30 ölkəyə yardım edən Azərbaycan və sözlərini yerinə yetirməyən COVAX
Bizi izləyin

Səhiyyə

30 ölkəyə yardım edən Azərbaycan və sözlərini yerinə yetirməyən COVAX

Azərbaycan COVID-19 pandemiyası başlayandan bəri qlobal səyləri səfərbər edərək bir sıra mühüm təşəbbüslərlə çıxış edən ilk ölkələrdən biri olub.

COVID-19-la ən uğurla mübarizə aparan ölkələrdən biri kimi ölkəmiz pandemiya ilə mübarizə sahəsində öz strategiyasını hazırlayıb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında mübarizə aparmaqda davam edir.

Azərbaycan hökuməti ilk gündən bütün qüvvələri səfərbər edərək COVID-19-la mübarizədə səhiyyə, tibb təminatı, sosial müdafiə və məşğulluq təminatı, sahibkarlara dəstək, iqtisadiyyatın qorunması istiqamətində mübarizə aparmağa başlayıb.

Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərib. ÜST-lə əməkdaşlıq çərçivəsində iki dəfə hər dəfə 5 milyon dollar olmaqla, COVID-19-la mübarizədə kasıb ölkələrə dəstək məqsədi ilə ÜST-ə 10 milyon manat ianə edilib.

Ölkəmiz həmçinin beynəlxalq səylərin birləşdirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeni təşəbbüslər irəli sürüb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası ötən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib.

BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxış edən azsaylı dövlət və hökumət başçısından biri məhz Prezident İlham Əliyev idi. Dövlət başçısı bir daha bütün dünyanı gücləri səfərbər etməyə və COVID-19-la mübarizədə ədalətli siyasət yürütməyə çağırdı.
Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub.

Ümumiyyətlə, Azərbaycan Prezideni öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Prezident vurğulayıb ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək.

Məhz bu çıxışlardan sonra ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülmüş və 2021-ci il 23 mart tarixində qəbul edilib.

COVAX Azərbaycan tərəfinə bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.
Maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb.

Təbii ki, belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu isə qəbuledilməzdir. Bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan var, digər tərəfdən isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX var.

Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.

Ölkəmizin COVAX-a ilk qoşulan dövlətlərdən biri olması, həmçinin Çindən vaksinin vaxtında tədarükü ölkəmizin öz vətəndaşının qayğısına qalmağının bariz nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm