Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi: Tərəqqi üçün XÜSUSİ TƏKLİFLƏR
Bizi izləyin

Sosial

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi: Tərəqqi üçün XÜSUSİ TƏKLİFLƏR

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Azərbaycanın tərəqqisi yalnız paytaxt Bakının hesabına deyil, regionlarımızın sosial-iqtisadi inkişafı da hesabına baş verir. Əvvəlki dövrlə müqayisədə bölgələrimiz əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.

Bəs regionların zəngin iqtisadi potensialından səmərəli istifadə ilə bağlı hansı işlər görülür? Bu sahədə hansı problemlər mövcuddur? Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha hansı təşviq və güzəşt mexanizmləri təklif oluna bilər?

Publika.az regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, bu sahədə mövcud durumu və mane olan səbəbləri araşdırıb.

“Birbaşa bazar deyil, emal müəssisələrinə ixrac inkişafı təmin edəcək”

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, regionların zəngin iqtisadi potensialından səmərəli istifadə üçün ilk növbədə mövcud sahibkarlıq subyektlərinin təklifləri və istəkləri dinlənilməli, zəruri istiqamətlər üzrə maliyyə vəsaitləri ilə təmin edilməlidir: “Həmin şəxslərin biznesinin daha dayanıqlı və inkişafyönümlü olduğu bilavasitə qiymətləndirilməli, daha sonra təmin edilməlidir. Digər məsələ isə bütün regionlarımızda kənd təsərrüfatı məhsullarının birbaşa tarladan və ya fermalardan bazarlara çıxarılması deyil, oradan məhz emal müəssisələrinə yönəldilməsinin təmin olunması ilə bağlıdır. Yəni dəyər zənciri daha da uzadılmalı və əlavə dəyərlər yaradılmalıdır. İstər heyvandarlıq, istərsə də əkinçilik məshullarının emal prosesi keçdikdən sonra bazara ixracı zəruridir. Çünki emal prosesi keçmiş məhsul daha dəyərli olur və əlavə böyük dəyər yaradır. Təşviq və icra mexanizmləri ilə bağlı kənd təsərrüfatı məhsulları üzrə emal sahələrinin yaradılması üçün sistemli güzəşt mexanizmləri işlənib hazırlanmalıdır ki, sahibkarlar üçün məhsulun birbaşa bazara ixracı deyil, emala yönəldilməsi daha motivasiya yönümlü olsun”.

Ekspert hesab edir ki, regionlarımızda olan fermerlərin bazara rahat çıxışlarının təmin edilməsi üçün dəstəyin göstərilməsinə böyük ehtiyac var: “İnvestisiya layihələri qiymətləndirilməli, təhlillər aparılmalı və mövcudlar arasından daha uyğunu seçilərək ucuz maliyyə vəsaiti ilə təmin edilməlidir. Bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi xeyli iş görür. Regionlarda sahibkarlarla görüşlər keçirilir, onların maarifləndirilməsi, maliyyə təminatı ilə bağlı hansı istiqamətlərdə fəaliyyətin göstərilməsi, eləcə də digər ümumi fəaliyyətin dəstəklənməsi istiqamətində dövlət qurumları ilə əlaqələrin yaradılması, problemlərin həlli istiqamətində müraciətlərin ünvanlanması ilə bağlı çox ciddi işlər görülür”.

Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla Azərbaycan nə qazanacaq?

“Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı üçün zəmin yaradacaq”

Eldəniz Əmirov bildidirir ki, işğaldan azad olunan ərazilərimizin çox böyük iqtisadi potensialı var. Xüsusilə də bu ərazilərin coğrafi mövqeyi Şimal, Cənub, Şərq və Qərb dəhlizlərinin kəsişmə nöqtəsidir: “Bir növ bu əraziləri koordinat sisteminə bənzətsək, ora məhz koordinat başlanğıcı olur. Bu da təbii olaraq logistik fəaliyyətin təmin olunmasında, eləcə də o regionun iqtisadi inkişafına nail olunması üçün çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi də digər tərəfdən bu üstünlüyün əldə olunmasına əlavə fürsətlər yaradır. Belə ki, Türkiyənin Mərkəzi Asiyaya çıxışı Zəngəzur dəhlizi vasitəsilə daha operativ həyata keçiriləcək. Yəni bilavasitə Türkiyənin Orta Asiya ilə ticari dövriyyəsinin Zəngəzur dəhlizi üzərindən icra olunması regionun iqtisadi inkişafı üçün zəmin yaradacaq. İşğaldan azad edilən ərazilərdə olan hava limanları hərbi manevlər, siyasi mövqeyin bərkidilməsi üçün deyil, eyni zamanda həmin bölgənin, bütövlükdə isə ölkənin iqtisadiyyatının qüdrətlənməsinə xidmət edir. Çünki orada həm logistik fəaliyyət var. Bununla yanaşı, turistik əhəmiyyəti də böyük rol oynayır. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı bilavasitə Qarabağ regionunun daxili turizmdən yararlanmasına xidmət edən fəaliyyət olacaq. Eyni zamanda orada sənaye parklarının yaradılması ilə bağlı strateji qərarların verilməsi bu regionun iqtisadi inkişafına ciddi töhfə verən faktor olaraq çıxış edir”.

İqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov qeyd edib ki, neftin tədricən enerji daşıyıcısı kimi götürülməsi baxımından ölkə iqtisadiyyatında önəmi azalmaqda olacaq: “Bu, qaçılmazdır. Həm davamlı inkişaf üçün yeni iş yerlərinin açılması, qeyri-neft və qeyri-xammalın inkişafı üçün, həm də xarici bazara çıxışın, yəni ixrac məhsullarımızın coğrafiyasının, ən əsası tərkibinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün mütləq regioanl inkişafı və regional amillərin ön plana çıxmasına istiqamətlənmiş siyasətin yeridilməsi vacibdir. Etiraf etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir çox proqram məzmunlu səmədlər qəbul və icra olunub. Biz ilk növbədə ölkədəki ən mühüm iqtisadi problemlərin həlli üçün regional inkişafı təmin etməliyik. Birinci növbədə buraya inflyasiyanı aid etmək olar. İnflyasiyasını sürətlə idxal edirik. Çünki idxaldan asılılığımız yüksək səviyyədədir. Dünya bazarında da aparıcı əmtəə qruplarına qiymətlər kəskin şəkildə artıb. Buna görə də regonların inkişafına böyük töhfə verməliyik”.

E.Məmmədov hesab edir ki, burada ən önəmli məsələ investisiyaların coğrafiyasında və strukturunda böyük dəyişikliklərə, eyni zamanda bütövlükdə ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin azı15% artımına nail olmaqdır: “Hesab edirəm ki, bu istiqamətdə 2022-ci ildə daha çox fəaliyyət göstərməliyik. Bu, hər zaman prioritet olmalıdır. Bunun üçün ilk növbədə regional baxımdan strateji planlaşdırmaya, məhsuldar qüvvələrin regionlarda tarazlı şəkildə yerləşdirilməsinə istiqamətlənmiş bir siyasət lazımdır. Həmçinin, bank kreditləşməsinin investisiya yönümlü olmasına ehtiyac var”.

“Kredit siyasəti yumşaldılmalıdır”

İqtisadçı vurğulayıb ki, sahibkarlar üçün bu gün müasir iqtisadiyyatda ən effektiv güzəşt mexanizmləri bol kredit siyasətinin yumşaldılması və şaxələndirilməsidir: “Bu gün sahibkarlarımızın bazarlarda mövqelərinin güclənməsini əngəlləyən əsas amil kredit faizlərinin yüksək olmasıdır. Bununla yanaşı, sahibkarlardan böyük girov bazası tələb olunur. Onların da əksəriyyəti girov bazasına malik deyil. Kredit və maliyyə resurslarına çıxışın asanlaşdırılması regional inkişafı təmin edir ki, bu da bütövlükdə ölkənin iqtisadi inkişafına zəmin yaradır. Vergi güzəştləri var, müəyyən ixrac yönümlü rüsumlarla da bağlı güzəştlər mövcuddur. Dövlət qurumlarının da sayı kifayət qədər çoxdur. Amma kredit resurslarına çıxış olduqca məhduddır. Bu sahədə islahatlara ehtiyac var”.

“Peşəkar və yüksək təhsilli mütəxəssislərin regionlara cəlb olunmasına ehtiyac var”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev xatırladıb ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən bəri bir neçə dövlət proqramları təsdiq olunub və hazırda da dövlət proqramı həyata keçirilir: “Bu günə qədər regionların əsas inkişaf strategiyasında paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün - daxili miqrasiyanın azaldılması, regioanlarda yeni iş yerlərinin açılması, peşəkar xidmət sferasının formalaşdırlması və s. məsələlər nəzərdə tutulub. O cümlədən regionlarda da infrastrukturun bərpası məsələləri prioritetdir. Bu günə kimi bu sahədə bütün bölgələrimizdə xeyli işlər görülüb və bu proses davam etdirilir. Ancaq buna baxmayaraq, həlli vacib problemlər var ki, onları həyata keçirmək vacibdir.

Bu gün regionlarda kənd təsərrüfatının inkişafı hələ də ekstensiv yolla həyata keçirilir. Əl əməyindən, daha çox faydalılıq əmsalı aşağı olan vasitələrdən istifadə olunur. Buna görə də kənd təsərrüfatının inkişafının intensiv həyata keçirilməsi vacibdir. Emal sənayesinin inkişafında da bir sıra istiqamətdə işlər davam etdirilməlidir. Peşəkar və yüksək təhsilli mütəxəssislərin, savadlı kadrların gedərək regionlarda çalışması təşviq olunmalıdır. Bunun üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı həmin mütəxəssislər səmərəli təkliflər verməlidir. Bölgələrdə suvarma sistemləri daha da təkmilləşdirilməlidir ki, yay mövsümündə əkin sahələrində, bağlarda suvarmada çətinlik yaranmasın. Regionlarda aqrar xidmət sektoru daha çox inkişaf etdirilməlidir. Digər bir məsələ isə regionlarda sənaye hablarının yaradılmasının genişlənməsi ilə bağlıdır. Bu gün sənaye məhəllələri, sənaye parkları yaradılsa da, bəzən onlar bir müddətdən sonra fəaliyyətlərini dayandırmalı olurlar, ya da minimum səviyyədə işlərini qururlar ki, bu da ora qoyulan vəsaitin səmərəsizliyinə gətirib çıxarır”.

R.Atakişiyev deyir ki, regionlarda istehsal infrastruktur məhsullarının həm daxili, həm də dünya bazarına çıxarılması ilə bağlı sistem təkmilləşdirilməlidir: “Burada həmçinin, dünya bazarına çıxarmaq üçün sertifikatlaşma, tələblərə uyğunlaşma kimi məsələlərdə dövlət öz tədbirlərini genişləndirməlidir. Sahibkarlar üçün maliyyələşmə metodlarının təkmilləşdirilməsinə də ehtiyac var. Risklərin bölüşdürülməsi, qarşılıqlı əməkdaşlıq, şərikliliyə əsaslanan bir sıra metodlar genişləndirilməlidir. Regionlarda sahibkarlığın inkişafında menecment, müxtəlif sahələr üzrə idarəetmə, insan resursları, marketinq, təchizat və ortaq menecerlərin yetişdirilməsi kimi tədbirlər daha da artırılmalıdır. Regionlarda fəaliyyət göstərən səhmdar cəmiyyətlərdə koorparativ idarəetmə standartlarının tətbiqi daha da genişləndirilməlidir. İnfrastrukturun fasiləsiz təminatı məsələsi da daha çox diqqət yetirilməli sahələrdəndir. “Private Public Partnership” - dövlət və özəl sektorun əməkdaşlığının artırılmasın da vacib məsələlərdəndir”.

Ekspert işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyata reinteqrasiyasından da danışıb: “İşğaldan azad olunan ərazilərin iqtisadiyyatının ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası ümumi daxili məhsulun artımına öz töhfəsini verəcək. Eyni zamanda, regional nəqliyyat və logistika dəhlizlərinin açılması həmin bölgənin sahibkarlarının digər mərkəzi şəhərlərə gəlmədən də oradan birbaşa olaraq məhsullarını dünya bazarına çıxarmağa imkan verir”.

Akqabay Mıradov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm