• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bakıda ruhların toplaşdığı, məşhuru qorxuya salan mistik məkan və imperatriçanın... - FOTO/VİDEO

  • Xüsusi
  • 2 Noyabr 2018 17:57
  • 3 113 Baxış
Bakıda ruhların toplaşdığı, məşhuru qorxuya salan mistik məkan və imperatriçanın... - FOTO/VİDEO

Publika.az-ın “Kolleksioner” layihəsinin qonağı "Xəzər" Bədii-Etnoqrafik Muzey-Qalereyasının yaradıcısı Siyavuş Əlizadədir.

- Siyavuş, kolleksiya toplamağa nə vaxtdan başlamısan?

- Bu sualı mənə həmişə verəndə, filmdəki kimi zarafat edirəm ki, 8-ci sinifdən... Amma həqiqətən 8-ci sinifdən başlamışam. İndiki kimi yadımdadır, 12 yaşım vardı, qış ayları idi. Nənəmin də bir düymə qabı vardı. O qabın içərisində çoxlu pullar olardı. Əksəriyyəti də 19-cu əsrə aid idi. Hər dəfə o düymə qabını açıb pullara baxırdım. Numizmatikaya marağım da oradan yarandı. Bir müddət sonra atam mənə 17 dənə marka hədiyyə elədi. O markalar qeyri-adi heç bir özəlliyə malik deyildi. Sovet dövründə kütləvi tirajla buraxılan adi nüsxələr idi. Həmin 17 markanın sayını 5000-dək artırdım. Hətta sizə maraqlı bir hadisə danışım. Çingiz Mehbalıyev adlı yaxın dostum var. Həm hüquqşünasdır, həm də rəssam. 25 yaşım tamam olanda o, mənim portretimi çəkdi. O portret Macarıstanda poçt markasının kupon hissəsində çıxdı.

- Çox maraqlı məlumatdır…

- Həm də ona görə maraqlı idi ki, sağ olan insanın portreti başqa ölkənin poçt markalarına həkk olunurdu. Bu, mənim üçün də çox böyük hədiyyə idi. Elə həmin marka kolleksiyamı bəzəyəndən sonra bu sahəyə bir az fasilə vermək qərarına gəldim. Amma eşidənlər-bilənlər mütləq hədiyyə edirlər.

- Bu mövzuya toxunmaq istəyirdim, kolleksiyanı zənginləşdirmək üçün çox xərcin çıxır?

- Ətrafımda olan dost-tanışlar sağ olsunlar. Çox vaxt öz kolleksiyaları ilə yanaşı, dünyadan köçən doğmalarının kolleksiyasını gətirib mənə verirlər. Çünki bilirlər ki, onu böyük sevgi ilə qoruyacam. Həmçinin özlərinin buna nə maraqları nə də vaxtları olur. O hədiyyələrin içərisində elələri olur ki, kobud səslənsə də kolleksiya üçün yararlı deyil. Amma mən yenə də hər birinə eyni qayğı ilə yanaşıram. Çünki hədiyyənin böyüyü kiçiyi olmur.

- Siyavuş, bu məkanda muzey ab-havası yaratmısan…

- Uşaqlıqdan muzeylərə gedəndə, bələdçilərdən yalnız bir söz eşitmişik:

- Əllə toxunmaq olmaz.

Axı mən onlara əl vurmaq, hiss etmək istəyirəm. Sadəcə baxmaqdırsa, bunu televizordan da izləyə bilərəm. Düşündüm ki, öz muzeyimi quracağam. Müxtəlif mövzularda olan eksponatlar toplamağa başladım. Buraya mis qablar, etnoqrafik materiallar, orden, əlyazmalar, medallar da daxildir.

- Ən gənc kolleksiyan hansıdır?

- Rəsm əsərlərindən ibarət kolleksiyamın 9 yaşı var. Kolleksiyamda artıq 700-ə qədər əsər var. Əsasən qrafik rəsmlər, eskiz və etüdlər toplayıram. Məncə, rəssamın düşüncələri, ruhu eskizə hopur. Bu gün kolleksiyamda dünyanın, eləcə də Azərbaycanın ən böyük muzeylərini bəzəyən 20 rəsm əsərinin eskizi toplanıb. Bu siyahıya Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Zakir Hüseynov və digər görkəmli sənətkarların adları daxildir. Hətta bir maraqlı məqama toxunum: adını çəkmək istəmədiyim bir qocaman rəssam var. Bir müddət əvvəl mənə bir neçə sadə işlərini bağışlamışdı. Həmin əsəri gətirib çərçivələdim. Çünki o, rəssamın fırçasından çıxan bütün əl işlərini möhtəşəm əsər sayıram. Bir gün o, təsadüfən eskizləri necə səliqə ilə qoruduğumu gördü, dedi, bunları yığışdır, mən sənə başqa əsərlərimdən bağışlayacağam. Emalatxanasına getdim, iki böyük əsərini mənə hədiyyə etdi. Mən rəssamların əsərlərini təkcə qorumuram, həm də təbliğatını aparıram. Bu fakt onların sənət ruhunu da məmnun edir.

- Səni digər kolleksiyaçılardan fərqləndirən cəhət varmı?

- Ümumiyyətlə, kolleksiyaçının xəzinəsi onun sərvətidir. Mənsə kolleksiyamı nümayiş üçün toplayıram. Dəfələrlə şahidi olmuşam ki, nüfuzlu kolleksionerlər dünyasını dəyişəndə, övladları həmin sərvəti dəyər-dəyməzinə satıblar. Bu, çox kədərli hadisəni sadəcə kənardan müşahidə etmişəm. Çünki o eksponatları almağa maddi durumum imkan verməyib. Göz görə-görə bu cür sərvətin əldən çıxmağına çox üzülmüşəm. Ona görə kolleksiyamı muzey şəklində qorumağa qərar vermişəm. Bu gün əminliklə əyləşdiyimiz məkana mənim muzeyim deyirəm. Bir neçə yaxın dostumun zəhmətini də itirə bilmərəm. Həmçinin muzeyim üçün əlindən gələni əsirgəməyən “SOCAR”-ın vitse-prezidenti Mikayıl İsmayılovun da əməyi böyükdür. Millət vəkili Rauf Əliyevin də böyük dəstəyini hər zaman hiss etmişəm.

- Əyləşdiyimiz bu məkan müvəqqətidir…

- Bəli, yaxın gələcəkdə eksponatlarımı daimi məkana köçürdüb, muzey yaratmaq arzusundayam. Özü də mütləq Xəzər rayonu ərazisində… Çünki şəhərin mərkəzində kifayət qədər muzey var. Bakı kəndlərinə gələn qonaqların, turistlərin də marağını cəlb etmək lazımdır. Həm də Bakı kəndlərinin tarixini, abidələrini, mədəniyyətini dərindən bilirəm, böyük sənətkarlarını yaxından tanıyıram. Bu bilgim də qarşımda bir sıra imkanlar açır. Azərbaycanın ən məşhur qadın yazıçılarından biri, Mərdəkan qəsəbəsinin fəxri Ələviyyə xanım Babayeva ölümündən bir neçə ay öncə bütün əlyazmalarını mənə hədiyyə etdi. Eləcə də böyük yazarımız Qılman İlkin… Fəxr edirəm ki, onların sonuncu tələbələrindən olmuşam. Nəşrləri, əlyazmaları ilə bağlı da bütün hüquqları mənə veriblər.

- Patefon, vallar, filmdə də deyildiyi kimi “insan səsi”…

- Musiqisiz insan olmaz axı… Burada hətta musiqi alətlərindən ibarət kolleksiyam da var. Əməkdar artistimiz, gözəl musiqiçi Bəhruz Zeynalovun şəxsi, istifadə etdiyi, hətta öz əlləri ilə hazırladığı balaban, zurna da var ki, ailəsi onları mənə hədiyyə edib. Patefonla bağlı sizə qəribə bir əhvalat danışacam. Ümumiyyətlə, inanıram ki, burada bütün eksponatlarımın ruhu dolaşır. Çox sevimli dostum, böyük qardaşım Firudin Qurbansoy bir dəfə bura gəlmişdi. Dedi: “Siyavuş, məni tər basdı. Bilirsən nə qədər ruh var bu məkanda?! Bu qədər ruhun içərisində sənin rahat gəzməyin məni çox heyrətləndirdi.”

Sizə qəribə gələ bilər, amma mən buna inanıram. Axı gördüyünüz hər bir əşyanı yaradan, istifadə edən əl olub, ürək olub. Məni gənc saxlayan da onlardır. Bir dəfə patefonun şəkilini sosial hesabımda paylaşdım. Rayonda yaşayan bir dostum yazdı ki, mən də o patefondan istəyirəm. Əntiq əşyalar satılan mağazaya getdim, gördüm patefon satılır. Yoxlamadan həmin oğlana yazdım ki, tapmışam, gəl, al. O da rayondan gəldi, amma yoxlayanda gördük ki, patefon işləmir. Vicdan əzabı çəkdim. Dedim, gedək, mən öz patefonumu sənə satacağam. Üç dəfə cəhd elədik, patefonu sökdüm yığdım yenə işləmədi. Dostumdan üzr istəyib, başqa hədiyyə ilə yola saldım. O qapının kandarından çıxan kimi patefon çalışmağa başladı.

- Mistika…

- Və elə o an bir yuxumu xatırladım: mən otağa daxil oluram, bir yaşlı kişi patefona baxıb, deyir ki, “bu nə yaxşı yerdədir”.

Yəqin elə patefonu otaqdan çıxmağa qoymayan da həmin ruh imiş. Bir hadisə də danışım. Cavid Bayramlı adlı dostum vardı. Özü də, atası da keramik rəssam idilər. Atası artıq vəfat etmişdi. Cavid isə 2014-cü ildə faciəvi şəkildə dünyasını dəyişdi. Anası həm oğlunun, həm də həyat yoldaşının əsərlərini mənə hədiyyə etdi. Mən də bütün əsərləri müvəqqəti bir tanış rəssamın emalatxanasına qoydum. Həmin rəssam iki-üç rəsm əsərini aralarından seçərək onda müvəqqəti qalmasını istədi. Müvəqqəti olduğuna görə razılaşdım və digər işləri muzeyimə apardım. Ertəsi gün həmin rəssam mənə zəng vurdu ki, tez gəl, bu əsərləri apar. Getdim, məlum oldu ki, Cavidin atası yuxusuna girib və rəsmləri sahibinə qaytarmağı tələb edib. Həmin işləri də muzeyimə qaytardım və həmin gecə mən yuxu gördüm. Cavidin atası Ədalət bəy muzeyimə gəlir və soruşur “İşləri gətirdin?”

- Dedim: bəli buradadır. “Onlardan ehtiyatlı ol. Muzeyin də xeyirli olsun. Mən getdim”.

- İmperatriçanın sənə yolladığı hədiyyələrdən də bəhs edək…

- Ümumiyyətlə, mən qəlbimlə, ruhumla azərbaycanlıyam, azərbaycançıyam. Məmləkətimi başdan-başa çox sevirəm. Dünyanın istənilən nöqtəsində yaşayan, vətənin adını ucaldan insanlara xüsusi rəğbətim var. Beş ildən yuxarıdır ki, xaricdə yaşayan məşhur azərbaycanlı xanımların həyat və yaradıcılığa həsr etdiyim kitab üzərində çalışıram. Fərəh xanım Pəhləvi haqda da geniş yazı yazmaq istəyirdim. Həm də arzulayırdım ki, özü də bundan məlumatlı olsun. Fərəh xanıma məktub yazdım, o isə cavabında qeyd etdi: “Ailəm azərbaycanlıdır, amma mən özümü iranlı sayıram. İranın şimalı da, cənubu da mənə əzizdir”. Mənsə onun bu mesajina “Arazın hər iki tayı mənim vətənimdir” cavabını yazdım. Bu cümlə onun çox xoşuna gəldi. Muzeyimin varlığından da xəbərdar idi. 23 iyun doğum günümdür. Ayın 22-si mənə Azərpoçtdan telefonuma mesaj gəldi ki, sabah, yəni 23-ü poçta yaxınlaşın. Getdim, gördüm Fərəh xanım mənə iki medalyon göndərib. O medalyonların biri şah ailəsinə yaxın olan insanlara verilir, digəri isə xatirə hədiyyəsi idi. Poçt idarəsindən çıxdım. Həm sevincimdən uçuram, həm də bir az kədərlənirəm ki, axı kimi inandıra biləcəyəm ki, bu hədiyyəni mənə Şahbanu özü yollayıb. Bir neçə gündən sonra yenidən poçtdan zəng gəldi. Parisdən məktub var. Yenidən Fərəh xanım öz imzası ilə şəkilini yollayıb. Bir müddət keçdi, Şahbanudan üçüncü hədiyyəm də gəldi. Bu dəfə isə çox gözəl suvenir idi.

- Maraqlıdır ki, Fərəh xanım hədiyyələrin arasında zaman intervalı da qoyub ki, birdən-birə həyəcandan ürəyin dayanmasın...

(gülürük)

- Sonra mən də onun 80 illik yubileyi üçün hədiyyələr yolladım. Həmin hədiyyələri öz sosial hesabında paylaşmağı isə məni çox xoşbəxt etdi…

Leyla Sarabi,

Foto: Səfiyar Məcnun

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>