Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür
Bizi izləyin

Qarabağ

Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür.

Publika.az xəbər verir ki, Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən, Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan ilk hərbçi olub.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb və Ermənistan ordusu geri oturdulub.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. Artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan ordusunun atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan ordusunun fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olur. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalırlar.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm