Xüsusi
İtaliyalı aşpaz qadınlarımız haqqında: "Sizə bir sirr açım, bu mənim xoşuma gəlir..."
İtaliyanı sevmək üçün nə qədər səbəbimiz var? Qüdrətli mədəniyyət, şeirə bənzər axıcı dil, əsrarəngiz təbiət, möhtəşəm şəhərlər, illərdir zövqümüzü formalaşdıran əvəzsiz musiqi, dünyaya səs salan peşəkar kinematoqrafiya, gözəl ayaqqabılar, zəngin brendlər siyahısı, sevimli pizza, İtaliya dadında dondurmalar və sair və ilaxır...
İtaliyalı müsahibimiz, peşəkar aşpaz Covanni Tavolaro ilə bütün bu mövzulara toxunmağa çalışdıq.
Covanni bizi əsl italyan kişisinə xas alicənablıq və istiqanlılıqla qarşıladı.
- Covanni, neçə ildir Bakıdasınız?
- Artıq 4 ildir ki, Azərbaycandayam. Bu müddət ərzində bir neçə restoranda çalışmışam. Hər birində əsl İtaliya abı-havası yaratmağa səy göstərmişəm ki, insanlar mədəniyyətimiz və mətbəximizlə tanış ola bilsinlər. Düşünün, onlar bura gəlib, pul xərcləyirlər, qarşılığında isə əsl italyan xörəkləri dadmaq istəyirlər. Mən millətimin nümayəndəsi olaraq, bu imkanı öz müştərimə qazandırmıramsa, peşəkarlıqdan söhbət gedə bilməz.
- Peşəkarlıqdan söz düşmüşkən, aşpazlıqla nə vaxtdan məşğul olursunuz?
- İndi 36 yaşım var. 15 ildən çoxdur ki, bu peşədəyəm. Bu günədək Londonda, Nyu Yorkda, Almaniyanın bir neçə şəhərində, Kiyevdə və digər şəhərlərin ən mötəbər 1-2-3 Mişlen ulduzlu restotanlarında çalımışam. Hətta öz mişlenimi almışam. Bu bir aşpaz üçün çox böyük nailiyyətdir. Son dayanacağım Bakıdır.
- Azərbaycanla İtaliyanın fərqli və oxşar cəhətlərini sadalaya bilərsinizmi? Şəxsən mən düşünürəm ki, biz həm zahirən, həm də xaraktercə oxşar millətlərik.
- Öncə sizə doğulduğum şəhərdən danışım. Mən Neapol yaxınlığında Viko Ekuens adlı kiçik kurort şəhərində anadan olmuşam. Neapol İtaliyanın cənubunda yerləşir. Bura günəşli ərazidir və bir zamanlar ərəblər yaşadığı üçün hələ də onların təsiri hiss olunur. Odur ki, insanlar daha istiqanlıdırlar, ailə dəyərlərini hər şeydən öndə tuturlar. Şimala qalxdıqca isə vəziyyət dəyişir. Burada əsl Avropanı görürsünüz. Daha çox almanlar, fransızlar və s. xalqlar yaşayırlar. İnsanlar azad münasibətlərə üstünlük verir, daha soyuqqanlı olurlar. Bakıda uzun müddət qalmağımın səbəbi bəlkə də budur. Uşaqlığımı, doğma şəhərimi xatırladır mənə...
- İtaliya haqda danışdıq, bəs şəhərlərinə qısa xarakteristika verə bilərsiniz? Məsələn, mən ən çox Romanı sevirəm. Çünki insan bu şəhəri gəzdikcə gəzmək istəyir. Bir sözlə açıq havada muzeydir Roma...
- Doğru deyirsiniz, Roma İtaliyanın mədəniyyət beşiyidir. Bu şəhərdə daha çox qədim tikililər, hər daşında bir tarix yatan binalara rast gəlirsiniz. Milan isə İtaliyanın ticarət paytaxtıdır. Tanıdığınız dünya şöhrətli brendlərin, markaların vətənidir. Bütün qüdrətli şirkətlərin binası burada yerləşir. Venesiya romantikanı və qeyri-adiliyi sevənlərin seçimidir. Bu siyahını davam etdirsəm, söhbət etməyə zamanımız qalmaz...
- Milli mətbəxinizin şöhrəti dünyaya yayılıb...
- İtaliyanın mətbəxi olduqca zəngindir. Əsrlər boyu yeməklərimizin reseptləri təhrifə uğrasa da, xörəklərimizin tərkibinə dəyişiklik edilsə də, bu faktlar “İtaliya mətbəxi” anlayışına xələl gətirməyib. Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada italyan restoranına rast gəlməyəsiniz.
- Bəs Azərbaycandakı italyan restoranlarının keyfiyyəti hansı səviyyədədir?
- Səmimi etiraf edəcəm. Burada bizim mətbəximizdə rast gəlinməyən bir sıra pizza növləri var. İstifadə olunan undan tutmuş, pendirin tərkibinədək ürəyimcə olmur. Bugünlərdə çox məşhur bir otelin italyan restoranında oldum. Parmezan pendirini dadanda anladım ki, bu İtaliyadan gəlməyib, onlara iradımı bildirəndə söhbətdən qaçmağa çalışdılar. Mozarella və digər pendirlərdən tutmuş, mətbəximizə aid sosulara qədər hər şey çox vaxt təhrif olunur. Siz onları yeyib, deyə bilməzsiniz ki, mən bu gün İtaliya mətbəxindən hansısa xörəyi daddım. Düşünürəm ki, bu müştəriyə qarşı hörmətsizlikdir. Axı o bunun üçün pul və zaman sərf edir.
- Yeri gəlmişkən, bu sualı hər zaman italiyalı tanışlarıma verirəm. Sizdən isə peşəkar kimi səbəbini soruşacam. Bu qədər xəmir xörəkləri yeyib, necə formada qalırsınız?
- Sizə qısa izahat verəcəm. Mən Azərbaycanda spagetti, makaron və digər xəmir məmulatları yeyəndə çəki artımı hiss edirəm. Səbəb unun keyfiyyətindədir. Bu məhsullar keyfiyyətsiz undan hazırlanarsa, köpə, qəbizliyə səbəb olar. Metobolizm sisteminin pozulması isə birbaşa artıq kilolar, narahatlıq deməkdir. Biz bütün xörəklərimizi keyfiyyətli ərzaqlardan və undan hazırlayırıq. Çünki keyfiyyətli qida, uzun ömür, sağlam həyat deməkdir.
- İradlarınıza şərikəm. Bəs bizim milli xörəklərimiz haqda nə düşünürsüz?
- Azərbaycanın çox zəngin, rəngarəng, eləcə də kalorili mətbəxi var. Bəzi xalqlar sadəcə əti yaxşı hazırlayır, digərləri düyünü, bir başqaları isə tərəvəzləri. Azərbaycan mətbəxində isə bu ərzaqların hamısı yüksək peşəkarlıqla bişirilir. Yeməkləriniz fars mətbəxinə daha yaxındır. Lakin SSRİ-nin tərkibində uzun illər yaşadığınız üçün kotlet, borş, qarabaşaq, mayonezli salatlar və digər yeməklərin də öhdəsindən ustalıqla gəlirsiniz. Bundan əlavə, bölgələrinizin xörəkləri də bir-birindən tam fərqlənir. Düşbərə, piti, plovlar, bunların hamısı hər bir ərazidə özünəxas şəkildə hazırlanır.
- Buna mətbəxdə tolerantlıq deyə bilərikmi?
- Ümumiyyətlə tolerantlıq sizin mədəniyyətinizə xasdır. Burada müxtəlif dindən, millətdən olan insanlar eyni hüquqlara sahibdirlər. Sırf bir dinin qaydalarına uyğun yaşamırsınız. İnsanlar daha azaddır, həm geyimdə, həm seçimlərində. Digər müsəlman ölkələrinə baxın. Məsələn, ərəb ölkələri olduqca zəngindirlər. Lakin bir neçə qadın bir kişi ilə ailəlidir. Onların çox vaxt təhsil almaq, işləmək hüquqları belə olmur. Bu baxımdan azərbaycanlılar çox şanslıdırlar.
- Bəs gənclərimiz haqda təəssüratlarınız necədir?
- Düşünürəm ki, gəncləriniz öz imkanlarının fərqində deyillər. Məsələn, bu restoranda çalışanların çoxu 22-25 yaş arası cavanlardır. Onlar pulsuzluqdan, işlərin çoxluğundan şikayətlənirlər. Həyatda bir şeyə nail olmaq istəyirsinizsə, mütləq durmadan çalışmalısınız. Mənim 36 yaşım var artıq. 15 ildən çoxdur ki, gün ərzində ən az 15 saat işləyirəm. Nail olduğum uğurun əsas səbəbi də budur. Azərbaycan gəncləri bir az tənbəldirlər, onlar arzularının dalınca getməkdən qorxurlar. Məsələn, elə götürək idmanı. Mən azərbaycanlı dostlarıma deyirəm ki, gəlin, mütəmadi idmanla məşğul olaq. Cavab verirlər ki, axı, idman salonuna getməyə pulumuz yoxdur.
Dənizkənarı parkda qaçmaq üçün pul tələb olunmur... Mən hər zaman onlara deyirəm: sevdiyiniz işi görün, fəal olun, həyatdan istədiyinizi alanadək sakitləşməyin. O zaman uğur mütləq sizin olacaq.
- Covanni, bir az da şəxsi həyatınızdan bəhs edək. Azərbaycanın məşhur radio aparıcısı Sevda Güləhmədova ailəlisiniz. Azərbaycanlı qadının həyat yoldaşı olmaq nə dərəcədə çətin və məsuliyyətlidir?
- Mən bu yaşımadək təkbaşına qərar verib, ölkəmi, işimi, həyatımı bir anda dəyişəcək qədər azad insan olmuşam. Sevda ilə tanış olanda da onu bundan xəbərdar etdim. Tam səmimi danışdım. O da sağ olsun, məni anladı. Bəzən eyni dilə, dinə, millətə məxsus olduğun qadın ilə dil tapa bilmirsən. Biz isə bütün bu sərhədləri aşıb, ailə qurduq.
- Azərbaycan qadını... Fikrimi tamamlayın, lütfən...
- Qayğıkeşdir, özünə sevgi və qayğı tələb edəndir, qısqancdır. Məsələn, Avropa ölkələrində kişilər bəzən görüşdükləri xanımın diqqətsizliyindən şikayətlənirlər. Almaniyada çalışdığım illərdə dostlarım bəzən deyirdilər ki, bax, 3 gün tamam olub, amma sevgilim hələ də məni axtarmayıb. Azərbaycanda isə bunun tam əksidir. Mən bəzən bütün gün işləmək məcburiyyətində oluram, lakin bilirəm ki, xanımım evdə məni gözləyəcək. Lakin əvvəlki azad həyatımla vidalaşmışam. Sizə bir sirr açım, bu hətta mənim xoşuma gəlir.
- Bizdə adətən gənclər ailə qurandan sonra xarici görkəmlərinə az diqqət ayırırlar, bəzən isə sürətlə kökəlməyə başlayırlar. İtaliyada vəziyyət necədir?
- Şimali İtaliyada insanlar öz xarici görkəmlərinə daha çox önəm verirlər. Böyüdüyüm Neapolda isə tam əksidir. Burada gənclər evlənən kimi qarınları da şişməyə başlayır. Bir sözlə, bu cəhətdən də bənzəyirik.
- Düşünürəm ki, yemək hazırlamaq bir incəsənət növüdür. Əsl aşpaz öz işinə nəinki əl hərarətini, eləcə də ürək döyüntülərini qatmalıdır. Başqa cür hazırlanan xörək ləzzətli olmur. Bəs 15 saat bu tempdə çalışandan sonra həyat yoldaşınıza zaman ayıra bilirsinizmi?
- Mən onu diqqətsiz qoymamağa çalışıram, bəzən çox çətin olur. Amma daha öncə də qeyd etdiyim kimi həyatında səni daim sevən bir qadının olması xoşbəxtlikdir.
- Hələlik Bakıdasınız. Yeni macəralar axtarışı ilə ölkəni tərk etməyi düşünmürsünüz?
- Bakını sevirəm. Ən çox da bilirsiniz nəyini? Bu şəhər təhlükəsizdir. Mən işdən çox gec çıxıram. Bəzən tıxac zamanı evə metro ilə dönürəm. Bulvarda gəzişirəm. Gecə saat 2-də çox vaxt ailələr gəzintiyə çıxırlar. İnsanlar işdən evə dönürlər və heç biri “indi partlayış baş verər” deyə qorxmurlar. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri, əhəmiyyətli meqapolisləri çox acınacaqlı vəziyyətdədirlər. Təsəvvür edin ki, gecə saatlarında London və ya Parisin küçələri ilə gəzişirsiniz. Bu mümkün deyil. Bakı isə bu baxımdan ideal şəhərdir. Terrordan uzaq sakit məkandır. Digər problemlər isə vaxt keçdikcə öz həllini tapacaq.
- Covanni, bir neçə saatlıq da olsa mənə İtaliyaya yenidən səfər etmək imkanı qazandırdığınız üçün təşəkkür edirəm.
- Çao!
Leyla Sarabi
Fotoqraf: Elnur Muxtar
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...