Səhiyyə
Professor: Əhalinin 70 faizinin vaksin olunması...
Vaksinasiya çox vacib addımdır, COVID-19 pandemiyasından qurtulmağımıza gətirib çıxara bilən və sadəcə səhiyyənin deyil, ictimaiyyətin də cəlb olunduğu mühüm tədbirdir. Odur ki, insanlarımızın hamısını vaksinasiyaya dəvət edirik.
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Həkim hesab edir ki, pandemiya ilə mübarizədə qalib gəlmək üçün vaksinasiya prosesinin sürətləndirilməsinə ehtiyac var:
“Vaksinasiyanın bugünkü sürəti məni qane etmir. Düşünürəm ki, COVID-19 pandemiyasının əhəmiyyətli olaraq cəmiyyətdə azalması və ya qarşısının alınması üçün vaksinasiya işlərini sürətləndirməliyik. Hər gün 5-10 min insanın vaksinasiyaya cəlb olunması aşağı göstəricidir. Bu tempi yüksəltmək lazımdır. Əhalinin 70 faizini vaksin etməklə virusun yoluxuculuğunu tamamilə minimallaşdıra və ya cəmiyyətimizdən kənarlaşdıra bilərik.
Bu gün cəmiyyətlərdə virusun aqressivliyi, yüksək ölüm göstəriciləri, ağırlaşmalar nəzərə çarpır. COVID-19 səhiyyədə yüklənməyə və resursların tükənməsinə gətirib çıxara bilən bir infeksiyadır. Bu səbəbdən də cəmiyyətin ən azı 70-80 faizinin vaksin olunması lazımdır ki, vaksinasiyanın effektivliyi əldə olunsun, xəstəliyə yox demək imkanı əldə edək.
Vaksinasiya prosesini ölkədə vaksinin iki dozasını alan insanlarda onun effektivliyi davam etdiyi müddətdə bitirmək lazımdır. Çünki 6 ay sonra vaksinin təsiri bitmiş hesab olunur. Biz isə bu vaxta qədər yalnız 1 milyon 440 min insanı vaksinasiya edə bilmişik. Bu göstərici nisbətən azdır. Hesab edirəm ki, əhali vaksinasiya prosesində daha aktiv iştirak etsəydi, bu rəqəmlər daha yüksək olardı. Bəzi insanlarda vaksinin effektivliyi bitmək üzrədir. Vaksinin effektivliyinin nə qədər davam edəcəyinə dair konkret araşdırma nəticələri yoxdur. Ən azından düşünürəm ki, effektivlik maksimum 6 ay davam edəcək”.
Professor qeyd edib ki, vaksinasiyada aktivlik müşahidə olunmazsa, insanların sağlamlığı yenə də təhlükə altında olacaq. Həkim onu da əlavə edib ki, vaksinlərin ölkələr arasında ədalətsiz bölünməsi ciddi təhlükə yaradır:
“Bu, çox aktual məsələdir. Bununla bağlı bu gün bir informasiya ilə tanış oldum. Azərbaycan Avropa İttifaqı ölkələrinin hazırladığı “AstraZeneca” və “Oksford” vaksinlərindən 200 min doza almalı idi. Bu vaksinlərin bir hissəsi artıq ölkəmizə gətirilib. Amma Azərbaycanın payına düşən peyvənd dozası tam verilməyib. Vaksinin ölkələr arasında bölünməsində ədalətsiz yanaşma özünü göstərir. Bu ədalətsizlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə qeyd olunub”.
Həkim qeyd edib ki, “Sputnik V” vaksinlərinin də ölkəmizə gətirilməsi gözlənilir:
“Bu vaksinlərin effektivliyini sübut edən tədqiqatlar yoxdur. Üçüncü faza bitməyib. Ehtimal olunur ki, bu ayın sonu ÜST onların təsiri və yararlılığı barədə hər hansı anons verəcək. Bu vaksinlərin tətbiqinin nə qədər zəruri ola biləcəyi və faydaları barədə də açıqlama veriləcəyini düşünürəm. Əldə olunan tədqiqatlar göstərir ki, “Moderna”, “Pfizer”, “AstraZeneca” vaksinləri mükəmməl effektə malikdir. Təəssüf ki, onların bölünmə prinsipi çox ədalətsiz qaydada aparılır.
Bu gün bir Avropa vətəndaşının payına düşən vaksin dozası 9-a bərabərdir. Avropa İttifaqı ölkələrində həddən artıq ehtiyat vaksin dozası var. Biz bunu Asiya ölkələrində görmürük. Avropa insanı vaksinin effektivliyindən kifayət qədər yararlana bilir, əfsuslar olsun ki, biz və digər dövlətlər bərabərsizlik və ədalətsizlikdən əziyyət çəkirik”.
Aytən Məftun
-
Dünya13:08
ABŞ-dan Türkiyəyə də təsir edəcək qərar: Bütün yolları bağladılar
-
Rəsmi xronika12:10
Prezident Surinamın dövlət başçısını təbrik etdi
-
Avropa11:40
Bu ölkə müharibəyə hazırlaşır: Bomba sığınacaqları artırılır
-
Sosial10:44
Hökumət hərəkətə keçdi: Kommunal borclar silinir - Kimlər faydalanacaq?
-
İdman09:44
Berdıyev "Turan Tovuz"u tərk etdi: Rəhbərliklə arasında nə baş verib?
-
Nida Xəbər 09:07
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
-
İdman06:46
Babasının kəlləsini stadiona gətirdi - VİDEO
-
MDB06:16
Alkoqolun məhv etdiyi ƏN GÖZƏL 5 RUS QADINI - FOTO