Küləyə yenilən Badükübə: kimdir günahkar?
Bizi izləyin

Sosial

Küləyə yenilən Badükübə: kimdir günahkar?

Küləklər şəhəri şıltaqlığı ilə öyünməyi xoşlasa da, xüsusilə qış havası Bakı sakinləri üçün heç komfortlu deyil. Uzağa getməyək, dünən külək Bakını elə hala saldı ki, şəhərin görünməyən ayıblarını da gün üzünə çıxardı. Amansız hava dünən “İnadkarın ram edilməsi” filmini xatırladırdı, amma bu dəfə baş rolda Adriano Çelentano yox, ipə-sapa yatmayan Bakı küləyi idi. Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq ünvanlasa da, ehtimal olunan və olunmayan qəzalardan da yan keçmək mümkün olmadı.

Bu gün bütün xəbər portalları “Bakıda güclü külək 93 ağacı aşırdı”, “Güclü külək Bakıda 4 avtomobili aşırdı”, “Bakıda güclü külək 11 nəfərə xəsarət yetirdi”, “Güclü külək İstanbul-Bakı təyyarəsində HƏYƏCAN YAŞATDI”, “Güclü külək Milli Məclisin fasadını qoparıb AzTV-nin həyətinə atdı - ANBAAN VİDEO”, “Bakıda güclü külək nəticəsində 7 nəfər XƏSARƏT ALDI”, “Bakı-Sumqayıt yolu QARANLIĞA BÜRÜNDÜ”, “Bakıda güclü külək yük avtomobillərini AŞIRDI”, “Güclü külək Bakıda 11 məktəbə zərər vurdu” və s. bu kimi başlıqlara bürünüb.

Bakı küləyi kimi inadkarın ram edilməsi asan deyil, təbiət fəlakətləri qarşısında hamımız acizik. Amma yuxarıdakı xəbər başlıqlarına baxanda ortaya suallar çıxır: Tikinti-quruculuq işləri aparılanda Bakı küləyi nəzərə alınırmı, niyə işıq dirəkləri bir balaca küləkli havada aşır, elektrik xətləri qırılır, yaşıllaşdırma idarələri ağacların aşmasının qarşısını almaq üçün hansısa tədbir görə bilməzdimi?

Publika.az problemin səbəb və həll yolları barədə mütəxəssislərin təkliflərini öyrənib.

Tikinti-quruculuq işləri aparılanda Bakı küləyi nəzərə alınırmı?

Memar, yazıçı və sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev bildirib ki, region üçün hər hansı layihə hazırlanarkən iqlim şəraiti, coğrafi mövqeyi, seymik zonada yerləşməsi, küləyin istiqaməti və s. məsələlər nəzərə alınır. Milli Məclisin binasından qopan fasad örtüyünün Azərbaycan Televiziyasının (AzTV) ərazisinə düşməsindən danışan mütəxəssis qeyd edib ki, dövlət əhəmiyyətli binada belə bir qəzanın baş verməsi xoş deyil:

“Bu, memarların günahı deyil, iş aparanların səhvinin nəticəsidir. Bu, həm də tikinti mədəniyyətimizlə bağlı problemdir. Soruşa bilərsiniz ki, niyə ölkənin dövlət əhəmiyyətli hesab olunan binalarının birində alkapon listlər uçub? Çünki onları pis bərkidiblər, bərkidəndə nəzarətsizlik olub. Çox vaxt memar layihəni işləyib hazır etdikdən sonra onunla sağollaşır. Layihəni təhvil alıb baş proraba verirlər ki, get, tik. Bundan sonrasına nəzarət edən olmur. Əslində memarlar və mütəxəssislər müəllif və keyfiyyət nəzarətinə şirkət dəvət etməlidilər. Ayrıca bir şirkət dəvət olunmalıdır ki, texnoloji nəzarət aparsın. Təəssüf ki, mühüm tikinti işlərinə ən ucuz ustalar cəlb olunur. O usta da alkaponu öz səviyyəsində bərkidir. Dəfələrlə görmüşəm ki, ustalar üç mıxın yerinə ikisini vururlar.

Bizdə “Formula 1” yarışları keçiriləndə səkilərə dəmir listlər quraşdırılır, onlar da öz növbəsində asfaltdakı kvadrat şəklində dəmirlərə bərkidilir. Bu kv şəklində dəmirlərin 2 şurup yeri var. Maraq üçün aylardır ki, Bakını gəzirəm və görürəm ki, heç yerdə 2 şurupla bərkidilməyib, hər yerdə bir şurupdan istifadə olunub. Bu da bizim bugünkü tikinti mədəniyyətimiz... Ustalar nəzarətsizlikdən istifadə edərək işi necə gəldi görürlər. Yaxşıdır ki, heç kim zədələnməyib, ölü və yaralı olmayıb. İşə laqeyd münasibət daha pis nəticələrə gətirib çıxara bilər”.

Layihənin həyata keçirilmə mərhələsində olan nəzarətsizlikdən danışan ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə bu cür halların baş vermə ehtimalı azdır:

“Orada tikinti aparılanda nəzarət olur. Ustanın başının üstündə durub tikinti prosesinin hər bir xırdalığına nəzarət edirlər. Müqavilə imzalanan tikinti şirkəti zəmanət verməlidir ki, nəyə görə dəmir listi və ya dam örtüklərini pis bərkidib. Təəssüf ki, bizdə belə hallar baş verəndə onu araşdırmırlar”.

Belə hadisələrdən heç kim sığortalanmayıb

Küləyin təsiri ilə işıq dirəklərinin aşmasından, elektrik xətlərinin qırılmasından danışan neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, vəziyyəti qənaətbəxş hesab etmək olar.

“Son 10 ilə baxsaq, istər küçə, istərsə də binaların işıqlandırılmasında, həm şəhərdə, həm də şəhər ətrafında yüksək gərginlikli və paylayıcı elektrik xətlərinin böyük əksəriyyətinin yerin altından aparıldığını görərik. Bu da qeyri-stabil hava şəraitində elektrik verilməsində fasilələrin qarşısının alınmasında və açılmaların minimuma endirilməsində kifayət qədər özünü doğruldub. Qarın yağması və güclü külək adətən Azərbaycanın dağ və dağətəyi rayonlarında elektrik enerjisinin verilməsində problemlər yaradır. Son zamanlarda isə Şəmkir və Bərdədə də güclü küləklər olur. Təbii ki, belə hadisələrdən heç kim sığortalanmayıb. Elektrik enerjisinin bir nöqtədən digər nöqtəyə verilməsində fors-major hallar olur. Paylayıcı şəbəkələr meşədən və ağaclı ərazidən keçirsə, onun qarşısını almaq üçün magistral elektrik xətlərinin altı təmizlənir. Orada hər hansı maneə yoxdur ki, o dirəklərin üstünə aşsın və ya fəsadlar törətsin. Bu, adətən kiçik paylayıcı elektrik naqillərində baş verir. Bunun da aradan qaldırılması qəza xidmətinin nə qədər operativ olmasından asılıdır.

Biz Azərbaycandan 50 dəfə inkişaf etmiş ölkələrdə də bunu müşahidə edirik. Qasırğa və tufanlar olanda elektrik açılması halları orada da yaşanır. Yüz minlərlə insan işıqsız qalır. Odur ki, təbiət hadisələrinin törətdiyi fəsadları kommersiya nöqteyi-nəzərindən 100% aradan qaldırmaq imkanları mümkün deyil. Yerin altından hər ev üçün paylayıcı naqillər quraşdırmaq özünü doğruldan məsələ deyil. İstifadəçi bir neçə saat işıqsız qala bilər, amma onun fəsadlarını aradan qaldırmaq üçün bir neçə min dollar və ya manat kifayət edir”.

Azərbaycan Yer kürəsində ən cavan ərazidə yerləşir

Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov qeyd edib ki, bütün ərazilərdə ağac əkmək lazımdır, lakin onun növünü diqqətli seçmək şərti ilə:

“Abşeron, ümumiyyətlə Azərbaycan təxminən 25-30 milyon il bundan əvvəl yaranıb. Azərbaycan Yer kürəsinin ən cavan qitəsində yerləşir. Odur ki, burada əksəriyyəti torpaq yox, ana süxurlardır. Ağacların kötükləri dərinə gedə bilmir, çünki daşdır, qayadır. Belə dəhşətli külək o ağacların hamısını vurub aşırdır. Bu, hələ harasıdır? 1982-ci ildə şəhərin düz mərkəzində yerləşən Azərbaycan kinoteatrında bundan da dəhşətli külək bir sıra ağacları aşırıb yerə qoydu. İndi oranı kafe-restoran ediblər.

Belə küləklərə tab gətirmək üçün hesab edirəm ki, elə ağaclar əkmək lazımdır ki, onların hündürlüyü hardasa 3-4 m, maksimum 5 metr olsun, 5-i keçməsin. Hündürboy ağaclar lazım deyil, 3-4 m kifayət edir. Həm havanı təmizləyir, həm oksigen çox olur, həm də külək aşırmır. Burda ağacların hündürlüyü 25-30 metrdir, küləyin gücü və ağırlıq çəkisi onu vurub yıxacaq. Yıxılan ağacların fotolarına baxsanız, görərsiniz ki, səbəb ağacların hündür olmasıdır, kötükləri də üzdədir. Ya da hündür ağacları əvvəlcədən budamaq lazımdır ki, boyu artmasın, eninə böyüsün.

Bu məsələləri necə həyata keçirmək lazım gəldiyini Ekologiya Nazirliyi çox yaxşı bilir, Yaşıllaşdırma İdarəsi də buna nəzarət etməlidir. Əvvəllər Bakıya Badükübə-küləklər şəhəri deyirdilər. İndi Bakı əvvəlki kimi küləkli deyil. 4-5 il ərzində az-az hallarda belə dəhşətli küləklər olur. Yaşıllaşdırma İdarəsi hava şəraitini nəzərə almaqla ağacları əvvəlcədən budamalıdırlar”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm