Karantindən sonra yas mərasimləri necə keçirilməlidir? - “İsrafçılıq və rəqabət dinə ziddir” - SORĞU
Bizi izləyin

Sosial

Karantindən sonra yas mərasimləri necə keçirilməlidir? - “İsrafçılıq və rəqabət dinə ziddir” - SORĞU

Pandemiya bir çox sahələrdə olduğu kimi yas mərasimlərinin keçirilmə formasına da təsir göstərib. Karantin günlərində insanlar bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq israfçılıqla, kütləvi şəkildə qeyd edə bilmədilər. İzolyasiya tədbirləri göstərdi ki, yas mərasimlərini israfçılıq olmadan da keçirmək mümkündür. Bəs karantindən sonra yas mərasimləri necə keçirilməlidir?

Publika.az mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, yas mərasimləri yığcam şəkildə keçirilməlidir. O bildirib ki, ehsanı vacib əmələ çevirmək, rəqabət aparmaq, bir-biri ilə yarışmaq məsələləri sağlam məntiqə və dinə ziddir:

“Karantin müddətində zəruri olaraq insanlar bir araya gəlmirdilər və toplaşmırdılar. Bu başadüşülən idi və virusun yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Amma mən bu fikirdə deyiləm ki, karantin müddəti bitdikdən sonra da insanlar yas mərasimlərində iştirak etməsinlər. Çünki insanlara başsağlığı vermək dinimizin tövsiyə etdiyi əməllərdəndir. Həm də bu bizim milli adət-ənənəmizdir. Burada hamı üçün xoşagəlməz və qəbulolunmaz hal israfçılıqdır. Yəni, süfrələrin həddindən artıq təmtəraqlı olmasıdır. Eyni zamanda dünyadan köçmüş insanlara ehsan verildikdə süfrə sadə olmalıdır ki, həmin şəxsin ruhu verilən ehsandan faydalana bilsin.

İnsanlara anlatmaq lazımdır ki, onlar savab qazanmaq istəyəndə günaha səbəb olurlar. Bunlar hamısı günaha aparıb çıxarır və insanın Allah yolundan uzaqlaşmasına səbəb olur. Ona görə də hesab edirəm ki, fürsətdən yararlanıb insanlara məhz bu həqiqətləri daha ciddi şəkildə çatdırmaq lazımdır. Amma bu yas mərasimlərinin məhdudlaşdırılması anlamına gəlməməlidir. Bu mümkünsüz bir şeydir və insanlar da bunu normal qəbul etmir. İnsanların bir-birinə başsağlığı verməsi, dərdli-qəmli insanların yanına gəlməsi və ona təsəlli olması bizim adət-ənənəmizdir. Bu həmçinin, dinimizin də tövsiyə etdiyi bir davranışdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə görə isə yas, toy və bu kimi digər kütləvi mərasimlərin formasını dəyişmək lazımdır:

"Ümumiyyətlə karantin rejimindən sonra, postpandemiya dövründə də çalışmalıyıq ki, yas mərasimlərini fərqli keçirək. Əsas onun mahiyyətidir, forma o qədər də önəmli deyil. Yasda gəlib kiminsə dərdinə şərik olmaq, ona başsağlığı vermək və Allahdan mərhuma rəhmət diləmək əsas məsələlərdəndir. Bundan başqa mahiyyəti yoxdur. Bunu telefonla da edə bilərsən, qəzet, sayt vasitəsilə də başsağlığı çatdıra bilərsən. Eyni zamanda mesaj da yaza bilərsən. Vaxtın varsa ayaqüstü gedib başsağlığı verib dəfndə iştirak da edə bilərsən. Necə ki, dünyanın bir çox ölkələri bu şəkildə də edirlər”.

Komitə sədri bildirib ki, kütləvi şəkildə insanların bir yerə yığışması, bol-bol ehsanların verilməsinin nə mərhuma xeyiri var, nə də bunların heç biri onun rəhmətini artıran bir şey deyil:

“Biz bunun mahiyyətini dərk etməliyik. Pandemiya dövründə necə davam etdik, dəfn etdik, mərasimləri yola saldıqsa elə də davam edə bilərik. Düşünürəm ki, eyni zamanda toy mərasimlərini də yüngülləşdirmək və sadələşdirmək üçün uyğun şərait yaranıb. Bundan səmərəli istifadə etməklə gələcəkdə toy mərasimlərimizi daha rahat, yüngül və daha az insanları cəlb etməklə həyata keçirə bilərik”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə hesab edir ki, insanlara bu mövzuda tövsiyələr vermək lazımdır. Amma son seçimi onların öz iradəsinə buraxmaq lazımdır:

“Ziyalılar, tanınmış din adamları, rəsmi dövlət qurumları insanlara bu istiqamətdə tövsiyələr verməyə borcludurlar. İslamda bu cür israfçılıq yolverilməzdir. Bu qaydalar yüngülləşdirilməlidir. Biz tövsiyə etdik ki, sadə şəkildə keçirilməsi daha yaxşı olardı. İndi insanların iradəsinə qarşı gəlmək olmaz. Düşünməliyik ki, bu kimi məsələlərdə tövsiyəedici sözlər deyilə bilər. Amma hər hansısa şəkildə məcburedici şeyləri demək doğru deyil. Çünki bu insanların kədəridir və özlərini razı salmaq üçün mərasimlər təşkil edirlər”.

Deputat Ceyhun Məmmədov bildirib ki, bu mərasimlər islam ənənələrindən çoxdan kənara çıxıb. İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtərağa və israfçılığa yol verilməməlidir:

“Bir çox müsəlman ölkələrində belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil. Bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini israfçılıqla keçirməyə çalışırlar. Bir sıra hallarda vəfat etmiş şəxsin qoyub getdiyi mal-dövlət mərasimin keçirilməsinə sərf olunur və bu da sonradan onun arxada qoyub getdiyi şəxslərin çətinlik, sıxıntı içində yaşamalarına səbəb olur. Əslində həmin insanlar bu vəsaitləri digər vacib məqsədlər üçün istifadə edə bilərlər. Əksəriyyət “camaat nə deyər” qınağından çəkinir. Nəticədə isə illərdir insanların malı və pulu israf olunur”.

Deputat digər bir problemin təmtəraqlı qəbir daşlarının hazırlanması olduğunu qeyd edib. O hesab edir ki, bir sıra hallarda dünyasını dəyişən insanlara bahalı başdaşları qoyulur və qəbrlərinin üzərində əlavə tikintilər aparılır. Bu isə qətiyyən yolverilməzdir:

“Pandemiya dövründə əslində bu mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir imkan yaranıb. Hazırkı mərhələ problemdən çıxış yolu tapmaq və ciddi qərarlar qəbul etmək barədə düşünmək üçün yaxşı fürsətdir. İnsanlar özləri nələrsə etməlidir. Hər şeyi dövlətin edəcəyini gözləməməlidirlər, cəmiyyətdə vətəndaş mövqeyi, ictimai qınaq olmalıdır. Ancaq israfçılıq halları hələ də davam edir”.

Sosioloq Əhməd Qəşəmoğluya görə isə çalışmaq lazımdır ki, yas mərasimləri daha sadə keçirilsin və xüsusi təmtəraqlı, hayküylü məclislər, bol çeşidli yeməklərdən imtina edilsə yaxşı olar:

“Pandemiya məsələsi bizi kifayət qədər təmtəraqlı yas, toy mərasimlərindən bir qədər ayırdı və bu pandemiyanın eyni zamanda müsbət tərəfidir. İnsanlar artıq düşünsünlər və bu sahələrdə elə olsun ki, başqa ölkələr bizə baxıb gülməsinlər. İslamın belə bir tələbi var ki, hökmən kim rəhmətə getdisə bizim borcumuz cənazə namazı qılıb onu dini adət-ənənələrlə dəfn etməkdir. Yerdə qalan digər məsələləri özümüz uydurmuşuq. Bunu heç kəs bizdən tələb etmir, o cümlədən din də tələb etmir. Elə etməliyik ki, yas mərasimləri toy mərasimləri kimi bəzilərinin özünü nümayiş etdirmə yeri olmasın. Ona görə də yas mərasimlərini daha sadə keçirmək lazımdır”.

Sosioloq hesab edir ki, təmtəraqlı yas məclisləri xoşagəlməz mənzərədir. Onun fikrincə, rəhmətə gedən şəxs haqqında mərasimdə söhbət edilə bilər və çay verilə bilər:

“Bununla da biz rəhmətə gedən şəxsi xatırlayaraq, onun haqqında danışaraq və dualar oxuyaraq daha savab iş görmüş olarıq. Bu istiqamətdə uzun illərdir ki, Naxçıvanda kifayət qədər sadəlik var. Yəni, bu ölkəmizdə qeyr-adi bir hal deyil. Ölkə əhalisinin bir hissəsi buna əməl edir. Orada 5-6 ildir qərar verilib ki, yas mərasimləri təmtəraqla keçirilə bilməz. Ortada da çox sadə yeməklər olur. İnsanlar gəlib başsağlığı verib gedirlər. Ona görə də çalışmalıyıq ki, Naxçıvan təcrübəsini ölkənin hər tərəfində yayaq. Eyni zamanda bunu bir az da təkmilləşdirməliyik. Təbii ki, cavan adam rəhmətə gedəndə ailəsinə ürək-dirək verməyə ehtiyac var. Elə etməliyik ki, gedib o adama həqiqətən dəstək olaq. Yoxsa 5-6 cür yemək yeyib, molla da dua oxuyandan sonra durub getmək doğru deyil. Hamı gəlir yığışır, ortaya restoranda olduğu kimi yeməklər düzürlər və yeyib qurtardıqdan sonra molla dua oxuyur, sonra hamı qaçır. Sanki hamı yemək yeməyə gəlmişdi. Yaxşı olardı ki, mərhum haqqında daha çox danışılsın. Amma oranı yemək meydanına çevirmək olmaz. Sadə şəkildə bir-birinin yasına getmək lazımdır. Ən yaxın adamlara gedib başsağlığı vermək və tez qayıtmaq daha düzgün olar. Yaxşı olardı ki, dini idarələr bununla bağlı sadələşdirilmiş ssenarilər hazırlasınlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm