Sosial
Unudulmuş əcdadların kölgəsi - "Yanardağ"dan REPORTAJ/FOTO
Hər bir ölkənin tarixi, dini, mədəni abidələri onun ölkədaxili əhəmiyyəti ilə yanaşı, həm də beynəlxalq miqyasda hərtərəfli tanınması üçün dəyərlidir. Əslində, məhz bu səbəbdən onların qorunması və bərpası da bir o qədər vacibdir. Elə “Yanardağ” kimi...
Ərazisi 64,55 hektar təşkil edən Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağı əhatə edən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu biz bu gün tam mənasında qoruq adlandıra bilərik. Belə ki, bu qoruq indiyədək ancaq “Yanardağ” və bir neçə tikilidən ibarət olub.
O cür əzəmətli və qüdrətli “Yanardağ”ın vəziyyəti elə də ürəkaçan deyildi.
Publika.az xəbər verir ki, məhz 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olarkən buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi. Bunun nəticəsidir ki, açılışı dünən baş tutmuş qoruğun keçmiş vəziyyətindən artıq əsər-əlamət yoxdur.
Bəlkə bunun təsirindəndir ki, yeni müasir görkəmi ilə ziyarətçilərini və medianı qonaq edən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu bizə əzəmətliliyini nümayiş etdirdi. Yoxsa 32 dərəcə Bakı istisində güclü yağışın başlaması təsadüfdür? Bəlkə də alovunun hündürlüyü 10-15 metrə çatan Yanardağ qədim insanın oda olan inamını doğruldurdu...
Əsaslı şəkildə təmir edilən qoruq yeni konsepsiyaya uyğun bərpa edilib. Əslində əvvəllər “Yanardağ” dedikdə bilirdik ki, insanlar Yanardağ əbədiyaşar alov təbii abidəsini ziyarət edirlər, indisə burada əməlli-başlı geniş bir kompleks görürük.
Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.
Burada yuxarı örüş əraziləri olduğundan orada çiçəklər, müxtəlif bitkilər də bitir. Qoruğun ərazisi çox böyükdür. Ekspedisiya hələ tam başa çatmayıb. Qəbir, paleolit dövrünə aid əmək alətləri tapılıb.
Aparılan yenidənqurma işləri çərçivəsində qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, yerli azərbaycan sənətkarların hazırladığı suvenirlərin hazırladığı emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib.
Qoruqda fəaliyyət göstərən 3 hissədən ibarət muzeyi xüsusi qeyd etmək lazımdır. Burada bir hissədə müxtəlif bölgələrdən götürülmüş ekspanatlar, digər hissədə, ekran nümayişidir, Məşhur azərbaycanlı rəssam Hüseyn Haqverdiyevin “Unudulmuş əcdadların kölgəsi” adlı instalyasiyası diqqət cəlb edir. 3-cü hissədə isə Zərdüştlüyü tərənnüm edən məlumat lövhəsi əks olunub.
3D formatlı ekrana yaxınlaşdıqda insanın obrazı əks olunur ki, kölgə effekti ilə işlənilən bu yenilik də turistlər tərəfindən maraqla qarşılanır.
Muzey ümumi “Yanardağ”ın yeni turizm inkişaf konsepsiyasına uyğun olaraq inteqrə edilib. Bu muzeyə gələn turistlər, həmçinin, Azərbaycanda odun, atəşin tarixinə dair maraqlı məlumat əldə edirlər.
2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi də yaradılıb.
Qoruğun içərisində uşaqların vaxtlarını maraqlı keçirməsi üçün Uşaq əyləncə mərkəzi və oyun meydançası da fəaliyyət göstərir. Mərkəzdə uşaqlar üçün maraqlı stendlər, nağıl qəhrəmanlarını əks etdirən pazllar və “Yanardağ”ı əks etdirən ayrıca stend var. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası var.
Burada fiziki məhdudiyyətli şəxslər də unudulmayıb. Onların Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib.
Artıq bura gələn turistlər 1-2 saat ərzində həm ziyarət edir, həm də dincələrək ailəvi səmərəli vaxt keçirə bilirlər. Lakin məlumdur ki, qoruq şəhərə uzaq yerləşdiyindən həm yerli, həm də xarici turistlərin həm narahatlıq, həm də vaxt itkisi məsələsi var. Dövlət Turizm Agentliyi buraya müasir avtobusların işləməsi üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyini bildirib. Hazırda qoruğa tur avtobusları da gəlir. Hər saatdan bir Hökumət Evinin yanından "Baku City Tour" avtobusları çıxır və onlar həm "Yanardağ"a, həm də "Atəşgah"a gedir. Avtobuslardan istifadə zamanı, həmçinin qoruq ərazisinə gedərkən "Bakı kart"lardan istifadə edilə bilər.
Hazırda qoruğu ziyarət etmək üçün yerli və xarici turistlər üçün giriş 2 manat, tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur. Avqustun 1-dən etibarən isə xarici vətəndaşlar üçün məbləğ 9 manat təşkil edəcək.
Gün ərzində 500-700 əcnəbi turist qəbul edən “Yanardağ” əsaslı təmirdən yeni çıxsa da, hazırda ziyarətçi axını davam edir . Həm turislər, həm yerli əhali, xüsusilə, məktəblilər bura gəlməyə maraqlıdır.
Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. İlk növbədə, bu işlər tarixi, dini, mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını göstərir, Azərbaycanın qədim, tarixi diyar olduğunu bir daha sübut edir. Bundan başqa, turistləri cəlb etmək baxımından da “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır.
Sevinc Xanqızı
Foto: Pərviz Həşimi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO