Lələ Təpəni alan Milli Qəhrəman sirrini açdı: “Dizimi yerə atıb...” - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Lələ Təpəni alan Milli Qəhrəman sirrini açdı: “Dizimi yerə atıb...” - FOTO/VİDEO

Yolumuz Qubadlıya olacaqdı, amma əfsus ki, təbiətin bütün füsunkarlığını özündə əks etdirən o gözəl rayon haqqında yalnız xatirələri ipə-sapa düzməklə kifayətlənməli olacağıq. Çünki 23 ildir ki, Qubadlı yalnız xatirələrdə yaşayır. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan Qaçaq Nəbinin yurduna nə əlimiz yetir, nə ünümüz çatır.

Tarixi mənbələrdən bildiyimizə görə, Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdi.

Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

Beləliklə Publika.az-ın “Haralısan” layihəsinin bu yazısını Qubadlıya həsr etdik.

Tarixə düşən Qubadlı məşhurları

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu yazıçıları, şairləri, ziyalıları, milli qəhrəmanları ilə tanınıb.

Qaçaq Nəbi, Xalq qəhrəmanı

Süleyman Rəhimov, Xalq yazıçısı

Əli Vəliyev, Xalq yazıçısı

Eldar Baxış, şair

Qasım Qasımzadə, şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Cəlal Bərgüşad - yazıçı

Məmməd İsgəndərov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri

Kazımağa Kərimov, Milli qəhrəman, Qarabağ müharibəsi şəhidi

Nuşirəvan Kərimov, “Molla Nəsrəddin” jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair, pedaqoq

Heydərov Nəzər, dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini

Kamran Hüseynov, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, “Şöhrət” ordeni laureatı

Kərəm Mirzəyev, Azərbaycanın Milli Qəhramanı

Nazim İsmayılov, azərbaycanlı hərbçi, Qarabağ savaşı şəhidi.

Həsənəqulu Qasımov, azərbaycanlı hərbçi, Qarabağ savaşı şəhidi.

Aqil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı

Əliyar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı

Sirac Novruzov, şüşə şişirtmə texnologiyasının banisi

Çingiz İldırım, Azərbaycan SSP-də hərbi işlər üzrə xalq komissarı

Qubadlı bu gün də məşhurları ilə tanınır. Gəlin, onları dinləyək…

“Qubalı alınanda ilk baş çəkəcəyim yer…”

Şükür Həmidov, Milli Qəhrəman, polkovnik:

(Qeyd edim ki, aprel ayının əvvəlində Lələ Təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenanta müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub – C.).

Картинки по запросу Şükür Həmidov

“Nəinki Qubadlının, Azərbaycanın hər qayası, hər daşı, çiçəyi mənim üçün doğmadır. O yerlər üçün, o cümlədən də Qubadlının hər kolu, hər otu, çiçəyi üçün darıxmışam. Qubadlı cənnət-məkan idi, inşallah Cənab Ali Baş Komandanın əmri ilə işğal atında olan bütün torpaqları, eyni zamanda da Qubadlını alacağıq. O zaman uzaqda deyil. Qubalı alınanda ilk baş çəkəcəyim yer doğulduğum Armudlu kəndi olacaq. Dizimi yerə atıb o torpaqların ətrini sinəmə çəkəcəyəm”.

“Dünyasını dəyişəndə vəsiyyət edibmiş ki…”

Namiq Məna, meyxanaçı:

“ Qubadlı Qaçaq Nəbi, Qaçaq Mehdi, Həcər kimi xalq qəhrəmanları ilə tanınıb. Mollu kəndindən olan bu qəhrəmanlar barəsində Qaçaq Nəbi adlı bədii film də çəkilib. İki böyük çayı - Bərgüşad və Həkərisi ilə məşhur olan Qubadlı uşaqlıq illərimdə ən çox sevdiyim rayon olub. Doğma yurdumla bağlı o qədər xatirələrim var ki, yadıma salanda gözlərim dolur. At çapmışam, səhənglə bulaqdan su gətirmişəm. Bərgüşad çayı dayımgilin həyətinin içindən keçib gedirdi. Heç tilova ehtiyac yox idi, əlimizi atıb çaydan balıq tutardıq. Özü də o balıqları çox dadlı idi, dadı indi də damağımda qalıb. 12 yaşımda toyda Həsən Qorxmazla oxuduğum vaxtlar yadıma düşdü. Həsən sonralar Milli Qəhrəman kimi adını tarixə yazdı. Qubadlı camaatı mərdliyi, qoçaqlığı ilə ad-san qazanıb. Onlarla dürüst ol, çıxarıb ürəklərini sənə verərlər. Amma xəyanəti, satqınlığı heç bağışlamazlar. Qubadlının ağsaqqalından ölüm ayağında soruşsan ki, necəsən? Deyəcək ki, yaxşıyam. O qədər comərd, qorxmaz, qürurlu olurlar ki, ölüm yatağında belə özlərini sındırmırlar. Qubadlının köhnə kişiləri vardı ki, bir sözləri ilə qan yatızdırırdılar. O yerin camaatı dağ adamları olduğundan təbii, səmimi olublar. Bir də görərdin, kiminsə toyunda dava düşdü, amma səhəri gün o adamlar elə mehriban davranardılar ki, deyərdin gecə dava salan bunlar deyil.

Qubadlı dadlı mətbəxi ilə də seçilib, orada bişən döşəməli plovu bir yeyən, deyər bir də yeyim.

Qubadlı ağır ocaqları ilə də tanınıb. Mir Sədi ağa, Seyid Məhəmməd, Seyid Umud ağanın cəddinə and içdinsə məsələ həll olunurdu. Elə indi də belədir. Həmişə o ağır seyidlərin şəkillərini evimizdə görmüşəm. Mir Sədi ağanın ocağında ona xidmət edən Şəkil xala vardı, Allah ona rəhmət eləsin. Dünyasını dəyişəndə vəsiyyət etmişdi ki, Seyid Sədi ağanın ona bağışladığı köhnə termosunu mənə yadigar versinlər. Demişdi, içinə su doldursun, dara düşəndə ağanın cəddi ona kömək olacaq. Bir dəfə rayondan toydan qayıdırdıq. Qəfildən maşın söndü və nə illah elədimsə, mühərrik işə düşmədi. Ağanın termosunda saxladığım sudan maşına çilədim, inanın Allaha, o an avtomobil işə düşdü. Həmişə qubadlıların işi çətinə düşəndə ağır ocaqların seyidlərini köməyə çağırırlar. Gün o gün olsun, o gözəl yerlərə gedək, Qubadlının füsunkar təbiətində dincələk. Yəqin ki, o gün uzaqda deyil”.

“Ağlayırdım ki, oradan yıxılıb öləcək”

Ələkbər Əliyev, Musiqili teatrın aktyoru, əməkdar artist:

“Bibim Qubadlının Xallava kəndində yaşayırdı, uşaq vaxtı məni apardı ki, bir neçə il onlarla bərabər kənddə yaşayım. Yadımdadır ki, bibimlə birgə çəpişləri otarmağa gedirdik. Çəpişlər qayaya dırmananda ağlayırdım ki, ay bibi, indi çəpişlər oradan yıxılıb öləcək. Nə illah edirdimsə, çəpişlər qayadan düşmürdü. Bibim bir daş atmaqla çəpişlər yanına gəlirdi. Uşaq ağlımla düşünürdüm ki, gör e, çəpişlər bibimin daşını necə tanıyır, o saat yanına qaçırlar. Babamgilin evi Məmmədli kəndində idi, bu kənd dağın başında yerləşirmiş. Sonralar elə olub ki, kənddə su olmadığından camaatı 1947-ci ildə çayın qırağına köçüblər. O vaxtdan babamgil qohum-əqrəbası ilə Sumqayıta köçüblər.

Qubadlı camaatı mehribanlığı ilə fərqlənib. İncəsənətə çox bağlı insanlardır. Onu da deyim ki, qubadlıda hələ də ağsaqqal sözü keçərlidir. Əgər iki nəfər dava edərdisə, ya mübahisəsi düşərdisə, ağsaqqal bircə kəlmə ilə bu davanı yatızdırardı. Hətta səhv də olsa, heç kim ağsaqqalın sözünə müdaxilə etməzdi. Bu ənənə indi də var. Yadımdadır ki, tez-tez Qubadlıya qastrol səfərinə gedərdik. Mən əslən Qubadlıdan olduğum üçün başıma daha çox adam yığılardı. Bərgüşad çayında o qədər balıq tutmuşam ki… Bakıdan qastrola gedən aktyor yoldaşlarım məəttəl qalırdılar ki, çay da bu qədər şəffaf olar? Təsəvvür edin çayın dibində balıqların oynaşmasını aydın görürdük. Erməni elə bilməsin ki, qubadlını həmişəlik əlimizdən alıb, yox, yaxın gələcəkdə biz yenə o dilbər guşəni özümüzə qaytaracağıq. Yenə kəndimizə qastrol səfərinə gedib, kənd camaatı qarşısında teatr tamaşaları ilə çıxış edəcəyəm”.

“Dürməyi götürüb qoyun nobatına gedərdik”

Mikayıl Güləddinoğlu, aparıcı:

“Qubadlı xatirələrimin mənə boylandığı məkandır. Uşaqlığım orada keçib. Ən çox sevdiyim məşğuliyyət balıq tutmaq idi. Biz Zilanlı kəndindənik. Kəndimizin içindən Həkəri çayı axırdı. Bir dəfə anamgildən xəlvət həkəridə balıq tutmağa getmişdim. Çay məni necə apardısa, ha çapaladım, sudan çıxa bilmədim. Kənd camaatına hay düşdü ki, bəs Güləddin kişinin oğlunu çay aparır. Məni güclə çaydan çıxardılar. Özümə gələndə soruşdum ki, tutduğum balıqlar hanı?

Qubadlı mənim üçün həm də bir nisgildir. Nənəmgil nehrə yağı yaxıb, dürmək düzəldərdi. Biz də o dürməyi götürüb qoyun nobatına gedərdik. Dürməyin qoxusu hələ də burnumdadır. İndi dürmək yediyim o günlər üçün həyatımı verərdim. Axırıncı dəfə Qubadlıya 7-ci sinifdə oxuyanda getmişdim. 1992-ci ilin iyul ayı idi, Qubadlıda qızğın döyüşlər gedirdi. Onda atam da könüllü kimi döyüşlərdə iştirak edirdi. O ağır dönəmdə əmimin şəhid olduğu günü unuda bilmirəm. Orta məktəbdən evə qayıtdım, evimizdə hamı ağlaşırdı, dedilər ki, ermənilər əmini qətlə yetirib, şəhid olub, atamgil yığışıb getdilər. Ermənilər əmimi gülləylə vurmuşdular. Qardaşının ölüm xəbərini alanda atamın beli büküldü. Əmimi Zəngilana aparıb orada dəfn etdilər, onda hələ Zəngilan alınmamışdı. Qubadlıda nənəmgilin, babamgilin məzarı qalıb. Yəqin ki, o yerlərə gedib, nənəmin, babamın qəbri üstündə doyunca ağlayacağım gün uzaqda deyil”.

… Qubadlını görməsəm də, həmişə içimdə gözəlliyi dillər əzbəri olan bu rayona getmək arzusu olub. İnsanlarına gəlincə, eşitdiyimdən, gördüyümdən bilirəm ki, comərd, qorxmaz, cəsarətli olurlar. Torpaq üçün canlarını qurban verməyə hazır olan qubadlılar bunu sözlə yox əməllə sübut ediblər. Təsadüfü deyil ki, Qubadlı camaatı 230 nəfər şəhid verib. Onlardan 12-si Milli Qəhrəman adına layiq görülüb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm