Neftin ucuzlaşmasından qazananlar, ABŞ-ÇİN qarşıdurması: 10 il sonra da... - ŞOK PROQNOZ
Bizi izləyin

Təhlil

Neftin ucuzlaşmasından qazananlar, ABŞ-ÇİN qarşıdurması: 10 il sonra da... - ŞOK PROQNOZ

Pandemiyanın başa çatması ilə dünya yeni düzənə daxil olacaq. Postpandemiya dövründə ölkələri yeni sürprizlərin gözlədiyi barədə iddialar var. Bu dövrdə həm siyasi, həm də iqtisadi vəziyyətin dəyişəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Pandemiyanın iqtisadiyyata hansı zərbələri vurduğu və necə təsir göstərdiyi, postpandemiya dövründə dünyanı nələrin gözlədiyi ilə bağlı Publika.az-ın suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

- Natiq müəllim, dünya düzəninin postpandemiya dövründə, yəni pandemiyadan sonra dəyişəcəyi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəs iqtisadiyyatın düzəni necə dəyişəcək?

- İqtisadiyyatda yeni texnologiyaların önə çıxması pandemiyadan əvvəl də baş vermişdi. Yəni, son on ili götürsək iqtisadiyyatın müasir texnologiyalara və süni intellektə keçidi müşahidə edilir. İqtisadiyyatın bir çox sahələri, bank sektorundan xidmət sahəsinə, alış-verişdən onlayn ticarətə qədər internet üzərindən aparılırdı və inkişaf edirdi. Pandemiya bu prosesi daha da sürətləndirir. Distansion iqtisadi modellərin önəmi artır. Bu bankçılıqdan digər sahələrə qədər yayılmağa başlayacaq. Hətta dünyada yaxın 2-3 il ərzində yəqin ki, bank sektorunda olan ənənəvi şöbələri biz görməyəcəyik. Azərbaycana bu nə vaxt çatacaq hələ ki, məlum deyil. Amma onlayn bankçılığın çox ciddi və daha sürətli yayılmasının şahidi olacağıq. Hətta Avropa və ABŞ-dan əlavə Rusiyanın ən böyük banklarından biri olan “Tinkoff Bank” cəmi bir şöbəyə malikdir. Qalan bütün əməliyyatları artıq internet bankçılığı üzərindən aparılır. Yəni, bu yeni dövrə qədəm qoyulmasına səbəb olur. Bundan başqa onlayn sifarişlər inkişaf edir. Hətta ənənəvi alış-veriş mərkəzlərinin də tarixə qovuşacağı məsələsi gündəmə gələ bilər. Çünki onlayn sifarişlərdə artıq yeni texnologiyalar o qədər sürətlə inkişaf edir ki, evdən çıxmadan geyinib-soyunma otağına qədər virtual reallıq yaradılır və siz istənilən paltarın bədəninizə necə oturmasını görə bilərsiniz. Bu texnologiyalar var idi. Amma pandemiya dövründə daha da sürətlə inkişaf etdi. Bundan başqa, texnoloji startapların və ideyaların, kontaktsız iqtisadi münasibətlərin daha da önə çıxdığı bir dövrə qədəm qoyuruq. Çox güman ki, iqtisadiyyatda bu istiqamətdə sahələr üzrə inkişafın şahidi olacağıq.

Amma pandemiyanın bir mənfi cəhəti də var ki, ölkələrin qapanmasını müşahidə edirik. Sanki antiqloballaşma önə çıxır və ölkələr öz maraqları çərçivəsində iqtisadi qərarlar alırlar ki, bu da dünya inteqrasiyasına mənfi təsirlərini göstərir, hətta əks proseslərə səbəb olur. Almaniya və ABŞ elan edib ki, Çin, eləcə də Asiyadan öz istehsal sahələrini ölkəyə qaytarmaqla bağlı proqram işləyib hazırlayırlar. Əslində postpandemiya maraqlı bir dövrdür. Onun iqtisadi formaları, yəni iqtisadiyyatda önə çıxan məsələləri yaxın aylarda daha ciddi müzakirə olunacaq. Burada məsafədən işləmə məsələsi də önəm kəsb edir. Bəzi şirkətlər var ki, artıq elan ediblər ki, postpandemiya dövründə evdən işləmə tipi ilə davam edəcəklər.

- Neftin taleyini nə gözləyir?

- Neftlə bağlı təqribən 10 il bundan əvvəl belə bir ehtimal səsləndirilirdi ki, artıq dünya postneft dövrünə qədəm qoyur. Yəni, neftin keçən əsrdə olan strateji və siyasi önəmi artıq arxa plana keçir. Bərpa olunan enerjinin sürətlə inkişaf etməsi neft dövrünü də arxada qoyur. Əgər qısamüddətli postpandemiya dövründən danışsaq təbii ki, neft qiymətlərinin yaxın aylarda, bu ilin sonunda, gələn ilin əvvəlində yüksəlməsinin şahidi olacağıq. Çünki hələ də “qara qızıl”ın istehsalı və istehlakı qiymətlərdə həlledici rol oynayır. Karantinlə əlaqədar olaraq istehlak kəskin azalıb. Ona görə də neft qiymətləri düşüb. İstehlak artdıqca qiymət də artacaq. Amma orta və uzunmüddətli, ən az 10 illik proyekt üzərində düşünsək neftin önəmi getdikcə azalacaq. Bu isə qiymətinin düşməsinə və aşağı səviyyələrdə qalmasına səbəb olacaq. Ötən əsrin 90-cı illərində neftin tükənən sərvət olması ilə bağlı məşhur nəzəriyyə var idi. Hamı deyirdi ki, neft tükəndikcə də qiyməti qalxacaq. Amma 90-cı illərdə aparılan tədqiqatlarda neftin həcmini dünyada ölçdülər. 2010-cu ildə həcm yenidən ölçüldü. Məlum oldu ki, bu 20 ildə neft ehtiyatları nəinki azalıb, hətta 6 dəfədən çox artıb. Bu çox ciddi bir konfiqurasiya dəyişikliyinə səbəb oldu. Artıq nefti tükənən sərvət kimi saymırlar. Bunun özü onun önəminə və gələcəkdə neft üzərində aparılan iqtisadi münasibətlərə ciddi təsir göstərəcək. Yəni, postneft dövrünün daha da ciddi və sürətlə yaxınlaşmasının şahidi olacağıq.

- Dünyada yaşanan iqtisadi çöküş hansı güclərin maraqlarına uyğundur?

- Əslində indi bütün ölkələr demək olar ki, ciddi zərər görür. Məsələn, Çinin ilin birinci rübündə Ümumi Daxili Məhsulu (ÜDM) ölkə tarixində rekord həcmdə azalıb. 36 faizə yaxın azalma müşahidə olunur ki, bu da iqtisadiyyatda çökmədir. ABŞ-da son günlər açıqlanan işsizlik rəqəmləri 3 milyon nəfər artıb. Son 2 ayda isə işsizlik 22 milyonu keçib və rekord həddə çatıb. Beləliklə, ABŞ-da böyük işsizlik ordusu yaranıb. ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniyanı, neft istehsal edən ölkələri götürsək hər yerdə çöküş yaşanır. Yəni, bunun hansı ölkələrə xeyir verəcəyini görmürüksə deməli, hər hansısa beynəlxalq güclər varsa da bu dövlətlərin nəzarəti, yaxud da onların maraqları çərçivəsində hərəkət edirlər. Ona görə də hələ ki, qazanan dövləti görmürəm. Ola bilər ki, biz hələ oyunun əvvəlindəyik və bundan sonrakı gedişatda kimlərinsə və hansısa güclərin, dövlətlərin önə çıxdığını, qazandığını müşahidə edə bilərik. Əgər belə bir nəzəriyyəyə inansaq dünyada təhlükəsizliklə bağlı qayğıların artmasının şahidi oluruqsa, bu paralel olaraq azadlıqların azalması ilə müşahidə olunur. Amma bu iqtisadi qazanc deyil. Hələ ki, iqtisadi qazancla çıxan ölkələrin, yaxud da ki, qurumun və qrupun olduğu görünmür. Ola bilsin ki, sonradan daha ciddi proseslərin iştirakçısı olacağıq.

- Pandemiya fonunda ABŞ-Çin qarşıdurması nə zamanadək davam edəcək?

- Bu qarşıdurmanın tarixi pandemiya ilə bağlı deyil, təxminən 20 ilə yaxındır davam edir. ABŞ-ın beyin və strateji düşüncə mərkəzləri artıq 20 ildir xəbərdarlıq edirlər ki, gələcəkdə maraqların toqquşması ən çox Çinlə olacaq. Bu toqquşma həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə ola bilər. Ona görə də çəkişmələr pandemiyadan sonra da davam edəcək. Hər iki ölkə öz maraqları çərçivəsində münasibətləri tənzimləməyə çalışacaq. Sadəcə hələlik Amerikanın üstünlükləri görünür. Üstünlük ondan ibarətdir ki, Çin ixracatçı ölkədir. Əsasən ixracatla dolanır və bunun təqribən 560-570 milyard dollara yaxınını ABŞ-a edir. Bu ixracat da zəiflədikcə Çinin iqtisadi zəifliyi artır. Bundan başqa Çinin valyuta ehtiyatlarının 80 faizə yaxını ABŞ dollarında və yaxud da ki, ABŞ-ın borc kağızlarındadır. Bu təqribən 300 milyon dollara yaxın vəsaitdir. Bu isə ABŞ-ın Çinlə münasibətlərinə ciddi təsir edən amillərdən biridir. Amma bu qarşıdurma daim olacaq. Bundan 10 il sonra da olacaq. Nə qədər ki, dövlətlərin öz maraqları var və bu maraqlar üst-üstə düşmür, bu qarşıdurma da o zamana qədər davam edəcək.

- Pandemiyadan sonra dollar digər valyutalar qarşısında zəifləyə bilərmi?

- Əslində bunun hələ ki, əksini görürük. Dollar indeksi pandemiya elan olunan gündən, yəni mart ayının ortalarından bu günə qədər təqribən 6 bənd artıb. Dünya üzrə dollar indeksi 94 bənd idi. Hazırda bu rəqəm 100 bəndi keçib. Yəni hələ ki, dollar bahalaşır və güclənir. ABŞ valyutası eyni zamanda hazırda “güvənli liman” rolunu oynamağa çalışır. Bunun da obyektiv səbəbləri var. Dünya ticarətinin 72 faizi dollar üzərindən aparılırsa, dünya ölkələrinin ehtiyatlarının böyük əksəriyyəti – təxminən 75 faizi yenə dollardan ibarətdirsə, bu valyutanın gücü hələ uzun müddət davam edəcək.

- Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi...

- Nə qədər qəribə səslənsə də, pandemiyadan və neftin qiymətlərinin ucuzlaşmasından udan dövlətlər də var. Onların sayı daha çoxdur. Neftin ucuzlaşması idxalçı ölkələrin iqtisadiyyatına müsbət təsir edir, nəinki satan ölkələrə. Aprel ayının nəticələrinə görə həcm olaraq neft satışını artırmışıq.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm