• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Ad günüm bədbəxt olduğum gün kimi yadda qalıb... - 77 yaşlı Flora Kərimova ilə UNİKAL SÖHBƏT

  • Xüsusi
  • 23 İyul 2018 22:16
  • 4 945 Baxış
Ad günüm bədbəxt olduğum gün kimi yadda qalıb... - 77 yaşlı Flora Kərimova ilə UNİKAL SÖHBƏT

Sevgini ölçən cihaz hələ icad olunmayıb, lakin feysbuk və instaqramda istifadəçilərin yazdığı səmimi status və rəyləri imkan verir ki, hər hansı sənətkara olan münasibət və sevgini bütünlüklə hiss edəsən... Bu gün Feysbuk yoldaşlarımın əksəriyyətinin Flora Kərimovanın nəğmələrini paylaşıb onu doğum günü münasibətiylə təbrik etməsi bir daha sübut edir ki, o, Azərbaycan mədəniyyətinin və musiqisinin əvəzolunmaz xəzinəsidir. Əgər mələklərin səsi olsaydı, şübhəsiz ki, bu, Flora Kərimovanın doya bilmədiyiniz məlahətli ifaları olardı. Əvəzolunmaz sənətkarın bu gün 77 yaşı tamam olur.

Publika.az əlamətdar günlə əlaqədar olaraq Xalq artisti ilə söhbət edib.

- Əlamətdar gündə sizinlə danışırıq. 77 yaşınız tamam olur. Bu gün münasibətilə sizi ürəkdən təbrik edir, sağlam və mənalı ömür arzu edirəm.

- Minnətdaram, əzizim.

- Flora xanım, təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Realistəm, yaşımın həmişə fərqində olmuşam. Odur ki, indi də yaşımın əhval-ruhiyyəsini hiss edərək yaşayıram.

- Yaşa dolmaq sizi kədərləndirir, ya bunu müdriklik əlaməti kimi qəbul edirsiniz?

- Bunu mütləq bir tale kimi və təbiətin qoymuş olduğu hədəfə doğru uzanan yol kimi qəbul edirəm.

- Öz doğum gününüzdə keçmiş və ya gələcək üçün daha çox darıxırsınız?

- Arxaya baxan deyiləm, keçmişə də ümidim yoxdur. Gələcək isə həmişə məchuldur, amma ümidlərlə doludur.

- Belə bir deyim var: “Yeni yaşa öyrəşmək asan olardı. Əgər o, heç vaxt dəyişməsəydi”. Sizcə, insanlar qocalmaq qorxusuna necə qalib gələ bilər?

- Yaşa dolmaq, qocalmaq əksər insanın, xüsusən də qadınların qorxulu kabusudur. Xoşbəxtlikdən bu hiss mənə həmişə yad olub. Nə də ki, Allahdan qorxmamışam. Çünki bilirəm ki, təbiətin əleyhinə getmək və yaradanın göndərdiyi qədərin ağırlığından can qurtarmaq mümkün deyil. Heç nəyə heyfsilənməmişəm.

- Sevilən qadınların həm ruhən, həm də zahirən gənc qaldığını deyirlər. Siz bu fikir haqqında hansı qənaətdəsiniz?

- Mənə deyilən komplimentlərin arasında yeganə fikirdir ki, onunla razılaşıram. Yaradan məni belə yaradıb. Həmçinin genetikanın da rolu böyükdür. Anam bir qədər dolu bədənli olsa da, yaşından gənc görünürdü.

- Bu günlə bağlı hansısa ənənəniz varmı? Övladlarınızdan gözlədiyiniz xüsusi hədiyyə necə?

- 23 iyul Ağdamın işğal günüdür. 1993-cü ildən bəri mənim üçün doğum günü yoxdur. Bu gün həyatımda göz yaşı, həsrət və bədbəxt olduğumuz gün kimi yadda qalıb. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz. Hər il torpaqlarımızın işğal günlərində ölüb-dirilirəm... Niyə dirilirəm? Nə etmək olar, görünür ki, bu dünyadakı işgəncə payımı hələ bitməyib.

Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram eləyəcəm ki, səsi hər yana yayılacaq. İnşallah o günü görəcəyəm, mən buna inanmaq istəyirəm.

- Belə bir fikir var ki, hər insan layiq olduğu ömrü yaşayır. Bu baxımdan qismətinizə hansı ömrü yaşamaq nəsib olub?

- Heç vaxt öz həyatımı yaşamamışam, millətimin, torpağımın və Vətənimin aldığı yaraları onunla birlikdə yaşamışam. Və bu xüsusiyyətimə görə həmişə düşmən qazanmışam. Məni heç vaxt başa düşməyiblər. Bununla belə millətim məni sevir və çalışır ki, bütövlüklə anlasın. Ancaq alınmır... Qəlbimdəki qəlbimdədir... Millətimin o ağrıdan xəbəri olsaydı, bəlkə də mənə haqq qazandırardı. Hərdən deyirəm ki, bu dünyanın dərdi sənə qalıb? Təəssüflər olsun ki, mənim üçün dünyanın dərdi Azərbaycan adlı məmləkətdə yerləşir. Və onun dərdi hər birimizə aiddir. Bu ağrını çox dərində, şüurumda, bütün ruhumda hiss edib yaşayıram.

- Böyük həyat təcrübəsi olan xanımsınız. Maraqlıdır ki, bu yaşa qədər yaxşı və pis insanı bir-birindən fərqləndirməyi öyrənə bilmisiniz? Yoxsa, həyat sizi təəccübləndirməyə davam edir...

- Təəccübləndirir. Sözümə görə oxucular məni bağışlasın: müəyyən insanlar var ki, onların qanmazlığı məni heyrətə gətirir. Çirkin addımlara üz tutaraq mənsub olduğu millətə dağ çəkdirən adamları indiyə qədər görəndə təəccüblənir və təəssüflənirəm. Bu insanlar düşünmür ki, öz əməlləri ilə özünə qarşı necə böyük nifrət qazanır...

- İstəsək də, istəməsək də, yaşadıqlarımızdan dolayı bəzən həyat eşqimiz azalır və sönməyə başlayır. Belə anlarda sizə güc verən kim və ya nə olur?

- Realistəm, xəyallara qapılmıram. Bilirəm ki, bir gün qapım döyüləcək... Böyük oğlumun yaşı 50-ni haqlasa da, yeganə nigarançılığım övladlarımla bağlıdır. Nigarançılıq qoymur ki, rahat yaşayım. Əgər şəhidlərimizin ruhu məni yandırıb cızdağımı çıxartmasaydı, bəlkə də övladlarımdan nigaran getməzdim. Ancaq indi çox nigaranam...

- Müasir qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə çalışır. Sizcə, bu, nədən irəli gəlir?

- Qocalıq qorxusundan. Elə müğənnilər tanıyıram ki, orta yaşından sinə səsi ilə oxuyurdular, indi isə səslərini nazikləşdirib yaşlarını kiçik göstərməyə çalışırlar. Vallah ayıbdır. Sən səsinlə və ifanla da yaşadığın illərin bioqrafiyasını yazırsan. İnsanlar səni o səslə sevibsə, indi incə səslə “myau-myau” etməyin nə mənası? Bu, kimə xoş gələr? Adamlar o qədər korlanıb ki, hətta bir çoxunun mənliyi də əldən gedib.

- Remark deyirdi ki, bizi qocaldan xatirələrimizdir. Əbədi gəncliyin sirri odur ki, unutmağı bacarasan. Həqiqətənmi unutqanlıq cavan qalmağa kömək edir?

- Elə bir adam yoxdur ki, keçmişinin ağrısını yüngül formada hiss etməsin. Keçmişin sən gözlərini əbədi yumana qədər yol yoldaşındır. Biz keçmişin ağrısını çiyinlərimizdə həmişə hiss edirik.

- Uşaqlıqda itməkdən çox qorxurduq. Böyüyəndən sonra isə itmək və mümkün qədər uzağa getmək istəyirik. Niyə illər keçdikcə arzularımız bir-birini inkar edir?

- Müharibə dövrünün övladıyam və bu günə qədər müharibə içindəyəm. Nə indi, nə də uşaqlıqda qorxaq olmuşam. Çünki anamın sevgisi və qayğısı ilə böyümüşəm. Bilirdim ki, iki dünya bir olsa, lap quyunun dibinə düşsəm də, anam mütləq gəlib məni ordan çıxaracaq. Ana münasibətinə və ana məhəbbətinə inam var idi. Mən anama inanırdım, odur ki, itki qorxusu məndən yan keçmişdi. Sonrakı illərdə mübarizə əzmi ilə seçilən xanım olmuşam. Kimsə bir küncdə oturub ağlayanda və ya dərdini kimləsə bölüşəndə, qollarımı çırmalayıb özümdən çox-çox güclü insanlarla mübarizə aparmışam. Odur ki, həyatımda qorxuya yer yox idi.

Sənət adamı üçün gözdən düşüb unudulmaq daha dəhşətli itkidir. Allaha qurban olum ki, bunu mənə qıymadı. Nə gözdən düşməyə, nə də ki, unudulmağa imkan verdi.

- Flora xanım, bu səsi unutmaq mümkün deyil...

- İsti sözləriniz üçün minnətdaram.

- Doğum günündə Flora xanımın özünə olan arzularını eşitmək istərdik.

- Bütün hərfləri böyük yazılan BÜTÖV AZƏRBAYCANIMI və VƏTƏNİMİ arzu edirəm! Torpaq itkisini yaşamaqdansa, Allah canımı alsa yaxşıdır...

- Flora xanım, Allah sizi də, vətənimizi də daim qorusun! Doğum gününüzdə bizə vaxt ayırdığınız üçün xüsusilə minnətdaram. Dərin və dəyərli söhbətinizi dinləmək çox xoş oldu. Özünüzə yaxşı baxın və sevildiyinizi heç zaman unutmayın!

- Siz məni bu gün çox-çox təəccübləndirdiniz. Həyat fəlsəfəsinin dərinliklə varan sualları bir müddətdir ki, eşitmirdim. Siz mənim ürəyimdən keçənləri soruşdunuz. Belə mənalı suallar üçün təşəkkür edirəm. Və qeyd etmək istəyirəm ki, jurnalistlərdən həmişə belə münasibət və söhbət gözləyirəm.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR