Azərbaycan Ermənistandan bu əraziləri də TƏLƏB EDƏ BİLƏR - MÜHÜM MƏQAMLAR
Bizi izləyin

Qarabağ

Azərbaycan Ermənistandan bu əraziləri də TƏLƏB EDƏ BİLƏR - MÜHÜM MƏQAMLAR

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya və demarkasiya işlərinə start verilib. Hələ ki, sərhəd zolaqları müəyyənləşdirilir. Özü də ən müasir texniki vasitələrlə... Buna baxmayaraq, sərhəd müəyyənləşdirilməsi zamanı bir sıra xırda problemlər, narazılıqlar da yaranır.

10 noyabr üçtərəfli bəyanatından bir neçə həftə sonra Zəngilan istiqamətindən başlayan proses qış aylarında bir qədər ləng getdi. Bunun da səbəbi ərazinin dağlıq relyefi və sərt iqlim qurşağında yerləşməsi göstərilir. Yaz-yay kampaniyasında işlərin daha da sürətlənəcəyi güman edilir.

Əldə etdiyimiz məlumata görə, iki ölkə arasındakı sərhədlər 1974-cü ildəki xəritələrə əsasən həyata keçirilir. Burada bir neçə sual yaranır. Birincisi, niyə məhz 1974-cü il xəritəsi? İkincisi, BMT Azərbaycan və Ermənistanı hansı ilin xəritəsinə əsasən ərazi bütövlüyünü tanıyıb? Üçüncüsü, iki ölkə arasındakı anklav və eksklavların taleyi necə olacaq? Dördüncüsü, bu anklav və eksklavlar hansı torpaq güzəştlərinin qurbanıdır?

Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycan və Ermənistan 2 mart 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilib. Həmin vaxt dövlət sərhədləri məhz 1974-cü il xəritəsi əsasında müəyyənləşdirilmiş ərazilər əsasında dünya birliyi tərəfindən tanınıb. Həmin sənədlərdə Qazaxın 7, Naxçıvanın 1 kəndi də Azərbaycanın anklav ərazisi kimi qəbul olunub. Görünən odur ki, yaxın vaxtlarda həmin kəndlərdə də Azərbaycan Respublikasının suverenliyi bərpa ediləcək.

Tarixçi alim Cəbi Bəhramov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistana verilən ərazilər 1918-1929-cu illəri əhatə edir: “Ondan sonrakı dövrlərdə Azərbaycan ərazilərinin Ermənistana verilməsi ilə bağlı iddialar yalandır. Rəsmi olaraq ərazilərin verilməsi ilə bağlı sənədlər yoxdur. Mən 1974-cü il xəritəsini görməmişəm. Məsələ burasındadır ki, 1969-cu ildə Ulu öndərimiz rəhbər təyin olunanda həmin ilin avqust ayına aid olan bir neçə məqam var idi. Onların hamısını dayandırdı. Ümumiyyətlə, Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə torpaq verilməsi məsələsi gündəlikdən çıxarıldı”.

Tarixçi alim bildirib ki, 1960-70-80-ci illər arasında ermənilər tərəfindən bu kimi məsələlər qaldırılsa da onların qarşısı ulu öndər tərəfindən qətiyyətlə alınıb: “Buna əmin ola bilərsiniz. Anklavlar isə 1920-ci illərin məsələsidir. Onu sovet Rusiyası edib. 1922-ci ildən Azərbaycana rəhbərlik edənlər azərbaycanlı olmayıb. Bilavasitə Stalinin, Orcanikidzenin tapşırığı ilə 1922-29-cu illərdə ərazilər ermənilərə verilib. 1945-ci ildə ermənilər Dağlıq Qarabağı Azərbaycandan qorparmaq istəyiblər. Mircəfər Bağırov bunun qarşısını o vaxt qətiyyətlə alıb. 1956, 1959, 1963, 1967, 1973, 1977, 1988-ci illərdə ermənilər yenidən Dağlıq Qarabağla bağlı məsələni qaldırsalar da Azərbaycan rəhbərləri – Mircəfər Bağırov, Vəli Axundov, ilk növbədə Heydər Əliyev tərəfindən onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb”.

Tarixçi alim söyləyir ki, 1920-ci ilin 28 aprel istilasından sonra SSRİ rəhbərliyi tərəfindən Azərbaycan torpaqları Ermənistana verilir: “Azərbaycan sovet Rusiyasının tərkibinə qatılanda ümumi ərazimiz 114 min kv.km idi. Bunun 20,8 min kv. km-i Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq 1921-29-cu illərdə Ermənistan SSRİ-nin tərkibinə qatılır”.

Bəs biz həmin əraziləri Ermənistandan geri ala bilərikmi? Bunun üçün əlimizdə yetərincə hüquqi baza varmı?

Tarixçi alim deyir ki, rəsmi Bakı 1921-29-cu illərdə ermənilərə verilən bu əraziləri yenidən tələb edə bilər: “100 faiz bunu edə bilərik. 1918-ci ildə ermənilərə İrəvan şəhəri daxil olmaqla 9 min kvadrat kilometr ərazi güzəştə gedilib. Yenə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-yə verilən torpaqların hamısı Azərbaycan xalqına məxsusdur. Onun mülkiyyətidir. Azərbaycan xalqının icazəsi olmadan, onun iradəsinin əleyhinə olaraq verilib. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının tam səlahiyyəti var ki, ermənilər, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətləri və bununla bağlı bütün məsələləri əsas götürərək həmin torpaqları geri tələb etsin. Bu, bizim haqqımızdır”.

Görünən odur ki, anklavlarla yanaşı, digər əraziləri də öz suverenliyimiz altına almaq üçün kifayət qədər hüquqi və mənəvi baza mövcuddur. İndi əsas nüans bu kimi məsələləri zamanın axarına buraxmaq, ən əsası, hücum diplomatiyasında özümüzü daha kəsərli göstərməkdir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm