Sənə bir şərh yazım ki…
Bizi izləyin

Yazarlar

Sənə bir şərh yazım ki…

Kitabı oxuyub qurtarandan sonra əsərdən çox məni kitabın sonunda Həmid bəyin oxuculara ünvanladığı bir müraciət heyrətə gətirdi.

Müəllif oxuculardan xahiş edirdi ki, ona olan söyüşlərini yazıb aşağıdakı ünvana göndərsinlər.

Həm təəccüb elədim, həm xoşuma gəldi… Bu o vaxtlar idi ki, hələm-hələm hər gənc yazıçının əlinin altında internet yox idi. Bir-biriylə rəqabətə girən saytlar yox idi indiki kimi. Həmin saytlarda oxucular yazara bu qədər yaxın deyildilər, bu qədər əlçatan deyildi müəlliflər.

Oxucu oxuduğu yazının müəllifinə qəzəblənirdisə də, kini vardısa da, bu kini çatdırmaq üçün yazıçının iş yerini öyrənməli, günlərlə izləyib onu yerində və məkanında tapmalı, sonra dişinin dibindən çıxanı ona deməliydi…

Belə həvəsə sahib oxucu da bizdə çətin tapıla. Gərək o oxucu killer ola, əlinə silah və pul verələr ki, get filan müxbiri və ya yazarı tap, tut, vur, ondan sonra hərəkətə gələ. Başqa cür mümkün deyil.

İndi gözünə döndüyüm internet saytları, forumlar bu imkanı oxucuya elədən-elə, belədən-belə verib, döşə özün üçün nə qədər desən, kim-kimədi…

Yazar dostlarımın demək olar ki, hamısı bu şərhlərdən qeyzlənirlər, güc-bəla ilə ört-basdır eləsələr də, bu belədir. Əvvəllər lap çox əsəbləşirdilər, indi-indi öyrəşirlər. Hətta Şərif gözünə döndüyüm ayrı-ayrı yazılarının altına düzülən oxucu şərhlərindən seçərək kitabının içində epiqraflar şəklində səpələyib. Şərifin kitabı indi əlimin altında deyil, amma maraqlı biri yadımdadı: “Bu adamın yazdıqları zibil deyil”.

Şərif də Şərifdi, öz oxucusuna alayedərcəsinə yanaşıb, əsl yazıçı müdrikliyi nümayiş elətdirib.

Biz yazarlar özümüz də bilirik ki, yazılarımızın altında gizli, qondarma, Çin-Yapon adlarına bənzəyən adlarla şərh yazanların çoxu “sapı özümüzdən olan baltalar”dı. Yəni bir yerdə çörək yeyib, çay içdiyimiz, hesabı alman hesabıyla ödədiyimiz adamlardı.

Keçən əsrin 30-cu illərində belə gizli düşmənçiliklərin sonunda ölümlər, türmə, sürgün vardısa, şükür, cəmiyyət get-gedə təkmilləşib, uzaqbaşı adi bir qanqaraçılıq yaradırlar “dostlar” bir-biri üçün, vəssalam…Yəni hər şey yaxşılığa doğru inkişafdadı…

Şərhlər əvvəllər məni də qıcıqlandırırdı. Amma görürəm, aha, elə şey var ki, onu deməliyəmmiş, deməmişəm yazıda, ya dilimin ucundadı, budu ağıllı, mərifətli bir oxucu o fikri dilə gətirdi. İnanın ki, onda sevinirəm, oxucuyla aramızda əməlli-başlı diskussiya yaranır.

Ara-sıra izlədiyim Türkiyə saytlarında elə ağıllı, qərəzsiz, tutarlı oxucu şərhlərinə rast gəlirəm ki, yazar yadımdan çıxır, şərhçinin digər şərhlərini tıklayıram, baxıram ki, artıq köşə yazarını yox, oxucunu oxuyuram.

Adını unutduğum qadın ev paltarında çəkdirdiyim şəkillə çap olunan yazının altında sevinə-sevinə yazmışdı ki, ev arvadına oxşayırsan. İnsan nə qədər acıqlı və kinli, həm də primitiv düşünə bilər ki, bir yazının altında belə bir şərh buraxsın, düşünüb hirsimi soyutdum.

Oxucu xəbərsizdi ki, ev qadını olmaq, arvad olmaq heç pis status da deyil ha… İstənilən Azərbaycan qadını üçün.

Nə isə…Yalan dünya… yalan dünya!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm