Nağd satılan mənzillərin əksəriyyəti bu binalardadır - Ekspert
Bizi izləyin

Nida Xəbər

Nağd satılan mənzillərin əksəriyyəti bu binalardadır - Ekspert

Adətən, yay aylarında ölkənin, xüsusən, paytaxtın daşınmaz əmlak bazarında canlanma yaranır. Ancaq bu il mövcud durum və şərtlər vəziyyətin fərqli olduğunu deməyə əsas verir. Quru sərhədlərin bağlı olması bu sektorda gözləntiləri doğrultmayıb.

Publika.az bildirir ki, quru sərhədlərin bağlı olması səbəbindən sərhədyanı ticarətlə, turizmlə məşğul olanlar ciddi itkilərə məruz qalıb. Vəziyyət daşınmaz əmlak bazarından da yan keçməyib. Proqnozlara görə, sektorda hazırda müşahidə olunan durğunluq uzunmüddətli ola bilər.

Daşınmaz əmlak məsələlri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, əmlak bazarının qiymət, satış və digər məsələlərində tərs tendensiya müşahidə olunur.

O qeyd edib ki, adətən, ənənəvi yay mövsümünü gözləyən bazar iştirakçılarının alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb:

“Hazırda daşınmaz əmlak bazarının satış siferasında durğunluq var. Daha çox satılan torpaq sahələri və fərdi həyət evləridir. Buraya bağ evlərinin kirayəsini də əlavə etmək olar.

Əvvəlki illərdə Bakı və Abşeron ərazisində bağ evlərinin kirayəsinə üstünlük verirdilər. Bu da hər il dənizkənarı ərazilərdə qiymətləri artırırdı. Ənənəvi olaraq bağ evlərini kirayə götürən şəxslərin böyük hissəsini xaricdə yaşayan azərbaycanlılar təşkil edirdi. Onlar istirahət üçün Azərbaycana gələndə bağ evlərini bir müddətə kirayə götürürdülər. Artıq iki ildir ki, quru sərhədlərin bağlı olması səbəbindən bir çox soydaşımız Azərbaycan gələ bilmir”.

Ekspert deyir ki, yaranmış situasiyada yaxşı nələrsə də baş verib: “Yay aylarında xarici ölkələrə səfər edə bilməyən azərbaycanlılar ölkə daxilində istirahətə üstünlük verdilər. Bu da daxili turizmin inkişafı ilə yanaşı, Bakı və Abşeron ərazisində bağ evlərinə tələbatın həddindən çox artmasına gətirib çıxardı. Turistik zonalara gündəlik evlərdən tutmuş, aylıq evlərin kirayəsinə qədər həm axın çox oldu, həm də qiymətlər artdı.

Bu ərazilərdə torpağın və həyət evlərinin satışı sürətləndi, bu da qiymətlərin artmasına təkan verdi. Daxili turizmin inkişafı baxımından bunu yaxşı qiymətləndirmək olar.

Otellərdə qiymətlər çox yüksəkdir. Digər tərəfdən, insan istirahətə gedirsə, onun üçün otel maraqlı deyil. Turistik ərazilərə bir dəfə istirahətə gedən imkanlı şəxs, növbəti dəfə həmin ərazidən bağ evi və yaxud torpaq almağa çalışır. Bu səbəbdən həmin ərazilərdə satılan və gündəlik kirayə verilən evlərinin qiyməti artıb. Bir günlük evlərin kirayə qiyməti təxminən 50 manatdan başlayaraq 300 manata qədər dəyişə bilir. Təbii ki, hər kəs üçün əlçatan olmasa da, tələbat çoxdur”.

Elnur Fərzəliyev Bakı və digər böyük şəhərlərdə əmlak satışının zəif olduğuna diqqət çəkib: “Bu mövsümdə daha çox ipoteka, bankdaxili və digər təyinatlı kreditlə satılan mənzillərin sayı çox oldu, nəinki nağd qiymətə.

Hazırda daşınmaz əmlak bazarda sakitlik hökm sürür. Amma çox güman ki, ali təhsil müəssisələrinə imtahan verən tələbələrin cavabları çıxandan sonra kirayə mənzil bazarında ciddi şəkildə canlanma yaranacaq. Hesab edirəm ki, burada müəyyən problem yaranacaq.

Sentyabr ayından xüsusən şəhər mərkəzinə və ya metrolara yaxın yerlərdə 3-5 mərtəbəli binalarda söküntü işlərinə start verilib. Bu o deməkdir ki, ucuz kirayəlik mənzillər daşınmaz əmlak bazarından çıxır. Digər tərəfdən həmin binalarda yaşayan sakinlərin əksəriyyəti evləri tikilib onlara təhvil verilənə qədər ən azı 2-3 il müddətə yaxın ərazilərdə kirayədə qalmalı olacaqlar. Bu da tələbələr üçün kirayə mənzillərin tapılması baxımdan problem yaradacaq”.

Mütəxəssis hesab edir ki, əmlak bazarında qiymətlər məsələsində tərs tendensiya baş verir: “Nağd qiymətə satılan mənzillərin əksəriyyəti istismar müddətini bitirmiş və sökülmə ehtimalı olan 2-3-4, hətta 5 mərtəbəli binalardır. Maraqlısı odur ki, sökülmə ehtimalı olan binaların çoxunda qiymətlər kəskin artıb. Dünya standartında istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan binaların satış qiyməti normal bazardan 50 faizə qədər aşağı təklif olunur. Çünki həmin binalar artıq yaşayış üçün yararsızdır, amma Azərbaycanda belə binaların qiyməti kəskin artıb.

Pandemiya dövründən tikinti materiallarının qiyməti artmağa başladı ki, bu da tikintinin maya dəyərini artırır. Paytaxtda tikintiyə yararlı torpaq sahələri məhduddur, həmin əraziləri torpaq alıb tikmək yenə də tikintinin qiymətini artırır. Ona görə də tikinti şirkətləri pilot layihələr üzərində inşaat işləri aparmağa üstünlük verirlər.

Pilot layihələrin xərci daha yüksəkdir. Şirkət sökülən binaların yerində yeni bina tikib sakinlərə daha geniş kvadratlı, daha komfortlu və təmirli mənzillər verirlər. Həmçinin şirkət sökülən binalarda yaşayan sakinlərə layihə başa çatana qədər kirayə pulu ödəməlidir. Bəzən olur ki, sakinlərlə tikinti şirkətləri arasında problemlər yaranır. Aylarla uzanan prosesi tikinti xərcini artırır.

Gözlənti ondan ibarətdir ki, yaxın illərdə daşınmaz əmlak bazarında qiymətlər artmağa davam edəcək”.

(teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm