Sovet İttifaqı Qəhrəmanının nəvəsinin acı hekayəti… - MƏRHƏMƏT
Bizi izləyin

Sovet sirləri

Sovet İttifaqı Qəhrəmanının nəvəsinin acı hekayəti… - MƏRHƏMƏT

Bir neçə gün öncə redaksiyamıza Tovuz şəhər sakini, 37 yaşlı Aqşin Musayev tərəfindən daxil olan müraciət bizi möhkəm təsirləndirdi. Müraciətdə övladının ağır xəstə olduğunu və müalicə etdirmək üçün heç bir imkanı olmadığını yazan ata uşağın həyatını xilas etmək üçün ona heç kim tərəfindən yardım edilmədiyini yazırdı. Əməkdaşımız müraciət əsasında məktub sahibi ilə görüşüb.

Böyük qəhrəmanların kiçik nəvəsi köməksizcəsinə ölümlə çarpışır

37 yaşlı Aqşin Musayevlə açıq kafelərin birində görüşüb söhbətə başladıq. Müsahibimiz işsiz olduğunu və imkansız şəraitdə yaşadığını bildirdi. Dediyinə görə, ikinci övladı anadangəlmə ürək qüsuru ilə (parok) doğulub. 9 yaşlı Ülfət Musayev 1 ildən artıqdır daha da şiddətlənən xəstəliyin pəncəsindədir. Ata övladının həyatının risk altında olmasından narahatdır.

Övladının müalicəsi üçün olan-olmazını, evinin bütün dəyərli əşyalarını satdığını deyən Aqşin Musayev bunun bir xeyri olmadığını deyir. Uşağın sağalması üçün daha çox vəsaitə və daha yaxşı müalicəyə ehtiyacı var. Lakin balaca Ülfəti nə müalicə edən var, nə də atasını adi fəhlə işinə götürən.

Qeyd edək ki, Aqşin Musayev Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin nəvəsidir. Mərdan Musayevin büstü 2 digər tovuzlu Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı Tovuz şəhərindəki Qəhrəmanlar Parkında ucalır, şəhərdə adına küçə də və rayonda digər obyektlər də var.

Mərdan Musayevin böyük qardaşı Şahinalı isə Türkiyənin xalq qəhrəmanıdır. Türkiyədə Aynalı adı ilə tanınan Şahinalı kişi Qurtuluş Savaşında böyük qəhrəmanlıqlar göstərib və Çanaqqala uğrunda döyüşlərdə ad çıxarıb. Bu qəhrəmanlığına görə Mustafa Kamal Atatürk tərəfindən xüsusi mükafata layiq görülüb.

“Oğlumun müalicəsinə gücüm çatmır deyə özümü bağışlaya bilmirəm”

Aqşin Musayevin sözlərinə görə, həkimlər deyib ki, müalicəni davamlı etdirməlisən: “Buna xeyli pul lazımdır. Nə mən, nə də həyat yoldaşım işləmirik, ayda 100 manat sosial yardım alıram. Bu pul Ülfətin ən adi dərmanlarının pulunu ödəmir, nəinki ailəmizin ehtiyacını.

Ötən il bu məsələni mətbuatda yazdılar, ondan sonra Neft Şirkətindən maraqlandılar və məni şirkətin Boru İzolyasiya zavoduna işə götürdülər. Aldığım maaşla uşağın müalicəsini birtəhər aparırdıq. Lakin 2 həftə qabaq işlədiyim layihə başa çatdı, yeni layihəyə isə məni işə götürmədilər. Halbuki mən ən intizamlı içşi olmuşam, planı artıqlaması ilə yerinə yetirmişəm. Kimin adamı var idisə, onu saxladılar, amma ən yaxşı işçiləri çıxardılar.

Zavodun müdiri Azər İsayevə müraciət etdim ki, bəs uşaq ağır vəziyyətdədir, xahiş edirəm mənə ən ağır fəhlə işi belə olsa verin, müalicəsini etdirim, məni heç dinləmək də istəmədi, dedi ki, gələcəkdə lazım olsan, özümüz çağıracağıq.

Oğlumdakı ürək qüsuru elə-belə xəstəlik deyil, buna “parok” da deyirlər. Müalicə almazsa, sonu yaxşı olmayacaq. Son bir həftədə 2 dəfə ürəyi tutub, hər ikisində huşunu itirib, 3 gün əvvəl həyətdə özündən gedib yıxılıb və qolu çıxıb. Son günlərdə tez-tez ürəkkeçməsi olur. İndi elə vəziyyətdədir ki, ona hər baxanda özümü bağışlamıram ki, onu müalicə etdirməyə imkanım yetmir.

Onun kiçik vücudunda döyünən böyük ürəyi dayanmağa qoymayaq...

Ötən il mətbuatda bu haqda yazılanda Türkiyənin ATV və Kanal D televiziyalarından dəvət gəldi ki, gəlin televiziyaya çıxardaq sizi, yardım kampaniyası başladaq. Ülfət eşidəndə razı olmadı, dedi, mən öz vətənimi, xalqımı başqa ölkədə biabır edə bilmərəm, ölsəm bundan yaxşıdır...

Bu boyda ölkədə buna imkan yoxdur məgər? Yoxdursa, onda mən məcburam, Rusiya, Türkiyə və Ukrayna səfirliklərinə müraciət edim, bəlkə onlar kömək edərlər. Bunu istəməzdim, amma məcburam, uşağım gözümün qabağında əldən gedir...”

Qeyd edək ki, söhbət elə də böyük pullardan getmir, cəmi bir neçə min manatdan, ya da müalicəni davam etdirmək üçün atasının aylıq azı 500 manatlıq işə düzəldilməsindən gedir.

Aqşin son ümid kimi üzünü mətbuata tutub: “Bütün media əhlinə qapım açıqdır, gəlsinlər özləri evimə, şəraitimə və oğlumun durumuna baxsınlar. Babalarımız bu millətin, bu vətənin uğrunda canlarını fəda edib, amma indi onun nəvələrini nə müalicə edirlər, nə də adi fəhlə işi belə vermirlər. Babaları böyük qəhrəmanlar olan bu uşaq da böyüyüb bir gün Vətən üçün canını fəda edə bilər”.

Aqşinə təsəlli verərək ondan ayrıldıq: “Bu ölkə, bu millət sahibsiz deyil, Ülfətə sahib çıxan tapılacaq” deyə ümidləndirdik. Gerçəkdən babaları bu xalq, bu vətən uğrunda qəhrəmancasına can qoyan insanların nəvəsinə qayğı göstərməklə onların borcundan bəlkə də çıxa bilərik.

Balaca Ülfəti sağaltmaq çətin deyil, çətin olan sadəcə insanlıqdır. İnsanlıq hələ də ölməyibsə, gəlin onun kiçik vücudunda döyünən böyük ürəyi dayanmağa qoymayaq...

P.S. Aqşinlə söhbətimizdə qəhrəman babalarının fotosunu istədik - Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin fotosunu gətirdi, digərini isə göndərəcəyinə söz verdi. Sonra zəng vurdu: “Yaxın qohumumda qalmışdı şəkli, nə qədər yalvardım, amma fotunun surətini götürməyə də imkan vermədilər” dedi...

Publika.Az

Elçin Bayramlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm