Qarabağ 2021: Yenidənqurma, sürətli dirçəliş...
Bizi izləyin

Qarabağ

Qarabağ 2021: Yenidənqurma, sürətli dirçəliş...

Yola salmaqda olduğumuz 2021-ci il işğaldan azad olunan ərazilərimiz üçün əsl quruculuq, yenidənqurma ilə yadda qaldı. Erməni vandalları tərəfindən dağıdılan bütün şəhər və rayonlarımızın, kəndlərimizin təməlləri atıldı. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan bu təməlatma mərasimlərində şəxsən iştirak etdi.

İşğaldan azad olunan ərazilərdə yenidənqurma işlərindən danışan deputat Cavid Osmanov Publika.az-a açıqlamasında söyləyib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərməyə davam edir:

“Müharibə bitəndən dərhal sonra işğaldan azad olunan ərazilərimizdə, tarixi torpaqlarımızda – Qarabağda, Şərqi Zəngəzurda böyük yenidənqurma və bərpa işləri aparılır. Bu da Azərbaycan dövlətinin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsindəki qələbəmiz Azərbaycan tarixində əldə olunan ən böyük zəfərdir. Bu zəfər bizim ən böyük şanlı nailiyyətimizdir. Bir daha qeyd etməliyik ki, bunu Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, düzgün qurduğu strategiya, bütün təzyiqlərə sinə gərmək bacarığı, xalqın öz Prezidentinin ətrafında sıx birləşməsi nəticəsində əldə etdik”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesi Prezident İlham Əliyevin birbaşa nəzarəti altında gerçəkləşir:

“Sevindiricidir ki, nəzərdə tutulan proqram vaxtında və dəqiq həyata keçirilir. Füzuli Hava Limanının 8 aya tikilməsi, Qarabağ hotelindən tutmuş bir sıra binaların və məscidlərin bərpa olunması işlərinin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla həyata keçirilməsi buna misaldır. Qarşıda duran əsas vəzifələrdən biri Zəfər Yolunun çəkilməsi idi. Prezidentin birbaşa nəzarəti altında bu yol salındı. Ardınca Füzulidə Beynəlxalq Hava Limanının açılışı oldu, o cümlədən Ağalı kəndində “ağıllı kənd” layihəsi hazır olmaq üzrədir və məskunlaşmaya açıq olması olduqca sevindiricidir. Bu prosesi də Azərbaycan bütün gücü ilə yerinə yetirir. Həm də burada hərbi hissələrin salınması, sərhəd qoşunlarının müəyyən qərargahlarının tikilməsi əlamətdar hadisədir. Bu işləri Azərbaycan xaricdən kredit almadan həyata keçirir, bu, böyük bir uğurdur. İnsanların çoxu yenidənqurmanın nə qədər irimiqyaslı və riskli olduğunu bilir. Həyata keçirilən işlər onu göstərir ki, Azərbaycan gələcəkdə Zəngəzur dəhlizinin açılmasını və bundan sonrakı proseslərdə qlobal layihələrin cəlb olunmasını da gerçəkləşdirə biləcək”.

Deputat Naqif Həmzəyev düşünür ki, biz ən qısa zamanda Qarabağın cənnət məkana çevrildiyini görəcəyik:

“Burada qısa müddət sonra həyat canlanacaq. Keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq. Buna baxmayaraq, ermənilərin bizə qarşı etdikləri unudula bilməz. Ermənilərin dağıtdıqları ərazilər və onlar tərəfindən həmin ərazilərə vurulmuş ziyan həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən araşdırılır, öyrənilir. Mütləq şəkildə bütün bunların hesabı ermənilərdən soruşulacaq. Eyni zamanda Ermənistandan təzminat tələb olunacaq. Əks təqdirdə, bir daha erməni terrorizmi baş qaldıra bilər. Onlara elə bir dərs verilməlidir ki, bir daha bu cür vandal hərəkətlərə cürət etməsinlər. Bir daha Azərbaycan ərazilərinə iddia etməsinlər”.

Millət vəkili Rasim Musabəyov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasındakı təşəbbüskarlıqları ilə Azərbaycan və Türkiyə regiondakı, eləcə də beynəlxalq əməkdaşlığı gerçəkləşdirmək üçün bir əsas yaradır:

“Adətən Zəngəzur dəhlizi deyəndə bir çoxları Ermənistan ərazisindəki həmin 40 kilometri nəzərdə tutur. Lakin Horadizdən Ağbəndə, eləcə də Naxçıvan ərazisindəki dəmir yolu və magistral xətlərinin uzunluğu Ermənistandan keçən hissədən dəfələrlə çoxdur. Ümumilikdə götürdükdə bu, 150-170 kilometrlik dəmir yolu və avtomobil yolu deməkdir. Onun da texniki dəstəyini Türkiyə verir. Maliyyə yükünü isə Azərbaycan çəkir. Bu nüanslar bölgədəki əməkdaşlıq üçün zəruri olan bütün əsasları yaradır. Ermənistanın bu məsələyə yanaşması hələlik tam mənada aydın deyil. İranın da məsələyə yanaşması əməkdaşlığa hesablanmayıb. Buna baxmayaraq, biz öz işimizi görürük. Düşünürəm ki, Zəngəzur dəhlizinin yenidən bərpası ilə bağlı işlər heç kəsin gözləmədiyi sürətlə gedir və vaxtında tamamlanacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm