Yazarlar
Seymur Baycan: “Azərbaycanda mənə layiq qadın yoxdur“ - MÜSAHİBƏ
Publika.az Azərbaycanın istedadlı yazarı Seymur Baycanın teleqraf.com-a müsahibəsini təqdim edir
- Seymur bəy, tez-tez kitabınız çap olunur. Bir çoxları bunu pul qazanmaq üçün etdiyinizi deyir...
- Mən axırıncı dəfə “Quqark” romanımdan pul götürmüşəm. O zaman təxminən yeddi min manat gəlir əldə etmişdim. Ancaq bundan sonra heç bir kitabımdan bir qəpik də qazanmamışam. Çünki bacardığım qədər ucuz satdım ki, hər kəs alıb-oxuya bilsin. Həm də biz “Alatoran” yayınlarından olan kitabların çoxunu rayonlara göndəririk. Yəni son dörd kitabımdan heç bir gəlir götürməmişəm.
Kitablara görə dostlarım kömək ediblər. Hazırda dörd min beş yüzə yaxın borcum var. Həyatımın heç bir dönəmində indiki qədər pula ehtiyac duymamışam. Beynimdə süjetlər qaynayır, çoxlu süjetlər var. Bunları yazmaq üçün rayona getmək, yaxşı qidalanmaq lazımdır. Gördüyünüz kimi, bu kitabları pul xatirinə buraxmıram. Sadəcə, hekayə janrına keçmişəm və məhsuldarlığım artıb. Çünki oxuduqlarım, həyatda qazandıqlarım, təcrübə, müşahidələrim qıcqırmış vəziyyətdədir. Bu qıcqırma da mənə hədsiz dərəcədə enerji verir. İstəyirəm ki, oturam ancaq və ancaq yazam. Beynimdə olan bütün bədii informasiyaların hamısını kağıza köçürmək istəyirəm. İstəmirəm ki, bir dənəsi də qalsın. Romandan hekayəyə keçməyimin də səbəbi budur. Çünki hekayədə özümü daha rahat hiss edirəm. Deməyə sözüm çoxdur.
- Publisistik yazılarınızda təkrara çox yer verirsiniz.
- Artıq on ildir ki, bu iradı mənə tuturlar. Alman əsilli amerika yazıçısı Kurt Vonnehuta deyiblər, sizin romanlarınız bir-birinə oxşayır. O da cavabında deyib ki, mən o qədər də avara adam deyiləm ki, hər dəfə təzə roman yazım. Bilirsiniz, mən eyni mövzunu bir il ərzində on dəfə yaza bilərəm. Hər dəfəsində də insanlar oxuyacaqlar. Baxır hansı anda, hansı hadisədən sonra həmin yazını yazırsan. Bizim bir çox problemlərimizin kökündə savadsızlıq durur. Ona görə də mən daim bunu vurğulayıram. İnsanları başa salmağa çalışıram. Təkrarçılıqdan şikayət edirlər, ancaq yenə də oxuyurlar. Bəlkə də, bunları əsəbiləşdirən də məhz budur. Görürlər ki, mən təkrarçılıq edirəm, ancaq yenə də oxuyurlar. Əgər bir insana əsəbiləşirlərsə deməli, onu oxuyurlar.
Düşmənçiliyin əsas səbəbi də məhz budur. Mənə nifrət edən adamlar, yazılarımı it kimi oxuyurlar. Yazımda hərf səhvi tapmaq üçün lupa ilə oxuyurlar. İkincisi mən sadə, banal görsənməkdən qorxmuram. Bu da özünü dahi göstərməyə çalışan adamlarda qıcıq doğurur. Deyirlər ki, mən burda Kafkadan yazıram, Seymur isə şabalıd almaqdan yazır, daha çox oxunur.
Əslində, mən hər cür tənqidə açığam. Dostlarımla bir yerdə oturanda biz bir-birimizə qarşı çox amansız oluruq. Heç kimin üzünə demədiyi sözləri bir-birimizə deyirik. O mərhələdən keçən adam üçün başqalarının tənqidi çox zəif görünür. Odur ki, istəyərəm tənqid olunum. Ancaq görəndə ki, kimsə paxıllıq edir, qərəzlidir, onlardan uzaq gəzməyə çalışıram.
Ölkədə üç dənə publisist varsa, onlardan biri Seymur Baycandır. Yəni bu faktdır. Mən niyə bunu deməyə utanmalıyam. Özünə arxayın olan adam heç vaxt paxıllıq etməz. Fikirləşirəm ki, nə qədər rəqabət olsa, daha yaxşıdır. Çünki güclülər arasında güclü olmaq insanı formada saxlayır. Təbii ki, özün haqqında bu cür danışmaq doğru deyil. Ancaq haqqın olan şeyləri sənə başqaları demirsə və əksinə, sənə müxtəlif böhtanlar atırsa, məcbur qalırsan özün öz haqqında bunları deyəsən.
Mən çox eqoist və şöhrətpərəst adamam. Mübarizə aparmaqdan, dava etməkdən ləzzət alan adamam. “Xeyir və şər” yazısını yazmışam. Azərbaycanda o yazını yaza biləcək iki-üç adam var. Çıxsın da ortaya onu yazacaq adamlar. Niyə çıxa bilmirlər?
Mən yaxşı yazıram, mən ədəbiyyatda anektodlarla qalmaq istəmirəm. Bunun üçün də öz üzərimdə işləyirəm. Yaxşı yazdığımı qəbul etmək istəməyənlər min cür fikirlər səsləndirirlər. Deyirlər, Seymur Baycan provokatordur, o, gündəmdə qalmaq üçün bu cür yazır. Ancaq məsələ ondadır ki, bu cür yazıb, gündəmdə qalmaq istəyən minlərlə insan var. Heç birində də alınmır. Gedin saytlara baxın görün, nələr yazırlar. Dayım qızı ilə yatdım, anama baxdım, atama baxdım yazanlar yüzlərlədir. Ancaq savadları olmadığı, öz üzərlərində çalışmadıqları üçün oxunmurlar. Mən günə bir kitab oxuyuram.
Mənim bir dostum var idi, o həmişə deyirdi ki, Azərbaycan xalqını təzədən birinci sinifə göndərmək lazımdır. İndi görürəm ki, düz deyir. Çünki mən ən adi şeyləri yazıram. Deyirəm ki, teatra gedin, kitab oxuyun, maşınınıza eşşək siqnalı qoymayın, övladınızla şahmat oynayın. Bunları ən adi şüurlu məxluq bilməlidir. Ancaq görünür ki, gərək bunları kimsə desin.
- Nazlı Pəncəliyevanın yazdığı “Azərbaycan erkəyi” yazısına münasibətiniz necədir?
- Çox yaxşı yazıdır. Nəhayət, qadınlardan kimsə çıxıb yazdı. Düzdür, yazıda bir az emosionallıq var idi, ancaq bu lazımlı yazı idi. Mən “Tükəzbanlar” yazısını yazanda gözləyirdim kimsə çıxıb deyəcək ki, bizi siz belə elədiniz. Ancaq əvəzində dedilər ki, Seymurun anası ermənidir, bacısı filandır. Sonradan mən öz məqsədimə nail oldum. Həmin yazılar neçə qıza təsir etdi. Onlar geyimlərini, düşüncə tərzini dəyişdilər.
- Həyatımın ən xoşbəxt günü" kitabı nədən bəhs edir?
- Kitabda müxtəlif mövzularda yazılan hekayələr yer alıb. Yarısını rayonda, yarısını da Tiflisdə yazmışam. Əvvəllər kitab buraxanda iki-üç ay özümə dinclik verirdim. Ancaq indi kitab çıxıb heç reklamı ilə də məşğul deyiləm. Çünki özümdən arxayınam. Mənim əsas oxucularım banklarda, özəl sektorda çalışan adamlardır. Məni bəlkə də, ən az oxuyanlar elə ictimai sektorda olanlardır.
İndi uşaqlar üçün xatirələrimi yazıram. Fikirləşirəm ki, müasir tariximiz uşaqlar üçün də yazılmalıdır. Buna görə də ölkədə baş verənləri uşaqların dilində yazacağam. Uzun müddət uşaq kitabları oxudum. Hazırda bir neçə hekayəm qalıb. Bundan sonra böyüklər üçün yazmayacağam.
Hər şey mənim üçün adiləşib. Çox az adamla oturub dururam. Ədəbiyyat adamları ilə heç görüşmürəm. Ancaq və ancaq yazmaq istəyirəm. Həyatımda heç bir vaxt bu qədər xoşbəxt olmamışam. İçkini də atmışam. Nadir hallarda, maraqlı insanlarla içirəm. Bilirsən, ümumiyyətlə, mən həyatda yaşadığım qədər yaşamışam.
-Yazmaq üçün adətən, rayona gedirsiniz. Ola bilərmi ki, bir müddət sonra tamamilə bura köçəsiniz?
-Mən həmişə rayondan zövq almışam. Orada qiymətlər münasibdi, hava təmizdi. Əvvəllər rayona gedəndə, 15-20 gün sonra qayıtmaq istəyirdim. Şəhvət mənə güc gəlirdi. Ancaq indi elə deyil, bu məsələni özümdə həll etmişəm. Məni rayon dəhşətli dərəcədə çox çəkir. Təbiəti indi-indi başa düşürəm. Ancaq mən Əkrəm Əylisli kimi etmək istəmirəm. Bir deputat mandatına görə qayıtdı gəldi. Bəlli oldu ki, tənhalıq-filan boş şeymiş.
- Bir zamanlar müxalifətin yanında idiniz. İndi isə onları tənqid edirsiniz...
- Mənim mətbuata gəlişim müxalifətdən olub. Müsavat Partiyasının üzvü olmuşam. O zamanlar hiss edirdim ki, məndə nəsə qeyri-adilik var. Ancaq özümü heç bir şəkildə ifadə edə bilmirdim. 25 yaşıma kimi əziyyət çəkmişəm. Tale elə gətirdi ki, jurnalistikaya gəldim. İndi əgər o adamların fəaliyyəti və səviyyəsi, eləcə də, dünyagörüşü məni qane etmirsə, mən niyə ömrümün sonuna kimi onlarla oturub-durmalıyam. Bir halda ki, artıq üç ildir anamı, dörd ildir bacımı görmürəm. Keçən dəfə anam zəng etmişdi ki, niyə gəlmirsən? Dedim ki, işlərim var, məni narahat etmə. Çünki onlar çoxdur, mən isə təkəm. Onlar onsuz da yaşayacaqlar. Bəs mənə kim yiyə duracaq? Mənə bioloji ana lazım deyil. Mənə o ana lazımdır ki, oxuduqlarımı bilsin, yazdıqlarımı oxusun.
- Niyə evlənmirsiniz?
- Azərbaycanda mənə layiq qadın yoxdur. Xaricdə də var ancaq mən ora getmək istəmirəm. Onların da bura gəlməyi mümkün deyil. Balaca, darıxdırıcı ölkədir. Mənə yaşamaq üçün qadın lazım deyil, mənə ölmək üçün qadın lazımdır. İstəmirəm ki, əzab-əziyyətlə qazandığıma kimsə gəlib şərik dursun. Onlar buna layiq deyillər.
- Bəs övladınızın olmasını necə, istəmirsiniz?
- Bilirsən, mən valideynlik məsuliyyətini bilirəm. Azərbaycanlıların böyütdüyü uşaqlardan yüzünü böyüdərəm. Çünki bizdə valideyn məsuliyyətini dərk etmirlər. Bunun nəticəsində də savadsız, kobud insanlar böyüyür. Bir müddət öncə oturub bir xeyli fikirləşdim və qərara gəldim ki, şəxsi həyatım alınmadı, heç olmasa, yazı məsələsində özümü realizə edim. Buna görə də çox rahatam.
- Sizi yazılarınızın mövzusuna görə çox tənqid edirlər...
- Düzdür, elə yazılar var, mən onları yazmaq istəməzdim. Ancaq bu mövzularda yazan yoxdur deyə, məcbur oluram, təkrar yazıram. Əslində, mən başqa yazıları yazmalıyam. Bu vaxta qədər yazdıqlarımın hamısı məşq idi. İndi-indi yazmağa başlayıram. Sevinirəm ki, yaxşı gənclər çıxır ortaya. Artıq məsələ ciddiləşir. Bundan sonra qara-qışqırıqla, tamadaçılıqla gündəmi zəbt etmək olmayacaq. İnsanlar səviyyəli yazılar tələb edəcəklər. Erkin Qədirli məsələsi də göstərdi ki, artıq cəmiyyətdə hər bir insan dediyi sözün məsuliyyətini hiss etməlidir. O, kütləyə xoş gələn söz desə də, beş-altı gənc çıxdı və ona etiraz etdi. Hansı ki, həmin gənclərin yetişməsində Erkinin rolu böyük olmuşdu. Buna baxmayaraq, onu bağışlamadılar. Başa saldılar ki, insan sözünün məsuliyyətini dərk etməlidir, ağzına gələni deməməlidir.
- Yusif Vəzirin “Studentlər” romanı ilə bağlı keçirdiyiniz müsabiqənin gedişindən razısınızmı?
- Müsabiqəni baş tutmuş hesab etmək olar. Sevindirici hal odur ki, daha çox qızlar iştirak etdi. Biz hər iki aydan bir bu cür musabiqələr keçirəcəyik. Amma ümumilikdə narazıyam. Çünki uşaqlar tənbəllik edirlər. Qalın bir romanı oxuyub, ondan yazı yazmaq əziyyət tələb edir. Bizimkilər zəhmət çəkmək istəmir. Bu ümumilikdə şərq xalqlarının problemidir.
-
İKT20:24
"İnsanyuyan maşın" da YARADILDI - Hər şeyi özü tənzimləyir
-
Sosial19:24
"Kürd Elnur" yenidən hakim QARŞISINDA
-
Sosial18:24
Azərbaycanda bu şəxslərin maaşları artırıldı - RƏSMİ
-
Sosial17:30
Bu ərazilərimizə qar yağır - FAKTİKİ HAVA
-
Hadisə16:30
Azərbaycanlı qız Ermənistana getdi və... - FOTO
-
Sosial15:20
Metro istifadəçilərinə vacib xəbər: Bu stansiya bağlanır
-
Hadisə14:30
Hacıqabulda namus davası: kişini çılpaq halda dirəyə bağlayıb... - ŞOK DETALLAR
-
İdman14:24
Olimpiadada qələbəyə görə İqor Ponomaryova nə qədər pul və hansı avtomobil verilib? - FOTOLAR