Yüzədək qazi əlil arabaları ilə təmin edildi
Bizi izləyin

Sosial

Yüzədək qazi əlil arabaları ilə təmin edildi

Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkürünü bildirən Cəlil Xəlilov qonaqları salamlayaraq, ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini bildirib.

Çıxış edən İlhan Aşkın əvvəlcə rəhbəri olduğu Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İlhan Aşkın bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatdırılmasını təmin edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevə, eləcə də bu işdə əməyi olanlara - "KROS Medical"a, “Yardım Yolumuz”a, “Qırmızı ürəklər” Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığını bildirib.

Milli Məclis sədrinin müavini Adil Əliyev də çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad etməsini qeyd edərək, bu gün üçrəngli bayrağımızın Vətən göylərində böyük məğrurluqla dalğalandığını bildirib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərildiyini deyib, onların mənzil və avtomobillərlə təmin edildiyini, habelə digər ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atıldığını qonaqların diqqətinə çatdırıb. Eyni zamanda, qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərməyin hər bir azərbaycanlının borcu olduğunu, “Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərçivəsində Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk mədəniyyət dərnəyi” və “Kros medical” tərəfindən ehtiyacı olan qazilərə və şəhid ailələrinə verilməsi üçün Milli Məclisin Gənclər və idman komitəsinin köməyi ilə ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirildiyini qeyd edib. Belə nəcib təşəbbüsə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkür edən A.Əliyev onun hələ 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb.

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirən Milli Məclis sədrinin müavini eləcə də şəhid ailələri və qazilərə qayğı göstərməyin hər kəsin vicdan və vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb.

İlahiyyatçı alim hacı Şahin Həsənli çıxış edərək Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə minnətdarlığını bildirib, şəhid ailələrinə və qazilərə köməyin həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qazi Akif Zeynallı çıxışında Vətən müharibəsi zamanı öz qəhrəman dostları ilə bərabər üzərilərinə qoyulmuş döyüş tapşırığının öhdəsindən layiqincə gəldiklərini, bu yolda dostları arasında şəhidlərin və qazilərin olduğunu deyib, Vətənə canlarının fəda olduğunu bildirib.

Sonra arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanılıb.

Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə dövlətimizin başçısına və birinci xanıma, həmçinin belə nəcib təşəbbüsə görə zəhməti keçən hər kəsə minnətdar olduqlarını qeyd ediblər.

Sonda bir sıra ictimai-siyasi fəal Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm