Nida Xəbər
Ali Məclis payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirdi - FOTO
Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.
Ali Məclisin Sədri elektroenergetika və qaz təsərrüfatı sahələrində enerji itkilərinə yol verilməməsinin, təhsil müəssisələrində, eləcə də digər dövlət qurumlarında və ictimai yaşayış binalarında istilik sistemlərinin hava şəraitinə uyğun tənzimlənməsinin və qənaətlə istifadə olunmasının vacibliyini qeyd edib, bu sahələrdəki nöqsanları diqqətə çatdıraraq aidiyyəti üzrə tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, yaşayış məntəqələrində kompleks quruculuq işlərinin aparılması əhalinin rifahını yüksəltmiş və rahat yaşayışına səbəb olmuşdur. Bütün yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi və təbii qaz təminatı, təhsil, səhiyyə və digər dövlət qurumlarının müasir binalarda yerləşməsi, fasiləsiz rabitə və nəqliyyat xidmətlərinin göstərilməsi, gündəlik tələbatın ödənilməsi payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Bütün bunlarla yanaşı, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq tədbirləri də görülür, müşavirə keçirilərək aid qurumlara tapşırıqlar verilir. 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq da bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Ali Məclisin Sədri deyib: Payız-qış mövsümündə diqqətdə saxlanılacaq birinci məsələ elektrik enerjisi və təbii qaz təchizatıdır. Çünki muxtar respublikada məskunlaşmanın artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı ilbəil artırır. Hər il bu sahələr üzrə tədbirlər həyata keçirilir, yeni elektrik stansiyaları istifadəyə verilir. 2021-ci ilin ötən dövründə Şərur rayonunda 5 meqavatlıq Günəş Elektrik Stansiyası və Culfa rayonunda 1,1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir. Dövlət Energetika Xidməti mövcud imkanlardan səmərəli istifadə etməli, elektrik stansiyalarının gücü və tələbat düzgün qiymətləndirilməlidir. Elektroenergetika infrastrukturunun yenilənməsi davam etdirilməli, transformator və yarımstansiyalar texniki baxışdan keçirilməli, qəza-bərpa briqadaları yaradılmalıdır. Elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimuma endirilməsi diqqətdə saxlanmalı, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir.
Qeyd olunub ki, qaz təsərrüfatının yenilənməsi sahəsində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyası qurulmuşdur. Bununla da yeni stansiya Naxçıvan-Sədərək qaz kəmərində təzyiqi artırmaqla yanaşı, həm də qəza hallarında abonentlərin 8-10 gün müddətində təbii qazla təminatına imkan verəcəkdir. Qaz İstismar Xidməti qış mövsümündə əhalinin təbii qaza olan tələbatını düzgün müəyyənləşdirməli, qaz təchizatı sistemi texniki baxışdan keçirilməlidir. Həmçinin texniki itki normalarının minimal həddə saxlanılmasına və qanunsuz istifadə hallarına yol verilməməli, nəzarət gücləndirilməli, işçilər müvafiq geyim və avadanlıqlarla təmin olunmalıdırlar. Payız-qış mövsümündə əsas diqqət yetirilən sahələrdən biri də kommunal-təsərrüfat sistemidir. Ona görə də yerli icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün yaşayış məntəqələrində qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalar saz vəziyyətə gətirilməli, onların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin edilməlidir. İctimai yaşayış binalarında mövsümi hazırlıq işləri görülməli, yolların qar və buzdan təmizlənməsi üçün kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir.
Ali Məclisin Sədri deyib: Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərində də hər cür şəraiti olan müasir məktəblər tikilib istifadəyə verilmişdir. Lakin bütün bunlara baxmayaraq, Təhsil Nazirliyi ümumtəhsil məktəblərini payız-qış mövsümünə hazırlamalı, tədrisin davamlılığını təmin etməli, müəllim və şagirdlərin sağlamlığının qorunması diqqətdə saxlanılmalıdır. Məktəblərdə qazanxanalar işlək vəziyyətə gətirilməli, ocaqçıların peşə hazırlığı yoxlanılmalıdır. Qış aylarında havaların soyuması mövsümi xəstəliklərlə mübarizəni aktual edir. Səhiyyə Nazirliyi bütün yaşayış məntəqələrində tibb müəssisələrinin dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, profilaktik tədbirlər görülməli, mövsümi xəstəliklərlə bağlı maarifləndirmə işləri aparılmalıdır. Səhiyyə müəssisələrində tibbi avadanlıqların və generatorların işlək vəziyyətdə olması yoxlanılmalıdır. Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır.
Ali Məclisin Sədri deyib: Mədəniyyət, Gənclər və İdman nazirlikləri bütün mədəniyyət və idman müəssisələrinin payız-qış aylarında davamlı fəaliyyətini təmin etməli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati binalara və sosial obyektlərə, xüsusilə səhiyyə, təhsil, mədəniyyət və idman müəssisələrinə baxış keçirməli, ehtiyac olan təmir işləri müəyyənləşdirilərək noyabrın 1-nə qədər başa çatdırılmalıdır. Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və yaşayış məntəqələri arasında qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan və buzdan təmizlənməsi, eləcə də yarana biləcək təmir işləri üçün texnikaları işlək vəziyyətdə saxlamalı, qum ehtiyatı yaratmalıdır. Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümündə uçuşların təhlükəsizliyini təmin etməli, bütün maşın-mexanizmlər, elektrik və işıqlandırma sistemləri, rabitə qurğuları texniki baxışdan keçirilməli, tələbata uyğun yanacaq və mal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında sərnişinlərin və yüklərin təhlükəsiz daşınmasına diqqəti artırmalı, vaqonların istilik sistemi yoxlanılmalı, yol təsərrüfatında ehtiyac olan sahələrdə təmir işləri aparılmalıdır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyətini yoxlamalı, payız suvarma mövsümü bitdikdən sonra hidrotexniki qurğular növbəti ilə hazırlanmalı, su ehtiyatlarının yaradılması diqqətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada az sayda müəssisə və təşkilat maye qaz və neft məhsulları ilə qızdırılır. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü davam etdirməli, tələbata uyğun yanacaq ehtiyatı yaradılmalıdır. Fövqəladə Hallar Nazirliyi payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirlərinə, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə qaydalarına diqqəti artırmalıdır. Həmçinin mövsümi qazanxana işçiləri təlimatlandırılmalı, sertifikatı olan şəxslər işə cəlb olunmalıdır. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin, satışının və istismarının qarşısını almalı, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır.
Müşavirədə tapşırılıb ki, İqtisadiyyat Nazirliyi daxili bazarın tələbatını düzgün müəyyənləşdirməli, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü və müvafiq texnoloji rejimə uyğun saxlanılmasını təmin etməli, ehtiyatlar qorunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı tədbirlər görməli, hərbi hissələr üçün isti geyimlərin toxunması işi davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi payız-qış mövsümündə bütün yaşayış məntəqələrində fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət yetirməli, qəzalı vəziyyətdəki xətt və dirəklər dəyişilməli, müvafiq mal-material ehtiyatı yaradılmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan geyim, yanacaq və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın yekunu barədə Ali Məclisə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə yeni yaşıllıqların salınmasını, qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməlidir. Eyni zamanda, nazirlik muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlər görməli, qida ehtiyatı yaratmalıdır. Kənd Təsərrüfatı Nazirliyi qış aylarında əkin sahələrində və meyvə bağlarında aqrotexniki və bitki mühafizə tədbirlərini davam etdirməli, Dövlət Baytarlıq Xidməti heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanmasını diqqətdə saxlamalı, mövsümə uyğun baytarlıq nəzarəti tədbirləri görülməli, torpaq mülkiyyətçiləri və fermerlər maarifləndirilməlidir. Maliyyə Nazirliyi payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etməli, dövlət müəssisə və təşkilatlarında elektrik enerjisi və təbii qazdan qənaətlə istifadəyə, limitə və borc qalığının yaranmamasına nəzarət olunmalıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti payız-qış mövsümünə hazırlıqla bağlı görülən işləri diqqətdə saxlamalı və nəticələri barədə Ali Məclisə məlumat verməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI