700 bal toplayan abituriyentlər danışdı
Bizi izləyin

Qırmızı.az

700 bal toplayan abituriyentlər danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. I qrupdan 5 nəfər, IV qrupdan 2 nəfər 700 bal toplayıb. Publika.az həmin abituriyentlərin ixtisas seçimləri və hazırlıq prosesi barədə maraqlanıb.

I ixtisas qrupu üzrə imtahan verən Könül Qurbanlı Yusif qızı Azərbaycan bölməsi üzrə “Zəngi” liseyinin məzunudur. Müəllimləri və valideynləri üçün 700 bal gözlənilən nəticə olsa da, Könülün bəzi şübhələri olub. TQDK-nın sınaqlarında 690 bal toplayıb. Onun birinci qrupu seçməsi isə riyaziyyat fənninə olan sevgisidir.

“10-11-ci siniflərdə ciddi və çətin hazırlıq prosesi keçmişəm, amma nəticə yaxşı olduğu üçün həmin çətinliyə dəydi. Hansı universitetdə təhsil almaq qərarını verməmişəm, Bakı Ali Neft Məktəbi, ADA-da təhsil almaq, təhsilimi magistratura səviyyəsində xaricdə davam etdirmək istəyirəm”.

Hacılı Məmməd İsmayıl oğlu Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialının Azərbaycan bölməsinin məzunudur. O, əlavə hazırlığa getmədiyini, liseydə keyfiyyətli təhsil aldığını deyir:

“Son iki ildə ciddi hazırlaşmışam, amma əlavə hazırlığa getməmişəm. Çünki liseydəki dərs proqramımız imtahana tam hazırlayırdı. Artıq seçimimi etmişəm – Qafqaz Universitetində Kompyuter mühəndisliyi fakültəsində oxumaq istəyirəm. Birinci kursu bitirdikdən sonra təhsilimi İngiltərədə davam etdirməyi düşünürəm”.

Nəbizadə Fatimeyi Zəhra Nemət qızı Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. O, nəticənin gözlənilən olduğunu deyir.

“5-ci sinifdən çox ciddi, planlı şəkildə hazırlaşmışam. "Araz" kurslarına getmişəm, məktəbdə bütün dərslərimi də yaxşı oxumuşam. Amma yüksək nəticə əldə etmək üçün özümə plan qurmuşdum, istirahətə də vaxt ayırmaqla yanaşı, ciddi hazırlaşırdım. Universiteti seçməsəm də, mexanika mühəndisliyi fakültəsində oxumaq istəyirəm. Xaricdə təhsil barədə düşünsəm də, ailəmlə birlikdə qərar verəcəyik. Çünki artıq bir bacım və qardaşım xaricdə təhsil alır. Ailəmizin imkanlarını nəzərə alaraq qərar verəcəyik”.

Quluzadə Nurlan Fəzayıl oğlu 'Zəkalar' liseyi məzunudur. Sınaqlarda, adətən, 650-dən çox nəticə göstərən Nurlan yüksək bal toplayacağından əmin olduğunu deyir. Mühəndis olmaq istəyir. Ali məktəb seçimi isə Bakı Ali Neft Məktəbi, yaxud Azərbaycan Diplomatik Akademiyası olacaq.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Məmmədzadə İlkin Rəfael oğlu Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunudur. İlkin sınaqlarda 680 bal toplasa da, TQDK-nın rəsmi saytından nəticəni görənə qədər 700 bala əmin olmayıb.

Atası hərbçi həkimdir və valideynləri Bakıda yaşayır. İlkin isə Ağdamda nənə-babasının yanında qalıb. Hazırlıq prosesi də orada keçib. Tətillərdə Bakıya gələndə müəllim yanına gedib istiqamət alıb. Rayonda isə mütəmadi olaraq fərdi müəllimlə hazırlaşmayıb. Xaricdə oxumaq istəyi olsa da, ilkin seçimi Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsidir.

Qasımov Nicat Nazim oğlu Ağsu rayonu 1 saylı şəhər orta məktəbin məzunudur. Nicat TQDK-nın və "Araz" kurslarının sınaq imtahanlarında, adətən, 680 ətrafında bal toplayıb. Son iki ildə fərdi müəllimlə hazırlaşıb. Nicat Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçib, amma xaricdə təhsil almağı da planlaşdırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm