Bu ünvanlarda... OLANLAR – "MÜFƏTTİŞ"
Bizi izləyin

Qırmızı.az

Bu ünvanlarda... OLANLAR – "MÜFƏTTİŞ"

“Oğlum bu il qəbul imtahanında Bakıda 5 saylı məktəbə düşüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən buraxılış imtahanında məktəbin ünvanı 4-cü mkr. Cavadxan 68 A. göstərilib. Məktəbin yerini bilmirdik. İnternetdə axtardıq, 5 saylı məktəbi H.Seyidzadə 68 ünvanında tapdıq. İnternet və TQDK-nın məlumatı fərqli idi. Xəritədən təxmini başa düşdüyümüz yer məktəbin Memar Əcəmi metrostansiyası yaxınlığında olması idi. Xeyli axtarışdan sonra Cavadxan 68 A. ünvanını tapdıq, amma orada məktəb yox idi. Binaların başına dövrə vurub, balacadan-böyüyə bütün küçə sakinlərini sorğu-sual edəndən sonra məktəbi tapdıq. Onun qarşısında isə H.Seyidzadə 68 yazılmışdı. Çarəsiz qalıb məktəbin qapısını döyüb, müəllimlərdən dəqiq ünvanı öyrənməyə çalışdıq. Məlum oldu ki, H.Seyidzadə 68 məktəbin yeni ünvanıdır. Yeni deyəndə aylar keçib, amma hələ də, çox yerdə köhnə ünvan verilir. Məlum oldu ki, bizdən əvvəl yüzlərlə valideyn məktəbə eyni axtarışla müraciət edib”.

Müsahibimiz Aytən xanımın dediklərini 5 saylı məktəbin “Facebook” səhifəsində yazılanlar da təsdiqləyir. Məktəb ünvanla bağlı müraciətlərdən nəticə çıxararaq sosial şəbəkədə elan verib (https://www.facebook.com/5-Nomreli-Mekteb-133436106697714/). Hətta ünvanı xəritədə də göstərən linki (https://goo.gl/maps/Qjw8v) paylaşıb. Bu elanın altına gələn şərhlər, məktəbin yaxınlığından keçən avtobus marşrutlarınlın nömrələrinin, habelə məktəbin şəkillərinin istənilməsi vəziyyətin qəlizliyini göstərir.

Publika.az-ın “Müfəttiş” bu qəlizliyin səbəbini və həllini tapmaq üçün axtarışa başladı.

Məsələn, Bakıda bir ünvan var ki, oradan avtobusla keçəndə həmin yerin Abay Kunanbayev küçəsi olması barədə anons edilir, lakin düşüb oradakı binalara baxdıqda, üzərində S.S.Axundov küçəsi yazıldığını görürsən. Bu nədir ki, şəxsiyyət vəsiqəsi ilə yaşadığı binanın üzərindəki ünvanın bir-birinə uyğun gəlməməsi halı da az deyil. Allah eləməsin, bu ünvanda yaşayan bir nəfərin ürəyi xarab olsun. O zaman təcili yardım evi tapana qədər, xəstə “mollalıq olar”.

Amma “Müfəttiş” yaxşı bilir ki, bu iş dua ilə, molla ilə həll olan deyil, bəlkə, yazmaqla nəsə əmələ gəldi.

Qaş düzəldərkən göz çıxdı

Əvvəlcə tapaq görək, bu problem nə vaxtdan yarandı. İki ünvanlılıq məsələsi Bakıda yeni ünvanların verilməsindən sonra peyda oldu. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvanların yeni qaydalarla verilməsinə başladı. Məqsəd “marketin yanı”, “bankla üzbəüz”, “bir tin aşağı”, “qırmızı binanın altı” kimi ifadələri leksikondan çıxartmaq idi. Bu üsulla “axtarış”ın nə qədər çətin olduğunu ancaq başına gələnlər bilər. Xüsusən də, bir yerə ilk dəfə gedənlər “küçə məsələsinə” görə bəzən bir neçə saatını itirmək məcburiyyətində qalır. Bu problemləri həll etmək, sadaladığımız ifadələri bizə unutdurmaq üçün Azərbaycanın ünvan sisteminin də yenidən qurulmasına ehtiyacı duyuldu. Əmlak Məsələləri Dövlət Komitəsi ünvanları yenidən müəyyənləşdirdi və bəzi küçələrdə adlar dəyişdi. Dəyişiklik isə sadə vətəndaşdan tutmuş işi təcili olanların işini asanlaşdırmaq yerinə onu daha da qəlizləşdirdi. Əvvəl heç olmazsa, qırmızı binanın yanındakı məktəbi axtaranlar onu birtəhət tapırdılar. İndi isə nəinki məktəbi heç həmi qırmızı binanı da tapa bilmir. Deməli qaş düzəltmək istərkən göz də çıxarılıb.

Kimə inanaq?

Bu il yüzlərlə abituriyentin qarşılaşdığı ünvan problemi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyassına müraciət etdik. TQDK nəinki ünvanla bağlı problemin mövcudluğunu, hətta bu ehtimalı belə qəbul etmədi: “Biz abituriyentlərə verdiyimiz sənədlərdə hər bir məktəbin yerləşdiyi ünvanın sonuncu dəfə dəqiqləşmiş formasını qeyd edirik. Əməkdaşlarımız da məktəblərdə olur, ünvanı dəqiqləşdirəndən sonra buraxılış vərəqlərində onu yazırlar. Bu proses hər il yenidən yoxlanılır. Ünvanlar məsələsində problem ola bilməz. Saytımızda məktəblərin yerləşmə sistemi var. Orada ünvanı yazıb tapmaq mümkündür”.

TQDK-nın məktəblərin binalarını tapmaq üçün təqdim etdiyi ünvanla buradan tanış olmaq mümkündür (http://gomap.az/tqdk/).

TQDK-dan onu da vurğuladılar ki, abituriyent imtahandan öncə buraxılış vərəqində yazılan ünvana getməlidir.

TQDK-dan yeniliklərin yaratdığı problemləri qəbul etməsələr də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ünvan məsələsinin bəzən həkimlərin döyülməsi ilə nəticələnə bildiyini deyir: “Yeni tikilən binaların heç birində ünvan olmur. Dəyişən ünvanları isə sakinlərin köməyi ilə tapırıq. Həm də elə həkimlərimiz var ki, illərdir eyni ərazidə xidmət göstərir, onların məlumatı əsasında çətinliklə də olsa, tapmaq mümkün olur. Lakin bu normal üsul deyil. Çünki istənilən halda ünvanın yanlışlığı uzun müddətli axtarış tələb edir. Nəticədə təcili yardım vaxt itirir. Çağırışa gecikir, söyülür, döyülür. Bir çağırışa maksimum 40 dəqiqə vaxt sərf olunmalıdır, ünvan probleminə görə bəzən 1 saatdan çox vaxt sərf edirik. Nəticədə digər çağırışa da gecikirik. Xəstələr bunu səhlənkarlıq kimi qəbul edir. Gecikmə ilə gedəndə, xəstə ölürsə, bu zaman həkimlər özü də daxilən narahat olur. Bəzən müəyyən təhqirlərə məruz qalırıq, hətta həkimlər döyülür. Amma nəzərə almaq lazımdır ki, gün ərzində təcili yardıma 2 min çağırış olur və Bakı şəhəri üzrə 138 briqada fəaliyyət göstərir”.

Bu yanlışlıq qəbul olunmazdır

Ekpsertlər bu məsələnin kökünü dövlət qurumları arasında əlaqələrin qurulmaması ilə əlaqələndirirlər.

İqtisadçı-ekspert Ramil Osmanlı bu problemi qurumların elektron hökümət portalına qoşulmaması ilə əlaqələndirdi: “Ölkəmizdə ünvan reysteri aparılır və bu proses başa çatmaq üzrədir. Ünvan reysterini həyata keçirən qurumlar ilə notariat qeydiyyat və VVAQ idarələri arasında Elektron Hökümət portal çərçivəsində informasiya mübadiləsi həyata keçirilir. Bu istiqamətdə işlər görülüb. Ola bilər ki, bəzi qurumların həmin informasiyaları elektron qaydada almaq problemi var. Texniki məsələlər tam başa çatmadığına görə, bu məlumatlar onların bazalarında mövcud deyil. Bu baxımdan problemlər meydana çıxır. Bu, hər hansı əməkdaşın texniki yanlışlığa yol verməsi səbəbindən də yarana bilər. Bundan başqa, bəzi fərdi yaşayış evləri və mənzillər dövlət qeydiyyatına alınmadığından həmin ərazilərdəki ünvanlar daha çox müvafiq icra hakimiyyəti tərəfindən verilmiş texniki şərtlərə əsaslanaraq həyata keçirilir. Çox zaman da “Azərişıq”, “Azəriqaz”, “Azərsu” tərəfindən verilən texniki qeydiyyat aparılır. Bu rəsmi qeydiyyat hesab edilmir”.

Ekspert hesab edir ki, hansısa dövlət qurumları və ya özəl sturukturlar qeydiyyatla bağlı belə problemlər yaşayırsa, demək,onlar hələ də, elektron hökümət portalından istifadə etmirlər, ünvan reysterinə qoşulmayıblar: “Fikrimcə, hər hansı özəl qurumun ünvanda yanlışlığa yol verməsi haradasa başa düşüləndir. Amma dövlət qurumlarının bu cür yanlışlığa yol verməsi onların müasir innovativ sistemlərdən geri qalması, vəzifə səlahiyyətlərinin düzgün yerinə yetirilməməsi və inzibati xətalara gətirib çıxaran səhvlərin baş verməsi kimi qəbul oluna bilər. Bu zaman məsuliyyət həmin qurumların üzərində qalır”.

Bu problemin yaşanmasında Əmlak Məsələləri Dövlət Komitəsinin məsuliyyətinə gəlincə R.Osmanlı bu qurumun sadəcə ünvan reysterini hazırlayan tərəf olduğunu bildirdi: “Bu komitə yalnız əllərində olan qeydiyyat sistemi üzrə iş görür. Hər hansı bir ərazisinin dövlət qurumlarında yanlış göstərilməsinə məsuliyyət daşımır. İlkin qeydiyyatla bağlı problemin həll edilməməsi də komitənin işinə mənfi təsir göstərir. İlkin qeydiyyat problemləri həll olunsa, elektronlaşma həyata keçirilsə,müvafiq icra hakimiyyətlərinin elektron hökumət portal ilə əməkdaşlığını qurmaq mümkün olarsa, o zaman problem aradan qalxar. Lakin hələ ki, qeydiyyatla bağlı problemin həlli ünvan reysterini aparan qurum kimi Əmlak Məsələləri Dövlət Komitəsinin üzərində deyil.Təəssüf ki, illərdir ilkin qeydiyyat problemdir və bunun həlli istiqamətində ciddi addımlar atılmır. Qeydiyyatla bağlı problemlər tam aradan qaldırılmalıdır. Lakin istər fərdi yaşayış, istərsə də sosial təminatlı binaların belə qeydiyyat problemi olduğuna görə onlar ünvan reysterinə daxil edilə bilmir”.

Qurumlararası əlaqə pozulub

“NBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimov məsələyə daha optimist yanaşır: “Son vaxtlar ünvanların verilməsində bir sıra addımlar atılır. Bəzi binaların girişində mənzillərin də ünvanı göstərilib. Sadəcə proses tam başa çatdırılmayıb deyə belə qarışıqlıq mövcuddur”.

Sakinlərin şəxsiyyət vəsiqəsi ilə yaşadığı binanın üzərindəki ünvan uyğunsuzluğuna gəlincə, N.Qasımov bunu qurumlar arası əlaqələrin düzgün qurulmaması ilə əlaqələndirdi: “Əmlak Məsələləri Dövlət Komitəsi, habelə şəxsiyyət vəsiqələrini verən qurum da dövlət idarələridir. Ona görə də, ünvanlarda uyğunsuzluq olmamalıdır. Qurumlar arasında vahid məlumat bazası olmalıdır ki, lazım olanda bundan istifadə etsinlər. Yəqin ki, ünvanlaşdırma prosesi baş çatmadığına görə hələ ki, sistem qurulmayıb. Ona görə də belə kənarlaşmalar var”.

Ünvanlaşdırma prosesinin bu qədər uzun çəkməsini isə ekspert qanunsuz tikintilərlə əlaqələndirdi. O, ünvan probleminin yaxın bir neçə ilə həll olunacağına ümid etdiyini dedi.

Yeniliyin gətirdiyi çətinlik

Bakıda ünvanları yeniləyən qurum Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov özlərini günahkar hesab etmir. O, hətta görülən işləri üzərlərinə düşən vəzifə kimi qələmə verir və işi layiqincə yerinə yetirdiklərini deyir: “Artıq Ünvan Reyestri İnformasiya Sistemini istifadəyə verdik. Nəqliyyat infrasturuktur obyektinə giriş ünvanı verilib, bütün aidiyyəti qurumlar yeni ünvanlar barədə saytımızdan məlumat əldə edə bilər. Məqsəd ünvan axtarış sisteminin daha da asanlaşmasıdır. Bu sistem bizə imkan verir ki, həm köhnə, həm də yeni ünvanlar istifadə olunsun. Bazada yeni ünvanla axtarış verəndə köhnəni, köhnə ilə axtarış verəndə yenisini tapmaq olur. Yəni ünvanlar bazada uzlaşır. Bu yenilik vətəndaşların rahatlığı üçün edilib və etiraf etməliyik ki, yeniliyə keçid dövründə müəyyən çətinliklər olur. Tədricən bu məsələ həll olunacaq”.

İki ünvanlılığın yaratdığı problemlərə gəldikdə, Q.Xəlilov bu məsələdə aidiyyəti qurumların məsuliyyət daşıdığını bildirdi: “Aidiyyəti qurumlar ünvan resyteri xidmətindən istifadə edərək, yeni ünvanları əldə edə bilərlər. Bu baza digər qurumlarla inteqrasiya edilir, istənilən qurum bu bazadan istifadə edə bilər. Bu xidmət ötən ildən istifadəyə verilib və digər qurumlar bazaya inteqrasiya olunub. Proses tam başa çatıb və onu tətbiq etmək aidyyəti qurumların işidir”.

İndi ümid qalıb bundan sonra görüləcək işlərə. Yəqin ki, bundan sonra vəsiqə verən, yaxud da digər qeydiyyat idarələri ünvan reysterinə baxacaqlar. Baxmasalar, biz hələ də, qırmızı binalara, göy darvazalara möhtac qalacağıq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm