Savaşın 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ
Bizi izləyin

Qarabağ

Savaşın 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

31 oktyabr 2020-ci il. Müharibənin 35-ci günü...

Saat - 00:49 - Azərbaycan və Ermənistan XİN başçılarının görüşü BAŞA ÇATDI

Saat - 01:15 - ATƏT-in Minsk qrupu Cenevrə görüşü ilə bağlı BƏYANAT YAYDI

Saat - 07:45 - Ağdərə istiqamətində düşmənin canlı qüvvəsi MƏHV EDİLDİ

2020-cu il oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar oldu. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd "Smerç" və 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd "Osa" ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edildi.

Saat - 08:00 - Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutuldu

Saat - 15:00 - İlham Əliyev Ermənistana vurulan ziyanın MƏBLƏĞİNİ AÇIQLADI

"Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində bildirdi.

Prezident qeyd etdi ki, məhv edilən sursatlar barədə minimum ilkin hesablama aparılıb: "Yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq".

Saat - 15:06 - Prezident 4 TVİT ATDI

2020-ci ilin bu günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvitter hesabında paylaşımlar etdi. Prezidentin fikirlərini təqdim edirik:

"Biz reallıqları dəyişdik. İndi ermənilər bunları nəzərə almalıdır. Bu, bizim torpaqdır, bu, ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir".

"Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik".

"Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır".

"Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır".

Saat - 16:05 - Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu

Ötən ilin bu günü Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutuldu.

Saat - 19:00 - Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ

Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərdi. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarıldı və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başladı. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün "Kamaz" markalı ikinci avtomobilə minmələri də müşahidə edildi. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm