Dollar və neftin böyük savaşı başlayır: 2017-ci il üzrə PROQNOZ
Bizi izləyin

Hesabat

Dollar və neftin böyük savaşı başlayır: 2017-ci il üzrə PROQNOZ

2017-ci il üzrə PROQNOZ

Yola saldığımız həftə qlobal bazarların diqqəti FES-in (Federal Ehtiyatlar Sistemi) Açıq Bazar üzrə Federal Komitəsinin 2016-cı il üzrə son toplantısına yönəldi. FES gözləndiyi kimi uçot dərəcəsini 0,5-0,75% artırdı. Beləliklə son 11 ilin ikinci faiz artımı reallaşdı. Əslində ABŞ Mərkəz Bankı 4 faiz artımı planlaşdırdığı 2016-cı ili tək faiz artımıyla bağladı. Lakin bu belə bazarları silkələməyə yetdi. Rusiya Bankı (Mərkəzi Bank) isə dekabrın 16-da keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 10% səviyyəsində saxladı. Yunanıstanda kreditorlarla hökumət arasında ölkənin borc ödəmə qabiliyyətinin təmin edilməsi yönündə yaranan anlaşmazlıq siyasi və iqtisadi böhrana yol açdı. Beynəlxalq Enerji Agentliyi (EİA) 2017-ci ilin ilk yarısından dünyanın neft ehtiyatlarının 2 dəfə azala biləcəyini açıqladı.

Başlayaq FES-dən. Qurum 2006-cı ildən bu yana sadəcə, bir dəfə (2015-ci ilin dekabr) faiz artımına getmişdi. O da 2015-ci ilin dekabrında. Bu il də ənənəsinə sadiq qaldı. Artıq bazarlar üçün yeni dövrün əsası qoyuldu. Bazarlarda dollar rallisi başladı. Qərardan dərhal sonra ABŞ dollarının indeksi 0,57% möhkəmləndi və 102,32 səviyyəsində qərarlaşdı. Bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir. Valyutalara gəlincə, avro dollara nisbətən 0,3% ucuzlaşaraq 1,0503 dollar səviyyəsində müəyyənləşdi. Yaponiya valyutası olan yen isə 10 aylıq minimuma endi. Hazırda 1 dollar 117,86 yendir. Funt-sterlinq 0,28% zəifləyərək 1,2530 dollar səviyyəsində qərarlaşdı. Çin yuanının dollara nisbətən məzənnəsi 2008-ci ilin ortalarından etibarən ən aşağı həddə endi

Bildirək ki, FED ötən iclasında yalnız uçot dərəcələri ilə deyil, həm də ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlarını açıqladı. Məlum oldu ki, 2016-cı ildə ABŞ iqtisadiyyatında vəziyyət gözlənildiyindən yaxşı olub. ÜDM-in artımı 1,8 fazidən 1,9 faizə, inflyasiya 1,3 faizdən 1,5 faizə qalxır, işsizlik isə 4,8 faizdən 4,7 faizə enib. Eyni zamanda FED-in açıqladığı proqnozlara görə, 2017-ci ildə ABŞ iqtisadiyyatı üçün müvafiq göstəricilər üzrə ÜDM-də artım 2,1 faiz, inflyasiya 1,9 faiz, işsizik isə 4,5 faiz olacaq. 2018-ci ildə isə ÜDM 2 faiz, işsizlik 4,5 faiz, inflyasiya isə 2 faiz olacaq.

Rusiya Bankı (Mərkəzi Bank) da ötən həftə toplandı. Bankın iclasında gözlənildiyi kimi uçot dərəcəsi dəyişdirilməyərək 10% səviyyəsində saxlandı. Rusiya Bankı tərəfindən verilən açıqlamaya əsasən, Direktorlar Şurası inflyasiya və iqtisadi fəallığı ümumən proqnozlara uyğun hesab edib, inflyasiya risklərinin bir qədər azaldığını qeyd edib:"İstehlak qiymətlərində artım tempinin yavaşlaması əsasən mövsümi amillərlə bağlıdır və inflyasiya gözləntilərinin düşməsi dayanıqlı sayılmır. Uçot dərəcəsinin dəyişdirilməməsi və sərt pul-kredit siyasətinin davam etdirilməsi 2017-ci ilin sonuna qədər inflyasiyanı 4% hədəfinə yaxınlaşdıracaq".

Rusiya Bankının rəhbəri Elvira Nabiullina uçot dərəcəsini ancaq 2017-ci ilin I və ya II rübündə azaldıla biləcəklərini bildirib. O həmçinin, Mərkəzi Bankın öz siyasətində dəyişikliklərə ehtiyatla yanaşdığını və həddindən artıq nikbinliyin səhvlərə gətirib çıxara biləcəyini qeyd edib.

Yunanıstan kreditorlarla hökumət arasında ölkənin borc ödəmə qabiliyyətinin təmin edilməsi məsələsində yaranan anlaşmazlıq səbəbindən yenidən siyasi və iqtisadi böhranla üzləşib. Dekabrın 14-də avropalı kreditorlar durğunluq və işsizlikdən əziyyət çəkən Yunanıstana 45 mlrd. avro (47,7 mlrd. ABŞ dolları) həcmində kreditin verilməsindən imtina ediblər. Buna səbəb Yunanıstan hökumətinin pensiyaçılara birdəfəlik yardımın ödənilməsi təklifi olub.

Kredit tranşnın ləğv edilməsi Yunanıstanda yeni borc böhranının başlamasına səbəb ola bilər. Bu da öz növbəsində ölkənin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə xələl gətirə bilər.

Yeri gəlmişkən, ləğv olunan kredit tranşı bankların likvidliyinin artırılması üçün nəzərdə tutulub. Tranşın ləğvindən sonra Afina birjası 3% azalıb, Yunanıstan dövlətinin 10 illik istiqrazlarının gəlirliliyi isə 4% bahalaşıb.

İtaliyanda isə bank sektorunda yaranmış böhran qısamüddətli perspektivdə daha da ağırlaşa bilər. Avropa Komissiyası sədrinin keçmiş müşaviri, britaniyalı ekspert Filip Leqranın (Philippe Legrand) sözlərinə görə, İtaliyada bank böhranı avropadakı sabitliyə təhlükə yarada bilər. Uzunmüddətli perspektivdə isə İtaliya Avropa İttifaqını (Aİ) tərk edərək avronun gələcəyini şübhə altına qoya bilər. O, İtaliyadakı islahatlar paketi ilə bağlı referendumun dəstəklənməməsi nəticəsində istefa verən Baş nazir Mario Renzidən sonra 2018-ci ildə gözlənilən seçkilərin daha tez, yəni 2017-ci ilin yayına qədər keçirilməsini ehtimal edir. Bu seçkilərdə isə avro pul vahidinə qarşı çıxış edən siyasi partiyaların qələbə qazanacağı proqnozlaşdırılır. Belə olarsa, İtaliyanın maliyyə vəziyyəti gözlənilməyən istiqamətdə hərəkət edə bilər.

Neftdən də xəbər var. Beynəlxalq Energetika Agentliyinin (EİA) proqnozlarına görə, 2017-ci ilin ilk yarısından dünyanın neft ehtiyatları 2 dəfə azala bilər. Bildirilir ki, neft ehtiyatlarının azalması ancaq OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq. Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.

Məlum olur ki, Vyana razılaşmasına əməl olunmaması ilə bağlı risklər də böyükdür. OPEC üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEC ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib. Razılaşmaya tam əməl olunarsa EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq.

Bu arada, "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi (S&P) də 2017-ci il üçün neftin qiyməti üzrə proqnozlarını yaxşılaşdıraraq bir barelə görə 45 dollardan 50 dollara qaldırıb.

Kredit agentliyinin bəyanatına əsasən OPEC üzvlərinin neft hasilatının sutkada 1,2 milyon barel azaldılması, həmçinin qeyri-üzv ölkələr ilə isə hasilatın sutkada 558 min barel azaldılması barədə razılığın əldə olunmasından sonra neftin qiyməti üzrə proqnozumuza yenidən baxılıb. OPEC-in bəyanatına bilavasitə reaksiya hazırda qiymətləndirmə üçün aşağı hədd müəyyənləşdirən cari qiymətlərin sıçraması olub.

OPEC isə dekabr ayı üzrə hesabatında bildirib ki, OPEC və digər neft hasil edən ölkələr arasında hasilatın azaldılması ilə bağlı razılığın əldə olunması neft bazarında tarazlığı ancaq 2017-i ilin II yarısında təmin edəcək. Qeyd olunub ki, OPEC neftinə tələb 2017-ci ildə 32,6 mln. barel/gün təşkil edəcək. Bu, 2016-cı ildə olan orta günlük tələbdən 700 min barel çox olacaq.

Həmçinin hesabatda 2016-cı ilə olan neft tələbinin əvvəlki proqnoza görə gündəlik 10 min barel və 2015-ci il ilə müqayisədə 1,24 mln. barel artırılıb. Bundan əlavə, 2016-cı ildə neftə olan tələb də əvvəlki proqnozla müqayisədə 10 min barel artırılaraq 94,41 mln. barel/günə çatdırılıb. OPEC 2017-ci il üçün neftə tələb artımı üzrə proqnozunu bir əvvəlki ilə nəzərən 1,15 mln. barel/gün, məcmu tələb üzrə proqnozunu isə 10 min barel/gün artıraraq 95,56 mln. barel/gün olaraq təsdiqləyib.

İş dünyası

Neftin qiymətində yaşanan qiymət artımı təbii qaza təsir göstərəcək. Bunu Rusiyanın enerji şirkəti “Qazprom”un rəhbəri Aleksey Miller deyib. O bildirib ki, gələn ilin ilk rübündə Avropaya ixrac edəcəkləri təbii qaz qiymətini 2016-cı illə müqayisədə qaldıracaqlar:"Son illərdə bazarda qazın qiyməti müqavilələrdəki qiymətdən daha yüksək olub. Neftin qiymətindəki yuxarı istiqamətli trend təbii qaz qiymətində də əks olunacaq".Ukraynadan keçməklə Avropaya satılan təbii qaza gəlincə, Miller deyib ki, qışda Avropa və Türkiyəyə satılan qazın təhcizatında əhəmiyyətli risklər var.

Qeyd edək ki, Rusiya Avropanın təbii qaza olan ehtiyacının təxminən 15, Türkiyənin isə təxminən 30 faizini Ukraynadan keçən boru xəttləriylə satır.

Norveçin "Statoil" şirkəti Kanadanın neftli qumlarının işlənməsi üzrə layihələri tərk edir və öz aktivlərini "Athabasca Oil" şirkətinə satır."The Wall Street Journal" nəşrinin yazdığına görə, neft-qaz şirkəti bu aktivlərin satışından dəyən ziyanı 500-550 milyon dollar məbləğində qiymətləndirir. Təxminən iki il bundan əvvəl şirkət səmərəliliyi ilə bağlı narahatlıq üzündən neftli qumların işlənməsi üzrə iri layihənin inkişaf planlarını ləğv edib.

Gəldik çıxdıq öz ölkəmizə…

Yola saldığımız həftə uzun müzakirələrdən sonra 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin plenar iclasında səsə qoyularaq təsdiqləndi. Maliyyə naziri Samir Şərifovun sözlərindən bəlli oldu ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib:"Bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur. Həmçinin, MM-in saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcə yığcamlaşması nəzərə alınaraq Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik və Fonda əlavə vəsait ayrılması düzgün hesab edilmir". Bildirək ki, 2017-ci il dövlət büdcəsində

Azərbaycanda gələn il üçün yaşayış minimumu 155 manat, ehtiyac meyarı 116 manat nəzərdə tutulub. 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% çoxdur.

Qeyd edək ki, dəyişikliklər nəzərə alınmaqla, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri 16,904 mlrd. manat həcmində təsdiqlənib.

ARDNF-dən dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1,515 mlrd. manat və ya 19,9% azdır.

Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar/barel səviyyəsində nəzərdə tutulub.

Milli Məclis Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini də təsdiqlədi. Dəyişikliklərə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər. Buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı və quş ətinin satışı 2017-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək. Həmçinin, Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması nəzərdə tutulur.

Vergilər Məcəlləsinə yeni maddənin əlavə edilməsi ilə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilib.

Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər üçün 10 manat, naqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm