Misir Mərdanov: "Onları otağımdan qovdum ki, siz nə danışırsınız..." - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Misir Mərdanov: "Onları otağımdan qovdum ki, siz nə danışırsınız..." - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovla müəlimlərin peşə bayramı günü görüşdük. Əvvəlcə onu təbrik etdik, sonra ard-arda gələn çoxsaylı təbrik zənglərinin xəbərdalığı altında söhbətə başladıq.

Publika.az Teleqraf.com-a istinadla AMEA-nın institut direktoru Misir Mərdanovla müsahibəni təqdim edir.

Əvvəli burada

- Müəllimlər günündə xüsusən orta məktəblərdə müəllimlərin hədiyyə və pul mükafatı ilə təbrik olunması ətrafında daim müzakirələr gedir. Sizin fikrinizcə, müəllimin təbrik qaydası necə olmalıdır?

- Adamlar müxtəlifdir, hərənin də öz istəyi var. Eləsi var zəng edir, yaxud gedib kiminsə əlini sıxır, təbrik edər. Adam olar gül dəstəsi ilə, eləsi də var kiçik hədiyyə ilə təbrikini çatdırar. Mən təbriki belə başa düşürəm və belə görmüşəm, başqa cür görməmişəm.

- Bayaq 1950-60-cı illərdə müəllimlərin nüfuzu barədə danışdınız. Sizcə, müəllim nüfuzunun zəifləməsində əsas faktor nə oldu?

- Mənə elə gəlir, vacib faktorlardan biri müəllim sayının çoxluğu ilə bağlıdır. Ümumiyyətlə, say çox olanda keyfiyyəti saxlamaq çətin olur. İkinci səbəbi müəllimlərin özündə görürəm. Gərək müəllim şəxsiyyət olsun ki, nüfuz qazansın. Əsl müəllim şəxsiyyətinə uyğun olmayan adamlar müəllimliyə gəldilər.

Mən universitetdə oxuyanda Maqsud Cavadov adlı müəllim vardı, o, dəhlizdən gələndə min adam da olsa yarılıb ona yol verməli idi. Maqsud müəllim o nüfuzu öz biliyi, bacarığı, ustalığı, tələbələrə münasibəti ilə qazanmışdı, aldığı maaşla yox. Bəzi adamlar deyir ki, müəllimin maaşı artsa, nüfuzu qalxacaq. Xeyr! Çox müəllimin adını sadalaya bilərəm, Mehdi Əliyev, Qoşqar Əhmədov və başqaları hörməti müəllimlik şəxsiyyəti ilə qazanmışdı.

Əlbəttə, biz oxuyan vaxtı da müəllimlərin hamısı eyni hörmətdə deyildi. Fikrimcə, müəllim sırasına əsl müəllim adına layiq olmayan adamların gəlişi onları nüfuzdan saldı. Bu gün də az olsa da elə müəllimlər var ki, onların adları ilə fəxr edirsən. Nüfuz təkcə maaşla ölçülmür ki. Təbii, onun da təsiri var, amma həlledici deyil...

İstənilən halda müəllim cəmiyyətdə əsas adamdır. Müəllimlər günündə sizinlə görüşdən istifadə edərək Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edir, onlara can sağlığı arzulayıram. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi ki, mən dünyada müəllimdən yüksək ad tanımıram. Naxçıvanda onun iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyev orta məktəbdə ona dərs deyən müəllimlərin bir-bir adını çəkdi, ona heyran qaldım. Hörmətli prezidentimiz İlham Əliyev də müəllimlərə çox böyük hörmətlə yanaşır. Son illərdə məktəblərə qayğı, müəllimlərin əməkhaqqı hissolunacaq dərəcədə artıb. Bu baxımdan bu işə sevinməliyik.

- Nazir olanda maaş məsələsini qaldırmışdınız, məşhur bir ifadəniz vardı, 200 manat maaş alan müəllimlik etməz...

- Həmişə də cənab prezident mənim fikirlərimi dəstəkləyib. Bəli, elə bir fikrim vardı...

- Maaşın artırılması istiqamətində dövlət başçısına hansısa təklifləriniz olmadımı?

- Ölkənin imkanları daxilində dövlət başçısı hər zaman müəllimlərin əmək haqqının artırılmasına qərar verib. Gərək ölkənin maddi imkanı olsun ki, maaş artırılsın. Şükür Allaha, indi imkan daha yaxşıdır, imtahandan yüksək nəticə göstərən müəllimlər ayda 500-600, ali məktəb müəllimləri 800-2000 manat əmək haqqı alırlar. Bu, Azərbaycanın bu günü üçün yaxşı maaşdır, getdikcə də artır.

- Yeri gəlmişkən, siizn nazir olduğunuz dön\əmdə “Təhsil haqqında” qanun çox gec qəbul olundu, xeyli müzakirələr aparıldı...

- Müzakirələrin uzun müddət davam etməsi tam təbiidir. Çünki təhsil heç bir sahə ilə müqayisə oluna bilməz. Ölkə əhalisinin 80 faizi təhsilə bağlıdır. Uşaq ya bağçaya, ya məktəbə, ya da ali məktəbə gedir, yaxud valideyn bu müəssisələrdə işləyir. Hesab edirəm ki, “Təhsil haqqında” qanun elə 10 il müzakirə olunmalı idi.

- Sonda qəbul olunan qanun və onun icrası sizi təmin edir?

- Uzun müzakirələrdənn sonra “Təhsil haqqında” qanun qəbul edildi və icra mexanizmi hazırlandı, ancaq müəyyən müddət keçəndən sonra bəlli oldu ki, burada bəzi mexanizmlər işləmir. Mən nazir vəzifəsindən gedəndən sonra da qanunda ciddi dəyişikliklər oldu. Prezidentin sərəncamı ilə təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Həmin strategiya ilə bağlı tədbirlər planı var və həyata keçirilir.

- Bu günlərdə Nobel mükafatının qalibləri açıqlanır. Zaman-zaman Azərbaycanda ədəbiyyatçılar Nobeli ölkəmizə gətirəcəyinə dair iddialar səsləndirir. Heç bir fizik, kimyaçıdan eşitməmişik dedin ki, Nobeli ölkəyə mən gətirəcəyəm...

- Ataların belə bir məsəli var, ayağını yorğanına görə uzat. Nobel mükafatı riyaziyyatçılara verilmir. Bu mükafatın qalibi dünyanın seçilmiş adamları olur. O boyda keçmiş sovet ölkəsində Nobel alanları barmaqla saymaq olar, uzağı 10-12 nəfərdir. Çox deyil.

Hər il dünyanın 100 ən yaxşı universiteti qiymətləndirilir. Bəzi adamlar deyir ki, Azərbaycan niyə o siyahıda yoxdur.

- Bəli, soruşurlar...

- Əsassız olaraq soruşurlar axı. Azərbaycanın ilk universitetinin cəmi 100 yaşı tamam olacaq. Ancaq Avropa universitetlərinin 500-dən çox yaşı var. Düzdür, general olmaq istəməyən əsgər əsgər deyil, ona görə də bu istiqamətdə çalışmalıyıq. Azərbaycan universitetlərinin reytinq siyahısında olmasını tələb etmək haqlı olmayan tələbdir.

Nobel mükafatına gəlincə, indiyə qədər üç müsəlman bu mükafatı alıb. Onların heç biri mükafatı doğulduğu və ya təhsil aldığı ölkədə almayıb, ABŞ-da işləyiblər. Deməli, onun işləməyə şərait, laboratoriya, cihaz var. Azərbaycanda elə şərait yoxdur axı.

- Niyə yoxdur?

- Birdən-birə ola bilməz, zamana böyük ehtiyac var. Nobeldən qabaq çoxlu ödüllər var, gərək əvvəlcə onları alasan. Dünyanın aparıcı jurnallarında məqalələrin çıxsın, simpoziumlarda məruzələr edib özünü də, Azərbaycanı da tanıdasan, ondan sonra o şeyə iddia edə bilərsən. “Nobeli gətirəcəyəm” deməklə olmur, axı. Bu gün Azərbaycanın çox yaxşı alimləri var, əlbəttə, onların sayı çox deyil, ancaq getdikcə artır. Təəssüf bu irəliləyişlərə mane olan cəhətlər də var.

- Testlə qəbul qaydası və kurikulumla bağlı ciddi narahatlıqlar səslənir. İstərdik bu məsələlər haqda da fikrinizi öyrənək...

- Əvvəla deyim ki, test üsulu Azərbaycana 1992-ci ildə gəlib, o zaman nazir müavini idim, o işdə mənim də rolum olub. Həmin dövrdə Azərbaycanda ali məktəblərə qəbul imtahanlarından ölkə ictimaiyyətinin çox ciddi narazılıqları vardı. O narazılıqlar test imtahanlarını Azərbaycana gətirdi və çox çətinliklə baş tutdu. İlk il yadınızdadırmı, 4-5 ay gec başladı.

Türkiyədən cavab kartlarını şəxsən özüm gedib gətirdim. 20 ildən çox vaxt keçib, bu müddət ərzində həmin sistemdə çox ciddi müsbət dəyişikliklər baş verib. Təhsil Nazirliyinin açıqlaması oldu ki, gələn il imtahanlarında orta məktəb balları nəzərə alınacaq. Getdikcə şagirdin xeyrinə irəliləyişlər olur. Birdən-birə islahat aparmaq olmur. Yadımdadır, Heydər Əliyev məni Təhsil İslahatı Komissiyasına sədr təyin edəndə dedi ki, burada bir neçə məsələni nəzərə almaq lazımdır, təhsil sistemində sıçrayışla islahat aparmaq olmaz, təkamül yolu ilə getmək gərəkdir. Həmçinin söylədi ki, keçmişdəki təcrübəninin müsbət cəhətlərinə və beynəlxalq təcrübəyə diqqət yetirmək lazımdır.

Dediyiniz hər iki məsələdə Azərbaycanın şəraitinə uyğun olaraq bu üç şərt nəzərə alınmaqla irəliyə doğru getmək olar. Şəxsən bunu belə qiymətləndirərdim. Son bir neçə il ərzində test sistemində çox ciddi müsbət islahatlar aparılır. Mən onlara uğur arzulayıram.

Kurikulum dünyada qəbul olunmuş sistemdir. Təhsilə mənim dövrümdə gəlib, o adamlar ki, o sistemə getmək, oradakı yenilikləri öyrənmək istəmir, onu pisləməyə cəhd göstərirlər. Üzümüzə gələn il kurikulumla qəbul olunmuş şagirdlərin buraxılış imtahanı olacaq. Burada sıçrayışla inkişafı gözləyənlər səhv edirlər. Onun üçün müəllim, məktəb, dərslik ona uyğun olmalıdır, valideynin bu barədə biliyi olmalıdır. Buna tam nail olmaq çox çətindir. Elə bilirsiniz, Avropa ölkələri kurikuluma 5-6 ilə nail olublar? Qətiyyən.

Xatırlayıram, Dünya Bankının ekspertləri məndən tələb edirlər ki, bu işə 3 ilə keçməliyik. İnanın, vaxt olub onları otağımdan qovmuşam ki, siz nə danışırsınız, buna hazır deyilik axı. Görürsünüz, 11 il keçib, birinci buraxılışa indi gəlirik. Əminəm ki, növbəti illərdə kurikuluma daha səviyyəli şəkildə keçid olacaq.

Əgər dünya okeanında müstəqil dövlət kimi üzürüksə, o okeanda üzən ölkələrin arxasınca getməliyik, geriyə getmək olmaz ki. Ona görə də hesab edirəm ki, hər iki istiqamətdə həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi doğru yoldadırlar, bu yolda hər iki quruma uğur arzulayıram. Hər halda irəliyə doğru gediş var.

- Bu günlərdə rastımıza çıxan bir statistikada Qazaxıstanda xaricdə təhsil alanların sayının kifayət qədər çox olduğu göstərilirdi. Post-sovet məkanında müqayisə etsək, Azərbaycanda xaricdə təhsilin vəziyyəti ilə bağlı fikirləriniz necədir?

- Bu gün bu barədə bir rəqəm söyləməkdə çətinlik çəkirəm. Mən işlədiyim dövrdə xaricdə təhsilə dair Dövlət Proqramı qəbul olunmuşdu. Həmin proqram artıq başa çatdı. Nəzərdə tutulurdu ki, səhv etmirəmsə, 5 min tələbə göndərilməlidir, biz bu işi təxminən yerinə yetirə bildik.

- Niyə təxminən?..

- Onda da çətinliklər vardı. Bəziləri gedib oxuyub çatdıra bilmirdi, müxtəlif səbəblər vardı... Məncə, Proqramı 85-90 faizini reallaşdıra bildik.

Bu dəqiqə dünya ölkəmiz üçün açıqdır. Hər il minlərlə azərbaycanlı dünyanın müxtəlif universitetlərinə qəbul olub oxuyur. Məzunların içərisində təhsil aldıqları ölkədə qalanlar da, geriyə qayıdanlar da var. Bu yaxında iki böyük dövlətin başçısı Azərbaycana gəldi. Rusiya Prezidenti Vladimir Putin dedi ki, Rusiyada 15 mindən çox azərbaycanlı təhsil alır. Türkiyə Prezidenti Ərdoğan Bakıya gələndə daha böyük rəqəm açıqladı. Azərbaycanlılar yenə də xaricdə təhsil alırlar, dövlət də buna dəstək verir, məzunların ölkəmizdə qayıdıb işləməsi üçün də şərait var. Bu iş bir günə baş tutan məsələ deyil, tədricən olacaq və olmaqdadır.

- Millət vəkili Fazil Mustafa deyir ki, Tibb Universitetini bitirənlər ölkədə həkim işləyə bilmir, Almaniya, Türkiyədə rezundenturada oxumasa, xaricdəki ixtisaslaşma olmadan uzman həkim kimi çalışmır...

- Azərbaycanda rezidentura təzə yaranıb, bu pilləni bitirən uzman həkim kimi işləyəcək. 2-3 ildir yaranan bir pillədən böyük nəticə gözləmək yanlışlıq olardı. Ona görə də ehtiyacımız var ki, Türkiyə və başqa ölkələrdə gedib, uzman olub gəlib işləsinlər. Bu yaxınlarda ABŞ-da idim, Amerikada yaşayan azərbaycanlı iş adamı danışırdı ki, xəstəydim, oradakı həkimlərə etibar eləmədim, gəlib Azərbaycanda ucuz qiymətə müalicə olunub geri qayıtdım. Düşünürəm ki, biz öz mütəxəssislərimizin qədrini bilməliyik.

- Bildiyimiz kimi bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Sizin də bu tarixlə bağlı professor Ədalət Tahirzadə ilə birgə töhfəniz oldu, bir kitab nəşr elədiniz. İdeya haradan yarandı?

- Kitab “1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlılar” adlanır. Kitabın 1-ci cildi çapdan çıxıb. Mənə də, Ədalət müəllimə də təxminən 20 il bundan qabaq məlum idi ki, vaxtilə ölkəmizdə sovet hakimiyyəti qurulan dövrdə Azərbaycanın tanınmış adamlarından biri öz məruzəsində yazıb ki, sovetlər Azərbaycana gələndə cəmi 63 nəfərin ali təhsili var idi. Bu rəqəm bizə təsir elədi və bu rəqəmdən yola çıxdıq.

Əvvəl ayrı-ayrı, sonra Ədalət Tahirzadə ilə birləşdik, bu dəqiqə də birgə çalışırıq. Dəqiqləşdirməyə çalışdıq ki, bu rəqəm nə dərəcədə doğrudur... Ədalət müəllim çox qabiliyyətli professordur, arxivlə işləməyi bacaran alimdir. O zaman nazirlikdə işləyəndə imkanım olurdu Ədalət müəllimi dünyanın müxtəlif şəhərlərinə - azərbaycanlıların daha çox harada təhsil ala biləcəyini güman etdiyimiz Moskvaya, Xarkov, Odessaya, Sankt-Peterburqa, Kazana, Saratova göndərdik.

20 il ərzində apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, dəqiq olmayan məlumata görə, 900-ə yaxın azərbaycanlı sovetlər Azərbaycana gələnə qədər ali məktəblərdə oxuyublar. 63 hara, 900 hara...

Onların 600-nün şəxsi işini əldə edə bilmişik. Birinci kitabda soyadı A hərfi ilə başlayan 77 şəxs haqda rəsmi məlumatlar vermişik, bu işi davam etdiririk. Yəqin gələn ilin bu vaxtı 2 və 3-cü cildi çap edəcəyik. 2-ci cildə 120 nəfər barədə məlumatlar yerləşdirəcəyik, bu, ensiklopedik sorğu kitabçasıdır. Ümumilikdə 7 cilddən ibarət kitab ortaya qoymaq niyyətindəyik. Birinci cildin ön sözündə də qeyd eləmişik ki, kitab Cümhuriyyəti yaradan insanların şərəfinə yazılıb.

- Sosial şəbəkələrdə tez-tez Ədalət Tahirzadəni ittiham edirlər ki, niyə Misir Mərdanovun adı müəllif kimi kitabda birinci qeyd edilib...

- İddialar irəli sürənlərə bir söz demirəm, Ədalət müəllim özü onlara ədalətli cavab verib. Kitabda kimin adının birinci olması o qədər də vacib deyil, əsas kitabın məzmunundan danışmaq lazımdır. Müəllifləri müzakirə etməyin nə mənası var? Adımın birinci yazılmasını çox hörmət etdiyim tanınmış alim Ədalət Tahirzadə özü təklif edib.

- Söhbətimizin əvvəlində kəndinizdə fundamental elmə olan maraqdan danışdınız. Azərbaycanın məşhur riyaziyyatçıları olub, indi bu sahədə vəziyyət necədir?

- Sovet dövründə riyaziyyat çox inkişaf edib. Əvvəlki dövrlər barədə tədqiqat aparıram, ancaq dərinə gedə, arxiv materiallarında bir şey tapa bilmirəm. Nəsrəddin Tusi kimi alimimiz olub, XIII əsrdə yaşayıb, ondan 400 il sonra Amerikanın böyük alimləri deyiblər ki, Nəsrəddin Tusinin əsərlərini vaxtında bilsəydik, bu şeylərlə məşğul olmazdıq. Təəssüf ki, XIII-XX əsrlər arasında ciddi tədqiqatlar bəlli deyil.

XX əsrin əvvəllərində indiki Bakı Dövlət Universiteti yaranandan sonra riyaziyyat elmi inkişaf etməyə başlayıb. Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Məcid Rəsulov, Yəhya Məmmədov, Qoşqar Əhmədov, Arif Babayev, Mirabbas Qasımov, Fərəməz Maqsudov kimi riyaziyyatçılarımız olub. Bu gün Azərbaycanda qabiliyyətli riyaziyyatçılar var, əminəm ki, gələcəkdə də olacaq. Bu istiqamətdə işlər aparılır, yaxşı jurnallar dərc edirik, institutumuzda doktorluq və namizədlik dissertasiyaları müdafiə edilir.

Mən Dissertasiya Şurasının sədriyəm, jurnallarımız dünyanın aparıcı agentlikləri tərəfindən yüksək qiymətləndirilir, məqalələrimiz dünyanın nüfuzlu jurnallarında çap olunur. Bir sözlə, iş gedir, məsələn Mirabbas Qasımov bir dövrün yetirməsi idi, bu gün onun kimi kəşflər edən adamlar ya yoxdur, ya da azdır. Onlar ulduz idilər, parladılar, dövrlərini yaşayıb bu dünyadan köçdülər. Mənə belə gəlir ki, zaman elə adamları yenə yetirəcək.

- Zaman-zaman belə iddialar səslənir ki, AMEA özü sovetdənqalma bir təşkilatdır və böyük nailiyyəti yoxdur. Hətta onun ləğvi təklifi ilə çıxış edənlər də var...

- Onu o adamlar deyirlər ki, akademiyada görülən işlərdən xəbərdar deyillər. Mən 5 ildir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyirəm, bir dəqiqə belə boş vaxtımız yoxdur. Hazırda AMEA-da qızğın iş gedir, onun nüfuzu durmadan artır, ölkə prezidentinin sərəncamı ilə müasir texnologiyalar parkı yaradılıb. Akademiya təhsil müəssisələri ilə bu gün birgə iş aparır. Bizim institutun əməkdaşları Bakı Dövlət Universitetinin profesorlarıdır. Mən özüm də BDU-da dərs deyirəm. AMEA-da çalışan bir insan kimi qeyd etmək istəyirəm ki, son illərdə burada bütün istiqamətlərdə ciddi islahatlar aparılır. İslahatların müsbət nəticələri göz önündədir.

Məsələn, bir neçə gün öncə Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyətinin səyyar iclası keçirildi, BDU-nun rektoru akademik Abel Məhərrəmov həmin iclasda məruzə ilə çıxış elədi. Məruzə Rəyasət Heyəti tərəfindən yüksək qiymətləndirildi və müvafiq qərarlar qəbul olundu. Bu fakt sübut edir ki, AMEA və ölkənin ali məktəbləri birgə məqsədyönlü fəaliyyətlərini davam etdirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm