Azərbaycanlı yazıçı: “Buna görə məni şərləyib, işdən çıxardılar”
Bizi izləyin

Yazarlar

Azərbaycanlı yazıçı: “Buna görə məni şərləyib, işdən çıxardılar”

Onun əsərlərini çox sevirdim.

Hələ orta məktəbdə oxuduğum vaxtlarda tay-tuşlarım arasında əl-əl gəzən “Vicdan susanda” romanını oxumaqdan doymazdım. Təkrar-təkrar oxuyardım. Həmin vaxt ağlımdan da keçməzdi ki, nə vaxtsa, bu romanın müəllifi, sevimli yazıçı Vidadi Babanlıdan müsahibə alacağam. Bu gün onun ad günüdür. 88-in kürəyini yerə vurur. “Ay maşallah!” deyib səbəbkardan təəssüratlarını Publika.az-la bölüşməsini istədim.

- Ad günlərinizdə, adətən, hansı əhvali-ruhiyyədə olursunuz?

- Baxır günə, saata, məqama, səhhətimə.

- Bax indi necəsiniz?

- Hələ ki yaxşıyam.

- Təbrik edənlər, yəqin ki, çox olar?

- Elə qohum-əqrəba zəng edir, əzizlərim gəlib…

- Gözünüzü yolda qoyan elə bir adam varmı ki, deyəsiniz, kaş qapı açılaydı, o adam içəri girəydi?

- Yox, elə bir adamım yoxdur. Gözlədiyim, arzuladığım insanlar həyatdan köçüb. Vaxt vardı, yığışardıq, dərdləşərdik, danışardıq-gülərdik, şənlənərdik. İndi onları xatirələrimdə yad edirəm, əlim çatmır, ünüm yetmir.

- Yəqin, ədəbiyyat aləmindən olan dostlarınızı nəzərdə tutursunuz?

- Bəli, İsmayıl Şıxlı, İsa Muğanna, Nəbi Xəzri… Mənə çox doğma insanlar idi onlar.

- Bəs sağ olan yazıçılarımız necə, sizi təbrik etdilər?

- Yox, heç biri ilə əlaqəm yoxdur. Yaxşı dostlarım, dediyim kimi, məni yalqız qoyub getdilər. Daha qocalmışam, ətrafımda dostlar da yoxdur.

- Yalqız niyə olursunuz, bu qədər sevənləriniz var. Ay Vidadi müəllim, qocalıqdan danışmayın, heç o yaşı sizə vermək də olmur axı...

- Vermək olmur deyirsinizsə, heç verməyin də:

Qəşəng xanım, baxma süzgün,

Mən nə hayda, sən nə hayda.

Əhvalımı anla düzgün,

Mən nə hayda, sən nə hayda.

Qocalıq əyib belimi,

Lal edib ötkəm dilimi,

Hər işdən üzüb əlimi,

Mən nə hayda, sən nə hayda.

Amma qocalıq zalım qocalıqdır.

- Siz niyə qocalığı boynunuza alırsınız axı?

- Mən almıram e, qocalıq özü gəlib minib boynuma. İndi nə qədər edirəm, düşmür. Vaxtında gərək yaxın buraxmayaydım. İndi özünə güclə yer eləyib, hara düşür boynumdan?!

- Heç vicdanınızın susduğu məqamlar olub həyatınızda?

- Həyatımda çox əziyyətlər görmüşəm. “Vicdan susanda” romanım çap olunanda başım çox ağrıdı. Romanı çap eləmək istəmirdilər, deyirdilər ki, heç vaxt sovet adamının vicdanı susa bilməz. Bu romana görə məni şərlədilər, işdən çıxardılar. Dörd-beş il işsiz qaldım.

- Amma o romana görə, bildiyim qədərilə, yaxşı da qonorar aldınız?

- Bəli. Romanım təkcə Azərbaycanda doqquz dəfə 50 min tirajla çapdan çıxdı. Moskvada üç dəfə 100 min tirajla çap olundu. Həmin ərəfədə çoxlu borclarım vardı, o borcları qaytardım, işsiz idim, özümə gün ağladım.

- Hansı yaşınızı daha çox sevirsiniz, imkan olsaydı, hansı yaşınıza dönərdiniz?

- Gənclik yaşıma qayıdardım, amma cavanlığın heç vaxt qədri bilinmir. Gənclik bir quş kimidir, uçub getdisə, qaytara bilməzsən. İndi o gəncliyi haradan tapım?

- Bəs içinizdən necə, boylanırmı o gənc oğlan?

- Hər gün boylanır. Boylanmasa, mən yaza bilərəmmi?

- Bəs o laçın oğlanın yanındakı ürkək baxışlı qız necə, boylanırmı?

- Hə, bu çətin məsələdir. Qızı deyə bilmərəm.

- Niyə, xanımınızdan ehtiyatlanırsınız?

- Xanımımdan ehtiyatlanmıram, oxucularımdan ehtiyatlanıram.

Oxucularımla aramda həmişə pərdə olub.

- Həyatınızı ən çox hansı rənglər bəzəyib?

- Əlvan rənglər az olub. Əziyyətlərim çox olub.

- Ömrünüzdən hansı illəri kəsib atmaq istərdiniz?

- Heç birini. Qəribədir ki, nə qədər əziyyətli olsa da, insan ömrünə yazılan illəri kəsib ata bilmir. Onu yaşamısan axı.

- Özünüzü bəxtli insan sayırsınız?

- Naxışlı insan olmamışam. Adam var, oturduğu yerdə bəxti üzünə gülür. Amma məndə belə olmayıb. Çox əziyyətlər hesabına istədiyimə nail olmuşam.

- Həyatınız boyu insanlarda hansı xüsusiyyət sizi qıcıqlandırıb?

- Paxıllıq, həsəd, gözügötürməzlik. Xüsusən də ədəbi mühitdə belə şeylərlə tez-tez qarşılaşmışam. İstedadı olmayan adamlar ədəbiyyata çox ayaq açır axı. İstedadı olmayan adamlar da hər zaman yaza bilən adama paxıllıq edib, ayağının altını qazıb, onlara böhtan atıblar.

- Yəqin, sizi yıxmağa çalışanlar da çox olub?

- Çox çalışıblar, amma yıxa bilməyiblər.

- Buna necə nail olmusunuz?

- Qələmimdən yapışmışam. Özü də möhkəm-möhkəm yapışmışam. İndiyə qədər nə qazanmışamsa, qələmimin hesabına qazanmışam.

- Ad gününüzdə Vidadi Babanlı özünün əlini sıxıb nə demək istəyərdi?

- Əlimi sıxıb deyərdim ki, Babanlı, möhkəm ol, ürəyindəkiləri qələminlə kağıza köçür.

- Eşitdim, evdə soruşdular ki, niyə “prazdniçni” geyinməmisən?

- Kürəkənimdir, məni təbrikə gəlib.

- Yəqin ki, ad gününüzdə təzə kostyumunuzu geyinəcəksiniz?

- Hələ geyinməmişəm, amma evdəkilər məcbur edib, gərək geyinəm. Sabah Xəzər Televiziyasının qonağı olacağam, ora gedəndə geyinəcəyəm.

- Hədiyyə sevənsiniz?

- Gözütox adamam və heç kimdən hədiyyə gözləmirəm. Amma hazırlayıblar.

- Nə alıblar?

- Evdə biş-düş eləyiblər, parfüm, köynək alıblar.

- Bəs Allahdan gözlədiyiniz hədiyyəni almısınız, yoxsa?

- Aldıqlarım da olub, gözləyirəm də. Yeni əsərim var, onu yazıb başa çatdırmaq üçün Allahdan bir az da artıq ömür möhləti istəyirəm. Gözlərim zəif görür, gözümə nur gəlsin, o əsəri yazıb başa çatdırım.

- İnşallah, Allahdan arzuladığınız və gözlədiyiniz o hədiyyəni alarsınız. Biz də sizə cansağlığı və yenə də cansağlığı arzulayırıq. Daima söykəndiyiniz, bərk-bərk yapışdığınız qələminiz əlinizdən heç düşməsin. Yazın, yaradın, biz də oxuyaq, zövqümüzün pasını ataq!

- Təşəkkür edirəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm