Bu da Üzeyir bəyin yazdığı əsl himnimiz - VİDEO
Bizi izləyin

Layihələr

Bu da Üzeyir bəyin yazdığı əsl himnimiz - VİDEO

LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI

Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.

Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.

Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...

23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.

Əvvəlki yazılar...

1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri

2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...

3. Beriya necə müsavatçı idi?

4. Onun ölüm əmrini Rəsulzadə vermişdi? CÜMHURİYYƏT DÖVRÜNÜN SİYASİ CİNAYƏTİ

5. Rəsulzadədən və 24 yaşlı nazirindən xəbərsiz törədilən qətl ƏLİ BAYRAMOV CİNAYƏTİ

6. ““Himnimizi Əhməd Cavad yazmayıb” desələr...”

VII məqalə

““Himnimizi Əhməd Cavad yazmayıb” desələr...” adlı keçən məqaləmizin aldığı reaksiyalar, yaratdığı heyrət və təəccüb dolu aura qarşımıza mühüm suallar çıxardır. Gəlin, əvvəlcə keçən yazının tezislərini təkrarlayıb diqqətimizi ortaya çıxan suallara yönəldək.

  • Hazırda bizim “Dövlət Himni” kimi qəbul etdiyimiz mətn 1919-cu ildə Bakıda çapdan çıxmış “Milli nəğmələr”də Cəmo bəy imzasıyla dərc edilib.
  • Etem Üngörün 1966-cı ildə Ankarada çap edilmiş “Türk marşları” kitabının 193 və 194-cü səhifələrində müvafiq olaraq “Azərbaycan milli marşı” və “Azərbaycan marşı” adlı iki marşa yer verilib. Kitabın həmin səhifələri yazının sonuna əlavə edilib. “Azərbaycan marşı” da bizim indiki himnimizdir. Müəllif “Azərbaycan marşına belə bir qeyd də əlavə edib: “Azərbaycan hürriyyətini itirməzdən əvvəl bu marş hər gün dərsdən əvvəl Azərbaycan hərbi məktəbində səslənməkdə idi”.
  • Etem Üngörün kitabında hər iki marşın müəllifi kimi Üzeyir bəy Hacıbəyov göstərilsə də, mətnin müəllifi barədə heç nə deyilmir.
  • Ortaya çıxan əsas sual budur: Bəs əsl himn haradadır? Bunun üçün tarixə qayıtmalıyıq.

Üzeyir bəy “Azərbaycan” qəzetinin redaktoru idi. Həmin qəzetdə dərc edilmiş bir xəbərə nəzər salaq.

“...Üzeyir Hacıbəylinin şərəfinə “Arşın mal alan” oynanacaqdır. Tamaşa başlanmazdan qabaq Üzeyir bəyin təzə düzəltmiş olduğu “Azərbaycan Milli Marşı” çalınacaqdır.”

Bu xəbər qəzetdə 4 aprel 1919-cu ildə dərc edilmişdi. Ancaq burda qarışıq bir vəziyyət yaranır. Axı Xalq Maarif Nazirliyi i himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqəni 1920-ci ilin fevral ayında elan etmişdir. Bəs onda ifa edilən “Azərbaycan Milli Marşı” Azərbaycan Dövlət Himni deyildimi?

Xalq Maarif Nazirliyi müsabiqə elanını Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1920-ci il 30 yanvar tarixli “Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” qərarına əsasən vermişdir.

Nazirliyin verdiyi elana əsasən müəlliflər öz layihələrini 1920-ci ilin mayın 1-nə qədər təqdim etməli idilər. Hamımıza məlum olduğu kimi, 28 apreldə Cümhuriyyət devrildi və həmin müsabiqə yarımçıq qaldı. Demək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlət himnini rəsmi şəkildə qəbul etməyə fürsət tapa bilməmişdi. Və burdan həm də o aydın olur ki, 4 aprel 1919-cu ildə ifa edilən “Azərbaycan Milli Marşı” heç də dövlət himni deyilmiş.

İndi isə “Azərbaycan Milli Marşı” barədə bir neçə söz. Üzeyir bəy 1917-ci ilin 22 dekabrında “Milli marş” adlı bir məqalə yazmışdı. Həmin məqalədə oxuyuruq:

“…Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düzgün olar) yazmaq haqqında mən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim.

Üzeyir bəyin də qeyd etdiyi kimi marşın sözlərini də özü yazmışdır. “Üzeyir Hacıbəyov ensiklopediyası” isə həmin marşla bağlı belə məlumat verir:

"“Azərbaycan" marşı haqda müasir Azərbaycan oxucularına ilk məlumat Sərdar Fərəcovun "Ədəbiyyat və incəsənət" qəzetinin 1989 il 14 iyul tarixli sayında dərc olunmuş "Ü.Hacıbəyovun iki marşı" məqaləsində verilmişdir.

Uzun axtarışdan sonra Ramazan Xәlilov tәrәfindәn marşın ilkin klavir variantı vә orkestr sәslәri tapılmışdır. S.Fәrәcov әsәrin 4 sәsli xor vә böyük orkestr üçün yeni partiturasını һazırladıqdan sonra o, ifa olunub, lentә yazılmışdır”.

Bütün faktları təhlil etdikcə, Üzeyir bəyin “Milli Marşı”nın Cümhuriyyət dövründə populyar olduğunu ancaq rəsmi şəkildə himn kimi qəbul edilmədiyi anlaşılır.

Azərbaycan Televiziya və Radiosunun xoru və simfonik orkestrinin ifasında videodan həmin marşa qulaq asa bilərsiniz.

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm