Övladı olmayanlara maliyyə yardımı ediləcək? - AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Övladı olmayanlara maliyyə yardımı ediləcək? - AÇIQLAMA

""Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin yaz ssesiyasında müzakirəyə çıxarılacaq. Millət vəkilləri, Qafqaz Müsəlmanları İdarəsinin narazılığına səbəb olan bəzi maddələr layihədən çıxarılıb".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, qanun layihəsindən çıxarılan bəzi maddələrin müsbət tərəfi olsa da, ümumi rəy nəzərə alınaraq bəzi dəyişiklik etdik:

“Etiraza səbəb olan maddələr- surroqat ana və cinsi hüceyrələrin donorluğu idi. Hər iki maddə qanun layihəsindən çıxarılıb. Yəni bu qanun qəbul ediləndən sonra Azərbaycanda nə surroqat ana, nə də cinsi hüceyrələrin donorluğuna icazə verilməyəcək. Digər məsələ Maliyyə Nazirliyi ilə əlaqədar idi. Belə ki, 10 il ərzində övladı olmayan, sosial müdafiəyə ehtiyacı olan cütlüklərin bir dəfə reproduktiv texnologiyalar ilə uşaq dünyaya gətirməsi dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi qanun layihəsində əks olunmuşdu. Sosial sığorta 2020-ci ildə işə düşəndən sonra ekstrokorporal mayalanma ilə müalicəyə ehtiyacı olanların xərcləri icbari tibbi sığorta tərəfindən ödəniləcək. Dolayısı ilə bu maddənin də qanundan çıxarılması heç bir problem yaratmamış olacaq.

Qanundan çıxarılan surroqat ana və cinsi hüceyrələrinin donorluğunun müsbət tərəfləri var. Bəzi qadınlar var ki, tibbi göstəricilərinə görə hamilə qala bilməz. Bu zaman öz hüceyrələrindən övlad dünyaya gətirmək istəyi surroqat ana ilə mümkün olur. Lakin bu məsələ uşaq alverinə, tərəflər arasında qeyri-qanuni sövdələşməyə səbəb olur, surroqat ana uşağı ailəyə vermək istəmir. Hazırda ABŞ-da surroqat ana ilə bağlı 50 min məhkəmə çəkişməsi var. Digər tərəfdən mentalitet və dinimiz də buna icazə vermir, həmçinin vətəndaşların da əksəriyyəti buna hazır deyildi, millət vəkillərinin də çoxu etiraz etdi. Bütün bunları öncədən gördük və layihədən çıxartdıq. Cinsi hüceyrələrin donorluğu da qadın üçün çox humanist addımdır. Hər hansı səbəbdən ailə qurmayan və ya ayrılan qadın öz hüceyrəsindən uşaq dünyaya gətirmək istəyir. Mən bu istəyi anlayışla qarşılayıram, amma cəmiyyətimiz, bəzi millət vəkillərimiz buna qarşı çıxır. Bu konfliktləri aradan qaldırmaq üçün bəzi maddələri çıxartdıq. Bu çıxarışları etməsəydik, qanunu qəbul edə bilməzdik və bir çox lazımlı məsələni itirmiş olacaqdıq”.

Musa Quliyev bildirib ki, qanun layihəsində qadın hüquqları ilə bağlı bir çox müsbət məqamlar var:

“Bu qanunda qadının müstəsna hüquqları tanınır. Ailə planlaşdırılması məsələsi diqqətdə saxlanılır. Ailə həkimi ilə məsləhətləşmə aparılır ki, hansı uşağı nə zaman dünyaya gətirsin. Kişilərin reproduktiv sağlamlığının qorunması məsələsi yaranacaq. İndiyə qədər ölkəmizdə hərbi xidmət dövründə reproduktiv sağlamlıq imkanlarının müayinəsi və müalicəsi yox idi. Artıq bu imkan yaranacaq. Ekstrokorporal mayalanmada maliyyə məsələsi əsasları yaranır. Arzuolunmaz hamiləliyin qarşısını almaq üçün dövlət təminatı olacaq. Bəzi ailələrin kontraseptik almağa imkanı olmur. Qanun bu ailələrin təminatı imkanlarını yaradacaq. Yeniyetmə qızların maarifləndirilərək ailə həyatına hazırlanması məsələsi əksini tapıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm