“Təklif etdilər ki, Sərsəngi...” - Hüquq müdafiəçisi ermənilərin ekoloji terrorundan danışdı
Bizi izləyin

Nida Xəbər

“Təklif etdilər ki, Sərsəngi...” - Hüquq müdafiəçisi ermənilərin ekoloji terrorundan danışdı

Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Bu barədə Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə bəyanat yayıb.

Məsələ ilə bağlı Publika.az-a danışan hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, biz ilk olaraq Azərbaycan ərazisindəki su ehtiyatlarının neçə faizinin Ermənistandan gələn çayların hesabına formalaşdığını araşdırmalıyıq:

“Ermənistan tərəfi əvvəllər də Azərbaycanın sərhəd bölgəsində yaşayan əhalinin suyunu kəsib. Xüsusilə Tovuz və Qazax bölgələri daha çox Ermənistandan gələn sudan asılıdır. Eləcə də Tərtərin suyu Sərsəngdən asılıdır. Bizim bu cür su embarqosu ilə qarşılaşmağımız qaçılmaz idi. Artıq su ehtiyatları tükənir. Belə olan halda Ermənistandan gələn çayların rasional istifadəsi məsələsi ortaya çıxacaq. Onlar bu çayları kənd və fermer təsərrüfatlarının istifadəsinə verirlər. Hazırda əlavə su mənbələri axtarmalıyıq. Çünki Ermənistan öz əməlindən əl çəkməyəcək. Onlar düşməndir və hər cür çirkin əməllərə əl ata bilərlər. Biz buna təəccüblənməli deyilik, əksinə, onlara adekvat cavablar hazırlamalı və əhalini su qıtlığı təhlükəsindən qorumalıyıq. Mən o bölgəni araşdırmışam və problemlərlə tanışam. Orada su azalır. Mənbə quruduqca sudan istifadə edən təsərrüfatların sayı isə çoxalır”.

Ə.Həsənovun sözlərinə görə, hazırda su ilə bağlı Ermənistanla danışıqlar apara bilmərik.

O qeyd edib ki, əvvəllər qondarma rejimin rəhbərliyi danışıqların aparılması ilə bağlı ölkəmizə təklif edib: “Onlar bizə bildirmişdi ki, Sərsəng su anbarından birgə istifadə ilə bağlı danışıqlar aparaq və danışıqlar nəticəsində suyun səmərəli istifadəsini bölək. Biz bu danışıqlara getsəydik, onlarda qondarma Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı hansısa illüziya yarana bilərdi. İndi də danışıqlara getməmək üçün alternativ yollar tapılmalıdır. Ən uyğun seçim artezian quyularının qazılması və əlavə bulaq mənbələrinin axtarıb tapılmasıdır”.

Hüquq müdafiəçisi vurğulayıb ki, bir ölkənin ərazisindən axan çaylara müdaxilə edib digər ölkəni susuzluqla üz-üzə qoymağa görə həmin ölkənin məsuliyyət daşıması ilə bağlı konkret öhdəlik yoxdur: “Nəzərə alaq ki, Araz çayının müəyyən hissəsi Ermənistandan keçir. Ancaq onlar bu çaya mane ola bilmirlər. Tərtərçaya da çox mane ola bilmirlər və yalnız suyu azaldır, çirkləndirirlər. Ancaq Qazax ölkənin su baxımından ən təhlükəli bölgəsidir. O bölgədə su çatışmazlığı daha tez üzə çıxır, nəinki Tərtərdə. Çünki Tərtərdə artezian quyuları qazılır və su daha üzdədir. Tovuz və Qazax bölgəsi dağlıq bölgə olduğu üçün su dərindədir. Bulaqların axtarıb tapılması isə uzun vaxt alır.

BMT və digər beynəlxalq təşkilatlar birgə komissiya yaradılmasını təklif edə bilərlər. Belə olduğu halda məsələ yaradılan komissiya ilə müzakirə edilir. Hər iki tərəfə təklif ediləcək ki, dağ çaylarının və su mənbələrinin rasional, düzgün istifadəsi üçün danışıqlar masasına otursunlar. Ancaq öhdəlik qoymaq və cəza vermək mexanizmi təəssüf ki, yoxdur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm