“Rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır” - Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

“Rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır” - Həsənquliyev

Cəmiyyətdə koronavirusa görə gərginlik hər kəsə sirayət edir. Belə bir vəziyyətdə millət vəkillərinin demək istədiyi məsələlər var. Təkcə özlərinin deyil, həm də seçicilərinin qaldırdığı məsələlər. Bu mənada parlamentin iclasında 30 dəqiqəlik cari məsələlərin müzakirəsi olmayanda qanun layihələri bir kənarda qalır, çıxış edən deputatlar öz fikirlərini səsləndirirlər. Məncə, cari məsələlərin müzakirəsini bərpa etmək lazımdır ki, deputatlar onları və seçicilərini maraqlandıran məsələlər haqqında danışsınlar.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Cinayət Məcəlləsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” məsələsi müzakirə edilərkən çıxış etmək istəyib: “Ancaq mən təkidlə söz istəyirdim, siz vermədiniz. Hesab edirəm ki, bizim nizamnaməyə görə, millət vəkili çıxış etməkdə təkid edirsə, ona şərait yaradılmalıdır”.

Bələdiyyələr haqqında danışan Q.Həsənquliyev deyib ki, məsələnin mahiyyətinə toxunulmayıb: “Bələdiyyələrin statusu, maliyyə mənbələri azdır. Reklamı onların əlindən aldıq. Bələdiyyələrə vergilər ödənilmir. Fikrimcə, məsələnin mahiyyəti burdadır”.

Cinayət Məcəlləsinə dəyişikliklər barəsində danışan deputat bildirib ki, dəyişikliklər edərkən baxmalıyıq ki, cəmiyyətdəki müvafiq sahədə mövcud olan ictimai-siyasi münasibətləri tənzimləyən qanun hansı məsələlərə xüsusi diqqət etməlidir: “Ən əsası cənab Prezidentin çıxışı zamanı qeyd etdiyi kimi rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Artıq bir çox vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bəlli olub ki, onlar çoxlu sayda digər vəzifəli şəxslərdən rüşvət alıblar. Amma rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmur. Cinayət Məcəlləsində yazılır ki, rüşvət verən şəxs bu haqda məlumat verirsə, məsuliyyətdən azad olunur. Hesab edirəm ki, bu normadan çıxarılmalıdır. Əks halda hamı düşünər ki, mən rüşvət verəcəyəm, əgər cinayətkar niyyətim baş tutmasa gedib hüquq mühafizə orqanlarına məlumat verəcəyəm, pulumu geri alacağam və məsuliyyətdən də azad olunacağam. Odur ki, bəzi hallarda vətəndaşlar vəzifəli şəxsləri də yoldan çıxarırlar.

Düşünürəm ki, 312-ci maddəyə biz baxmalıyıq. Digər mühüm məsələ 177-ci maddədir, dələduzluq. Bizdə bir xeyli vətəndaşı dələduzlar aldadır ki, pul verin iş görüm, qarşılığında sizə daha çox pul ödəyəcəyəm. Və yaxud borc alıb qaytarmırlar. Bir çox hallarda hüquq mühafizə orqanları dələduzluqla bağlı cinayət işi qaldırmır. Yəni bu kimi halların sayı çoxdur. Bunun üçün yazmalıyıq ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində bağlanmayan vədlərə görə, cinayət təqibi qadağan edilir. Başqa sözlə, vətəndaşlar bilməlidir ki, borc müqaviləsini rəsmi şəkildə təsdiq etmirsə gələcəkdə digər şəxsi cinayət hüquqi qaydasında təqib etdirə bilməyəcək. Biz məsələlərə köklü yanaşmalıyıq ki, problemləri köklü şəkildə aradan qaldıra bilək.

Ədalət mühakiməsinin əleyhinə olan cinayətlər mövzusunu da diqqətə gətirmək istərdim. Mən əvvəllərdə bu barədə məsələ qaldırmışam. Qanunsuz qətnamə, qərar və hökm çıxaran hakimə 300 manatdan 500 manata qədər cərimə və yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Düzdür, azadlıqdan məhrumetmə ilə bağlı ağırlaşdırıcı hal var. Əgər həmin şəxs azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarıbsa, bu halda cəza sərtləşdirilir.

Bəs qətnamələrlə bağlı? Biz doğurdan da hakimlərin cinayət məsuliyyətini artırmasaq heç kəs investisiya qoymayacaq. Hakim də bilir ki, uzaq başı məni 300 manat cərimə etsinlər. Amma burada söhbət böyük rüşvətdən gedir. Hesab edirəm ki, biz bu məsələyə də baxmalı, ədalət mühakiməsinin əleyhinə olan, xüsusilə hakimlərin qanunsuz qərar və qətnamə çıxarmalarına görə məsuliyyət həddən artıq sərtləşdirilməlidir. Ümumən konseptual baxımdan dəyişikliklər ediriksə, bu məsələləri nəzərə almalıyıq. Qeyd edim ki, ötən dəfə həmkarım Erkin Qədirli bu məsələni qaldırdı. Hesab edirəm ki, xuliqanlıq inzibati xəta hesab edilməlidir. Əgər xuliqanlıq zamanı silah və ya başqa vasitədən istifadə edilirsə, buna görə şəxs ayrılıqda cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm