Meşə allahına sitayiş edir və... - Estoniyada yaşayan tanınmış azərbaycanlı xanım aparıcı ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Meşə allahına sitayiş edir və... - Estoniyada yaşayan tanınmış azərbaycanlı xanım aparıcı ilə MÜSAHİBƏ

Publika.az-ın müsahibi Estoniyada yaşayan soydaşımız, tərcüməçi, radio aparıcısı Sənəm Əliyevadır.

- Sənəm xanım, niyə Estoniya?

- 1995-ci ildə ailə qurdum. yoldaşım Estoniyada yaşayırdı. Onunla birgə köçdüm. İndiki kimi xatırlayıram, dekabrın 19-u idi. Təyyarədən endim ki, dizə qədər qar yağıb. Elə istədim, yoldaşıma deyim, burdaca mənə bilet alsın geri qayıdım, amma utandım. Ümumiyyətlə, 90-cı illərin əvvəlləri Azərbaycan üçün çox çətin illər idi. Qarabağ itirilmişdi, əhalinin vəziyyəti ağır idi. İnsan gənc olanda daxilindəki inqilabi hisslər daha yüksək olur. Bəlkə də buna görə köçməyə rahat qərar verdim. Lakin vaxt keçdikcə anladım ki, hara getsək vətən bizim qəlbimizdədir. Ondan qurtulmaq olmaz. Təzəlikcə lap çox darıxırdım. Bu gün mənim Estoniyada yetərincə rahat həyatım, yaxşı təminatım var. Tallin televiziyalarına, radiolarına dəfələrlə müsahibə vermişəm. Hamısında ölkəmizi tanıtmağa, gözəl yönlərini göstərməyə çalışmışam.

- Maraqlıdır Tallinlə Bakı arasında nə kimi fərqlər var?

- Bakı Tallindən dəfələrlə gözəldir. Tallin balacadır, xudmanidir, tər-təmizdir, sakitdir. Artıq buna alışmışam. Bilirəm ki, dayanacaqda taksi sürücüləri arxamca “bibi, taksi lazımdır?” deyə qışqırmayacaq. Hətta bu rəftara görə üç dəfə sürücülərlə mübahisə etmişəm. Mən öyrəşmişəm ki, qadına xanım deyə müraciət olunsun. Amma bütün bunlara rəğmən öz vətənimdən doğma məmləkət yoxdur.

- Sənəm xanım, estonların hansı cəhətlərini sevək?

- Ən əsası dillərinə olan hörmətləri, sevgiləri... 1 milyon 300 minlik əhalisi olan bir xalqın ana dilinə olan məhəbbətinə vurğunam. Hər dəfə Bakıya gələndə rus dilində danışanlar görürəm. İstəyirəm saxlayım deyim ki, vallah gözəl görünmürsünüz. Öz dilimizdə danışsanız daha mədəni görünərsiniz. Halbuki özüm də rusca təhsil almışam. Doğrudan çox axıcı dilimiz var. Dinləyəndə qulaq dincəlir. Baxın, Estoniya da keçmiş Sovet ölkəsidir. Amma 90-cı illərin əvvəllərində ora köçən azsaylı xalqların nümayəndələri də şikayətlənirdilər ki, axı niyə bizi öz dillərini öyrənməyə məcbur edirlər. Onlar gəlmələri heç nəyə təkid etmirlər. Sadəcə şərt qoyurlar ki, dövlət orqanlarında və digər qurumlarda çalışmaq istəyənlər mütləq estonca öyrənməlidirlər. Bu cəhətləri çox xoşuma gəldi. Elə bu sevgiləri məni estonca öyrənməyə ruhlandırdı.

- Eston dili hansı dilə daha yaxındır?

- Fin dil qrupuna aiddir. Fincəyə bənzəyir. Hətta bəzən estonlar məndən soruşur ki, bu bənzərlik azərbaycanca və türkcənin bənzərliyi kimidirmi? Deyirəm ki, daha uzaqdır. Mən eston dilini ən yüksək dərəcəsindən imtahan verib, sertifikat qazanmışam. Eston dövləti mənə tərcüməçi hüququ verib. Bununla da qürur duyuram. Tərcüməçi kimi deyə bilmərəm ki, yalnız öz dilimizdə danışaq, amma harada olsaq da unutmayaq. Övladlarım Bakıya gələndə qohumlarımıza deyirlər ki, bizimlə azərbaycanca danışın. Biz öz mədəniyyətimizi, ədəbiyyatımızı bilməsək, özümüzü tanıda bilməyəcəyik. Estoniyada tez-tez Nizaminin, Füzulinin, Nəsiminin yaradıcılıq gecələrini təşkil edirik. Elə son dəfə tədbirimizi Nəsimiyə həsr etdik. Onun əsərlərini ingilis və rus dillərində səsləndirdik. Elə heyran qalmışdlılar ki, dedilər, bizim belə bir şairimiz olsaydı, dünyaya tanıdardıq. Ya siz onu kifayət qədər təbliğ etməmisiniz, ya da tərcümənin zəifliyidir ki, bizə gəlib çatmayıb.

- Estoniyada diasporumuz varmı?

- Bəli, Azərbaycan icması var. Rəhbəri Niyazi Hacıyevdir. Fəaliyyət göstərirlər. Məktəblərimiz var.

- Maraqlıdır.

- Diasporumuzun tərkibində Azərbaycan həftəsonu məktəbi vardı. Üç il öncə birini də mən açdım. "Azərbaycan maraq məktəbi". Özü də nəzərinizə çatdırım ki, bu sənəd xatirinə deyil. Bəzən görürsən ki, kimsə bir şəkil çəkdirib paylaşmaq üçün, haqqında məqalə yazılmağı xatirinə özünü reklam edir. Ancaq bizdə elə deyil. Mənim göstərişə ehtiyacım yoxdur. Azərbaycan tanınmaq istəmirəm. Qoy, özüm vətənimi qürbətdə təbliğ edim. Həmişə deyirəm ki, Azərbaycanı Estoniyanın pulunun hesabına tanıdıram. Estoniyada milli azlıqların dəstəklənməsi fəaliyyəti çox güclü aparılır. Orada İnteqrasiya Departamenti var. Bu departament milli azlıqların Estoniyaya inteqrasiyasına xidmət göstərir. Bizə şərait, imkan yaradılır ki, öz mədəniyyətimiz təqdim edək. Dövlət layihə elan edir. Mən də xoşbəxtlikdən həmin layihəni yazıb vermişdim. Qrant aldım. Bu o qədər də böyük məbləğ deyil, lakin dərs ləvazimatları və milli geyim almaq üçün bəs edir.

- Ancaq bizim uşaqlardır, yoxsa əcnəbilər də var?

- Estonca bildiyimə görə eston uşaqlar da gəlir. Mütəmadi tədbirlər təşkil edirik. Media da tədbirlərimizi işıqlandırır. Özümüzün ansamblımız da var.

- Radio fəaliyyətinizə də toxunmaq istəyirəm...

- Yaxınlarda 10 illiyimizi qeyd edəcəyik. Demək hər şey belə başladı. Eston dilini üç il ərzində öyrəndim. Bu, onların çox xoşuna gəldi. Məni digər xalqlara nümunə göstərməyə başladılar ki, əgər estonca belə çətin dildirsə niyə Sənəm Əliyeva belə tez zamanda öyrənə bildi. O vaxtlar mən pedaqoji fəaliyyətlə məşğul idim. Elə bundan sonra mediada məşhurlaşdım. Ölkənin ən yaxşı jurnalistlərdən biri Rasmus Kagge mənimlə müsahibə edib, qəzetdə yayımladı. Təbii ki, bu müsahibəni dövlət qurumları da gördü. Kagge Esoniyanın Dövlət Teleradio şirkətində də baş redaktor işləyirdi. Məni portret verilişinə dəvət etdi. Orada da çox maraqlı söhbət etdik. Veriliş bitən kimi televiziyanın direktoru studiyaya gəldi və çıxışımı bəyəndiyini dedi. Onlara təklif etdim ki, dövlət radiosunda Azərbaycan haqda bir saatlıq veriliş hazırlamaq istəyirəm. Dedilər, bu çox məsuliyyətli işdir. Öhdəsindən gələ biləcəksiniz? Dedim, gələcəm. Cavab verdilər ki, biz qərar verib sizə xəbər edəcəyik. Estonların bir müsbət cəhətini də sizinlə bölüşmək istəyirəm: bu ölkədə hansı dövlət qurumuna məktub yazsan mütləq cavab gələcək. Lap elə prezident aparatının özünə məktub ünvanasan, cavablandıracaqlar. Məktub yazandan cəmi beş gün sonra məni dəvət etdilər və veriliş hazırlamaq üçün studiya ayrıldı. Həmin gündən düz on il keçib. Hər ayda iki dəfə verilişimiz yayımlanır. Bu günədək ölkəmizin məşhur simaları, dövlət rəsmiləri, ədəbiyyat və mədəniyyət nümayəndələri qonağımız olublar.

- Azərbaycan adına böyük uğurdur. Bəs maddi təminat?

- İnanırsınız bu verilişdən heç vaxt qonorar almamışam. Əksinə yeri gəlib öz cibimdən pul qoymuşam. Əsas odur ki, ölkəmiz tanınsın. Faciələrimizdən dünya xəbər tutsun. 20 yanvar, Xocalı faciələrinin il dönümlərində Estoniya dövlətinin rəsmiləri qonağımız olublar. Hətta bir dəfə 20 yanvar faciəsinin 20 illiyini qeyd edirdik. Həmin faciəni öz gözü ilə görən eston foto-jurnalist qonağımız oldu.

- Maraqlıdır nə danışırdı?

- O, gördüklərini ağlaya-ağlaya dilə gətirirdi. Əlində olan lentləri də burada necə böyük əziyyətlə çıxartdıb, Estoniyaya ordadan isə Finlandiyaya apardığını deyirdi. Yuriy Vendelin adlı bu jurnalist Azərbaycanda vəziyyətin qarışdığını öyrənir, yanvarın 17-si Bakıya gəlir. Həmin vaxt heç ağlına da gətirmir ki, belə bir faciə baş verəcək. Ölülələrin, yaralıların, xəstəxanadakı izdihamın şəkilləri vardı, onda. Bundan başqa, Estoniyanın keçmiş prezidenti mənim müsahibim olub. Aprel hadisələrində eston siyasətçilərlə birgə əla veriliş hazırlamışdıq. Bir sözlə, ölkəmizin bütün aktual məsələlərinə toxunuruq.

- Eston xalqının mədəniyyətində sizə qəribə gələn cəhətlər varmı?

- Onlar bizim kimi qonaqpərvər deyillər. Bu da əvvəllər mənə qəribə gəlirdi. Elə mənim də qonağı isti qarşılamağım onları heyrətləndirirdi. Hələ sizə deyim ki, mən bir azərbaycanlının edəcəklərini tam etmirəm. Onlara uyğunlaşmağa çalışıram. Məsələn, qonaq gəlirlər, bir çeşid xörək hazırlayıram. Çox təmtəraq qurmuram.

- Bəlkə də onların yanaşması doğrudur...

- Mən də elə düşünürəm. Yadımdadır, uşaq olanda nənəm şirniyyatları götürüb, qonağa saxlayardı. Qab-qacağın ən gözəli qonaq üçün olardı. Belə deyim, əlimizdə-ovcumuzda nə varsa hamısı qonağa... Bəlkə də torpaqlarımızı da ona görə itirdik. Düşmənlərimizə qonaq deyib evin yuxarı başına keçirdik. İnsan öncə özünə dəyər verməlidir. Bu halda qarşındakı da sənə sayğı duymağa məcbur olacaq. Bir də estonların övladlarına lap körpəlikdən öyrətdikləri mədəniyyətə heyranam. Övladlarını tərbiyə etməkdən yorulmurlar.

- Bəs dinə münasibətləri necədir?

- Onlar Avropanın kilsəyə ən az gedən xalqlarından biridirlər. Xristianlığın lüterian qolundadırlar. Çünki xristianlığı bu ölkədə Lüterian yayıb. Ancaq özləri əzəldən meşə allahına sitayiş ediblər. Estonlar üçün meşə çox müqəddəsdir. Onlar ağac kəsib heç vaxt ev tikməzlər. Ölkənin Meşə Sənayesi Nazirliyi var. Hətta Milad bayramında evə canlı şam ağacı gətirəndə də Nazirlik elan verir. Əhaliyə yalnız nazirliyin əməkdaşlarının nəzarətilə kəsilən xəstə, qocalmış ağaclar paylanır. Bu səbəbdən də Estoniyanın havası çox təmizdir.

- Sənəm xanım, bu yaxınlarda Estoniyada ölməz sənətkarımız Fuad Poladovun əziz xatirəsi yad edildi. Çox təsirləndim...

- Bəlkə də bu ifadə təvazökarlıqdan uzaq olacaq, amma deyəcəm. Estoniyada tanınıram, sevilirəm. Yəqin şərq qadını olub, belə açıqdüşüncəli, pozitiv olmağım xoşlarına gəlir. Bir neçə ay öncə tədbir hazırlamağa qərar verdim. Çox araşdırdım. “İkinci pərdə” filmini seçdim. Sizin bu film haqda yazınızı da oxudum. Tallində nümayişi üçün gün seçdik. Filmin rejissoru Emil Əliyev və baş rolun ifaçısı Hikmət Rehimovu Tallinə dəvət etdik.

- Amma filmdə rol alan digər istedadlı aktyorlar da vardı. Məsələn, Qorqud Cəfər...

- Təbii ki, elədir. Sadəcə bizə cəmi iki nəfəri dəvət etmək üçün vəsait ayrılmışdı. Filmi o qədər böyük maraqla izlədilər ki, sizə izah edə bilmirəm. Film bitəndən sonra düz iki saat müzakirə etdilər. Mən bu hekayədə özümü, qonşumu, mentalitetimizin çatışmazlıqlarını gördüm. Təbii ki, nöqsanlar vardı, bu da təbiidir. Amma ümumilikdə “İkinci pərdə”müasir kinomuzun böyük uğurudur. Həmin ərəfədə sevimli aktyorumuz, mənim üçün əsl dahi Fuad Poladov dünyasını dəyişdi. Öncə Fuad bəy haqda eston izləyicilərə, kino mütəxəssislərinə məlumat verdim. Söylədim ki, o, Hollivudda doğulsaydı, dünyanın ən sevilən sənətkarlarından olacaqdı. Sonra isə sevimli aktyorumuzun ifasında şeir səsləndi. Hər kəs heyran qalmışdı, mənsə ağlayırdım. Həmin gecə rahat yatdım. Balaca da olsa əlimdən gələni etdiyim üçün çox xoşbəxt idim.

- Tərcüməçilik fəaliyyətinizdə nə kimi yeniliklər var?

- Bu yaxınlarda eston yazıçısının Bakı haqda qələmə aldığı “Küləklər şəhəri” kitabını azərbaycan dilinə tərcümə etmişəm. Çox maraqlı əsərdir. Artıq çapa vermişik. Sentyabr, oktyabr aylarında təqdimat etməyi düşünürük.

- Sənəm xanım, ölkəmiz adına gördüyünüz dəyərli işlər üçün minnətdaram.

- Mən sizə təşəkkür edirəm!

Leyla Sarabi,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm