Anonim qəhrəmanın demək istədikləri
Bizi izləyin

Yazarlar

Anonim qəhrəmanın demək istədikləri

Anonim qəhrəmanın demək istədikləri

Hələ mətbuata və ədəbiyyata gəlmədiyi tələbə vaxtlarından dostum olan, amma bir ilə yaxındır (toyundan bəri) görüşə bilmədiyim Rüfət Əhmədzadənin “Adım anonim qalsın” kitabı barəsində yazmaq fikrim var. Həm də bu kitabı əlimə almadan.

Oxucular təəccüblənməsin, mən bu kitabın ilk oxucularındanam, müəllifin 2 il fasilə ilə nəşr olunmuş hər iki kitabını (Rüfətin birinci hekayələr və mənsur şeirlər kitabı “Sən busan” adlanır) elektron versiyada, mətbəəyə getməmiş oxuyan tək-tük adamlardanam. Hər iki kitaba daxil olan az qala hər əsərin nə vaxt və hətta niyə yazıldığını da bilirəm. Müəllif “Ezop dili”ni və mətnaltı eyhamları da çox sevir, anlamayana izah etməsə də bəndənizlə çox şeyi bölüşüb. Onun ilk yazdığı hekayə olan “Damcılar” da yaxşı yadımdadır, ondan sonra Rüfəti “Cokondanın baxışları”na və ümumiyyətlə, hekayə yazmağa həvəsləndirdiyimə görə peşman deyiləm.

Uzun sözün qısası, “Adım anonim qalsın” kitabının təqdimatında iştirak edə bilmədim. Lakin özümə söz verdim ki, bu kitabın elektron versiyasını bir daha diqqətlə incələyib, öz fikirlərimi yazıya köçürəcəyəm. Ədəbi tənqidçi olmasam da uzun illərin jurnalisti və mütaliəni sevən bir oxucu kimi öz zövqümə inanıram.

Kitabı ümumilikdə bəyəndim. Esselər müəllifin müxtəlf zamanlarda yazdığı fikirlərin məcmusudur, mühakimə etməyəcəm. Özünəxas üslubda yazdığı mənsur şeirlərdə də Rüfət Əhmədzadə şairlər üçün vacib poetikliyi və yazıçılara gərəkli rasionalizmi balansda saxlaya bilib. Tənqidim hekayələr barəsində olacaq. İlk hekayədən qiymətləndirməyə başlayım. Diqqətimi bir neçə hekayə çəkdi:

“Adi səhnə” hekayəsi – bəlkə də oxuculara real görünməyən, adi süjetə malik hekayə. Qadın onunla kobud rəftarına görə ərindən boşanırdı, amma körpə qızın xatirinə ayaq saxlayır və bu qısa hekayə xoşbəxt sonluq tapır. İlk baxışda icmal primitiv görünür, deyilmi? Lakin oxucu nə istəyirdi? Əminəm ki, sonda boşanma olsaydı, daha banal bir hekayə alınardı. Müəllif bir növ fanteziyə əl atıb, öz arzularını qələmə alıb. Rüfət Əhmədzadəni yaxşı başa düşürəm: O, ŞABLON BARIŞIĞI ŞABLON AYRILIQDAN ÜSTÜN TUTUB!

Təhkiyə isə oxucunu düşünməyə vadar edir. Və körpə qızın dilindən səslənən sözlər: “Atamdan uzaqda ağlamayacam?”... Di gəl, düşünürəm ki, müəllif öz arzularını, ideyalarını tam və geniş dilə gətirməkdən “qorxub”. Bu və digər hekayələrin ilk olaraq saytlarda dərc edilməsini nəzərə alsaq, bəlkə də, oxucuları yormaq istəməyib. Amma yenə də, fəlsəfəyə daldığın halda qəfil uzaqlaşmaq yaxşı hal deyil. Daha fərqli, daha rəngarən süjet düşünməklə, mənfi rəyləri də neytrallaşdırmaq və hətta müsbətə yönəltmək mümkün idi.

“Dilənçi rus qadın” - sırtıq dilənçilərə alternativ bir obraz var burda. Utancaq, sakit bir dilənçi rus qadın. Bir qədər sevdikləri, bir qədər də cəmiyyət tərəfindən bu duruma düşüb. Ağır sosial şərtlər, ehtiyacdan böyrəyini satması, tez-tez “sponsor” dəyişən nəvəsini böyütmək üçün qatlaşdığı çətinliklər... Və qəhrəmana (müəllif qəhrəmana öz ad-soyadını verib) o nəvənin – Marinanın “daha nənəmi dilənməyə qoymayacam” deyə verdiyi söz. Nənəsinin o sözdən bir neçə ay sonra ölməsinə baxmayaraq, Marina öz sözünü tutur və fərəhlə qəhrəmana hesabat verir. Bu, insanlığın və vicdanın təsəlli nöqtəsidir. Gerçək tövbə məqamı da demək olar.

“Kəlağayı ilə striptiz” hekayəsində isə Rusiyadan Azərbaycana köçən balaca bir qızın üzləşdiyi “kəlağayı dilemması” təsvir olunur. Nənələrdən gördüyümüz dəyərlərin qutsallığı, şou-bizneslə çulğaşan cəmiyyətin “bəzək əşyası” münasibəti bu məsum qızcığazın ağlını qarışdırır... Və bu hekayə fonunda, oxucu özünün düşdüyü (salındığı) durumu beynində təhlil edir. Amma yenə də sonluq... Hekayə uzundur, lakin müəllif sanki birdən xatırlayıb ki, İnternet oxucuları uzun yazı sevmirlər. Hekayənin bitməsində tələsiklik nəzərə çarpır. Hər necə olsa da düşünməyi bacaran oxucu təhkiyədən və ideyadan nəticə çıxaracaq.

Kitabla eyniadlı “Adım anonim qalsın” hekayəsi barədə isə daha çox danışmaq, daha çox vurğulamaq istərdim. Bu hekayəni oxuduqdan sonra, müəllifin həm bu kitabla güddüyü məqsədi anladım, həm də bəzi dostlarımızın dediyi kimi, “Şahin Ağabəyliyə ithaf olunub, nə əlaqəsi var ki?” sualına cavab tapdım. Öz həyatından üç müxtəlif səhnəni dialoqlarla təsvir edən və monoloq tipli etiraflarla öz təbiətini, fikirlərini izah edən qəhrəman mənə tanış gəldi.

Bu qəhrəman həm öz tutduğu yolda usanmadan irəliləyən Rüfətdir, həm böyük arzularına və potensialına rəğmən yarıyolda dünyasını dəyişən Şahindir, həm də biz hamımızıq!

Anonim qəhrəman öz prinsipləri, öz xarakteri və öz idealları olan bir gəncdir. Amma ətraf, cəmiyyət onu sıxır, başqa ideallara səcdə etməyə çağırır. Müəllif (bəli, məhz anonim qəhrəmanın dili ilə özünü ifadə edən müəllif!) bir qədər solçudur – yuxarı təbəqə ilə isti münasibətdə deyil, bir qədər sağçıdır – azadlıq ruhunda liberal işartılar var... Digər tərəfdən isə, vətənpərvər və milliyyətçi insandır – öz ölkəsini xoşbəxt, öz xalqını mütərəqqi görmək istəyir.

Yazımı çox uzatmaq istəmirəm, amma Rüfət Əhmədzadəyə deyəcəyim odur ki, əsərlərini uzatmaqdan qorxma! Bəzi köhnə qəzetçilərin dediyi kimi, “İnternet jurnalistikanın belini qırıb”. Amma fikrimcə, bu inkişafda ən çox xəsarət alan, məhz ədəbiyyat oldu. Yazarlarımız oxucuların xətrinə qısa, yığcam və tələsik sonluqları olan hekayələr yazmağa məcbur qalıblar.

Xülasə, Rüfət Əhmədzadəyə öz hekayələrini saytlar üçün yox, məhz kitab üçün – təmkinlə, diqqətlə və tələsmədən yazmağını tövsiyə edirəm. Oxuculara isə “Adım anonim qalsın”ın anonim qəhrəmanı ilə ən yaxın zamanda tanış olmağı məsləhət görürəm!

Əlişir Əhəd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm