DİQQƏT! DANIŞIR XOCALI: “Qardaşımı “qurban” kəsmişdilər”
Bizi izləyin

Qarabağ

DİQQƏT! DANIŞIR XOCALI: “Qardaşımı “qurban” kəsmişdilər”

Bu gün dünyanın bütün təqvimləri Xocalını göstərir. Xocalı ayının Xocalı günüdür – 26 fevral…

XX əsrin “X”rosima, “X”atın kimi “x”lənmiş və yer üzündən silinmiş şəhərləri, soyqırımıları sırasına 29 il əvvəl “X”ocalı da əlavə olundu. 1992-ci ilin 26 fevralı insanlıq tarixinə bir ləkə kimi düşdü. Təqvimə qanla yazılan bu tarixdə Azərbaycanın Xocalı şəhəri yer üzündən silindi. Cəmi bir neçə saatın içərisində 613 nəfər dinc sakin məhz Azərbaycan türkü olduğu üçün qətlə yetirildi. 1275 şəhər sakini əsir götürüldü. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi.

Həmin vəhşətli və dəhşətli günün şahidi olan Roza Fətəliyeva ilə Xocalıdakı soyqırımı qurbanlarının ruhlarının yığışdığı məkanda - “Ana harayı” abidəsinin önündə görüşdük.

Yaylığının ucu ilə göz yaşlarını silib danışmağa başlayır. Deyir ki, doğmaları, yaxınları Xocalının meşələrində qalıb. İndiyə qədər də ölü və ya diri olmalarından bir xəbər yoxdur: “Ermənilər rusların 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər. Sonradan anladıq ki, ermənilər bu hücuma çoxdan hazırlaşırmışlar. Xocalı bir il idi ki, mühasirədə idi. Ağdama, Şuşaya bazarlığa vertolyotla gedirdik. Ağdama getmək üçün Əsgərandan keçmək lazım idi. Əsgəranın yolunu da ermənilər daş hasarla hörmüşdülər. 26-sı günü ermənilər dörd tərəfdən Xocalıya hücuma keçdilər. Xocalının igid oğulları Əlif Hacıyev və Tofiq Hüseynov, eləcə də Milli Qəhrəman Aqil Quliyevin 21 nəfərlik dəstəsi Xocalının müdafiəsini təşkil etməyə çalışırdılar”.

Roza Fətəliyeva deyir ki, ağlımıza da gəlməzdi, Xocalıdan çıxacağımız: “Həmin gecə ermənilər evlərimizi yandırırdılar, gecənin qaranlığında Xocalı işığa bürünmüşdü. Amma bu, qanlı işıq idi. Məcbur qalıb Xocalıdan çıxdıq. Dedilər ki, ermənilər aeroportu götürüblər. Ona görə də adamlar məcbur qalıb Ağdam tərəfə yön aldılar. Xocalıda evlərin həyətində qocaları, qadınları güllədən, mərmidən qorumaq üçün quyular qazılmışdı. Çoxlarını oradan əsir götürdülər. Uşaqlara da aman vermədilər. Qocaları da güllənin qabağına verdilər, axı 3 yaşlı uşağın, 90 yaşlı qocanın nə günahı vardı?!”

Xocalı sakinləri qarlı qış günü Qarqar çayını könüllü döyüşçülərin köməyi ilə keçir, oradan da meşələrə qalxırlar. Amma burada da onları tələ gözləyirdi. Roza xanım söyləyir ki, ermənilər meşələrdə də post qurublarmış: “Meşənin içərisində post quran ermənilər Azərbaycan dilində çox səlis danışırdılar. Deyirdilər ki, qorxmayın, gəlin. Biz Ağdamdan sizə köməyə gəlmişik. Çoxları inanıb gedirdi. Ermənilər də onları əsir götürürdü, güllələyirdi. Xalam oğlu Valehin hamilə yoldaşını ermənilər öldürdülər. Valeh yoldaşını qoyub getmədi, ermənilərə əsir düşdü. Əsirlikdə Valehin əllərini sobaya basıb yandırmışdılar. Şükürlər olsun, Valehi sonradan əsirlikdən aldıq. Həmin gecə atam da 2 güllə yarası alıb əsir düşmüşdü. Atamı da əsirlikdən geri ala bildik. Gəlnimizin qardaşı İsmayıl İsmayılovun 30 ildir taleyindən bir xəbər yoxdur. Əsirlərimizi Allahverdi Bağırovun, Ala Yaqubun sayəsində ala bildik, amma bir qismini… Körpələrin, qız gəlinlərin başına elə oyunlar açmışdılar ki, mən indi onu sizə deyə bilmirəm… Hamilə qadının qarnını yarıb uşağı öldürmüşdülər. Qarnına da pişik balası qoymuşdular”.

Tacir İsmayılov isə Xocalı soyqırımı vaxtı adıçəkilən şəhərin aeroportunda işləyirmiş. Milli Qəhrəman Əlif Hacıyevin dəstəsində qulluq edib: “Evdə idim, növbədən çıxıb gəlmişdim. 25-i gecə dedilər ki, gəl, ermənilər aeroporta hücum ediblər. Avtomatımı da götürüb getdim. Hər yer qan içində idi. Çaxnaşma düşmüşdü. Yol boyu meyitlər var idi. Əlif Hacıyevi mənim yanımda vurdular. Güc-bəla ilə onlarla insanı bir avtomatın hesabına Qarqar çayını keçirdik. Şəhərə düşəndə gördük ki, erməni tankları hər yerə nəzarət edir. Poçtun arxasından fırlanıb meşəyə doğru yol aldıq. Ruslan adlı oğlana deyirdim ki, sən silahın sandıqcasını doldur, mənə ver. Tək bir avtomatla özümlə 10-15 nəfərlik dəstəni də güc-bəla ilə Ağdama keçirə bildim”.

Tacir İsmayılov deyir ki, o gün həqiqətən də qiyamət idi: “Sürünə-sürünə meyitlərin arasından keçirdik. Biri qonşum, o biri qohumum… Həmin gün qardaşımı ermənilər əsir götürüb başını erməni terrorçusunun qəbri üstə “qurban” kəsmişdilər. Uşaqları, qadınları, qocaları güllələyirdilər. Kişi kişi ilə döyüşər. Biz belə görmüşük. Bunlar qadına, uşağa da silah qaldırırdılar”.

Tacir kişi də kövrəlir… Sonra “Ana harayı” abidəsinin üzərində adları oxuyur:

- Bu, qardaşımdır…

- Bu, dayım oğlu…

- Bu, dostum…

Bu fraqmentdən bir şeyi anladım: həmin günün qurbanları bir-birinin dostu, yarı, qardaşı, doğmasıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm