Dəhlizlər uğrunda "döyüş” - Abdullahianın Bakı görüşlərindən sonra Tehran geri çəkilir?
Bizi izləyin

Nida Xəbər

Dəhlizlər uğrunda "döyüş” - Abdullahianın Bakı görüşlərindən sonra Tehran geri çəkilir?

Dəhlizlər uğrunda "döyüş” - Abdullahianın Bakı görüşlərindən sonra Tehran geri çəkilir?

Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü İran mediasının da diqqətindədir. Daha çox İran xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Bakıda keçirdiyi görüşlərə, xüsusən, azərbaycanlı həmkarı Ceyhun Bayramov və prezident İlham Əliyevlə ikitərəfli görüşlərinə diqqət ayrılıb. İRNA Agentliyinin “Azərbaycan İranı tarixi nəqliyyat marşrutlarını bağlamayacağına əmin edir” başlıqlı yazısında məlumat verilir ki, Abdullahian İlham Əliyevlə görşüdə Azərbaycanın Tehran səfirliyinə hücumla bağlı müzakirə aparaıldığını və silahlı əməliyyatla bağlı istintaqın yekunlaşdığını bildirib.

O, İrandan keçən tarixi nəqliyyat marşrutlarının ən qısa zamanda fəaliyyətə başlaması ilə bağlı Azərbaycan hakimiyyəti ilə razılaşdıqlarını deyib. Abdullahian Əliyevin İran və Ermənistan arasında tarixi nəqliyyat yollarının bağlanacağı ilə bağlı təhlilinin yanlış olduğunu və Azərbaycanın buna cəhd etmədiyini bildirib. İRNA başqa yazısında qeyd edir ki, Qoşulmama Hərəkatının məramı İrandakı islam rejiminin qurucusu Ruhulla Xomeyninin “Nə Qərb, nə Şərq” doktrinasına uyğundur.

Abdullahianın Bakı səfəri ərəfəsi və səfər davam etdiyi müddətcə İran təbliğat maşını öz ənənəvi fəaliyyətinə ara verməyib. İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin qeyd edib ki, Abdullahianla İlham Əliyev arasında görüş iki ölkə arasında münasibətlərin gələcəyi baxımından müsbət və nikbin addım ola bilər və biz bu görüşlərin müsbət nəticələrinin şahidi ola bilərik (fardanews). Onun fikrincə, görüş Azərbaycanın diplomatiyadan uzaqlaşdıqdan sonra fikir ayrılıqlarının birbaşa dialoq yolu ilə həll oluna biləcəyi, əməkdaşlıq imkanlarından kifayət qədər istifadə oluna biləcəyi qənaətinə gəldiyinə işarədir.

Başqa sözlə, Pakayin indiyədək mövcud gərginliyi Azərbaycanın suçuymuş kimi təqdim etməyə çalışır. Beləliklə, Azərbaycan tərəfinin xoş jest olaraq dəvəti və Abdullahianı ali səviyyədə qəbul etməsindən sonra da İranda Azərbaycan əleyhinə təbliğatın aparılmaycağına bəslənən ümidlər yersizdir. O, iddia edib ki, İran və Azərbaycan arasında münasibətlərin yaxşılaşması bəzi üçüncü qüvvələrin, o cümlədən sionist rejimin narazılığına səbəb olacaq, KİV-ləri və digər agentləri əlaqələri pozmaq üçün artıq müəyyən tədbirlər görür. İki ölkə arasında əsas problemlərdən birinin səfirliyə hücum olmasını etiraf edən Pakayin caniyə hökm çıxarılmasının sürətlənməsi ilə problemin aradan qalxacağına ümid edir. Xatırladaq ki, İran qanunvericiliyi bu halda həlak olanın ailəsinə qanpulu olaraq təzminat ödənməsini nəzərdə tutur. Yəni İran pul verib məsələni bağlamaqda maraqlıdır, Azərbaycan tərəfi isə əvvəldən baş verən hadisəni terakt kimi dəyərləndirib və adekvat, obyektiv istintaq tələb edir.

Pakayin Ermənistan Azərbaycan münaqisşinin həlli üçün də İranın vasitəçiyinin zəruri olduğunu iddia edir. Lakin istər I, istərsə də II Qarabağ savaşları zamanı İranın nə qədər birtərəfli və qərəzli movqe tutmasının şahidi olmuşuq və Azərbaycanın öz nəqliyyat marşrutundan istfiadə haqını tələb etməsinə görə bizi müharibə ilə təhdid edən tərəfə bel bağlamayacağı da aydındır.

Beynəlxalq məsələlər üzrə ekspert Seyid Reza Sadr Al Hoseyni isə bildirir ki, iki siyasi və mediativ gərgin münasibətlərdən sonra Abdullahianın keçirdiyi görüşlər əhəmiyyətli idi (farsnews). İki qonşu ölkə kimi İran və Azərbaycan bir çox hallarda ortaq maraqlara malikdirlər, çünki v bir-birinə çox yaxın qədim sivilizasiyalara malikdirlər. Onun da iddiasınca, fikir ayrılıqllarının səbəbi Azərbaycan hakimiyyətidir.

Avrasiya məsələləri üzrə ekspert kimi təqdim edilən Əhməd Kazemi “Khabaronline” saytındakı müsahibəsində ənənəvi azərbaycanofob hücumlarını bir az da şiddətləndirib. O deyir ki, Ankara və Bakı Qafqazda faktları təhrif etməyə, İranın konsulluğu yerləşən Sünik (Zəngəzur) vilayətini qəsb etməyə can atırlar. Yəni Qafanda konsulluq açılmasının məqsədinin məhz Azərbaycana qarşı addım olması dolayısı ilə etiraf edilir. “İran yalnız sərhədlərin, geosiyasi strukturun dəyişdirilməsinin və region ölkələrinin suverenliyinin pozulmasının əleyhinə deyil, saxta Zəngəzur dəhlizinin və ya “Turan-NATO dəhlizi”nin həyata keçirilməsinə də imkan verməyəcək. Zəngəzur saxta dəhlizi Türkiyə və Azərbaycan tərəfindən regional və beynəlxalq məqsədlər üçün həyata keçirilən bir Turan layihəsidir, ona görə də son vaxtlar erməni tərəfinin çoxsaylı etirazlarına baxmayaraq, Rəcəb Tayyib Ərdoğan bu dəhlizin açılmasını İranla problem adlandırıb”.

O hesab edir ki, Azərbaycan Naxçıvanla quru rabitəsini Zəngəzurdan deyil, İran ərazisindən keçirməlidir. Daha sonra Ərdoğanın Zəngəzur dəhlizinə İranın maneə olması haqda fikirlərinə özünə xas cavab verir: "İran problem deyil, çünki o, minilliklər boyu bu regionda sabit sülh sütunu olub. Qafqazda problemlər çar Rusiyası və Osmanlı işğalçılarının bu bölgəyə qapılarını açması ilə başlayıb. İran bu bölgədə olarkən biz azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşamasının şahidi olmuşuq. Amma Gülüstan və Türkmənçaydakı biabırçı müqavilələrdən sonra İran bölgədən çəkiləndə azərbaycanlılarla ermənilər arasında problemlər yarandı. Azərbaycanlılar, ermənilər, Qafqaz və Cənub-Şərqi Türkiyə Osmanlı türklərinin soyqırımının və hərbi təcavüzünün şahidi olublar”.

Beləliklə, ekspert bütün problemləri Osmanlı dövləti və müasir Türkiyənin üzərinə yükləyir, Azərbaycan şah və xan sülalərinin hakimiyyətini isə “İranın minilliklər boyu dinc yanaşı yaşamanı təmin edən tarixi irsi" kimi qələmə verir.

Ekspert İranın Zəngəzur dəhlizinə qarşı fobiyasının səbəblərini də dilə gətirir: "Ankara və Bakı regionda Orta Dəhlizdən (Qazaxıstan, Xəzər dənizi, Azərbaycan Respublikası və Gürcüstan Respublikası vasitəsilə Çini Türkiyə ilə birləşdirən dəhliz) danışır. Halbuki bir neçə ildir ki, bu dəhliz fəaliyyət göstərir. Bəs niyə Türkiyə və Azərbaycan Respublikası Ermənistanın cənubunu ilhaq etməyə çalışır?”

Onun fikrincə, dəhliz artıq mövcuddur və İrandan keçir, Zəngəzur dəhlizi istifadəyə verilsə, iran dəhlizinin əhəmiyyəti itəcək: "Türkiyə xalqı gərgin xarici siyasət axtarışında deyil. Məhz bu səbəbdən Kamal Kılıçdaroğlu İranın iqtisadi və tarixi yolundan Çinin Türkiyə ilə birləşdirilməsi məsələsini gündəmə gətirib”.

Ə. Kazemi “Moskava-Tehran-Pekin Ermənistanın Turan dəhlizi ilə bölünməsi təhlükəsi qarşısında” adlı yazısında isə (iras.ir) iddia edib ki, Bakıya səfəri zamanı Ərdoğan Əliyevlər ailəsinə “Türkiyədə keçirilmiş prezident seçkilərində” qalib gəlmək üçün etdikləri maliyyə yardımına görə, təşəkkür etməyə çalışıb və bu ailənin taleyini “saxta Zəngəzur dəhlizi”nə bağlayaraq onları Ankaranın "Turan-NATO dəhlizi” planına əməl edəcəyinə ümidləndirir. Kazemi daha sonra yenidən tarixə ekskurs edir, Türkiyənin “Naxçıvan və Zəngəzuru özünə birləşdirmək” istədiyi haqda qənaət formalaşdırmağa çalışır: “Osmanlının 1918-ci il aprelin 12-də Naxçıvanda qondarma “Araz Cümhuriyyəti” yaratmasına və həmin il Müsavatın “Azərbaycan” adının oğurlanmasına dəstək verməsinə səbəb olan hərisliyi bu gün də davam edir, Əliyevlər ailəsinin səhvləri sayəsində Ərdoğanın Naxçıvanın tədricən Türkiyəyə birləşdirilməsi və qondarma Zəngəzur respublikası yaradılması planını davam etdirir”.

Daha sonra ekspert təhqirlərə keçir, Azərbaycan Prezidentini Səddam Hüseynlə müqayisə edir, hakimiyyətin köməyilə “sionsitlərin Azərbaycanı işğal etməsi” haqda Tohid İbrahimbəyli şaykasının tezislərini təkrarlayır.

İrana bağlı proksi mediada danışan ekspertlər də “Zəngəzur dəhlizi”ni həm “feyk”-“saxta” adlandırır, həm də əmindirlər ki, bu, “Turan-NATO dəhlizi”nin baş tutması “İranın geosiyasi baxımdan boğulması deməkdir”. İran sadəcə “Zəngəzur” dəhlizinə qarşı deyil. Özünü geosiyasi oyunçu kimi görən Tehran İkinci Qarabağ müharibəsindən və Ukrayna böhranından sonra Cənubi Qafqazda qüvvələr balansının dəyişməsidən narahatdır və beynəlxalq nəqliyyat dəhlizlərində aparıcı rol sahibi olmasına regionda mövqelərini gücləndirəcək amillərdən biri kimi baxır. Lakin belə hesab edir ki, Bakı və Ankara Tehranın qarşısını kəsir, “Qərb və Şərq arasında körpü” olmasına əngəl yaradır (Al Mayadeen ), “İranı dəhlizlərdən rədd edib, işlərə özləri nəzarət etmək istəyirlər”, İranla kəskin rəqabətə girən Türkiyə və Azərbaycan “alternativ marşrutların paralel və rəqabətli dəhlizlərini yaradırlar” (Rahbordemoaser.ir ).

Əslində İran regiondan keçən beynəlxalq dəhlizlərin konfiqurasiyasında nə ciddi təşəbbüsə, nə də resurslara sahibdir, üstəlik, beynəlxalq sanksiyalar altında olması onu tranzit ölkə kimi cəlbedicilyini azaldır. Tehran iştirakçısı olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində də siyasi və maliyyə resursları baxımından həlledici oyunçu deyil ( Al Estiklal). Xüsusilə Çinlə və Hindistan arasındakı rəqabət, sonuncunun Qərblə enişli-çıxışlı münasibətləri Tehranın “dəhlizlər uğrunda döyüş”də mövqelərini zəiflədir.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm