Xəstə heyvan orqanlarının saxlanıldığı, əcnəbiləri ovsunlayan, milyonlar qazandıran kəndimiz - - REPORTAJ
Bizi izləyin

Xüsusi

Xəstə heyvan orqanlarının saxlanıldığı, əcnəbiləri ovsunlayan, milyonlar qazandıran kəndimiz - - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi üç rayona - Şəki, Qax və Gəncəyə infotur təşkil edib.

Mediatura Nazirlik tərəfindən seçilən 20-yə yaxın media nümayəndəsi qatılıb. Mediaturun əsas məqsədi Şəki, Qax və Gəncədə kənd təsərrüfatı sahələrində görülən son işlər barəsində ictimaiyyətə informasiya verməkdir.

Publika.az-ın əməkdaşının da qatıldığı mediatur iyul ayını 6-dan 8-ə qədər davam edib. Səfərin ilk günü media nümayəndələri Oğuzun Kərimli kəndində olub. Burada jurnalistlər tütün sahələrindəki vəziyyətlə tanış olublar.

Sovet dövründə Oğuz Azərbaycanın əsas tütünçülük mərkəzlərindən biri olsa da müstəqillik dövründən sonra burada tütünçülüyün inkişafı xeyli zəifləyib. Lakin son bir neçə ildə rayon tütünçülük istehsalı üzrə öz göstəricilərini yenidən yüksəldilib.

Oğuz rayonunda istehsal edilən tütün təsərrüfatı ilə bağlı rayonun kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev jurnalistlərə geniş məlumat verib. O bildirib ki, Sahə ərazisində iki müxtəlif tütün növü - İmunium və Virciniya sortu yetişdirilir:

"Xüsusilə yerli İmunium və xarici Virciniya sortu əkilir. Oğuz rayonunda 250 hektar sahədə tütün əkilib. Virciniya sortunun toxumu Zaqatalada yerləşən "İntertabaq" şirkəti tərəfindən ölkəyə gətirilir və Azərbaycanlı fermerlərə satılır. Tütünçülük bu gün kənd təsərrüfatı sahələri arasında ən gəlirli sahələrdən biri hesab olunur. Belə ki, bir hektar tütündən əldə olunan gəlir, 30 hektar taxıldan alınan gəlirə bərabərdir. Bu gün bizim sahələrdə 300 nəfərə yaxın işçi çalışır. Vətəndaşlar yaş tütünün aşağı hissəsində yarısaralmış halda olan yarpaqları yığıb yaxınlıqdakı qəbul məntəqələrinə təhvil verirlər".

Azad Əliyev deyir ki, tütünün bir kiloqramı 20 qəpikdən hesablanır:

"İstehsal edilən yerli sort tütünlərin kiloqramından fərqli olaraq, Xarici sort tütünün qiyməti 22 qəpikdir. Fermerlər bir hektar sahədən yığılan tütün yarpaqlarından təxminən 7-8 min manata qədər qazanc əldə edə bilir. Taxıl ilə müqayisədə bu, çox gözəl nəticədir. Çünki bir hektar taxıl sahəsindən bu qədər qazanc əldə etmək mümükün deyil. Tütünçülük həm də iş sahəsi deməkdir. Biz İstehsal etdiyimiz məhsulları yerli bazardan əlavə xaricə - Rusiya, Ukrayna, Belaru kimi ölkələrə də ixrac edirik. Demək olar ki, Bizim əsas bazarımız xarici ölkələrdədir. Əldə olunan tütün məhsulunun 20-30 faizi daxili bazara, 70 faizi isə xaricə idxal edilir. Ötən il quru tütün istehsalının həcmi 200-250 ton olmuşdusa, bu il bu rəqəmin ikiqat artaraq 500-600 ton olacağı gözlənilir. Sahibkar 1 hektardan təxminən 7-8, qurudub hazır şəkilildə təhvil verdikdə isə 12-13 min manat gəlir əldə edir".

Tütünçülük sahəsində çalışan xanımlardan biri Zərifə Həsənova deyir ki, tezdən erkən saatlarda işə başlayanda gündəlik 10-12 manata yaxın qazancları olur:

"Əsasən tezdən, saat 6-7 arası işə gəlirik, axşam 7-dən sonra isə hər kəs işləri yekunlaşdırıb evinə gedir. İşlədiyimiz saatın haqqını alırıq. Ay ərzində 300 manatdan çox maaş alırıq ki, bu da rayon yeri üçün kafidir. İşimiz ağır olsa da, çalışırıq".

Hazırda tanış olduğumuz sahənin sahibi, Oğuz rayonunun Kərimli kənd sakini Məhərrəmov Yengivar deyir ki, son günlər davam edən isti hava şəraiti məhsullara ziyan verir:

"Tarixən də tütünçülük sahəsinin inkişafından əldə olunan gəlir iqtisadiyyata xeyli fayda verib. Rayonun dağlıq ərazidə yerləşməsi özü də işləri nisbətən yüngülləşdirir. Çətinliklərə baxmayaraq suvarma sistemi yaxşıdır. Havalar imkan versə, məhsullar daha yaxşı qalacaq".

Daha sonra jurnalistlər Şəki Dayaq Məntəqəsinin iş prinsipi ilə tanış olublar.

Məntəqənin müdiri Məcnun Şükürov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində aparılan elmi-tədqiqat işləri nəticəsində "Şəki 1", "Ağalı" və "Marxal" adı verilən 3 növ yeni buğda sortu yaratdıqlarını deyib:

"Məntəqədə təsərrüfatın rentabelliyinin yüksəldilməsi məqsədilə bir sıra işlər görülür. İnstitut hazırda rayonlaşmış, aqro-bioloji xüsusiyyətlərilə seçilən, təsərrüfat göstəriciləri digərlərinə nisbətən daha yaxşı olan yem, dənli bitki sortlarının ilkin toxumçuluğunun təşkilini və müxtəlif reproduksiyalı toxumlarının istehsalını həyata keçirir. Taxılçılıq sahəsində yüksək və keyfiyyətli məhsulun əldə olunması elmi araşdırmaların aparılması mütləqdir. Kənd təsərrüfatı məhsullarının hər birinin özünəməxsus keyfiyyətləri və tələb etdiyi mühitlər var. Hər yerdə istədiyiniz məhsulu əkib ondan keyfiyyətli məhsul əldə edə bilməzsiniz. Bu mümkün deyil. Fermerlərə hər il təxminən 100 tona yaxın "elit" və "super elit" növ buğda toxumu verilir. Bu il hava şəraitinin dəyişkən olması, güclü yağış və anomal istilər məhsuldarlığa da mənfi təsir göstərib. Dediyim kimi, elə yerlər var ki, orada taxıl yox, başqa məhsul əkilsə, daha çox səmərəli olar. Ümumiyyətlə, bitkiçilikdə tələb olunan ən yaxşı aqrotexniki tətbiq növbəli əkindir. Məsələn, bəzi taxılçılıq bölgələrimizdə ardıcıl olaraq hər il buğda əkilir. Bu da torpaqdakı əkinin daha səmərəli olmasını zəiflədir. Yaxşı olardı ki, bir il taxıl əkilirsə, növbəti il üçün həmin ərazidə alternativ olaraq pambıq və ya paxlalı bitkilər də əkilsin. Sizi əmin edirəm ki, növbəli əkin ildən-ilə məhsuldarlığın daha da artmasına şərait yaradır. Onu da qeyd edim ki, biz rayonlaşmış yem, dənli, dənli-paxlalı və digər bitkiləri suvarma şəraitindən asılı olaraq növbəli əkin sisteminə hazırlamaqla yanaşı onları təkmilləşdirib və tətbiq edirik”.

M.Şükürov həmçinin məntəqənin yaxınlığında müasir toxum təmizləmə zavodunun tikilməsi və gələcək perspektivləri haqqında da məlumat verib:

“Yeni müasir toxum təmizləmə zavodu avqust ayının sonlarında fəaliyyətə başlayacaq. Zavod regionda toxumçulaqla məşğul olan fermer və şirkətlərin tələbatını tam şəkildə ödəyəcək. Zavodun iş fəaliyyəti saatda təxminən 10 ton toxum təmizləməyə qadirdir. Zavod daxilində 3 min tona qədər toxumun saxlanılması üçün anbarların tikilməsi də planlaşdırılır. Toxumların saxlanılmasında başlıca şərt onların müxtəlif xəstəliklərə qarşı dezinfeksiya edilməsidir. Bu günə qədər bu proses köhnə, kustar üsul ilə aparılırdı ki, bu da ekoloji baxımdan təmizləyici üçün təhlükəli idi. Yeni zavodda isə bütün bu proseslər avtomatlaşdırılmış qaydada mərhələli şəkildə aparılacaq. Toxumlar sertifikatlaşdırıldıqdan sonra tam hazır şəkildə satışa buraxılacaq”.

Növbəti dayanacağımız “Şəki-İpək” ASC oldu. Burada məşhur Şəki kəlağayısının istehsal prosesi ilə tanışlıq olduq.

“Şəki-İpək” ASC-nin istehsalat üzrə meneceri Qüdrət Quliyev jurnalsitlərə bildirib ki, 2016-ci ildə 70 ton, 2017-ci ildə 240 tondan yuxarı, 2018-ci ildə isə 510 tondan yuxarı barama istehsal edilir:

“V əsrdən etibarən ipəkçiliyi kökü Şəki hesab olunur. Bu gün cənab prezidentin qeyri-neft sektoruna göstərdiyi xüsusi qayğı və diqqəti sayəsində ipəkçilik sahəsi inkişaf edir. Kəlağayı saf ipəkdən hazırlandığı kimi onun rənglənməsində də kimyəvi qatqısı olmayan, təbii yolla əldə edilmiş rənglərdən istifadə olunur. Biz ağ, soğanı, qara, soyuq, tünd və açıq rənglərdə və müxtəlif təsvirlərdə kəlağayılər istehsal edirik. Üzərindəki rənglərin sayına və milli ornamentlərinə görə kəlağayılərın qiymətləri də dəyişir. 35-60 manatdan başlayır. Bəzən bizdən bu qiymətə alıb kənar yerlərdə 100-150 manata qədər satırlar. Bizim kəlağayılar turistlərin marağına səbəb olduğu üçün yerli bazarla yanaşı, həm də xarici bazara – Fransaya, İngiltərəyə, İrana və digər ölkələrə idxal edilir. Müəssisəmizdə 3000-dən çox işçi çalışır. Sifarişlərimiz həddən artıq çoxdur. Ay ərzində 2500-3000 ədəd kəlağayı istehsal edirik. Hazırda onların üzərində soyuq rəngli və buta, tac, ilanvari, çiyələk qəlib, balıq, nöqtə və digər milli ornamentlərin möhürləri var. 10 kiloqram yaş baramadan 1 kilo ipək, 1 kilo baramdan isə 8 ədəd kəlağayı hazırlamaq olur. Ümumi olaraq sözügedən sahə çox incə və diqqət tələb edən istiqamət olduğu qədər, həm də gəlirli sahədir”.

Şəki ipəyinin göz oxşayan gözəlliyindən ayrılıb proqram üzrə yolumuza davam etdik.

Növbəti ünvanımız isə Qax rayonu oldu. Burada KİV nümayəndələrini Azərbaycan Arıçılar Asossiyasiyasının sədri, "Bal evi" arıçılıq müəssisəsinin sahibi Bədrəddin Həsrətov qaşıladı. O bildirdi ki, rəhbərlik etdiyi təsərrüfat bir neçə şöbədən ibarətdir:

“Bal, arı südü, damazlıq (seleksiya, ana arının yetişdirilməsi), sexlər (arı pətəklərinin, çərçivələrin hazırlanması), təsərrüfat (anbar, istixana), bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexi, qədim arıçılıq (turistlərə arının 50 milyon il əvvəl necə yaşadığı barədə məlumat verilir) kimi bir çox şöbələr fəaliyyət göstərir. Bizim təsərrüfat kompleksində əsasən ana arının seleksiya prosesləri gedir. Bölgələrimizdə arıçılıqla məşğul olan çoxsaylı insanlar olsa da ana arının bu cür dəqiqliklə yetişdirilməsinə diqqət edən çox az sayda şəxs tapılar. Biz bu prosesi süni mayalandırma ilə həyata keçiririk. Avqust ayında bal emal və qablaşdırılması sexinin istifadəyə verilməsi üçün ən son işlər görülür. Yaxın vaxtlarda bizdə arıçılıq turizmi ilə bağlı da işlərə başlanılacaq. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda "Bal evi"nin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Biz əldə etdiyimiz balın tanınması üçün Almaniyada məşhur laboratoriyalardan biri ilə əməkdaşlıq edirik. Onlar da nümunə üçün göndərilən balın tərkibində heç bir qatqı madəsinin olmadığı qərarına gəliblər. "Bal evi"nə gələn qonaqlara həmin 14 məhsul haqqında ətraflı məlumatın verilməsi üçün xüsusi məlumat kitabçaları paylanılacaq. Bunu yaxın zamanlarda reallaşdıracağıq. Bizim böyük anbarımız var. Bütün sifarişlər müştərilərinə çatdırılana qədər bu anbarlarda lazımi şəraitdə saxlanılır”.

“2011-ci ildən sonra təsərrüfatı genişləndirməyə başlamışıq. Təsərrüfatımız il ərzində 20 tona yaxın bal istehsal edə bilir. Lakin, bu rəqəm ildən-ilə dəyişə bilir. Ərərb ölkələri, Almaniya və digər bir sıra ölkələrlə razılaşma əldə etmişik. Məsələn, bu il biz Dubaydan 50 tona yaxın bal sifarişi qəbul etmişik. Öz balımızla yanaşı ətraf rayonlardan da zəruri qaydalara riayət edilərək hazırlanan balları alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Müəssisənin gələcəkdə daha da inkişaf edərək, apiterapiya mərkəzinə (arılarla müalicə) çevrilməsi qarşıya qoyduğumuz əsas məqsədlərdəndir”.

Mediaturun ikinci günü...

Bu gün jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) universitetin maddi-texniki bazası, o cümlədən tələbə yataqxanası, müasir heyvandarlıq kompleksləri, maşın-traktor parkı, tələbə parkı, istixanalar, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, anatomiya və pataloji anatomiya muzeyləri və digər mərkəzlərlə yaxından tanış olublar.

Universitetin rektoru İbrahim Cəfərov bildirdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu sahəyə mütləq şəkildə savadlı kadrlar cəlb edilməlidir:

“Uuniversitetimiz ölkə ərazinsində Aqrar sahədə təhsil verən yeganə ali təhsil müəsisiəsidir. Burada həm nəzəri, həm də praktik cəhətdən kadrlar yetişdiririk. Bunun üçün universitet daxilində tələbələrə hər cür şərait yaradılıb. Bu gün ölkənin Aqrar Universitetə çox böyük ehtiyacı var. Özüm də bu sahə üzrə təhsil almışam, xüsusilə bitkiçilik üzrə. Lakin bütün bunlara baxmayaraq sahələrdə, fermalarda, həmçinin xarici mütəxəssislərlə bir araya gələndə utanc hissi keçirirəm. Ancaq bunun obyektiv və subyektiv səbəbləri var. Bunlardan biri odur ki, SSRİ dağıldıqdan sonra özəlləşmə prosesi getdi, torpaqlar paylandı və kiçik pay sahibləri meydana çıxdı. Təbii olaraq onların da mütəxəssislərə, aqronomlara ehtiyacı olmadı. Bütün bunlar da bu sahəyə olan marağı azaltdı. Azərbaycanda 54 universitet arasında ilk müasir yataqxana layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət büdcəsindən 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün isə 5 milyon manat vəsiat ayrılıb. Eyni zamanda, gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və min nəfərlik daha bir yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədən kənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.

ADAU-nun tərkibində yerləşən Pataloji Anatomiya Muzeyində heyvanların daha çox hansı xəstəliklərə yoluxması ilə bağlı məlumat verildi. Muzeyin dosenti Ehkam Əliyev jurnalistlərə bu günə qədər mərkəzdə 2-3 mindən çox heyvanın xəstə orqanlarının saxlanıldığını deyib:

“Heyvanlarda daha çox parazital xəstəliklərə rast gəlinir. Askoridoz, exinakok, finnoz və digər parazitlərin yoluxması ilə yaranan xəstəliklər var ki, ölkə ərazisində heyvanlarda ən çox bunlara rast gəlinir. Bu xəstəliklərlə yanaşı heyvanlarda inkişaf patologiyasına da (iki başlılıq, ayaqlardan birinin olmaması, normadan artıq ayaqların olması, anadangəlmə orqanların bir çoxunun olmaması vəs.) çox rast gəlinir. Müasir dövrdə bunun yaranmasına səbəb olan amillər sırasında – ekologiya, radiasiya, qlobal istiləşmə, toksiki maddələrin çox olmasını göstərə bilərəm. Əvvəllər sahələri təyyarə ilə dərmanlayırdılar. Bu isə ətrafdakı insanların da, heyvanların da sağlamlıqlarında ciddi fəsadlara səbbə olurdu. Məhz bu səbəbdən əvvəllər həm insanlar, həm də heyvanlar arasında inkişaf patologiyaları ilə doğulan insanların sayı artırdı. Biz bu orqanları əvvəlcə 10 faizli formalin məhlulun içərisində 24 ssat saxlamaqla onu təsbit edirik. Daha sonra su ilə yuyulub, rəngini bərpa etməsi üçün 70 fazili spirtin içərisində 1-10 gün arasında saxlayırıq. Müddət fərqli patoloji prosesin inkişaf dərəcəsindən asılıdır. Rəngini bərpa etdikdən sonra xüsusi konservantların içərisinə qoyulur, üzərinə isə qısa məlumatlar vurulur. Muzeydə müxtəlif heyvanların embrionları da eksponat kimi saxlanılır. Bu muzey Gəncəyə qonaq gələn insanların diqqətini çəkir”.

Mediaturun son günü...

İyun 8-i jurnalistlər son olaraq Respublika Süni Mayalanma Mərkəzində olublar.

Mərkəzin direktoru Ramiq Abbasov son illər ərzində fermerlərin öz heyvanlarını süni mayalandırma üsulu ilə artırıb, daha məhsuldar cinslər əldə etməyə maraqlı olduqlarını bildirib:

“Mərkəzimiz 2007-ci ildən fəaliyyət göstərir. Proseslərin zəruri qaydalar əsasında aparılması üçün müəssisə qapalı şəkildə fəaliyyət göstərir və laboratoriya ilə fermaya giriş qəti şəkildə qadağandır. Mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir. Bütün dünyada maldarlığın damazlıq, cins tərkibinin dəyişdirilməsi prosesi süni mayalanma üsulundan keçir. Artıq respublikada 2009-cu ildən yeni sort buzovlar doğuldu və sahibkarların bu sahəyə marağı artmağa başladı. Bu sahəyə marağın artması, eləcə də cənab prezidentin 2015-ci ili “Kənd Təsərrüfatı İli” elan etməsindən sonra müəssisəmizin yeni binası tikildi. Bina fransız mütəxəssislər tərəfindən layihələndirilib. Bura eyni zamanda, regional təlim mərkəzi funksiyasını da yerinə yetirir. Hazırda mərkəzdə 6 cins üzrə 36 baş heyvan var. Gələcəkdə xarici ölkələrlə geniş əlaqələr yaradıb aqrar sahənin daha yüksək mərhələyə çatdırılması üçün əlimizdən gələni edəcəyik".

Ramiq Abbasov onu da əlavə edib ki, müəssisəyə xarici ölkələrdən lizinq yolu ilə heyvanların gətirilməsi 3 min manata başa gəlir:

“Heyvanların lizinq yolu ilə gətirlməsi ümumilikdə 3-5 min manat arası dəyişir. Bunun yarı pulunu dövlət qarşılayır. Qalan yarısını fermer heyvanı alanda ödəyir, digər hissəsini isə müəssisə qarşılayır. 2-3 yaş arası buğacalar gətirilir ki, onların mərkəzə gətirlməsinə 7-10 min arası vəsait ayrılır. O heyvanlardan əksəriyyəti bu gün 5 min dozada toxum verib. Süni mayalanmanın təbii mayalanmadan fərqi ondadır ki, süni mayalanma steril şəraitdə aparıldığı üçün heyvanlara heç bir cinsi xəstəliklər keçmir. Lakin təbii yollarla gedən prosesdə bu kimi xəstəliklərin keçmə riski 50 faizdir. Bir inəyin təbii yolla mayalanmasında istifadə edilən spermadan 2 min dozada süni mayalanma prosesinə yararlı texnologiya hazırlanır. Həmin o hazırlanan spermalar toplusu 4 manatdan satışa buraxılır. Bu isə hər il dövlətə 4 min manatdan çox xeyir verir”.

Daha sonra KİV nümayəndələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olublar.

Müəssisənin direktoru Mahir Hacıyevin sözlərinə görə burada heyvandarlığın müxtəlif sahələri, o cümlədən quşçuluq və ipəkçilik üzrə də tədqiqatlar aparılır:

"Bu gün bizim alimlərimiz fermerlərə müəyyən məsləhətlər verir, treninqlər keçirirlər. İnstitutda ipəkçilik sahəsi də önəmli yer tutur. Hazırda burada 82 cins ipəkqurdu yetişdirilir. Onlardan 50-si yerli genefond sayılır, 32-si isə xaricdən gətirilin genefondlaşdırılmış cinslərdir. Biz onları qoruyub saxlayırıq ki, üzrlərində tədqiqatlar aparılsın. Müəssisəmizdə o vaxt alimlər tərəfindən 16 müxtəlif toyuq cinsləri gətirilib və rayonlaşdırılıb. Həmçinin, "Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər Dövlət Proqramı"na əsasən biz institutun ərazisində İrandan, Çindən gətirilən və Azərbaycanın yerli genefonduna daxil olan 3 min ədəd tut tingi əkmişik. Burada əsas məqsəd yem bazasının gücləndirilməsidir. Bundan əlavə müəssisədə quşçuluğun inkişafı istiqamətində də işlər həyata keçirilir".

Daha sonra jurnalistlər iyulun axırında fəaliyyətə başlayacaq Ucar Pambıq Emalı Zavoduna baş çəkiblər.

Zavodun direktoru Həsən Şahverdiyev müəssisəni potensialı barədə məlumat verib:

"Zavod ildə 40 min ton pambıq emaletmə gücünə malik olacaq. Bundan əlavə müəssisə daxilində daha iki zavodun - çiyid və yağ zavodunun da tikintisi gedir”.

Ucar Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehdiyev isə əlavə edib ki, zavod ötən ilin ikinci yarısından etibarən məntəqə kimi pambıq qəbuluna başlayıb.

Bununla da jurnalistlərin mediaturu başa çatıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm