Mərhum məşhurların telefon nömrələrini kimlər işlədir? - QƏFİL ZƏNG
Bizi izləyin

Sosial

Mərhum məşhurların telefon nömrələrini kimlər işlədir? - QƏFİL ZƏNG

Bu dəfə vaxtilə danışdığımız, açıqlamalar aldığımız müxtəlif sahələr üzrə məşhur mərhumların telefon dəftərimizdən silmədiyimiz nömrələrinə zəng etdik. Məqsədimiz onların telefonunun bağlı olub-olmadığını, ailə üzvlərindən və ya qohumlarından kimlərinsə işlədib-işlətmədiyini öyrənmək idi.

Publika.az-ın əməkdaşının zənglərinə həmin nömrələrin əvvəlki sahiblərinin doğmaları da cavab verib, tamam başqa adamlar da…

Səhnəmizin əfsanəvi və nəhəng sənətkarından başlayaq - Fuad Poladovu deyirəm. Mərhum Xalq artistinin telefon nömrəsini indi həyat yoldaşı Gülüstan Poladova işlədir. Deyir ki, mərhum sənətkarımız dünyasını dəyişən gündən telefon nömrəsinə gələn zəngləri özü qəbul edir:

“Kimsə zəng vuranda nömrə məndə olsun, mən açım telefonu. Elə-belə, heç bir məqsəd güdmürdüm. O vaxtdan saxladım nömrəni, indi özüm işlədirəm. Fuad Poladovun dostları hərdən bir bu nömrəyə zəng də edirlər. Bəzən də oğluma zəng vururlar”.

2019-cu ildə dünyasını dəyişən mediamızın azman araşdırmaçısı, mərhum professor Şirməmməd Hüseynovun telefonu işləsə də, dəstəyi götürən olmadı. Dəfələrlə zəng vursaq da, Şirməmməd müəllimin telefonunu kimin işlətdiyini öyrənə bilmədik.

2016-cı ildə dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın nömrəsini tamam başqa bir şəxs açdı. Əvvəlcə səhv düşdüyümüzü söylədi. Sonra nə üçün zəng etdiyimizi bildirdik. Cavabında nömrəni çoxdan satın aldığını dedi. İlhamə Quliyevanı isə tanımadığını söylədi.

Mərhum siyasətçi Gözəl Bayramlının mobil nömrəsini isə onun qohumlarından, övladlarından kimsə yox, tamam yad bir adam açdı. Telefonun o başındakı şəxs söylədi ki, Gözəl Bayramlı adında şəxsi tanımır: “Bu nömrə 6-7 ay, bəlkə də daha çox olar ki, məndədir”.

Görünür, mərhum siyasətçinin nömrəsi də işlədilmədiyindən mobil operator tərəfindən satışa çıxarılıb.

Azərbaycanda pedaqogika elminin banisi, Təhsil Şurasının keçmiş sədri, mərhum professor Əjdər Ağayevin də mobil nömrəsi “təyin edilməyənlər” arasındadır.

Mərhum iqtisadçı Oqtay Haqverdiyevin mobil nömrəsi də işləmir, operatordan bildirildi ki, təyin olunmayıb.

Xalq artisti Amaliya Pənahovanın da mobil nömrəsinə hazırda zəng çatmır. Çox güman ki, nömrə aktiv istifadə edilmir.

Azərbaycana test üsulunu gətirən pedaqoqlardan biri, Xəzər Universitetində uzun müddət müəllim işləmiş filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyubun nömrəsi də aktiv istifadədə deyil. Operatordan aldığımız cavab qısa və konkret oldu: “Bu nömrə müvəqqəti olaraq şəbəkə xidməti xaricindədir”.

Keçmiş daxili işlər naziri, ötən il dünyasını dəyişmiş İsgəndər Həmidovun hər iki nömrəsi bağlıdır. Fərqli mobil operatorlarda olan nömrələrlə bağlı üzücü cavab alırıq: “Aradığınız nömrə təyin olunmayıb”.

6 il əvvəl dünyasını dəyişən hüquq müdafiəçisi Elçin Behbudovun da nömrəsini yığsanız, eyni cavabı alacaqsınız: “Zəng etdiyiniz nömrə təyin edilməyib”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm