Yazarlar
Mən necə dəli oldum - II yazı
Gözlərimi açanda ətrafımda anam, atam, bacım, qardaşım, ağ xalatlı həkim qadın vardı. Həkim əli ilə saçımı oxşadı: “Gül kimi oğlan nə günə düşüb?!” Anamın hıçqırtısı qulaqlarımda eşidildi. Atam damağında siqaret səssiz-səmirsiz mənə baxırdı. Bacımla qardaşım isə təəssüf dolu baxşılarını yerə zilləmişdilər.
Anam atama qonşu qızını sevdiyimi demişdi. Gecələr yatmadığımı, içki içdiyimi, bir sözlə, açmışdı sandığı, tökmüşdü pambığı. Atam vəziyyətimin gərginliyindən nigaran idi. Tez-tez: “Ürəyin nə istəyir? Özünü necə hiss edirsən?” – deyə suallar verirdi. Mən isə yenə hər gün içirdim. Gecədən səhərə kimi boş, soyuq küçələrdə veyillənirdim.
Gecənin yarısında yerimdən durdum. İşıqları yandırdım. Qəfil atam yerindən sıçradı.
- Hara gedirsən? Yıxıl, yat...
Onun sözlərini eşidirdim, amma cavab verməyə ərinirdim. Atam qollarımdan yapışıb, saxlamağa çalışdı. Evdəkilər yuxudan oyanmışdı. Mən indi bunun fərqinə varmışdım. Anam aramıza girdi. Atamı sakitləşdirdi. Mənim ünvanıma löyün-löyün qarğış yağdırdı.
Sonra araya sükut çökdü. Qardaşım donquldanırdı: “Qoyun, yataq, səhər tez durmalıyam”. Çığırmağa başladım: “Nə yatmaq, durun, qalxın. Mən ölürəm. Dünyada insanlar ölür, uşaqlar ölür. Durun, yatmayaq, yaşayaq, durun!..”
Bir gün də axşam evə gələndə anam tək idi. Qolundan yapışdım ki, gedək qızı istəyək. Anam məndən qorxmağa başlamışdı. Razılaşdı. Yazıq anam. Lənət olsun mənim yeniyetməliyimə! Lənət olsun mənim kimi övlada! Qapını bərk-bərk vurdum. Qızın özü açdı. Gözlərindəki işıq üzümə vururdu. İçəri keçdik. Sevdiyim qızın anasına salam-zad vermədən keçdim mətləbə. Ay xala, qızınızı bir həftəlik mənə verin. Mən ona heç nə etməyəcəm. Sadəcə qucaqlayacam. Verin qızınızı mənə. Nə olar, yalvarıram. Ay Oğuz, bu hələ olan iş deyil. Universitetini, hərbi xidmətini qurtar, gəl qızı verim. Sevdiyim qız masada oturub bu mənzərədən böyük bir həzz alırdı.
Evləri elə bil ağ örtüyə bürünmüşdü. Hamı ağarmışdı. Bəmbəyaz görüntü və duman vardı. Anamı görmürdüm. Hiss elədim kimsə arxadan məni dartır. Getdikcə sürətlə geri çəkilirəm.
Geriyə çevriləndə təcili yardım maşınını gördüm. Siqnal səsi başımı döyəcləyirdi. Atam, qardaşım yanımda idilər. Elə bilirdim sevdiyim qızın yanına gedirik, elə bilirdim ki, dünyanı xilas edəcəm.
Gedirdik. Pəncərədən tələsən adamları görürdüm. Hamı harasa qaçırdı. Qara zolaqlar gözümü ağrıdırdı. Atam sürücü ilə nəsə danışırdı. Qardaşım uşaqlıq xatirələrimizi yada salırdı. Hər şeyi itirirdim. Daxilimdə partlayışlar gedir, bədənimdən uzaqlaşırdım.
Xəstəxananın binasını görəndə qaranlıq küçəyə tərəf qaçmağa başladım. İki adam sürətlə yetişib məni tutdular. Ağlayırdım. Kimlərisə söyürdüm. Atam saçımı sığalladı.
- Məni aldatdınız..
- Yox, Oğuz, yaxşı olacaqsan, get. Sabah gələcəm, hər gün yanına gələcəm..
Palatanın qapısı açıldı. Dəmir qapının cırıltılı səsi sükuta bürünmüş otaqlara doldu. Uzun bir dəhliz qarşımda parıldayırdı. Dəhlizin axırında bir stul vardı. Addımladım. Oturudum. Ətrafa göz gəzdirdim. Divarların boz rəngi, zəif işıq, parıldayan döşəmə. “Anaaaa”, deyə qışqırdım. Palatalarda canlanma oldu sanki. Söyüşlər, təhqirlər... Dəhlizin başında iri cüssəli sanitarın küt sifəti göründü.
Mənim dəlixanada ilk günüm belə başladı...
ardı var
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır
-
Region13 İyul 23:55İranda partlayışlar baş verdi
-
İdman13 İyul 21:26Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
-
Hadisə13 İyul 20:24Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
-
Hadisə13 İyul 19:50Füzulidə yanğınlar zamanı minalar partladı
-
ABŞ13 İyul 18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq




































