaq obyektivinə çevirməkdən gedirsə, məsələn, axar.az, yaxud teleqraf.com saytlarında məlumatların yanlışlığı ortaya qoyulubsa, başqa saytlarda nə var?

Görmək istədiyim aparıcı saytları təəssüf ki, orda görmədim. Tərcümə Mərkəzində monitorinq aparan şəxslərin kimlər olduğunu bilmirəm, bütün saytlar monitorinqə cəlb olunduğu təqdirdə Mərkəzin monitorinqləri peşəkar mütəxəssislərin apardığı monitorinq hesab oluna bilərdi. Heç bir fərdi münasibət olmadan, hər bir sayta obyektiv yanaşma ilə açıqlamalar verilməli, Azərbaycan ədəbi dilinə uyğunluq prinsipi gözlənilməlidir.

Hansısa saytla münasibətə görə qəsdən onun qabardılmasını pisləyirik. Monitorinqlər düzgün aparılsaydı, çəkinmədən bütün saytların qüsurlarını qeyd edib, tövsiyələri verməli idi.
Qüsurları da necə gəldi vermək olmaz. Hansısa qrammatik pozuntular olduğu və düzgün variant göstərilməklə nəticələr açıqlanmalıdır. Sonra isə tövsiyə və təkliflər verilməlidir.

- Tərcümə Mərkəzi bir çox saytlarda “qüsurlar”ı şərhsiz başlığı altında açıqlayıb...
- Bu, tamamilə yanlışdır. Tərcümə Mərkəzinin monitorinqlərində peşəkarlıqdan söhbət gedə bilməz. Təəssüf edirəm ki, yenə də ən ali dil qurumu olan Nəsimi adına Dilçilik İnstitutunun funskiyasına qarışdılar, şərik olmağa çalışdılar. Bunu bir dilçi kimi pisləyirəm.

- Özünüz də qeyd etdiniz ki, bütün monitorinqə KİV-lər cəlb olunmayıb, sanki seçim zamanı hansısa saytları qaralamaq məqsədi güdülüb. Başqa məşhur portallara, saytlara rast gəlinməyib. Sizcə, bu seçim necə aparıla bilər?
- Bir var ciddi oxunaqlı saytlar, onları hamımız tanıyırıq. Şou səciyyəli, hansısa xəbəri verib arxasınca nə isə güdmək məqsədilə fəaliyyət göstərən saytlar da var. Bu yaxınlarda bir neçə saytın fəaliyyətinin dayandırması ilə bağlı xəbərdarlıq edildi. Bu, dərs idi ki, hamı öz işinin ciddiliyinə diqqət yetirsin. Tərcümə Mərkəzi də öz işinin ciddiliyini nəzərə almalıdır.

Əlbəttə, insanın bir şəxsə yaxşı münasibəti yoxdursa, hansısa hərəkətində qüsur axtarıb tapacaq. Bu baxımdan hesab edirəm ki, saytlara yanaşma eyni olmalıdır. Söhbət ilk növbədə ciddi saytlardan gedir. Mənə bu barədə də sual verilib ki, o qədər oxunaqlı olmayan saytların monitorinqini aparırsınızmı...

Söylədim ki, o saytlara baxanda hətta xəbərlərin bir çoxunun ciddi mənbəyə istinad olunmadan məqsədli şəkildə yerləşdirildiyini şahidi olduq və buna görə onları nəzərə çarpdırmırıq ki, belə sayt da var. Məqsədimiz dilimizə xidmət, vətəndaşlarımızın daha çox müraciət etdiyi saytlardakı dil qüsurlarını ortaya qoymaqdan ibarətdir.

- Tərcümə Mərkəzi monitorinq və digər məsələlərdə heç monitorinq şöbəsinə əməkdaşlıq üçün müraciət edibmi?
- Xeyr, heç vaxt olmayıb. Biz televiziyaların monitorinqini aparanda suallar verilirdi ki, dublyajlardakı vəziyyətlə tanışsınızmı? Mən də həmişə eyni cavabı verirəm: Dublyajlardakı hər hansı qüsura görə məsuliyyəti Tərcümə Mərkəzi daşımalıdır. Tərcümə Mərkəzi birinci növbədə tərcümə olunmuş kitablardakı, filmlərdəki qüsurlarla məşğul olmalıdır.

Bilirsinizmi, dərman preparatlarının içlik vərəqində nə qədər ciddi problemlər var. Biz bir dəfə özümüz üçün monitorinq apardıq, orada o qədər səhvlər ortaya çıxdı ki... Baxdıq ki, burada sırf peşəkar tərcüməçilər lazımdır o tərcümələri ortaya qoysun, sonra onun monitorinqini aparaq.
Məsələn, mənə maraqlıdır ki, Tərcümə Mərkəzinin səlahiyyətlərində KİV-in dili, reklamlardakı dil qüsurları ilə bağlı monitorinq aparmaq vəzifəsi varmı? Monitorinq şöbəsi məhz prezidentin sərəncamı ilə yaradılmış bir şöbədir və fəaliyyətimizin başlıca prinsipi bundan ibarətdir. Amma Tərcümə Mərkəzinin başlıca vəzifəsi adından da göründüyü kimi tərcümə məsələlərinə nəzarətdir.
Bu yaxınlarda telefilmlərdə dil qüsurları ilə bağlı ekspert qrupunun rəhbəri idim, o qədər məsələlər ortaya qoyulmuşdu ki, iki nəfərdən biri mənə dublyajların vəziyyəti barədə sual verirdi. Bu, insanları həddən artıq narahat edir. Halbuki bu, ilk növbədə, Tərcümə Mərkəzini, hörmətli Afaq xanımı narahat etməlidir ki, onun başçılıq etdiyi Mərkəzin birbaşa səlahiyyətinə daxil olan məsələlər nə vəziyyətdədir...

Həddən artıq bərbaddır! Mütəxəssis olaraq deyirəm ki, bu gün televiziya üçün mənfi hal hesab edilən ən başlıca məsələlərdən biri məhz dublyajlarla bağlıdır.

- Bütün bunların fonunda Tərcümə Mərkəzinin monitorinqi nə dərəcədə mötəbər hesab edilə bilər?
- Qəti mötəbər hesab oluna bilməz. Tərcümə Mərkəzinin orfoqrafiya lüğəti Dilçilik İnstitutunun tərtib etdiyi və Nazirlər Kabineti tərəfindən təsdiq olunan lüğətlə heç vaxt bir səviyyədə ola bilmədiyi kimi monitorinqlərin də heç bir əhəmiyyəti ola bilməz. Burada heç bir rəsmiyyətdən söhbət gedə bilməz.

- Rəhbərlik etdiyiniz monitorinq şöbəsinin hazırda hansı iş üzərində çalışır?
- Saytların, televiziyaların monitorinqi mütəmadi işimizdir. İlin əvvəlində planlarımızı açıqlamışıq. Ölkə başçısının Monitorinq Mərkəzinin yaradılması barədə sərəncamı təqdir etdik. Biz düşünürük ki, Monitorinq Mərkəzi nə qədər tez yaransa, Tərcümə Mərkəzi də öz fəaliyyətini daha yaxından dərk edəcək və bu işlərdən əl çəkəcək. Monitorinq Mərkəzinin səlahiyyətləri qanunvericilik çərçivəsində daha güclü olacaq.

Ona görə də, indiyə qədər arzuladığımız, qanunvericilik çərçivəsində edə bilmədiyimiz işlər yəqin ki, Monitorinq Mərkəzinin fəaliyyətinə daxil olacaq. Biz şöbə olaraq fəaliyyətimizdəyik, radiolarla bağlı monitorinqlərimiz olub, onların nəticələrini açıqlayacağıq.

Ötən il müğənnilərin ifa tərzindəki qüsurlarla bağlı monitorinqlərimiz oldu, fəaliyyətimiz alqışlandı. Məqsəd yalnız dilimizin xidmətində durmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm