Sosial
SENSASİYA: bu “dindarlar” Azərbaycana xəyanət edir - Əli Nağıyevə MÜRACİƏT EDİLDİ
“Azərbaycanın dini mühitində zaman-zaman mövcud olan, xüsusilə də son 30 ildəki boşluqların acılarını bu günlərdə hər birimiz yaşadıq. 44 günlük Vətən müharibəsində işğal altında qalan torpaqlarımızı Qarabağın fatehi İlham Əliyev cənablarının iradəsi və şəhid qanları ilə, qəhrəman qazilərimizin hünəri ilə azad etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə dayananlara dəstək verənləri gördük. Xüsusilə də müsəlman ölkələri içərisində İranın Azərbaycana sərgilədiyi münasibət və separatçılara İran şirkətinin yüklərinin daşınması, onlara dəstək olması bütün dünyaya bəllidir. Ancaq bu zaman əksər dindarlar səslərini çıxarmadılar”.
Bu sözləri Publika.az-a danışan Azərbaycan Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, belə bir şəraitdə, əhalinin 90 faizi müsəlman olduğu halda, Azərbaycanın dini mühitində illərdir özlərinə yer tutmuş, öz aləmlərində sayılan, seçilən dindarlar səslərini çıxarmadılar:
“Bəlkə də onların populyarlaşmasında, sayılıb-seçilməsində xəbər saytlarından tutmuş, telekanllara qədər bir çox adam məsuliyyət daşıyır. Bu, artıq ideoloji baxımdan çox zərərli və xoşagəlməz hadisədir. Çünki biz bir vaxtlar bilirdik ki, vaxt gələcək ki, İlham Əliyev cənablarının iradəsi, xalqın vəhdətilə Qarabağda zəfər qazana biləcəyik. Amma ideoloji baxımdan şüurlarda baş verən hadisələri əngəlləməyə bəlkə də bir əsr lazım olacaq. Biz bu gün də bunun şahidi olmaqdayıq. Çünki Azərbaycanın dini mühitində bu proseslər zamanı bir tərəfdə təriqət və məzhəb, digər tərəfdə də Vətən oldu. Biz gördük ki, bu şəxslər Vətəni təriqət və məzhəbdən kənarda saxladılar. Onların təriqət və məzhəb təəssübkeşliyini Vətəndən irəlidə yaşatdıqlarının şahidi olduq və bu, Azərbaycan vətəndaşı adına xəyanətdir. Bunu edənlər isə xüsusi olaraq Azərbaycan dini mühitində hər zaman guya şəhid ailələrinin, qazilərin yanlarında olduqlarını bildirən, vətənpərvərlik şüurunu insanlara aşılayırmış kimi görünməyə çalışanlar idi. Biz bunu çəkinmədən deməliyik.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı aidiyyəti dövlət qurumlarının peşəkar fəaliyyəti nəticəsində zərrə qədər belə, panikaya düşmədi. Ancaq indi o narahatlıqlar var. Son 30 il ərzində zaman-zaman Azərbaycanın milli təhlükəsizliyi üçün təhdid olan bu cür zərərli, din adına, cəmiyyətə, topluma sırınmış insanların zərərsizləşdirilməsi prosesinə də artıq start verilməlidir. Bunların bir adı var, o da milli dönüşlər. Ən təhlükəlisi dövlətsizlikdir. Əgər dövlətin və milli mənafeyin yanında deyilsənsə, sən bu Vətənə xəyanət edirsən. Bunu hamısına şamil etmirəm.
Son günlər şəhidlər haqqında kitablar çap olunur, şəhid ailələrinin evlərinə gedilir, sanki dövlətdən çox onların canı yanır. Həmin şəxslərin ideoloji baxımdan kimlikləri araşdırılmalıdır. Bu məsələ birbaşa dövlətin nəzarətində həll olunmalı və bu məsələnin üzərinə gedilməlidir. Bu, milli təhlükəsizliyimiz üçün çox böyük bir təhlükədir. Kitab çap edirlər, onlara o səlahiyyəti kim verib, bunu hansı maliyyə ilə edirlər? Onlar şəhid ailələrinin, şəhid məzarlarının arxasında gizlənirlər. Onların zərərsizləşdirilməsi zəruridir və hətta gecikmişik. Mən bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə, şəxsən hörmətli Əli Nağıyev cənablarına müraciət edirəm. Xəbər saytları var ki, ölkənin tanınan, dini cameəsində olan, hər gün şəhid doğmalarını ziyarət edən və onların arxasında gizlənən insanlara zəng edirlər ki, İranla bağlı mövqe bildirin. Onlar isə ya açıqlama verməkdən yayınırlar, ya da rəhbərlikdən icazə alıb müsahibə verə biləcəklərini bildirirlər. Bu məsələdə dövlətin və milli maraqların müdafiəsi fonunda dayanmırlar. Bu da Azərbaycan dövləti üçün təhlükəlidir”.
C.Əzimbəylinin sözlərinə görə, şəhid doğmaları haqqında kitab çap etdirən bir qrup insan Azərbaycanda yad təsirləri aşılayan, Azərbaycan dövlətçiliyi üçün hər an təhlükə mənbəyinə çevrilən güclərin inhisarıdır. Bu baxımdan bu məsələnin üzərinə gedilməlidir: “Milli, mənəvi və dini dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçımızın özüdür. Kimdir bu şəhid doğmaları haqqında kitab çıxaranlar? Bunları təcili araşdırmaq lazımdır. Digər tərəfdən, bizim bir vətənimiz var. Bu vətənin mühafizəsi namusun mühafizəsidir. Bizim bir dövlətimiz var. Bu dövlətin mühafizəsi şərəfin və ləyaqətin, namus və iffətin mühafizəsidir. Azərbaycanda, Azərbaycanın dini mühitində məzhəbi və təriqəti vətəndən irəli görən və məzhəb, təriqət düşüncəsindən kənara çıxmayan adamların televiziya ekranlarından topluma sırınması, xəbər saytlarında onların fikirlərinin əsassız şəkildə tirajlanması Azərbaycan dövlətinə ən böyük xəyanətdir. Bu prosesə artıq start vermək lazımdır. Təriqət və məzhəb təhlükə deyil, ancaq təriqətçilik və məzhəbçilik təhlükəlidir və Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükə mənbəyidir. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin dini mühitində illərlə cəmiyyətə sırınmış, əslində dinin gətirdiyi qaydaları, İslamın təməl prinsiplərini topluma daha doğru şəkildə aşılayarkən, “Vətəni sevmək imandandır” prinsipinə sahib olmağımızın lazımlılığını daha çox aşılanmasına borclu olan insanlar bu gün bu proseslərdən kənarda qalıblar. Bu da Azərbaycan dövlətçiliyi üçün böyük bir xəyanətdir”.
Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın, vəhdətin, birlik və bərabərliyin, əmin-amanlığın, sabitliyin hər an pozulmasına yönəlik çağırışlar edən insanlar var ki, onlar şəhid ailələrinin evlərinə gedirlər, onlara müəyyən mənada yardımlar edirlər: “O ailələr bu şəxsləri tanımırlar, ideoloji baxımdan onların iplərinin hara bağlı olduğunu bilmirlər. Azərbaycan Seyid Ocaqları İranın Azərbaycana tutduğu mövqe ilə bağlı bəyanat yaydı. Ölkənin 80 faizdən çox xəbər saytları bunu tirajladılar. Artıq mən bizə gələn təşəkkür məktublarını çatdırıb oxuya bilmirəm. “İnam” verilişinin canlı yayımında bu təbriklərin hamısını verə bilmirik. İnsanlar bu mövqe ilə bağlı yüzlərlə səsli mesajla bizə təşəkkür edirlər. Mənim ailəmin telefonuna da tanımadığımız yüzlərlə insan zəng edir. Mən həmin şəxslərin hər birinə təşəkkür edirəm və deyirəm ki, bu, mənim üçün şərəf işidir. Azərbaycanı düşünən milyonlarla inanclı insanlar var ki, onların hiddət və qəzəbinə də o cür adamların rast gəlməməsi üçün Dövlət Təhlükəsizliyi Xidməti həmin insanların vaxtında zərərsizləşdirilməsinə start verməlidir.
Ancaq bir qrup insanlar narahat olmağa başlayıb. Onlar “mən təqlid edirəm, mən bunu edə bilmərəm” düşüncəsindədirlər. Təqlid edirsiniz, lap gözəl, buna pis baxmırıq. Ancaq bu millətin və dövlətin mənafeyi olan yerdə sən məzhəbi və təriqəti daha önə çəkirsənsə, sənin bu Vətəndə yaşamağa haqqın yoxdur. Dövlət Təhlükəsizliyi Xidməti bu şəxsləri ayırd etməlidir. Azərbaycan dövlətçiliyinin qəsd planında insanların beyninin yuyulması əməliyyatında bilmədən iştirak edən elə şəxslər var ki, bu əməliyyatın nökərinə çevriliblər. Onların ifşası zəruridir”.
Şərqşünas əlavə edib ki, dövlətimizin, cənab Prezidentin özünün dini icmalara ayırdığı yardımlar və bunlardan qaynaqlanan imamlar var. Ancaq onların böyük əksəriyyəti İranın ölkəmizə qarşı sərgilədiyi münasibətə səsini çıxarmayıb: “Hansı bir imam dövlətimiz Arazın o tayında təhdid olunanda açıq şəkildə Azərbaycan dövlətinin mənafeyi üçün dərhal səsini çıxardı? Bu məsələlərin üzərinə getmək lazımdır. Həmin şəxslərin İranla bağlı mövqe bildirməsinə icazə verməyənlər kimlərdir? Bu məsələnin üzərinə getmək bizim üçün müharibədə qazandığımız zəfər qədər vacibdir. Azərbaycan dövlətinin bütünlüyü, dövlətçiliyimizin mühafizə olunması Azərbaycanın milli təhlükəsizliyinin mühafizə olunması deməkdir. Bu, hər bir inanclı insan üçün şərəf və namus işi olmalıdır. Müharibədən sonrakı dövrdə savaş artıq ideoloji baxımdan gedir. Bu mənada isə özünü əsl fikir adamı sayan, dövlətimizə bağlı olan inanc, düşüncə adamları Azərbaycan dövlətinin yanında olmalıdır. Yanında deyillərsə, onların ifşa olunması zəruridir. Mən telekanallara, xəbər saytlarına müraciət edirəm. Azərbaycan dövlətçiliyinin mənafeyini təriqətə, məzhəbə satanlara tribuna verməyin! Siz onları nəyinsə qarşılığında cəmiyyətə, topluma daha 30 il də tirajlayıb Azərbaycan xalqının və dövlətinin taleyinə əngəllər yaratmayın! Bu, mənim çağırışımdır. Düşünürəm ki, Qarabağın fatehi İlham Əliyev cənablarının özü milli və mənəvi dəyərlərimizin həqiqi təəssübkeşidir. Bu təəssübkeşliyi kənara qoyub özünə başqa yerdə təəssübkeş axtaranlar Azərbaycan dövlətinə ən böyük xəyanəti etmiş milli dönüklərdir”.
Akqabay Mıradov
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi