"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə
Bizi izləyin

Nida Xəbər

"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə

"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə

Teleqraf-ın “Şənbə söhbəti” rubrikasının qonağı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov olub.

Akademik Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsindən, süni intellektdən, yeni dövrün dilimizə təsirlərindən, dilimizin lüğət tərkibinə daxil olan yeni sözlərdən, sosial media və televiziyaların dilindən, deputatlıq və ondan sonrakı dövrdən, xatirələrindən və bir çox məsələlərdən danışıb.

Publika.az Akademik Nizami Cəfərovla səmimi ortamda keçən söhbəti təqdim edir:

- Nizami müəllim, Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi qeyd edildi. Yubiley tədbirində iştirakçıların tərkibi, səslənən məsələlərin aktuallığı ilə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Prezident İlham Əliyevin Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik qurultayının keçirilməsi mühüm tarixi qərar idi. Bu bir daha Azərbaycan dövlətinin bu məsələyə olan yanaşmasını ortaya qoymuş oldu. Sözsüz ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrildi, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edildi, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanıldı. O dövr üçün Bakı şəhəri, XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etməsi xüsusi ilə qeyd olunmalıdır. Vurğulanmalıdır ki, türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması, hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. Təəssüf ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alındı. Daha sonra isə qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qaldı, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vuruldu. Amma buna baxmayaraq, o dövrdə başladılmış olan bu mütərəqqi ideya ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırdı, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırdı. Sevindirici hal odur ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində addımlar atılır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətləri daha da möhkəmləndirilir. Bu mənada 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Onu da qeyd edim ki, 1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultay səviyyəsində türk dünyasında heç vaxt bu səviyyədə bir hadisə olmamışdı. Çünki buna qədər türk xalqları bir yerə yığılıb özlərinin ən ciddi problemləri haqqında müzakirə apara bilməmişdilər. Təəssüf ki, bu tarixi hadisəyə də birmənalı formada don geyindirməyə çalışıblar. Hətta iddia edilirdi ki, guya bu qurultayı keçmiş sovet təhlükəsizlik orqanı təşkil edib. Sözsüz ki, bu da Birinci Türkoloji Qurultaya qarşı çox böyük bir təxribat idi. Əslində isə bu qurultay türk xalqlarının iradəsini ifadə edirdi. O nə keçmiş sovet hökumətinin, nə də onun təhlükəsizlik orqanının işi deyildi.

- Türk xalqlarının ortaq əlifbası məsələsi ilə bağlı uzun müddət müzakirələr aparılsa da, yekun bir nəticə yoxdur. Bu hansı amillərlə bağlıdır?

- Əslində ortaq türk əlifbası məsələsi XIX əsrin ortalarından başlayaraq ardıcıl olaraq Azərbaycanda, Türkiyədə, eləcə də digər türk dövlətlərində müzakirə edilib. Bu mənada Birinci Türkoloji Qurultayın 80-90 illik yubileylərində qeyd edilən məsələlər fonunda onun 100 illiyində gündəmə çıxarılan məsələlərin mahiyyəti tamam fərqli idi.

- 100 illik qurultayın mahiyyətinə əsas yanaşma necə idi?

- Çox təəssüf ki, bəzi ziyalılar Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını oxumadan onun mahiyyəti haqqında fikir söyləyirdilər. Əslində biz ziyalılarımızın məlumatsızlığından narazıyıq. Onların məntiqinə bir söz demək fikrimiz yoxdur. Çünki hamı məlumatı olmadan danışmağa çalışır. Kimsə yazıçıdırsa, millət vəkilidirsə, o güman edir ki, Birinci Türkoloji Qurultay haqqında hər şey bilir və mütləq danışmalıdır.

- Bu nəyə əsaslanır?

- Bir çox mötəbər tədbirlərdə bizim bəzi millət vəkilləri Türkoloji Qurultay haqqında danışdıqda gördüm ki, onların məsələnin mahiyyətindən xəbərləri yoxdur. Onlar bir az dəbdəbəli, yüksək pafosla danışsalar da, məsələnin mahiyyətini az-çox bilən adam kimi görürəm ki, bunların məsələdən xəbərləri yoxdur.

- Başqa türk respublikalarında vəziyyət necədir?

- Onlar bizimkilərə nisbətən bir az təvazökardır. Məsələnin mahiyyətini aydınlaşdırmadan, öyrənmədən heç nə demirlər. Amma qurultayın yüz illiyində nə istəyirsən danışmağın dövrü bitdi. Ona görə ki, bu qurultaya yalnız elmi forum kimi baxmaq olmaz. Burada əsas məsələləri təhlil etməkdən ötrü türkologiyanı bilmək lazımdır. Sadəcə olaraq, bizimkilər məsələni sadələşdirməkdən üçün dərhal repressiya məsələsinə keçirlər. Başlayırlar ki, vurdular, öldürdülər, qırdılar və s. Çünki repressiya məsələləri ilə məşğul olan bir politoloqun Birinci Türkoloji Qurultaya qeyri-professional yanaşması da düzgün deyil. Burada həm elmi, həm də siyasi-ideoloji bir məsələ var. Ona görə də, məsləhət bilərdim ki, Birinci Türkoloji Qurultayla məşğul olub, fikir söyləməyə çalışanlar ilk növbədə Prezident İlham Əliyevin bununla bağlı sərəncamlarını, orada qeyd olunan məsələləri eyni zamanda qurultayın stenoqramını oxusalar daha yaxşı olardı.

- Ortaq dil və əlifbası məsələsinə konseptual yanaşmalar nədən ibarət idi?

- Bu məsələlər Birinci Türkoloji Qurultayda da müzakirə olunub. O dövrdə əsas məsələ ərəb əlifbasından latın qrafikasına keçmək məsələsi gündəmdə idi. Məsələ qoyulmuşdu ki, ərəb əlifbası məsələsi aradan qaldırılsın.

- Bu tələbin qoyulmasına səbəb nə idi?

- Çünki ərəb əlifbası türk dillərində bir işə yaramır. Vahid türk əlifbası məsələsi nə o dövrdə, nə də indi məsuliyyətsizliklə, düşüncəsiz formada gündəmə gətirilməyib. Ərəb əlifbasında sait hərflər az olmağı ilə yanaşı, samitlərin bəzilərindən iki-üç dənədir. Yəni, bir türk burada hansı “S” hərfini yazacağını bilmir. Misal olaraq, Azərbaycan dilində çoxlu fars sözləri var ki, burada hansı “S” hərfinin yazılması bir problemlidir. Eyni zamanda bizim dilimizdə olan ərəb sözləri elə ərəb tələffüzü ilə yazılır. Biz isə ərəbin tələffüz etdiyi kimi yazmırıq. Bu halda bizim üçün ərəb əlifbası çin əlifbasının yəni heroqliflərinə çevrilmiş olur. Belə olanda da elə ömrümüzün axırına kimi əlifba öyrənməklə məşğul oluruq. Ona görə də ortaq əlifba məsələsi müzakirə edilib konkret bir qərar verilib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması daha məqbuldur.

- Dildən, əlifbadan söz düşmüşkən süni intellektin daha yayğın olduğu şəraitdə dil və yazılan mətnlərin sanki bir-birini təkrarlaması anlayışları da mövcuddur. Bu məsələdə bizim seçəcəyimiz ortaq xətt nədən ibarət olmalıdır?

- Cəmiyyətin ehtiyacı ondan ibarətdir ki, müəyyən səviyyədə mətnlərin bir-birinə oxşaması labüddür. Çünki dərsliklərdə, ensiklopediyalarda, lüğətlərdə mətnlərin oxşarlığının olması da mümkündür. Burada isə süni intellektdən istifadə daha məqbuldur. Əgər süni intellekt roman, dram əsəri, şeir yazacaqsa, bu gülməli olacaq. Subyektin fərdi yaradıcılıq intellektinin üzə çıxması fonunda süni intellekt bunu edə bilməz. Çünki süni intellektlə bədii əsər yazmaq distillə olunmuş su ilə təbii su arasında olan bir fərq qədərdir. Sadəcə olaraq, informasiya, dərslik səviyyəsində süni intellektlə mətinlər yazmaq mümkündür. Əslində isə süni intellekt insanın bu vaxta qədər yaratdığı nə varsa, onun göstəricisidir. Amma insanlar həm də indiyə kimi bədii əsərlər yaradıb. Söhbət istedadlı bədii əsərdən, qrafamandan getmir. Elmi əsərlər isə bir-birinin davamı olaraq yaranır. Burada varislik hətta texniki olacaq qədər ardıcıl və sistemlidir. Əslində isə bu gün fərdi yaradıcılıq süni intellektdən aşağı səviyyədədir. Bizi qıcıqlandıran da məhz budur. Amma sabah süni intellektdən dissertasiya tələb etdikdə o bundan imtina edəcək. Sadəcə olaraq, bizə gələcək işlərimiz üçün məlumatlar verəcək. Zamanla isə ortaya qoyulan bütün məhsulların süni intellektin və fərdi yaradıcılığın məhsulu olduğu daha asan üzə çıxacaq. Beləliklə biz süni intellektlə daha səmimi kontakt yarada biləcəyik.

- Sizinlə ümumişlək sözlərdən danışmışdıq və bu da geniş müzakirəyə səbəb olmuşdu. Yeni və gündəlik işlətdiyimiz sözlərlə bağlı əsas yanaşma necə olmalıdır?

- Ola bilsin o vaxt ifadə bir qədər dəqiq olmamışdı. Amma bizim cəmiyyətimizdə də sübyektiv düşüncə müsbət istiqamətdə deyil. Cəmiyyətimizdə subyektiv düşçüncə çox zaman çalışır ki, kimlərisə təhqir eləsin. İndi cavan yazıçılar peyda olub. Onlar bir slyahı tutur. Azərbaycanda nə qədər az-çox tanınmış ziyalı varsa, onları tənqid edirlər, ağızlarına gələni yazırlar. Deməli bu cür subyetklər də var. Bu, o deməkdir ki, bütün subyektlər yaradıcı deyil. Dağıdıcı, təhqir edən, gözügötürməyən subyektlər də mövcuddur. Həyatda hansısa bir nailiyyət qazana bilməmələri bəzi şəxsləri qəzəbləndirir və kimlərəsə böhtan atıb, təhqir edirlər. Gərək gənclər bunu etməsin. Onlar daha çox özlərini göstərməyə çalışmalıdır. Kiməsə böhtan atmaqla özün göstərmək yol deyil və bu cür adamlardan sonra heç nə olmayacaq. Bir- iki hekayə yazıb, sonra da durub xalq yazıçısı Anara (Anar Rzayev-red.) "yazıçı deyil" deməklə sən yazıçı olursan? Nə qazanırsan? Və yaxud akademik Kamal Abdulla, Nizami Cəfərov "alim deyil" deməklə nə əldə edirsən? Axı sənin hələ bir dənə ağıllı sözün olmayıb! Heç olmasa bir-iki ağıllı söz de ki, böhtan atanda da camaat bilsin ki, bunun haqqı var.

- Nizami müəllim deputatlıqdan sonra yaradıcılığa daha çox vaxt ayırdığınızı vurğulamısınız. Millət vəkilliyi sizə bu işdə hansı maneələri yaradırdı ki?

- Elə bilirəm ki, düz hərəkət etdim vaxtında deputatlıqdan uzaqlaşdım. Hələ bəlkə də bir az gec oldu. Mənə elə gəlir ki, 5 il gecikdim. 5 il əvvəl deputat mandatından uzaqlaşa bilərdim. Amma hər halda təqaüdə çıxmağımı gözlədim. Təqaüdə çıxmağın da əhəmiyyəti başqadır. Çünki Milli Məclisdən təqaüdə çıxmaq adamın özünə bir az haqq qazandırır. Deyə bilirsən ki, artıq təqaüddəyəm. Canlı fəaliyyətdən uzaqlaşmaq və təqaüdə çıxmaq texnologiyası varsa, bu bir qanunauyğun hal deməkdir. Hər halda təqaüd yaşın çatdıqda fəaliyyətini müəyyən qədər məhdudlaşdırmalısan. Çünki insanın imkanları buna əsaslanır.

- Amma elə adamlar var ki, yaşlı vaxtlarında belə enerji ilə işləyir…

- Onlar dahi adamlardır. Mən isə dahi deyiləm. Ona görə də müəyyən məsələləri nəzərə alıb Milli Məclisdən uzaqlaşdım. Beləliklə özüm üçün doğma olan sahəyə- elmə, təhsilə və tədrisə daha çox vaxt ayırmağa başladım. Bu sahə hər dəfə məni çəksə də, deputatlıq imkan vermirdi ki, ürəyim istədiyi qədər məşğul olum. Əslində elmdən deputatlıq dönəmində də uzaqlaşmamışdım. Dilçi, ədəbiyyatçı, tarixçi, politoloq eyni zamanda humanitar sahə ilə maraqlanan adam üçün millət vəkili olmaq çox əhəmiyyətlidir. Riyaziyyatçının, fizikin, kimyaçının laboratoriyası Milli Məclis deyil. Amma humanitar sahə ilə məşğul olan adam üçün Milli Məclis elə laboratoriyadır. Əslində parlamentdən uzaqlaşanda baxdım gördüm ki, deputatlar siyasətlə, beynəlxalq münasibətlərlə yanaşı, elə əsasən dilçiliklə məşğul olur.

- Deputatlıqdan sonra sizin bir çox mühüm postlara gətirilməyinizlə bağlı fikirlər səsləndi. Bu xəbərlərdə doğruluq payı nə qədər idi?

- Əslində mənə bu məsələlərlə bağlı heç bir təklif olmayıb. İndiki şəraitdə heç də belə təklif edilmir. Hazırkı idarə üsulu elədir ki, özün təşəbbüskar olmalısan. Burada isə daha çox gənclərə önəm verilir. Yaşlı nəsil isə haradasa müşavir ola bilər və s. Ona görə də hərə öz yerini bilməlidir. Amma bəzən kimlərsə sənə xoş gəlmək üçün, ya da ürəyi yanırmış kimi barəndə xəbər yayır ki, filankəs, filan yerə gedir və s. Ya da deyilər ki, filankəsi də filan yerə qoymaq istəyirdilər, özü getmədi. Əslində bu insana xoş gəlir və adamın qanını da qaraltmır. Hətta bəzən adamların xoşuna gəlir ki, elə desinlər, amma aparmasınlar. Biri də var ki, səni unutsunlar. Desinlər ki, əşi, o elə isləyən olsa, qalıb işləyərdi də…

- Milli Məclisdə uzun müddət qazandığınız dostlar var. Əlaqələriniz davam edirmi?

- Hamısı ilə təmasdayam. Kimlərlə o vaxt əlaqəm olubsa, indi da davam edir, kimlərlə ki, əlaqəm yox idi, yenə də yoxdur. Milli Məclis oradakı insanları yığıb dost etmir.

- Uzun müddət Milli Məclisdə Ağstafanı təmsil edən deputat olmusunuz. Rayon ictimaiyyəti ilə əlaqələriniz indi necədir?

- Bu əslində ümumi insani bir yanaşmadır. Çünki sən bir bölgədən birdən-birə deputat olmursan. O bölgədə səni tanıyırlar, qəbul edirlər sonra həmin insanları təmsil etmək imkanın olur. Bəzən cəmiyyət qeyri-rəsmi olaraq səni deputat görür. O vaxt Ulu öndər Heydər Əliyev bir bölgədə tanınan qəbul edilən ziyalı vardısa, onun Milli Məclisdə təmsil olunmasına böyük önəm verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Çünki Milli Məclisdə ilk növbədə ziyalılar təmsil olunamlıdır.

- Ulu öndər Heydər Əliyev dönəmində bir çox vəzifələrdə çalışmısınız…

- O zaman Atatürk Mərkəzi təsis olunarkən bura vəzifəyə təqdim edərkən də Ulu öndər Heydər Əliyev mənə dedi ki, “sən elmlər doktorusan, professorsan, dekansan, əməkdar elm xadimisən və bir vəzifədə indi veririk. Bu sənə başgicəllənməsi gətirməyəcək ki…? Dedim ki, xeyr, cənab Prezident!

- O vaxt deputat olmağın çətinlikləri nədən ibarət idi?

- İndi üzümüz ağdır. Torpaqlarımızı II Qarabağ müharibəsi nəticəsində azad etdik, tarix yazdıq. Amma o vaxt rayona gedirdik bir adam durub deyirdi ki, “deyirlər ermənilər yenə gəlir”. Bunu eşitmək çox ağır idi. İndi isə belə mövzular yoxdur. Əslində bu baxımdan indiki deputatlara da qibtə edirəm.

- Artıq yaydır istirahət etməyi planlaşdırırsınızmı?

- Əslində mənim dincəlmək üçün xüsusi bir proqramım yoxdur. Nə vaxt imkanım olub, o vaxt dincəlirəm. Bəzən üç-beş gün dincəlməyə vaxt tapa bilərəm. Amma elə də olur ki, deyirəm ki, bir az dincələcəm. Həmin vaxt iki-üç yaxşı məqalə yazıram. Təbii ki, get-gedə dincəlmək istəyirəm. Daha çox nəvələrimlə vaxt keçirməyə çalışıram. Vaxtilə görmədiyim qohum-əqraba ilə sıx təmaslar qururam. Türk dünyası səviyyəsində də çoxlu dostluqlar yaranıb. Bu səfərlərdə də üç-beş gün dincəlməyə imkan tapıram. Bununla da dincəlməyin texnikası dəyişir.

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm