Dünyada şişləri müqəddəsləşdirən, gözlərini sərgiyə çıxaran azərbaycanlı məşhur - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Dünyada şişləri müqəddəsləşdirən, gözlərini sərgiyə çıxaran azərbaycanlı məşhur - MÜSAHİBƏ

Publika.az-ın müsahibi ölkəmizin ən məşhur gənc rəssamlarından biri, “Çələbi” brendinin yaradıcısı Fərid Rəsulovdur.

- Fərid bəy, ixtisasca oftalmoloqsunuz. Maraqlıdır insan dünyaya rəssam gözü ilə baxmaq üçün mütləq onun anatomik quruluşunu öyrənməlidir?

- Bu yaxınlarda bir layihəm olacaq. “Gözümün içinə bax” adlı sərgi təşkil edəcəyik. Sərgiyə gələn izləyicilər həm əsərlərimlə tanış olacaqlar, həm də oftalmoloji cihazlar vasitəsilə mənim gözümün daxili quruluşuna baxa biləcəklər. Yəqin ki, bu layihənin gerçəkləşməsi üçün mən bu yolu keçməli idim.

- İstənilən izləyici üçün bu imkanı yaradacaqsınız?

- Bəli. Onlar sərgiyə gələcək. Mənsə aparatın arxasında oturacam. Kim istəsə, gəlib qarşıma keçəcək, gözümün daxili quruluşunu həmin aparatla izləyəcək. Ümumiyyətlə, sərgidə interaktivlik çox vacibdir. Sənin əsas vəzifən informasiyanı tez çatdırmaqdır. Çünki izləyicinin ziyarət zamanı məhduddur. Rəssamın da vəzifəsi sərginin ümumi ab-havasını fəal şəkildə izləyicilərinə ötürməkdir.

- Sevmədiyiniz peşədən uzaqlaşdığınız üçün sizə təşəkkür edirəm. Çünki bu gün öz işini sevməyən kifayət qədər həkimlərimiz var. Amma maraqlıdır, niyə tibbi təhsili seçdiniz?

- Təsəvvür edin ki, gözümü açandan evimizdə kimya, biologiya kitabları görmüşəm. Atam da Tibb Universitetində müəllim kimi çalışır. Məndən bir il öncə qardaşım da həkimlik ixtisasına qəbul olundu. Demək olar ki, sırf bu məntiqlə tibbi təhsili seçdim.

- Əslində bu şüuraltı düşüncə ilə rəssamlığı seçib, öz peşəsində uğursuz olan yetərincə rəssam övladları var. Onlara nə məsləhət görərsiniz?

- Ümumiyyətlə, dünya təhsil sisteminin ən qlobal problemi odur ki, uşağı vaxtından tez yetişdirmək istəyirlər. Bu baxımdan mən fin tədris sistemini yüksək dəyərləndirirəm. Uşağı sərbəst buraxırlar, bağçada, məktəbdə azad şəkildə dərs öyrənir. Qiymətləndirmə sistemi, gərginlik yoxdur. Şəxsən mənim məktəb illərim yadıma düşəndə, gözümün önündə tam fərqli xatirələr canlanır. Məktəb təhsili mənə çox bilik verməyib. Özü də çox utancaq uşaq olmuşam. Kiçik yaşlarından insana izah etmək lazımdır ki, heç bir şeydə məcburiyyət yoxdur. Sadəcə daxilindəki potensialı, dərrakəni açmaq üçün güc lazımdır. Bir də təbii ki, getdiyin yolda sənə dəstək verən dostların olmalıdır. Məsələn, mən Tibb Universitetində təhsil alanda çox kitab oxumurdum. Çünki düşdüyüm mühitin də böyük təsiri vardı. Amma sonradan rəssam dostlarımın sayı artdı. Gördüm ki, peşələrinə daha ciddi yanaşırlar. Dünya görüşlərini, biliklərini artırmağa səy göstərirlər.

- Rəssamlardan söz düşmüşkən, xaricdə təhsil alıb geri dönən bir sıra yerli rəssamlarımız etiraf edirlər ki, ölkəmizdəki peşə təhsili onlara heç nə verməyib. Siz bu haqda nə düşünürsünüz?

- Təəssüf ki, bizim universitetlərdə hələ də sovet sistemi qalıb. Bəzən görürsən ki, rəssamlarımız xaricdə gözdən uzaq, balaca məkanda sərgi keçirir. Gəlir bu haqda ağızdolusu danışır ki, filan ölkədə möhtəşəm sərgim təşkil olunmuşdu. Bəzən də Faiq Əhməd kimi çox istedadlı rəssamlar ölkəmizdən min kilometrlərlə uzaqda sərgi keçirir, əsəri ABŞ-ın ən məşhur muzeylərindən sayılan Metropolitenin kolleksiyasına daxil edilir, amma yerli mediada bu hadisə lazımi səviyyədə işıqlandırılmır. Mən də Nyu-Yorkda bir il təhsil almışam, amma Azərbaycanda bu sahə üzrə oxumamışam. Belə deyim, ölkəmizin incəsənətində bir çox çərçivələr var.

- Ümumiyyətlə, sizcə rəssamın ali təhsilə ehtiyacı varmı?

- Təbii ki, xeyr. Əsas bilirsiniz nədir? Səndə yaradıcı düşüncələr yaranırsa onu müxtəlif üsullarla gerçəkləşdirmək. Bu installasiya, videoçarx, yaxud lap yeni bir üsul ola bilər. Rəssamlıq Akademiyasında bunun yalnız klassik tərəfini öyrədirlər. İdeya, yaradıcılıq yönünü yox. Biz çox ağıllı, düşüncəli xalqıq. Sadəcə ətraf mühitlə işləmə metodikası təkmilləşməyib.

- Elə götürək təhsil aldığınız Amerikanı...

- Orada tədris sistemi fərqlidir. Sadəcə müəllim gəlir, səninlə müxtəlif mövzular ətrafında müzakirə aparır. İncəsənət və başqa sahələr haqda maraqlı mətnlər verilir, oxuyursan. Sonra gəlib müəllimlə müzakirə edirsən. Onlar üçün əsas məqam istənilən məsələyə sənin rəssam kimi yanaşma tərzini bilməkdir. Əlinə fırça verib, texnika öyrətmirlər. Yaradıcı fikirlərini formalaşdırırlar. Müasir rəssamlıq düşüncə və realizasiyadan ibarətdir. Əslində həmişə belə olub. Rəssam hər zaman düşündüyünü çəkib. Sadəcə, bir dövr olub ki, din incəsənət mövzusuna hakim kəsilib. Hazırda isə bu sahədə tam azadlıqdır və fiziki gücdən çox ağıl önəmlidir. Bəzən deyirlər ki, incəsənət Rembrandtdan sonra dayanıb, yaxud Roden dünyanın ən yaxşı heykəltaraşıdır. Bu aydındır, amma fərqli dövrün sənətkarını indikilərlə necə müqayisə edə bilərsən? Bu, mümkün deyil. Bu gün Azərbaycan rəssamlarının ən istedadlıları elə Rəssamlıq Akademiyasının məzunlarıdır. Çoxu ilə də yaxın dostuq.

- Deyə bilərəm ki, rəssamlığı həmin dostlarınızın təsiri altında seçmisiniz?

- Bəlkə də... Çünki uşaqlıqdan heç əlimə fırça almamışam. Cəmi iki dəfə rəsm çəkdiyimi xatırlayıram. Daha çox küçələrdə dostlarımla futbol oynayırdım. Səhərdən axşamadək stabil iş rejimi məni həmişə sıxıb, azadlığa can atmışam. Əslində isə azad iş rejimində anlayırsan ki, belə daha çox işləyirsən. Çünki səni heç kim məcbur etmir. Səhər saat 6-da da oyanıb, çoxlu işləyə, gündüzlər dincələ bilərsən. Ümumiyyətlə, dünya ölkələrində bu qaydaya riayət olunur. İşçilərə gündüzlər dincəlmək, heç olmasa 15 dəqiqə yatmaq hüququ verilir.

- Haqlısınız. Hətta bir sıra ölkələrdə nahar vaxtı 2 saata qədərdir. İşçi istəsə evə gedib yorğunluğunu da çıxarda bilir.

- İtaliyada sərgimiz vardı. Səhər saat 8-də sərgi salonuna gəldik. Onlar özləri isə saat 10-da rahat gəlib, məkana çatdılar. Tələsmədən otaqlara baxdılar, söhbətləşdilər. Saat 12 oldu. Gedib pivə içdilər, nahar etdilər. Sonra stressiz, gərginliksiz qayıdıb, lazım olan texniki işləri gördülər. Doğrudur, Onların texniki avadanlıqlarının keyfiyyəti ilə bizimki də eyni deyil. Əminliyin bir səbəbi də budur.

- Bu yaxınlarda tanınmış rəssam Vüqar Muradovla müsahibə etdim. Maraqlı bir fikir işlətdi ki, rəssam öz sərgisində iştirak etməməlidir.

- Təbii ki, bu Vüqar bəyin öz fikridir. Lakin həqiqətən bəzən elə sərgilər olur ki, özün getmək istəmirsən. Amma bir çox sərgilərin konsepsiyası tələb edir ki, səhnəyə çıxıb, əsərlərin haqda özün məlumat verəsən. Bizdə də uşaq vaxtından qalıb axı səhnəyə çıxıb şeir söyləmək kompleksi (gülürük). Bir də görürdünüz müəllim zorla səni səhnəyə çıxartdı ki, get, bu şeir de. Heç fikrini də soruşan olmurdu. Amma Qərb mədəniyyəti deyir ki, danış, göstər, informasiyanı bölüş.

- Məncə, Qərb uşaqları elə yetişdirir ki, heç bu sözləri deməyə də gərək qalmır...

- Doğrudur. Bu, birbaşa cəmiyyətdən asılı məsələdir. Yəni səndə bu informasiya var, rica edirəm, mənimlə bölüş, mən də başqasına ötürüm. Amma təbii ki, insan xarakteri individualdır. Bəziləri səsli məkanlarda özünü narahat hiss edir, bəziləri təqdimat etməyi sevmir və s.

- Fərid bəy, müasir incəsənət mövzusuna toxunduq. Hazırda futuroloqlar proqnoz verirlər ki, ən azı 30 ilə insanların beyninin demək olar ki, yarısı kompüterləşəcək. Sizcə, həmin dövrdə də rəssamlar əsərlərini yarada biləcəklərmi, yoxsa incəsənət süquta uğrayacaq?

- Yox… Süqutdan söhbət gedə bilməz. Həm də rəssamları digər insanlardan fərqləndirməyi də doğru hesab etmirəm.

- Bu elə tərcüməçilərə də aiddir.

- Gəlin, ondan başlayaq ki, rəssamı rəssam edən nədir. Rəssamlıq tək karandaşla, fırça ilə rəsm çəkmək deyil. İnsan düşüncə tərzi ilə rəssam olmalıdır. Rəssamlıq bir informasiya ilə işləmək metodikasıdır. Bu hansısa məhsul da ola bilər, əşya da... Bəzən deyirlər ki, rəssamlara ölkə infrastrukturunda hər şey qaydasında olandan sonra gərək duyulur. Bu yanlış düşüncədir. Məsələn, elə götürək “Pərpətöyün” əsərimi. Bizə tanış bitkidir, onunla heç kimi təəccübləndirməyi düşünmürdüm. Sadəcə, bu pərpətöyünün sənədli təqdimatıdır. Bu, bir coğrafi və mədəni faktdır. Məsələn, mən “Kəklikotu” çay brendi yaradıram. Həmin biznesdən gələcək gəlirə ehtiyacım yoxdur. Tutaq ki, nə vaxtsa bir təbib yerli çaylarla otları qarışdırıb müalicəvi vasitə əldə edib. Bizsə onu sənədləşdirib, dünyaya təqdim edəcəyik.

- Əslində çox ağıllı biznesdir. Ümumiyyətlə, siz rəssam kimi ağıllı biznes seçmisiniz. Əsərlərinizdə də meyvələr, tərəvəzlər üstünlük təşkil edir. İnsan baxan kimi onun dadını, qoxusunu duyur.

- Bu mövzuya toxunduqsa, sizə bir neçə işim haqda danışmaq istəyirəm. Hazırda Amerikanın Massaçusets ştatının məşhur sərgi salonlarının birində mənim əl işim nümayiş olunur. Bu şişin mədəni obyekt kimi həyatımızda rolundan bəhs edən işdir. Şişlər DNT-nin kimyəvi formulu şəklində düzülüb. Yəni şiş bizim irsi yaddaşımızıdır. Atadan oğula ötürülüb. Daha sonra bir layihəm də var. Avropa Birliyinin bayrağı formasında divarda şişlər düzülüb. Bunun da öz rəmzi mənası var. Çünki şərqdən qərbə gedən insan ilk dəfədən Sezar salatına keçid etmir axı. Ürəyindən kabab keçir. Ya haradansa şiş alıb, gətirir, yaxud istehsalına başlayır. Yəni burada bir növ ironiya var.

- Belə deyək, şişi müqəddəs simvol kimi təqdim edirsiniz...

- Bəli, yəni şiş onsuz da bizim genetik yaddaşımızda var. Və hansı ölkəyə getsək də gözümüz onu axtaracaq. Bir instalyasiya işim də sərgilərdə nümayiş olunmuşdu. Şişlər 45 X və 1 Y şəklində düzülmüşdü, divarda da belə əks olunmuşdu. Yəni bu iş kişi genetik forması, “mən kişiyəm” demək idi. Çünki şiş, kabab deyəndə onu bişirən kişilər gəlir ağlımıza. İdarəni əlinə alıb, özünü sübut etməyə çalışmaq kimi...

- Maraqlıdır. Bu işə bir rəmzi məna da vermək olardı. Son onilliklərdə valideynlər qız övladlarını doğulmadan tələf edirlər. Onların da sayı kəskin şəkildə azalır.

- Ola bilər. Əslində son vaxtlar vüsət alan bir məqam çox ürəyimcədir. Qızlar öz hüquqlarını tələb etməyə başlayıblar. Mən bu addımı dəstəkləyirəm.

- Feminizm sizin üçün nədir?

- Bilirsiniz, əvvəllər kişilər özlərini sübut etməyə çalışırdılar. İndi qadınlar başlayıb bu addımı atmağa. Bu da hansısa bir yanaşma tərzidir. Elə götürək Qərbi. Qadınlar kişilərdən də yaxşı vəzifələrdə çalışırlar, özlərini də maddi cəhətdən daha yaxşı təmin edirlər. Gərək hamı bir orqanizm kimi işləsin. Hətta evdar xanımlar belə işlərini zövqlə görməyə çalışsınlar.

- Fərid bəy, bu yaxınlarda müsahibənizdə qeyd etdiniz ki, boşanmaların sayı artdıqca sevinirəm.

- Əslində bu geniş fikirdən götürülən bir cümlə idi. Tam olaraq demişdim ki, əvvəllər qadınlar boşanmaq istəyirdilər, amma buna cəsarət etmirdilər. İndi isə boşanıb, öz ayaqları üstündə dura bilirlər. Ümumiyyətlə, insan onu sıxan, azadlığını əlindən alan hər kəsdən vaxtında uzaqlaşmağı bacarmalıdır. Nə valideyn, nə uşaq, nə də digər doğmalarımız tərəfindən manipulyasiyaya uğramamalıyıq. İnsanları heç nəyə məcbur etmək olmaz. Bir də görürsən, valideynlər psixoloji şiddət göstərirlər ki, evlənməlisən. Axı insan özü istəməsə bu ciddi addımı necə ata bilər?

- Ailəlisiniz?

- Xeyr.

- Evlənməyi düşünürsünüz?

- Bəli. Özü də bunu sərgi şəklində edəcəm. Çünki mövcud toy formulu məni qane etmir. Bu köhnəlmiş adətdir, maraqsız teatrdır. Eyni ssenari, libaslar və s. Hər kəs də bunu göstəriş xatirinə edir ki, qızım ərə getdi, oğlum evləndi. Yəni insanları özlərindən çox cəmiyyətin fikri maraqlandırır. Mənim üçünsə ən vacibi şəxsi düşüncəmdir. Ona görə də bu formulu seçdim. Toy edəcəm, amma sərgi salonunda. Dəvətnamədə isə yazacam ki, istənilən adam sizin şəkiliniz çəkə biləcək, çünki sərginin bir eksponatısınız.

- Heç olmasa furşet olacaq?

- (gülürük) əlbəttə. Gördüyünüz digər toylardan heç nə ilə fərqlənməyəcək. Klassik, standartlara uyğun... Bu, bir növ toyun sərgisi olacaq.

- Çox maraqlı...Fərid bəy, haradasa 10 il öncə videoçarx hazırlamışdınız. Qəssabın qoyun kəsdiyi prosesi sondan əvvələ doğru çevirib, kəsilən hissələri parça-parça yerinə yığırdınız. Bu ideya necə yarandı?

- Videonun qəhrəmanı xalamın həyat yoldaşı Saleh bəy idi. Bir neçə il öncə dünyasını dəyişdi. O, qəssab idi. Və iş prosesinin birində mən onu videoya çəkib, sondan başa doğru çevirdim. Ümumiyyətlə, biz ət yeməyə çox meyilli xalqıq. Gün ərzində bir neçə dəfə müxtəlif ət xörəkləri yeyə bilərik. Mən həmişə deyirəm ki, hər bir azərbaycanlının üstündə yük var. Bu videoçarxda da öncə baxırsan ki, proses gedir, ət doğranılır. Sonda aydın olur ki, əslində ət tikə-tikə yığılır.

- Amma özünüz də dəfələrlə etiraf etmisiniz ki, günün istənilən saatı yemək yeyib, kökəlməyənlərdənsiniz...

- Bilirsiniz, gün ərzində tez-tez, az-az qida qəbul etməliyik. İstənilən qidanın daxilində şəkər var. Meyvələrdə, tərəvəzlərdə, hətta içdiyimiz qazlı şirələrin tam yarısı şəkər tozundan ibarətdir. Çörəyi gündəlik rasionda azaltmaq lazımdır.

- Şuşada doğulmusunuz. Oralardan xatirinizdə nələr qalıb?

- Çox şey... Qohumlarla bir məhəllədə yaşayırdıq. Bütün küçələr, kinoteatrlar, meşəliklər, hətta sünnət prosesi yadımda qalıb.

-“Çələbi” layihəsi necə yarandı?

-"Çələbi" mənim xalçalı instalyasiya layihəm idi. Instalyasiyada duzeltdiyim mebel məhsulları izləyicilərin diqqətini çəkdi. Aida xanım və Orxan bəylə gücümüzü birləşdirib, bu istiqamətdə yeni brend yaratmağa qərar verdik. Çirkətin təsisçiləri azad düşüncəli rəssamlar olduğuna görə bu abu-hava iş kollektivinə də sirayət edir. Çələbi bir ailədir. Burada qonaq olan hər kəs bizim yeni maraqlı ideyalarımıza dəstək verir.

Leyla Sarabi,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm