Sosial
Saxta Qarabağ əlilləri ilə bağlı nə etməli? – Təkliflər
Hərbi ekspert Ədalət Verdiyev saxta Qarabağ əlilləri ilə bağlı məqalə yazıb, problemə dair çıxış yollarını təklif edib.
Publika.az onun yazısını təqdim edir:
-Son günlər sosial şəbəkələrdə saxta müharibə əlili və saxta müharibə veteranı problemi geniş müzakirə edilir. Bu barədə bir çox məqalələr və statuslar da dərc olunur. Çox sayda insanlar ətrafında müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanuna zidd əməlləri görürlər və bunun qarşısının alınmasını tələb etməkdə haqlıdırlar. Belə bir müzakirələrin getdiyi vaxtda sosial şəbəkədə iki yeni videomaterial yayımlanıb: https://www.facebook.com/watch/?v=770482267163828
Bu görüntülərdə Qarabağdakı müharibədə əlil olan biri kimi təqdim edilən Məhəmmədəli Hacıyev polisin qanuni tələblərinə qarşı etiraz edərək özünü yandırmağa cəhd edib. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Məhəmmədəli Hacıyevın ən sevimli hobbilərindən biri özünü yandırmağdır. Bu barədə daha sonra.
Məhəmmədəli hansısa əyri yollarla 2016-cı ildə “müharibə əlili” olmağa nail olsada, 2019-cu ildə ictimaiyyətin müraciətləri əsasında Müdafiə Nazirliyi ona müharibədə yaralanmasına aid verilən (bunu vaxtı ilə necə əldə etdiyi də araşdırılmalıdır-red.) sənədi ləğv edib. Hazırda Məhəmmədəli Hacıyevin müharibədə əlil olduğunu təsdiqləyən heç bir sənədi yoxdur.
Müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan Məhəmmədəli Hacıyev şəriki Sərxan adlı birisi ilə “Vətən Müharibəsi əlillərinə dəstək” ictimai təşkilatının rəhbəridir. Sərxan 1997-ci ildə minaya düşərək ayağını itirib. Bunun təfərrüatlarını Müdafiə Nazirliyi daha dəqiq bilir. Həmin təşkilatda yer alan digər bir saxta “müharibə əlili” Elnur Əfəndiyevdir. Elnurun da əlilliyi saxtadır.
O, həbsxanada yatarkən uduzduğu pulu zamanında ödəyə bilmədiyi üçün hansısa iynəni öz damarına vurmağa məcbur edilib, nəticədə ətraflarında çürümə gedib. Bunları onunla bir yerdə həbsdə yatanlarla birlikdə həbsxana rəhbərliyi də təsdiqləyə bilər.
“Vətən Müharibəsi əlillərinə dəstək” adlı ictimai təşkilatın adı altında fəaliyyət göstərən saxta əlillərin əsas fəaliyyəti vəsiqə satmaqdan (10- 30 manat), təşkilatın medalı ilə təltif etməkdən (30 -50 manat), hərdən bu ordenləri şəhid ailələrinə təqdim etməklə şəkil çəkdirməkdən və qismən mühafizəsi (sahibi) zəif, bəzən isə nəzarətsiz olan obyekt (torpaq) ələ keçirməkdən ibarət olub. Təşkilatın fəaliyyətində basqın və reket fəaliyyətinin izlərini görmək çətin deyil. Hərdən sifarişlə basqınlar da həyata keçiriblər.
Binəqədidə 15-ə qədər ev, Biləcəridə dəyəri 1 milyon manat olan kafe və çoxsayda torpaq sahələri hər “əlilə” halal yolla qismət olacaq nemət deyil. Bu əmlakların alınması üçün ödənilən vəsaitin mənbəsini araşdırmaq və bu vəsaitdən ödənilən verginin miqdarına da nəzər yetirmək çətin iş deyil.
2019-cu ildə SOCAR ilə “əlillər” arasında Binəqədidə baş verən hadisədə də əsas rolda Məhəmmədəli Hacıyev və onun ətrafındakılar idi.
Təxminən 1 il əvvəl Əhmədli metrosunun çıxışındakı “Qardaşlar” kafesinin dağıdılmasında da eyni saxta əlillər iştirak edirdilər.
Bəzən başqa adamların da problemlərini həll etmək üçün bəlli ödəniş qarşılığında obyektlərə basqınlar da təşkil etməkdən çəkinmirlər. Klassik fəaliyyət sxemləri belə idi: Vatsap qrup üzvlərinə hansı obyektə və ya ərazidə aksiya (basqın) keçiriləcəyinə dair məlumat yerləşdirilir. Bəzi saytlara (“Azad Söz”, “Hüriyyət”, “Azadlıq”, Meydan Tv və s.) əvvəlcədən dəvət göndərilir, habelə “əlillərin” özlərindən də biri video çəkmək üçün təyin edilir. Obyektə anidən hücum edilir, çəliklər ilə şüşələr və avadanlıqlar sındırılır, qıy-qışqırıq salınır, çəliklər kameraların önünə atılır. Adı çəkilən mətbuat resurslarından bəziləri də hücum edənlərin qazi olduğunu zənn edərək onları müdafiə etməyə çalışır. Lakin əksər jurnalistlər artıq bu qrupun iş prinsipini anladığı üçün onların çağırışına məhəl qoymur...
Bu hadisələrin araşdıran hüquq mühafizə orqanlarına digər təşkilat üzvləri təzyiq göstərir. Bu orqanlar isə onların müharibədə iştirakını və əlil olduğunu nəzərə almalı olur. Amma kimsə onların saxta əlil olduğunu araşdırmır. Çünki ortada çox saylı təşkilat üzvləri, onların vəsiqələri və medalları var. Bir rayonda məsələ səngiyir, çox keçmir ki, eyni fəaliyyət başqa bir rayon ərazisində təkrarlanır.
Xatırladıram ki, bu tip reket fəaliyyəti ilə məşğul olan yalnız “Vətən Müharibəsi əlillərinə dəstək” təşkilatı deyil. Məsələn, hazırda “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Nizami rayon şöbəsinin üzvü həmin rayondan seçilən və veteran döyüşçü olan bələdiyyə üzvünə qarşı zor tətbiq etdiyinə görə rayon prokurorluğunda bu gün araşdırma aparılır.
Dərindən araşdırılsa, ölkə üzrə onlarla belə faktların ortaya çıxacağına əminəm.
Özünü dünən yandırmağa cəhd edən Məhəmmədəli Hacıyev törətdiyi cinayətlərə görə hüquq qarşısında cavab verməsini gözləməyən əsl müharibə əlilləri (başqa cür fikrimi izah edə bilmədim) daha əvvəl saxta əlili cəzalandırmaq qərarına gəlmişdilər. Harınlayan 3-5 saxtakar artıq müharibədə qanını-canını qoyan insanlarımızın da haqqını və əmlakını ələ keçirməyə cəhd edib. Əlillərimiz Məhəmmədəli Hacıyevə bu fəaliyətinə son qoymağı tələb ediblər, saxtakar isə əlillərimizin ünvanına təhqiramiz ifadələr işlədib. İnsan nə qədər həddini aşmalıdır ki, saxta əlil ola-ola həm Vətən uğrunda döyüşənin haqqına girməyə, həm də onları təhqir etməyə cəhd etsin. Nəticədə saxtakar Məhəmmədəli Hacıyev yaxşıca döyülüb.
Mən kiminsə bu qaydada cəzalanmasının əleyhinəyəm, amma görünən odur ki, artıq əlillərimiz də bu harınlamış reketlərin fəaliyyətindən beziblər və başqa çıxış yolu tapmayıblar. Əgər bu reketlər cəzalanmasa, onların bu yazıdan sonra mənim evimə basqın etməyəcəyinə və həyətimdə toplaşıb ünvanıma təhqir yağdırmayacağına əmin deyiləm. Bu insanlar abır-həya, vicdan məhfumlarından məhrum olduqları üçün hər yaramaz fəaliyyətə qadirdir.
Bəzən isə “Vətən Müharibəsi əlillərinə dəstək” ictimai birliyinin rəhbərliyi, öz təşkilatlarının adının çirkləndiyini bildiyi üçün digər təşkilatların adından istifadə edirdilər. “Qarabağ Qaziləri” İctimai Birliyi 31 mayda bu barədə rəsmi açıqlama da yaymışdı. Açıqlamada bildirilirdi:
“Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün "Qarabağ Qaziləri" İctimai Birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşagəlməz hadisələr törədirlər. Bu kimi halları, qanusuzluqları pisləyirik.
Əldə etdiyimiz məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri var ki, onlar özlərini “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər. “Qarabağ Qaziləri” İctimai Birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin “Qarabag qaziləri” İB-nə heç bir aidiyyəti yoxdur”.
Birliyin açıqlaması əslində bir siqnaldır. Burada konkret təşkilatın və şəxslərin adının çəkilməməsi, həmin saxtakar qrupun nə qədər təhlükəli olması ilə birbaşa əlaqədardır.
Bu insanlar necə olub ki, rahatlıqla özlərinə saxta əlillik, saxta veteranlıq ala biliblər. Bu bəs etməyib, hələ bir ictimai təşkilat da yaradıblar, vəsiqə və medal satışı (təltifi) ilə də məşğul olurlar. Basqınlarda iştirak etmələrinə dair faktlar mövcuddur.
İşin hüquqi tərəfini başqa, ümumilikdə bu vəziyyətdən çıxış yolu və onun gələcəkdə təkrarlanmaması üçün bir yol varmı? Mənim bu suala cavab olaraq bəzi təkliflərim var. Təbii ki, yuxarıdakı hadisələr tamamilə 1-ci Qarabağ müharibəsində iştirak etməsinə və ya yaralanmasına dair saxta sənəd əldə edənləri əhatə etdiyinə görə, təkliflər də həmin proseslərin nizamlanması üçün nəzərdə tutulub.
1. İlk növbədə bu və əvvəl baş verən faktlar təcili araşdırılmalı, o insanların fəaliyyətindən əziyyət çəkən insanlar istintaqa dəvət olunmalıdır. Bənzər hadisələrdə iştirak edən təşkilat üzvlərinin fəaliyyətinin qarşısı qətiyyətlə alınmalı, hadisələrə kompleks hüquqi qiymət verilməli, onların həbsi, etirafları və müsahibələri efirlərdə geniş nümayiş etdirilməli, ictimai qınaq təşkil edilməlidir. Bənzər fəaliyyətdə olan təşkilatların fəaliyyəti həmişəlik qadağan edilməlidir. Vəsiqələri və medalları etibarsız elan olunmalı, imkan daxilində toplanaraq məhv edilməlidir.
2. İctimai təşkilatlar tərəfindən absurd ad daşıyan medalların təqdim edilməsi və ya satışı tam dayandırılmalıdır. Çox sayda veteran təşkilatlarının adı medal və vəsiqə satışında hallanır. Veteran olan şəxsə “Veteran” medalı verilir, bəzən bir döyüşçü eyni gündə iki medal alır. Eyni medalın ikisini bir gündə alan şəxslərə də rast gəlinir.
3. Basqınlarda və ya digər qalmaqallarda iştirak edən saxtakarlar adətən bu medalları taxaraq qanunsuz fəaliyyətlərini həyata keçirirlər. Media və digər qurumlar isə bu medalların dövlət və ya quldurlar tərəfindən verilməsini araşdırmağı aglından keçirmir.
4. Saxta əlilliyin və veteranlığın verilməsində iştirak edən şəxslər də paralel aşkar edilməli, onların fəaliyyətinin qarşısı alınmalı, faktlara hüquqi qiymət verilməli, onların həbsi, etirafları və müsahibələri efirlərdə nümayiş etdirilməli, ictimai qınaq təşkil edilməlidir.
5. Hərbi hissənin əmrlər kitabında daxilolma və tərxis olunma haqqında əmrləri olmayan hərbçilərin veteran adı alması üçün yalnız şahid ifadələri məhkəmədə keçərli olmalı deyil, bunün üçün həmin hərbçinin adının şəxsi heyət, silahların təhkim edilməsi, əşyaların paylanması, maaş cədvəli və s. kimi siyahılarda olub-olmaması yoxlanılmalıdır. Şahid qismində məhkəmədə iştirak edənlər arasında sağ qalan birbaşa komandirlərin ifadəsi mütləq tələb olunmalıdır. Gərəkirsə hərbi ekspertlər iddiaçıdan döyüş epizodlarında iştirakına dair müsahibə alıb, öz rəylərini məhkəməyə təqdim etməlidir. İlkin mərhələdə isə arxivləri saxlanılan hərbi hissələrin əmrlər kitabında adı olmayan veteranların sayına baxılmalıdır, eyni hərbi hissədə yüzlərlə adı əmrlərdə keçməyən veteranın olması, hərbi hissənin komandanlığı və qərargahı üçün məsuliyyət təşkil edir.
6. 1992-1994-cü illərdə yaralanığına görə qospitalda (xəstəxanada) yatmayan, epikrizləri olmayan, görünən aşkar əlillik əlamətləri müşahidə edilməyən şəxslərin veteranlığı dərhal dayandırılmalıdır.
7.Döyüşlərdə iştirak və yaralanma sayına görə hərbi hissələrin verdiyi arayışların sayını da nəzərdən keçirmək olar. Bəzi hərbi hissələr, xüsusilə də özünümüdafiə bölmələrin çox sayda mülki insanı bu tip arayışlarla təmin etdiyinə dair ciddi siqnallar mövcuddur.
8. Hazırda əlilliyini təsdiqləmək üçün adı xəstəxanada, özü isə çarpayısından 100 km uzaqda olan çızıqsız və ömürlük “əlillərimiz” az deyil. Əksəriyyəti müharibədə “kontuziya” diaqnozu ilə əlillik alır.
9. Eyni ailədən bir neçə nəfərin, o cümlədən ölkədə olmayanların dövlətdən maşın və ev almasına dair faktlar da az deyil. Dövlətdən evi alıb orada bir gün yaşamayan əlillərə də rast gəlinir.
Bu təkliflər ictimaiyyət və mütəxəssislər tərəfindən müzakirə də edilə bilər. Vətənimizin, şəhidlərimizin, əlillərimizin və veteranlarımızın nüfuzuna xələl gətirən bu xoşagəlməz hadisələrin aidiyyəti üzrə dərindən araşdırılacağına tam inanıram.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var