Nida Xəbər
Zatulin Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir - Səfirlik
Rəsmi şəxs, hakim partiyanın üzvü, onun parlamentdəki təmsilçisi olan Konstantin Zatulin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir. Onun diqqətinə çatdırırıq ki, bu mövqeyi onun özü deyil, Rusiya Federasiyasının rəhbərliyi müəyyən edir.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Rusiyadakı səfirliyinin RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin mətbuat xidmətinin bəyanatına cavab məktubunda yer alıb.
Məktubda qeyd edilir ki, səfirlikdə RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin mətbuat xidmətinin 2019-cu il 17 oktyabr tarixli bəyanatını diqqətlə oxuyublar. Bəyanatda iddia edilir ki, səfirliyin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota təqdim etməsi deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə qarşı isterik kampaniyanın kulminasiya nöqtəsidir.
Azərbaycan səfirliyinin bununla bağlı cavab məktubunda deyilir: “Diqqətə çatdırırıq ki, cənab Zatulinin "isterik kampaniya" adlandırdığı proses onun öz mövqeyindən sui-istifadə edərək uzun illər ərzində Azərbaycan və Rusiya arasında yüksək səviyyəli əlaqələrə xələl gətirmək məqsədilə davam etdirdiyi destruktiv fəaliyyətin dayandırılmasına çağırışdır. Səfirlik K.Zatulinin diqqətinə onu da çatdırır ki, bu əlaqələr o qədər möhkəm və konstruktivdir ki, Azərbaycan-Rusiya münasibətlərinə hər hansı zərər vermək cəhdləri uğursuzluğa məhkumdur.
Bununla yanaşı, səfirlik humanitar niyyətlər altında özünü sülh carçısı kimi təqdim etmək istəyən hər kəsin nəzərinə çatdırır ki, onlar artıq 30 ildən çoxdur Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasını, ölkənin ərazi bütövlüyünün bərpa olunmasını və azərbaycanlı əhalinin etnik təmizlənməsində, Xocalı soyqırımı və digər hərbi cinayətləri törədənlərin cəzalandırılmasını gözləyən Azərbaycan xalqına da hörmətlə yanaşsınlar.
Rusiyalı deputatın mətbuat xidmətinin əsassız, xüsusən səfirliyin deputatın münaqişənin ədalətli həllinə dair fikirlərinə dəqiq cavabı olmadığı üçün Rusiya XİN-ə müraciət etməsi arqumentlərinə gəldikdə, bildiririk ki, yəqin, Zatulinin özündən savayı əsl həqiqət hamıya məlumdur. Təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üzrə mövqeyini bilir. Bu səbəbdən bir daha təkrar edirik ki, "sülh carçısı" Konstantin Zatulin rəsmi şəxs, hakim partiyanın üzvü, onun parlamentdə təmsilçisi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir. Deputatın diqqətinə çatdırırıq ki, bu mövqeni onun özü deyil, Rusiya Federasiyasının rəhbərliyi müəyyən edir. Səfirliyin notasında yer almış söz və niyyətlərin təhrif edilməsi cəhdləri isə onun məsələyə qərəzli yanaşmasından başqa bir şey deyil. Biz Rusiya Federasiyasının rəsmi mövqeyindən çıxış edirik və Rusiya XİN-in diplomatik notalarına əsaslanırıq.
Təbii ki, K. Zatulinin öz şəxsi fikri ola və onu başçılıq etdiyi MDB Ölkələri İnstitutunun yeməkxanasında özünün erməni dostları və himayədarları ilə bölüşə bilər. Lakin deputatın Azərbaycan qanunvericiliyinə zidd olaraq işğal olunmuş ərazilərə səfər etməsi, habelə separatçı tədbirlərdə iştirakı tamamilə yolverilməzdir və cənab Zatulinin öz statusuna və nüfuzuna xələlə gətirir.
ABŞ və Avropa ölkələri təmsilçilərinin iştirakına və Azərbaycan tərəfinin bunun ardından verdiyi reaksiyaya gəldikdə, məlumat veririk ki, həmin ölkələrdəki səfirliklərimiz tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda, qeyd etmək istərdik ki, regionun əsas ölkəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiyadan gözləntilərimiz yetərincə böyükdür və bu səbəbdən rusiyalı deputatın bu cür tədbirlərdə iştirakına reaksiyamız da buna müvafiqdir.
Erməni soyadı olan Rusiya vətəndaşlarının deportasiyası məsələsi ilə bağlı səfirlik diqqətə çatdırır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində bunun ətraflı izahını verib və cənab Zatulin onunla aşağıdakı linkdə tanış ola bilər: https://iz.ru/931686/elnar-bainazarov/my-nikuda-ne-denemsia-nado-vesti-peregovory-s-armeniei.
Deputatın mətbuat xidməti K.Zatulinin qanunsuz hərəkətlərinə Ramil Səfərov və Aleksandr Lapşin misallarında da bəraət qazandırmaq istəyir. Bu məsələlər barəsində Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirib. Səfirlik hesab edir ki, bu cür spekulyasiyalar Rusiya ictimaiyyətini çaşdırmaq məqsədi güdür. Yaxşı olardı ki, deputat Qaregin Njdenin timsalında faşistlərin əlaltılarının təbliği ilə bağlı Emənistanın öz siyasətini davam etdirməsindən danışsın və bu məsələ üzrə Rusiya XİN-in mövqeyi ilə tanış olsun.
Səfirliyin yuxarıda göstərilən notasında guya hansısa qərəzli fikir sezərək deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bərədə fikirlərinə istinad etmədiyi barədə qənaət də yanlışdır. Bu nəticəyə gəlmək sadəcə gülüncdür, çünki Azərbaycan münaqişədə zərər görən tərəfdir və onun tezliklə nizamlanmasında maraqlıdır. Konkret nəticələrin olmamasına və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə bəyan etdikləri kimi, işğal olunmuş ərazilərdə status-kvonun qorunub saxlanılmasının yolverilməzliyini dəfələrlə bəyan etməsinə rəğmən ölkəmizin danışıqlar prosesində konstruktiv iştirakı buna sübutdur.
"Rus əhalinin aparteidi" ifadəsinin işlədilməsi bir daha təsdiqləyir ki, şübhəli xarakterli separatçı tədbirlərdə iştiraka həddindən artıq aludə olmuş cənab Zatulin reallıq hissini itirib və Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, hətta ölkədə hökm sürən tolerantlıqdan və rus dilinə çox böyük ehtiram göstərilməsindən xəbərsizdir.
Yuxarıda göstərilənlərə baxmayaraq, K.Zatulinin də sözlərindən məlum olduğu kimi, o, öz qənaətinə görə, seçicilərinin və bütövlükdə Rusiya Federasiyasının maraqlı olduqları problemlərin həllini axtarmaqda davam edir. Deputatın səylərinə kömək etmək istəyən səfirlik bir daha aşkar həqiqəti ona açır. Qarabağ separatçılarının özlərindən və K.Zatulindən başqa münaqişənin ədalətli həllində maraqlı olanların hamısı üçün bu həll yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində və Rusiya Federasiyasının da dəstəklədiyi digər beynəlxalq hüquqi sənədlərdə öz əksini tapıb.
Səfirlik ümidvardır ki, özünün rəsmi saytında sadlanan bütün vəzifələri tutan Konstantin Fyodoroviç Azərbaycan cəmiyyətinin onun məsuliyyətsiz hərəkətlərinə reaksiyasını düzgün başa düşəcək və haqq yoluna qədəm qoyacaq”.
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?