• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

Gözə-göz, dişə-diş? - Moskva və Ankara arasında YENİ MÜHARİBƏ

  • Təhlil
  • 30 Mart 2017 12:07
  • 8 231 Baxış
Gözə-göz, dişə-diş? - Moskva və Ankara arasında YENİ MÜHARİBƏ

Rusiya və Türkiyə arasında ticarət müharibəsində münasibətlər yenidən müəyyənləşir. Gərginliyin növbəti dalğası martın ortalarında - Ankaranın Moskvanı Rusiya eksportlarının çatdırılması üzrə güzəştlərdən məhrum etdikdən sonra başlanıb. Nəticədə buğda və qarğıdalı üçün rüsumlar 130 faiz, düyü üçün isə 45 faiz olub. Qərar 2016-cı ilin yanvarından Rusiya bazarına girişi bağlanan türk kənd təsərrüfatı istehsalçılarının təzyiqi altında qəbul edilmişdi.

Bu, ticarət müharibəsinin hansı nəticələri ola bilər? Suala lenta.ru cavab verməyə çalışıb.

Ankara pomidorlara görə cəzalandırdı

Ticarət müharibəsi rəsmən elan edilməmişdi. Ankaranın martın 15-dən bir sıra ölkələrdən, həmçinin Rusiyadan buğda, qarğıdalı və günəbaxanın vergisiz çatdırılmasına lisenziyanı vermədiyi barədə Aqrar Bazarın Konyukturası İnstitutunun (İKAR) direktoru Dmitri Rılko məlumat verdi.

“SovEkon” analitik mərkəzinin direktoru Andrey Sizov etiraf etdi ki, Rusiya dəninin ən böyük alıcılarından biri olan Türkiyənin hərəkətləri ölkə ixracına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, 2016-cı ilin iyulundan 2017-ci ilin fevralına qədər olan müddətdə Türkiyə təxminən iki milyon ton Rusiya buğdası idxal edib.

Növbəti gün məlum oldu ki, kənd təsərrüfatı məhsullarının eksportçularının Milli Assosiasiyası (NAESP) Türkiyəyə ixracının yenilənməsi üçün tədbir görmək xahişi ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Lakin, bütün bunlar siyasi mesaj idi. Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut qeyd edib ki, Rusiya taxılının çatdırılmasına Türkiyə tərəfindən rüsumların tətbiqi siyasi oyundur. “Bu sadə və aydın təzyiq cəhdidir: siz bizim pomidorlarımızı buraxmırsınız, biz sizdən inciyəcəyik”, - o deyib.

Embarqoyadək Türkiyə il ərzində Rusiyaya 500 min ton pomidor ixrac edirdi. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasına baxmayaraq, embarqo hələ də qüvvədədir. Embarqo Rusiyaya sözün əsl mənasında baha başa gəlib. Belə ki, hesablamalara əsasən, Rusiya başqa ölkələrdən idxal etdiyi pomidora 500 milyon dollar əlavə xərc çəkir.

Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısının vurulması ilə əlaqədar 2016-cı il yanvarın 1-dən Türkiyəyə qarşı sanksiyalar tətbiq edilib. Sanksiyalara əsasən, Türkiyədən sitrus meyvələri, üzüm, alma, armud, ərik, şaftalı, gavalı, çiyələk, həmçinin tərəvəzlər -pomidor, xiyar, gül kələm, brokkoli və soğanın idxalına məhdudiyyətlər qoyulub. Yaxın vaxtlarda embarqo qismən aradan qaldırılıb. 14 fevralda qaldırılan embarqo siyahısında soğan, gül kələm, brokoli, duz, qərənfil çiçəyi və saqqız var idi. Bu məhsulların ümumi dəyəri 20 milyon dollardan da aşağı idi. Ancaq həsrətlə gözlənən yaş meyvə-tərəvəz ixracına yaşıl işıq yandırılmadı. Türkiyə də təxminən 1,3 milyard dollarlıq idxal dəyəri olan qarğıdalı, buğda, xam günəbaxan yağı, göy noxud və düyü alışını dayandırdı.

Kənd Təsərrüfatı Nazirliyinin başçısı Aleksandr Tkaçov etiraf edib ki, Ankaranın qərarı gözlənilməz idi. Ankaranın qərarı ölkənin cənub regionları və taxıl anbarları üçün kifayət qədər güclü zərbədir. “Ancaq faciə deyil”, - nazir əmindir.

Tkaçovun sözlərinə görə, dənin və başqa kənd təsərrüfatı məhsullarının Rusiya eksportçuları maksimum beş ay sonra Türkiyənin əvəzedicisini ağrısız tapacaqlar. İdarənin mətbuat xidməti də təsdiq edib ki, bu istiqamətdə artıq iş aparılır.

“Kənd Təsərrüfatı Nazirliyi və “Rosselxoznadzor” (Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət agentliyi – red.) dənin ixracının artırılması - Rusiya taxıl məhsulları üçün ənənəvi Şimali Afrika, Yaxın Şərq, həmçinin Asiya-Sakit okeanı regionu, Latın Amerikası, Karib hövzəsi və Afrika ölkələrində yeni perspektivli satış bazarları əldə etmək üçün səy göstərir”, - nazirliyin press-relizində qeyd edilib.

Müstəqil ekspertlər isə daha az optimistdirlər. “Rusiyanın Dayağı” təşkilatının birinci vitse-prezidenti Pavel Siqalın sözlərinə görə, kənd təsərrüfatı məhsullarına Türkiyə tərəfindən tətbiq edilən rüsumların Rusiya müəssisələrinə ümumi zərəri 500 milyon dollar ola bilər.

“Cari kənd təsərrüfatı mövsümünün sonuna kimi Rusiya eksportçuları Türkiyəyə təxminən 1 milyon ton buğda, 400-700 min ton qarğıdalı, 100-200 min ton günəbaxan tumu və 250-350 min ton günəbaxan yağı göndərə bilərdilər. İndi bu məhsullar üçün yeni bazarları axtarmaq, onları daha ucuz satmaq və ya sadəcə istifadə etmək lazımdır”, - o deyib.

Adını açıqlamayan başqa bir biznesmen vəziyyəti şərh edərkən bildirib ki, Rusiya dəni üçün türk bazarının itirilməsi xərclərin artması ilə nəticələnəcək: “Axı Türkiyə yaxınlıqda yerləşir. Afrikaya və ya Latın Amerikasına dəni göndərmək tamamilə başqa məsələdir. Logistikanı yenidən qurmaq lazım olacaq. Deməli, buna görə əlavə ödəmək lazım gələcək. Lakin, vəziyyət yeni deyil. Biz bu yelləncəklərdə 2009-cu ildən yellənirik. Ortaya daim hansısa problemlər çıxır, amma Allaha şükür ki, həll edilirlər”, - həmsöhbət qeyd edib.

Gözə-göz, dişə-diş

Ankaranın hərəkətlərinə Moskvanın cavabı necə olacaq? Hələ məlum deyil. Siqal hesab edir ki, faktiki olaraq, bu ticarət mübahisəsi müasir iqtisadiyyat üçün tamamilə normaldır. Onun fikrincə, Moskva maksimum hansısa türk mallarına cavab rüsumları tətbiq edəcək. Lakin, ekspertin sözlərinə görə, münaqişə çətin ki, uzun müddət davam edəcək.

Dövlət Dumasının korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik üzrə komitəsinin üzvü Mixail Şapov qeyd edir ki, Rusiya istehsalçılarının digər ölkələrin bazarlarındakı hüquqlarını məhdudlaşdırmaq cəhdlərinə adekvat reaksiya verilə bilər. Çox güman ki, Rusiya turistləri (bu il Türkiyə beş milyon Rusiya turistini qəbul etməyə hazırlaşır) üçün Türkiyəyə yolun bağlanması türk iqtisadiyyatına ən ağır zərbə olardı. Ancaq, deputat hesab edir ki, belə qərar sadə vətəndaşları ticarət müharibəsinin girovlarına çevirərdi. Şapov əmindir ki, Rusiyada Türkiyəni sıxmaq üçün başqa imkanlar var. Onun fikrincə, Türkiyədən tərəvəzlər və meyvələrin çatdırılmasına məhdudiyyətlərin tam qaldırılmasına tələsmək lazım deyil.

Siqal da oxşar fikirdədir: “Rusiya turistləri üçün Türkiyə marşrutunun ləğvi Moskva üçün cavab olmayacaq. 2016-cı ildən fərqli olaraq, bunun üçün ciddi əsas yoxdur”.

Eyni dərəcədə risk Moskva və Ankara üçün strateji əhəmiyyət daşıyan və Qara dənizin dibi üzrə çəkiləcək qaz kəməri layihəsi (“Türk axını”) üçün də yoxdur. Ekspert qeyd edir ki, başqa idarələr və şəxslər layihə ilə məşğul olur və heç vaxt dənə tətbiq edilən rüsumlar üzrə mübahisə ona toxunmayacaq.

Milli Energetika Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov da qeyd edir ki, “Türk axını” layihəsi heç bir halda kənd təsərrüfatı məhsulları ilə müqayisə oluna bilməz. Bununla belə, o hesab edir ki, Rusiyada öz maraqlarının müdafiə edilməsi üçün manevr meydanı var.

“Qaz kəmərinin bir xəttini tikmək olar. Bununla, Türkiyənin özünün mavi yanacağına olan ehtiyacı təmin ediləcək. Amma iki xətt onu tranzit ölkəyə çevirir. Bunun ətrafında rəsmi ticarət mümkündür. Bir xəttin Bolqarıstana çıxarmaq ideyası hələ ölməyib”, - Simonov vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR