Luvrda əsərləri sərgilənən yeganə azərbaycanlı fotoqraf: "Fransadakı qaraçılar elə bilirlər ki, azərbaycanlı qadınlar..."
Bizi izləyin

Xüsusi

Luvrda əsərləri sərgilənən yeganə azərbaycanlı fotoqraf: "Fransadakı qaraçılar elə bilirlər ki, azərbaycanlı qadınlar..."

Publika.az-ın müsahibi hazırda Fransada təhsil alıb, fəaliyyət göstərən "Nərgiz" jurnalının əməkdaşı, fotoqraf Maya Bağırovadır.

- Maya, neçə ildir Fransadasan?

- Artıq iki ildir. İlk 8 ay müddətində fransızca öyrəndim. Sonra özəl universitetə daxil oldum. Bakıda “Nərgiz” jurnalında çalışdığım üçün Ülviyyə Mahmudova ilk təhsil haqqımı öz üzərinə götürdü.

- Fransız dilini öyrənmək çətin olmadı?

- Hələ Fransaya getməzdən öncə Bakıda fransız dili dərsləri alırdım. Açığı kifayət qədər məsuliyyətli yanaşmırdım. Hətta deyirdim, fransız dilidir də, gedib daha yaxşı öyrənəcəm. Getdim Fransaya. İlk günlər şokda idim. Çünki insanlar çox sürətli danışırdılar. Heç nə anlamırdım. Vaxt keçdikcə yavaş-yavaş öyrəndim.

- Fransanın ali məktəblərində tədris sistemi necədir?

- Bizdən çox fərqlənir. Tam başqa sistemdir. Bir yandan daha asan, digər yandansa öz istədiklərini sənə qəbul etdirməyə çalışırlar. Ancaq başa düşmürlər ki, mən yaradıcı insanam, fotoqrafam. Öz ideyalarım, düşüncələrim var. İstəyirlər ki, tələbələrin hamısı nəzarət altında olsunlar. Bəlkə də başqa ixtisaslara qarşı bu yanaşma doğrudur, amma yaradıcı peşələrdə bu yanaşmanı düzgün saymıram.

- Maya, Fransadakı səfirliyimizin təşkil etdiyi bir sıra tədbirləri fotokameranla işıqlandırırsan.

- Bəli. Bir çox tədbirlərdə fotoqraf qismində iştirak edirəm. Həm də “Nərgiz” jurnalının Fransadakı təmsilçisiyəm. Elə hazırda bir layihəni tamamlamışam. Fransada yaşayan qaraçılar haqda reportaj hazırladıq. Onlar öz balaca karvanlarında yaşayırlar və Avropada ilk qaraçı sirkinin qurucularıdırlar.

- Çox maraqlı məlumatdır. O karvanın içərisində olmusan?

- Karvanda da olmuşam, insanları ilə də söhbətləşmişəm. Onlara Azərbaycanı da tanıtmışam. Bütün gün internetdə axtarış verib, Azərbaycan haqda məlumat toplayırdılar. Hətta elə bilirilər ki, bizdə bütün qadınlar hicablıdır. Onlara izah etdim ki, Azərbaycan xanımlarının seçim azadlığı var, geyimlərinə özləri qərar verirlər. Onların rəhbərilərinin adı Aleksand Romanezdir. Aleksandr özlərindən bəhs edən bir neçə cildli kitab yazıb, Fransada nəşr etdirir. Həmin kitabların biri “Biz qarğalarıq” adlanır. Bu isə mənim işlədiyim mövzuya çox yaxındır.

L’image contient peut-être : oiseau, ciel, chaussures et plein air

- Həqiqətən, dəfələrlə görmüşəm ki, ilham mənbəyin qarğalardır.

- Düşünürəm ki, qarğalar mənim əsas süjetimdir. Ömrümün sonunadək də mənimlə gedəcəklər. Ona görə mənim üçün maraqlı bu iki mövzunun vəhdəti işlməyim üçün daha böyük maraq oyatdı.

- Qarğalar mövzusuna mütləq qayıdacağıq. Amma indi istəyirəm, Fransa qaraçılarının həyatları haqda daha geniş məlumat verəsən.

- Əvvəllər köçəri həyat tərzi sürüdülər, amma indi konkret məkanları var. Uşaqları daimi məktəbə gedir, internetdən istifadə edirlər. Doğrudur, Fransa hökuməti yaşayış yerlərini dəfələrlə dəyişdirib, polislər gəlib bir yerdən digər yerə köçürdür. Amma buna baxmayaraq, qarmonları, skripkaları əllərindən düşmür. Heç nə üçün kədərlənmirlər, əylənməyi, çalıb-oxumağı, ürəkdən gülməyi bacarırlar. Bu sadaladıqlarıma görə onların əhatəsində olmaqdan zövq alıram. Etiraf edim ki, Parisdə ən çox sevdiyim məkan qaraçıların karvanıdır.

- Bəs pulu nədən qazanırlar?

- Onların öz sirkləri var. Hər dəfə yeni proqramla çıxış edirlər. Sonda isə bir nəfər səhnəyə çıxır və deyir ki, görürsünüzmü biz öz zəhmətimizlə pul qazanırıq. Dilənməklə, oğurluqla yox. Bax belə... Çox maraqlıdır onların həyatı.

- Böyük sərgi haqda düşünürsən?

- Hələ ki, böyük miqyaslı sərgim olmayıb. Sözün düzü, qarşıdakı 2-3 il müddətində bu haqda düşünmürəm. Təhsilimlə məşğulam. Həm də insan seçim qarşısında qalır, öz fotolarımla iştirak edim, yoxsa dərsliklərimlə. Amma müxtəlif müsabiqələrdə fotolarım nümayiş olunub. Hətta bu yaxınlarda bir müsabiqəyə qatıldım və finalçılar sırasına düşdüm. Bu qələbə mənim üçün də gözlənilməz oldu. Çünki digər iştirakçıların hamısı sosial fotoqraflar idilər, özü də 80 mindən çox iştirakçı vardı. Yalnız mən art janrını təmsil edirdim.

L’image contient peut-être : une personne ou plus et plein air

- Və yenə qarğalarınla...

- Bəli (gülürük). Artıq ətrafımdakı insanlar da etiraf edirlər ki, qarğa görəndə məni xatırlayırlar.

- Maraqlıdır niyə qarğa?

- Fransaya təzə köçəndə ətrafımda dost, tanışım yox idi. Yalnız xalam vardı. Özümü çox qəribə, tənha hiss edirdim. Bütün gün küçəyə çıxıb, fotolar çəkirdim. Parisin sevdiyim bir parkı var. Demək olar ki, zamanımın çoxunu orada keçirdirdim. Bir dəfə qarğalara diqqət elədim, nədənsə özümə bənzətdim. Qürurlu, tənha, qap-qara...Bəlkə də sizə qəribə gələcək, amma Fransada qarğalar daha fərqlidirlər. Sonra hər çəkdiyim fotolara öz həyat hekayələrimi əlavə etməyə başladım.

- Məsələn...

- Məsələn sirli qızın doğulmağı... Sonra ailəsi ilə birgə köçməyi... Biz bir müddət İsrailə köçüb, orada yaşamışıq. Sonra ata övladını bərk-bərk tutub, ana isə balasını onun əlindən almağa çalışır. ... Valideynlərim uzun sürən münbahisələrdən sonra ayrıldılar və biz Bakıya dönməli olduq. Bakıdakı həyatım, ayrılıqlar... Hamısını bu süjetimdə birləşdirmişəm. Əslində Parisdə insanlar hər gün o parkdan bəlkə də bir neçə dəfə keçirlər. Amma xırdalıqlara heç kim önəm vermir. Mən də bütün bunları, görünməyən tərəfləri göstərməyə çalışdım. Ətrafımıza tez-tez nəzər salmalıyıq. Kimə baxırsan, telefonla oynayır.

- Amma fransızlar heç olmasa, mütaliə edir. Bizdə həyat başdan-başa telefondan ibarətdir.

- Doğrudur. Bir neçə həftədir Bakıya gəlmişəm. Dostlarımla görüşürəm, hamının başı telefona qarışıb. Heç kim canlı ünsiyyət qurmaq istəmir. Belə hallar məni məyus edir. Sanki insanlar maraqlı yaşamaq istəmirlər.

- Maya, bir çox rəssamlar, fotoqraflar deyirlər ki, yaradıcı insana peşə təhsili gərək deyil. Hətta Amerikada, Fransada oxuyub gələn gənclərimiz düşünürlər ki, sənət adamı texnikasından öncə dünyagörüşünü formalaşdırmalıdır. Kamilliyə çatmalıdır. Sən bu barədə nə düşünürsən?

- Bu belə də olmalıdır. İnsanın üçüncü gözü varsa, onun oxumağa ehtiyacı yoxdur. Bu baxımdan təhsil aldığım məktəbin şərtləri məni qane etmir. Nəzarət, nəzarət, nəzarət... Harasa çəkiliş etməyə gedirik, müəllimlər məni yanlarından buraxmır ki, gedib yenə öz istədiyini edəcəksən (gülürük). Doğrudur, bəzi texnikalara yiyələnirsən. Amma yaradıcılığımı özüm inkişaf etdirirəm. Əşlayaları, məkanı olduğu kimi çəkməyimizi istəyirlər. Mənsə belə şeylərdən uzağam.

- Bəs neçə düşünürsən, hansı ölkədə təhsil alsaydın, sadaladığın çatışmazlıqlar olmazdı?

- O qədər yazıçılar olub ki, yaşadıqları şəhərdən kənara çıxmayıblar. Amma ən gözəl əsərləri yaradıblar. Hər şey insanın özündən asılıdır. Daxilində gözəllik varsa, onu mütləq üzə çıxaracaqsan. Fransanın bilirsən hansı xüsusiyyəti xoşuma gəlir? Gəlmələrə həmişə dəstək olurlar, onu hər şeydə dəstəkləyirlər. Bilirlər ki, həmin insanın bütün uğurları Fransa naminədir. Bu özünü rəsmdə, heykəltaraşlıqda, memarlıq nümunələrində aydın göstərir.

- Elə futbol üzrə dünya çempionatında da sən deyənlərin şahidi olduq.

- Bəli. Fotoları alırlar, maraqlanırlar, ruhlandırırlar.

- Ümumiyyətlə, fotolarını satırsan?

- Bu yaxınlarda Parisdə xeyriyyə məqsədilə auksion təşkil olunmuşdu. Orada bir fotom 2 min avroya satıldı. Amma sonra bir müddət limit qoyulur.

- Maya, əsas peşən skripka ifaçılığıdır.

- Bakı Musiqi Akademiyasının skripka ifaçılığı ixtisasını bitirmişəm. Amma qısa zamanda anladım ki, saatlarla oturub məşğul olmağa səbrim çatmır. Gərək gəzim, səyahət edim, yeni insanlarla tanış olum. Ən əsası macəralar yaşayım. Yoxsa ürəyim dayanar, solaram.

- Luvr muzeyində əsərlərinin sərgilənməyindən danışmağını istəyirəm.

- 2015-ci il idi. Müsabiqəyə qatılmışdım. Ən az yaşlı iştirakçı idim. Bütün mükafatları da mən qazandım. Digər iştirakçılar donub qalımışdılar. Niyə biz fransız ola-ola, bütün medalları sənə verdilər.

- Yenəmi qarğalarınla?

- Yox, bu dəfə mövzu tənhalıq idi. Hətta keçən dəfə adımı yazıb internetdə axtarış verirəm. Tənhalıq çıxır. Mən tənha qadın olmaq istəmirəm axı. (Gülürük)

- Fikrincə orada özünə ustad saya biləcəyin fotoqraflar varmı?

- "Paris Match" jurnalının möhtəşəm fotoqrafları var. Çox şeyi onlardan mənimsəmişəm. Süjetlər hazırlamaq, manifestasiyalar (hadisələr) çəkmək və s. Birdən qaradərililərlə polislər arasında qorxulu qarşıdurmalar olur. Onlar polislərə küt alətlərlə zərbələr endirir, polislərsə qaz balonları ilə qaraları zəhərləyirlər. Biz onları çəkirdik. Hətta bir dəfə düz 3 həftə bu qarşıdurmaları çəkdik. Ancaq qaz udurduq. Sonra bir müddət heç nə yeyə bilmədim. Bədənim çox zəifləmişdi. Yəni baxın belə hadisələr olur. Jurnalizmin bu yolunu da öyrədirlər, dəstək olurlar.

- Təhlükəsizliyinizi təmin etdilər?

- Əlbəttə. Elə ona görə məni gözlərindən kənar qoymurdular ki, sən qazın içinə girib zəhərlənəcəksən. Mən istənilən işi görəndə dərininə gedirəm. Onlar da bu xüsusiyyətimi bilirlər.

- Başqa hansı təhlükələrə atırsan özünü, “tənha” qız?

- Fransada bir ərazi var. Parisdən 5 saatlıq məsafədə yerləşir. Orada polislərlə əhali arasında savaş gedirdi. Hakimiyyət bu ərazidə aeroport tikmək istəyir, dinc əhali isə qəti etiraz edir. Bunun üstündə də iki cəbhə arasında müharibə gedir. Sanki bir qorxulu oyundur. İnsanlar müharibəyə susayıb. Yenə qaz və küt alətlərdən ibarət savaş... Birinci istədim əhalinin arasında çəkim. Ağızlarını, gözlərini bağlayıb vuruşan gözü dönmüş insanılar idi. Gördüm onların içərisində heç nə çəkə bilməyəcəm, keçdim, polislərin cəbhəsinə. Press kartımı göstərdim ki, çəkilişə icazə versinlər. Bu dəfə də qarşı cəbhə mənə düşman kəsildi. Polislər mənə dedilər ki, bizi tərifləyərsən reportajında, deyərsən ki, çox yaxşı mübarizə apardılar.

- Və inanmaq çətin olsa da bütün bu hadisələr Fransa kimi sivilizasiyanın mərkəzində baş verir, insanlar sən dediyin kimi müharibə üçün darıxıblar...

- Bəli xüsusuən də qanun keşikçilərinin dinc əhalini qaza bürüməsi...

- Maya, ümumiyyətlə Fransa səni bir insan kimi formalaşdıra bildi?

-Bilirsən, Fransada süjet azdır. Ölkədə harmoniya böyük vüsət alıb. İnkişaf etmiş ölkədə böyüyəndə, insan rahatlığa, yaxşı şəraitə elə alışır ki, sən kənardan ona baxanda görürsən nə isə çatmır.

- Yəqin xalqımızın gündəlik problemləri çatmır...

- Onlar hər şeyi gözəl görməyə öyrəşiblər. Mənim əsərlərimdə isə ancaq drama görərsən. Bu ağ-qara da onlarda başqa fikirlər oyadır ki, bu qız çox kədərlidir, melanxolikdir. Sənsə onlara deyirsən ki, əslində bunu sənət naminə etmişdim. Müsahibələrimdə də çox vaxt başlıqları “melanxolik qız” adı ilə verirlər.

- Bəlkə də bzim kimi problemlərə baş vurmadıqlarına görə həmişə suyun üzü ilə gəzirlər. Məncə, Fransanın bizim kimi problemli insanlara çox ehtiyacı var.

- Doğrudur. Amma bizə də çətin insan kimi baxırlar.

- Yaradıcı insan da çətin olmalıdır axı...

- Təbii ki, belədir. Amma onlar bizim kimi düşünmürlər. Hətta uşaqlarını da özləri kimi böyüdürlər. Biz burada küçədə uşaq görəndə başını tumarlayırıq, öpürük. Orada isə uşağı təsadüfən kadra düşdü deyə, valideyn fotoqrafı məhkəmə ilə hədələyə bilər.

- Maya, Bakıda Fotoqraflar məktəbi açmağı düşünmürsən?

- Niyə də yox?! Çox istərdim. Yeniyetmə fotoqraflara bildiklərimi, öyrədiklərimi göstərərdim. Gələcəkdə bu haqda düşünəcəm. Elə mənim də ilk tanışlığım Rza Diqqəti ilə olub. Bakıiya gəlmişdi. Cəmi 15 yaşım vardı. Fotolarımı göstərdim. Öz tövsiyəslərini, iradalarını dedi. İndi onlarla ailəvi gözəl münasibətimiz var.

- Sənin müsbət enerjindən ayrılmaq istəmirəm, amma söhbətimizi yekunlaşdırmalıyıq. Yerli fotoqraflarla bölüşmək istədiklərin varmı?

- Toy çəkilişlərindən uzaqlaşıb, bir az sənətlə məşğul olsunlar. Fransada dostlarıma fotoqraflarımız haqda məlumat vermək istəyirəm. İnterneti açırsan, hamısı toy çəkilişləri edirlər. Sənətə dəyər vermək lazımdır. Özü də Azərbaycan kimi rəngarəng ölkədə yaşayırıq. O qədər maraqlı hadisələr, məkanlar var. Bu ölkədə həyat qaynayır.

Leyla Sarabi,

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm