Azərbaycanda atası tərəfindən zorlanan, uşaq yaşda hamilə qalan qızlar və... - DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Xüsusi

Azərbaycanda atası tərəfindən zorlanan, uşaq yaşda hamilə qalan qızlar və... - DƏHŞƏTLİ FAKTLAR

Bir müddət əvvəl xəbər saytları, sosial şəbəkələr bir-birinin ardınca azyaşlı qız uşaqlarının zorlanması ilə bağlı xəbərlər tirajlayırdı. Oxuduqca insanın qanı donurdu. Fikirləşirdin ki, bəlkə hadisələr yanlış təsvir edilib. Lakin biz inanmaq istəmədikcə acı həqiqətlər daha geniş təfərrüatları ilə təqdim olunurdu. Bəli, bu yaxınlarda müxtəlif rayonlarda 12-14 yaşlı qız uşaqlarının zorakalığa məruz qaldığı 15-ə yaxın dəhşətli hadisə haqqında məlumat yayıldı. Onların hər biri bənzər zorakılığın qurbanı oldular. Əfsuslar ki, qızlardan biri öz doğma atası tərəfindən təcavüzə məruz qalmışdı. Uşaqların hüquqlarını qorumaq hər birimizin borcu olsa da, təəssüf ki, bəzən başqa mənzərə ilə rastlaşırıq. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çoxsaylı işlər görülsə də, hələ də ölkədə uşaqlara qarşı zorakılıq faktları davam edir.

Bu yaxınlarda Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı yayılan son məlumat isə məsələni daha da alovlandırdı. 7-ci sinif şagirdinin zorlanması və dörd aylıq hamilə olması, hadisənin sosial media üzərindən işıqlandırılması və aidiyyəti qurumlara məlumat verilməsinə baxmayaraq, qızın atasının cavabı hər kəsi şoka salmışdı. Təcavüzə məruz qalan 13 yaşlı qızın atası "Qızım mən nə desəm, onu edəcək. Mənim ailəmə qarışmayın", - dedi.

Ata öz qızını anadan olandan onu zorlayan şəxsə “beşik kəsdi” edib və adətlərə uyğun olaraq öz qızını həmin şəxsə verəcəyini bildirdi. Onu da qeyd etdi ki, Lerikdə qız oğlanı sevsin, oğlan qızı sevsin, deyə adət yoxdur. Valideyn kimə istəsə, qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Yəni o qızın artıq heç bir seçim hüququ yoxdur. Başqa sözlə, desək, belə çıxır ki, 13 yaşlı qız dünyaya gələn kimi öz valideynləri tərəfindən tanımadığı bir insana “satılıb”.

Bəs qanun? Uşaqların tapdanmış hüquqlarını kim müdafiə etməlidir? 13 yaşlı qızın 4 aylıq hamilə olması heç kimi narahat etmirmi? Ölkə qanunlarına görə, yetkinlik yaşına çatmamış şəxslərin ailə qurması qadağandır. Eyni zamanda, Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmək kimi möhkəm ənənələr mövcuddur ki, bu da şübhəsiz bizim ən önəmli xüsusiyyətlərindəndir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır, daha irəli getsək, öldürülürlər və daha nələr, nələr...

Baş verən hadisələrdə uşaqların hüquqlarının, onların psixoloji durumlarının qorunması önəmli məqamlardandır.

Publika.az olaraq bu məsələyə hüquqi müstəvidə aydınlıq gətirməyə çalışdıq.

Vəkil Elmar Süleymanov Publika.az-a açıqlamasında bildirdi ki, azyaşlılara qarşı təcavüz halları təsdiqlənərsə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən, Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Daxili İşlər Nazirliyi,Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalar və s. qurumlar nəzərdə tutulur. Qanunvericilik bütün mövzularda hüquqların müdafiəsini tənzimləyir. Sadəcə vətəndaşlar öz hüquqlarını bilmədikləri üçün bu kimi problemlərin qurbanı olurlar. Bundan başqa, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yeri müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. Əks halda bu bəndlərə riayət etməyən şəxslər qanun qarşısında cavab verməlidir”.

Vəkil qeyd edir ki, zorlama faktı varsa, valideynin fikirləri deyil, uşağın fikirləri əsas götürülür:

“Əgər azyaşlı uşaqlara qarşı zorakılıq faktı təsdiqini taparsa, müvafiq orqanlar tərəfindən azyaşlının öz qərarı önəmlidir. Belə ki, qanunla valideynlərin borcu yetkinlik yaşına qədər uşaqların hüquqlarını təmsil etməkdir. Əgər valideyn bu hüquququndan sui-istifadə edirsə, o zaman məsuliyyətə cəlb edilə bilər. Sırf təcavüzdən söhbət gedirsə, burada cinayət tərkibi var. Bu halda valideynin şikayətçi olub-olmaması heç bir əsas daşımır. Fakt hərtərəfli araşdırılmalı və hüquqi qərar verilməlidir. Faktla bağlı cinayət işi açılır, araşdırma gedir. Cinayət məcəlləsinin 149-cu maddəsinə əsasən, şəxsin (qadının) iradəsindən kənar onunla cinsi əlaqəyə girməyə məcbur edən şəxsləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Psixoloqlar isə deyir ki, xarici mətbuatda oxuduğumuz, filmlərdə izlədiyimiz hadisələr bu gün cəmiyyətimizdə tərənnüm etməkdədir.

Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva mövzu ilə bağlı bildirib ki, son illərdə ölkədə bu problemlərin artması bizi olduqca narahat edir:

“Bir insanın cinsi istismara məruz qalması həyatında ala biləcəyi ən ağır travmalardan biridir. Hansı ki, bunun izləri uzun illər insanlara çox ciddi problemlər yaşada bilər. Burada yaş faktoru artıq ikinci plana düşür. Zorakılığın, cinsi istismarın qurbanı olan şəxs cəmiyyətdə insanlarla münasibətində problemlər yaşayır. Əks cinsə qarşı münasibətini tənzimləyə bilməyən, özünə qarşı olan güvənini itirən bu insanlar təəssüf ki, son olaraq intihara əl atır. Çox təəssüf edirəm ki, insanlarımız bu cür hallarda mentaliteti qanundan üstün tutaraq təcavüz edəni deyil, təcavüzə məruz qalan şəxsi təhlil edirlər. Sanki günahı o insanda axtarmağa çalışırlar. Bu, isə doğru deyil. Diqqət etsəniz, hadisəni müzakirə edən şəxslər söyləyir ki, olay baş veribsə, yəqin ki, buna səbəbiyyət verilib. Cəmiyyətdə qadına qarşı münasibət düzgün formalaşmadığı üçün 12, 13, 14 yaşlı uşaqların dünyası onsuz da dağılmış olur. Üstəgəl bu hadisələrin üstünü örtməyə çalışmaqla həm ətrafdakı insanların bu cür cinayətləri təkrar etməsinə rəvac yaradırlar, həm də o insanların ömür boyu zülm çəkməsinə göz yumurlar”.

Psixoloq deyir ki, zorakılıq qurbanı olmuş qadın ailəsindən dəstək görməyəcəyini bildiyi üçün ya susur, ya da özünü öldürür:

“Təcavüzə məruz qalan azyaşlı uşaqlar, yeniyetmələr və müxtəlif yaş qrupunda olan insanlar ailələrindən dəstək ala bilməyəcəklərini bilirlər. Artıq cəmiyyətin bu kimi hadisələrə mövqeyi bəllidir. Onlar təkrar-təkrar şiddət görməkdən qorxduqları üçün susurlar. Onlar susduqca, bu hadisələri törədən şəxslərin sayı da artır. Yaxşı olardı ki, valideynlər uşaqlarını bu istiqamətdə maarifləndirsinlər. Bu kimi hallarla qarşı-qarşıya qalan azyaşlı uşaqlar özlərini necə müdafiə etmək lazım olduğunu bilməlidirlər. Onlara, xüsusilə də qızlara insanları özlərinə hansı məsafəyə qədər yaxın buraxmaq lazım olduğu izah edilməlidir”.

Azyaşlı qızların doğma ataları, qardaşları, yaxın qohumları tərəfindən zorlandığına dair faktlara münasibət bildirən psixoloq, onların reablitasiyasının çox daha çətin olduğunu diqqətə çatdırıb:

“Bəzən oxuyuram ki, ata öz qızını zorladı. Bu hallarda insanlar hüquq mühafizə orqanlarına müraciət etmək yerinə, hadisənin üstünü örtmək məqsədilə uşağı ailə yaxınlarından biri ilə evləndirməyə cəhd edirlər. Və ya əksinə uşağa təcavüz edən şəxs cəzadan yayınmaq üçün ailəsinə qızı alacağını deyir və məsələ bağlanır. İnsanlar düşünür ki, bu yolla namus təmizlənir. Övladlarını ömür boyu ağır işgəncələrə məhkum etdiklərinin fərqinə varmırlar. Yaxşı olardı ki, həmin şəxsi psixoloq müalicəsinə aparsınlar. Mütəxəssis dəstəyi alınmadıqda o insanların cəmiyyətə qaytarılması mümkün deyil”.

Uşaq evlərinə qoyulan körpələrin əksəriyyəti bu cür hadisələr nəticəsində dünyaya gələn, istənilməyən körpələrdir:

“Təcavüzdən sonra hamilə qalan qadın heç vaxt öz uşağı ilə normal emosional bağlılıq qura, ona düzgün yanaşa bilmir. Ana usağı istəmir, onu gördükcə başına gələn hadisələri xatırlayır və ömür boyu problemli münasibət davam edir. Bu hadisənin qurbanı azyaşlı qızlardırsa, onlar üçün daha çətin olur. Uşaq dünyaya başqa bir uşaq gətirir və iki həyat eyni anda məhvə sürüklənir. Bütün bunlara son qoyulmalıdır”.

Hər bir ölkədə uşaqların qayğısına qalan, onların cəmiyyətdəki hüquqlarını, mövqelərini qoruyan qurumlar fəaliyyət göstərir. Ölkəmizdə bu işlə məşğul ola Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yerinə yetirir. O bildirdi ki, son günlərdə eşitdiyimiz bu hadisələrə qarşı biganə yanaşmaq olmaz:

“Ölkədə zorakılıq görən, cinsi istismara məruz qalan uşaqların müdafiəsi üçün hər kəs birlik olmalıdır. Təəssüf ki, biz valideynlərin övladları üzərinə əsərək, onları hər şeydən qorumasına alışmışıq. İnsan övladını hər şeydən, hər kəsdən qorumaq olur, amma təəssüf ki, valideyndən qorumaq üçün gec qalınır. Bəzi valideynlərin öz övladlarına qarşı bu cür addım atmalarını normal təfəkkürlə izah etmək mümkün deyil. Bütün bunlar cahilliyin əlamətidir. 12 yaşlı qız ötən il öz atası tərəfindən cinsi istismara məruz qalmışdı. Biz onu öz sığınacağımıza gətirdik, onun reabilitasiyasını apardıq. Bu elə bir hadisədir ki, istər-istəməz insanın istər bədənində, istərsə də psixologiyasında çox ciddi izlər qalır”.

Azyaşlıların zorakılıqdan sonra hamilə qalmasının onların həyatı üçün təhlükəli olduğunu deyən Kəmalə Ağazadə onu da qeyd etdi ki, bu məsələnin həll olunması üçün Səhiyyə Nazirliyi də tədbir görüb:

“Səhiyyə Nazirliyi bu kimi hallarda azyaşlıların hamilələiyinin dayandırlması haqqında maarifləndirici məlumatlar yayır. Çünki uşaq orqanizmi 9 ay davam edən hamiləlik periodunu daşıya bilməz. Bu, onların həyatına ciddi təhlükədir. Onu da deyim ki, son vaxtlar zorakılıqla bağlı yaranan xəbərlər sanki insanlarda bir soyuqluq yaradıb. Elə bil, bu kimi hadisələrə öyrəşirlər. Amma mən xahiş edirəm ki, bu məsələyə biganə yanaşılmasın, əksinə hər zaman olduğundan daha həssas yanaşılsın. Həmin şəxslər cəzasız qalmasın ki, digərləri bu davranışları təkrarlamağı ağlından belə keçirməsin”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hadisənin hüquqi yollarla həll olunmasının vacibliyini vurğulayıb:

“Bu cür hallarla son vaxtlar çox qarşılaşırıq. Sığınacağımızda azyaşlı qadınlar var. Onların hər biri başlarına gələn hadisəni danışır və bu göstərir ki, qadınlara qarşı cinsi istismar davam edir. Xüsusilə azyaşlı qızlara qarşı bu cür iyrənc əməllərin törədilməsi qəbuledilməzdir. Keçən il sığınacağımıza atası tərəfindən zorlanan 12 yaşlı qız gətirmişdilər. Bir ata övladına qarşı bu iyrəncliyi necə edə bilər, başa düşmək olmur. 12-13 yaşlı uşaqların həyatı məhv olur. Bizim təşkilat bütün imkanlardan istifadə edərək həmin şəxslərin məsuliyyətə cəlb olunmasının tərəfdarıdır. Ölkədə qanun var, qayda var. İnanıram ki, bu cür halların sayı azalacaq”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəfələrlə sorğu ünvanladıq. Dəfələrlə əlaqə saxlayıb mövzuya Komitə adından münasibət bildirilməsinə xahiş etsək də, təəssüf ki, bizimlə əlaqə saxlayan olmadı.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm