"Artıq "Rəşad Məcidin oğlu" adından çıxmaq istəyirəm" - Mirhacib Məcidlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Artıq "Rəşad Məcidin oğlu" adından çıxmaq istəyirəm" - Mirhacib Məcidlə MÜSAHİBƏ

Bu gün Azərbaycan idman mediasının ən prestijli, oxunaqlı və sanballı saytlarının başında gələn “Qol.az” saytı 10 yaşını qeyd edir.

Publika.az bu münasibətilə “Qol.az” və “Axşam.az” xəbər portallarının rəhbəri Mirhacib Məcidin özəl müsahibəsini təqdim edir.

- "Qol.az" saytının yaranması kimin ideyası idi?

- 2008-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə Fakültəsində Çex-ingilis dili ixtisası üzrə təhsil alırdım. Həmin dövrdə birillik çex dili kursu üçün universitetdən Çexiyaya göndərilmişdim. Orada ağlıma gəldi ki, media ilə bağlı nəsə layihə etmək olar. Öncə ictimai-siyasi məzmunlu xəbər saytını yaratmağı düşünürdüm. Bununla yanaşı, bir neçə fikir və ideya haqqında fikirləşdim. Ancaq sonra qərara aldıq ki, idman xəbərləri dərc edən portal hazırlayaq. Beləliklə, “Qol.az” yarandı.

- Niyə məhz “Qol”?

- Qısa və lakonik adlar üzərində fikirləşirdik. “Qol” da idmanda ən çox işlənən terminlərdən biridir. Saytda futbolla bağlı xəbərlər üstünlük təşkil edəcəyindən adını da ona uyğun qoyduq.

- Gələcəkdə “Qol.az”ın təkibində idmanın digər sahələrinə özəl bölmələr yaradılması kimi ideyanız varmı?

- Bu portalı ümumi idman xəbərləri vermək üçün düşünmüşdük. İndi də idmanın digər növləri: güləş, şahmat, taekvondo, boksla bağlı xəbərlər dərc edirik. Sadəcə Azərbaycanda futbol daha populyar olduğu, daha çox izləndiyi və müzakirə edildiyi üçün futbol xəbərləri üstünlük təşkil edir. Bununla yanaşı, həm ölkəmizdə keçirilən, həm də dünya miqyasında təşkil edilən çempionatlar, mühüm yarışlarla bağlı xəbərləri hər zaman veririk. Təkcə futbolla kifayətlənmirik.

- Bu yaxınlarda saytın dizaynında xeyli dəyişikliklər edildi. Bu, oxucuların istəyinə uyğun şəkildə oldumu, yoxsa öz istəyiniz üzərinə dəyişdiniz?

- Saytımız 10 ildir ki, demək olar, eyni dizaynda fəaliyyət göstərirdi. Yaranandan üzərində heç bir dəyişiklik aparılmamışdı. Düşündük ki, 10 illik yubiley münasibətilə müasir trendlərə uyğun şəkildə, təkmilləşmiş bir dizayn hazırlayaq. Düzdür, bəzi oxucular yeni dizayna hələ tam alışa bilməyiblər. Bu da normaldır. Zamanla hər şey öz qaydasına düşəcək.

- Oxucular demişkən, saytla bağlı hansı irad edilir, izləyiciləriniz tərəfindən?

- Çox tez-tez belə müraciətlər qəbul edirik. Oxucularımız bu mövzuda çox diqqətlidirlər. Gün ərzində saytın səhifəsinin mesaj qutusuna, poçt ünvanına xeyli sayda həm iradlar, həm də təkliflər gəlir. Oxucularımızla münasibətimiz yaxşıdır. Hər zaman onlarla əlaqədəyik.

- “Qol.az”ın Azərbaycan mediasında yerini necə dəyərləndirirsiniz?

- Artıq 10 ildir fəaliyyətdəyik. Hesab edirəm ki, “Qol.az” Azərbaycanın idman mətbuatında böyük nüfuz və reytinq qazanıb. Daha çox ciddiyyətini qoruyub. İdmanla bağlı ciddi yazılar, araşdırmalar edib, problemləri önə çıxarıb. Tənqidlərə daha çox yer verib. Hər zamankə kimi, indi də “Qol.az”ın sözünün çəkisi var.

- Özünəməxsus layihələriniz olubmu?

- Elə bu sayt bizim “5 Media” layihəsinin tərkib hissələrindən biridir. Şou xəbərləri yayımlayan “Axşam.az” adlı başqa bir layihəmiz də “5 Media”ya daxildir. Hələ ki, bu iki sayt üzərində çalışırıq.

- Futbol oynayırsınız?

- Düzü, xeyli vaxtdır oynamıram. Ancaq həm işlə əlaqədar, həm də ümumi olaraq futbola sevgim var.

- Bu sevgini sizdə kimsə yaradıb?

- Daha çox “Qol.az”dan sonra böyüdü bu sevgi. Lakin saytdan sonra futbola həm də işgüzarlıqla yanaşmağa başladım.

- Azərbaycanda ən çox bəyəndiyiniz məşqçi kimdir?

- İstedadlı məşqçilərimiz var. Onlardan Qurban Qurbanovun adını çəkmək olar. Hansı ki, son illər “Qarabağ” komandası onun rəhbərliyilə Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi, Avropa Liqasında ard-arda qrup mərhələsində oynadı. Bundan başqa, digər klublarda gənc mütəxəssislər artıq baş məşqçilik etməyə başlayıblar. Onların da işi təqdirəlayiqdir.

- Bəs ən sevdiyiniz futbolçu?

- Xüsusi rəğbət bəslədiyim futbolçu yoxdur. Ancaq təbii ki, bütün dünyanın diqqətində olan məşhur və istedadlı futbolçuların oyunlarını izləyirəm. Ronaldo, Messi, İbrahimoviçin oyunları tamaşa kimidir.

- Azərbaycan futbolunun gələcəyi ilə bağlı nə düşünürsünüz?

- Azərbaycan futbolunun gələcəyi il bağlı heç nə düşünmürəm. Bu mövzu ilə bağlı çox bədbin fikirdəyəm. Futbol, ümumiyyətlə, Azərbaycanda heç də yaxşı vəziyyətdə deyil. Baxmayaraq ki, son illərdə “Qarabağ”ın müəyyən uğurlarına şahid oluruq. Ancaq ümumi anlamda götürdükdə, hesab edirəm ki, irəliləməkdənsə, geriləyirik. Futbol gerilədikcə, bu, bizim işimizə də təsir edir. Bu faktorlar bir-birinə zəncirvari şəkildə bağlıdır. Futbol nə qədər populyar, nə qədər kütləvi olsa, insanlar nə qədər futbolla maraqlansalar, bizim işimiz də o qədər yaxşı alınar. Ancaq görürük ki, ölkədə futbola maraq getdikcə azalır. Bölgələrdə futbol yox dərəcəsindədir. Uşaq futbolunda ciddi problemlər var. Hazırda yubiley ab-havasındayıq, ona görə probelmlərlə bağlı çox da danışmaq istəmirəm.

- Bəs sizcə, media idmana nə kimi fayda verə bilər?

- İdman mətbuatımızda kifayət qədər təcrübəli jurnalistlər var. Yaxşı, keyfiyyətli idman xəbərləri verən saytlar mövcuddur. İdman jurnalistləri digərlərindən daha çox əzmkarlıq göstərirlər. Məsələn, futbol oyunları gec saatlarında bitir. Jurnalistlər də məcburdurlar ki, gec saatlara qədər gözləsinlər. Oyundan sonra məşqçilərin, oyunçuların fikirlərini yazsınlar. Oyunla bağlı digər əlavə xəbərləri versinlər. Buna görə də idman sahəsində çalışan jurnalistlər daha çox əziyyət çəkirlər.

- Qeyd etdiniz ki, media ilə bağlı arzularınız tələbəlik zamanından yaranıb. Lakin iş ciddiləşəndən sonra məsuliyyəti də birə-beş artır. Bu məsuliyyətlərin qarşısında dayanmaq əzmini özünüzdə nə zaman kəşf etdiniz?

- Yəqin ki, bu, mənim içimdəki sevgidən irəli gəldi. Gözümü açandan evdə mətbuat, qəzetlə bağlı söhbətlər eşitmişəm. Bu da məndə jurnalistikaya qarşı dərin maraq oyadıb. O sevgi də bir müddət sonra “Qol.az” çevrildi.

- Bu işdə atanız Rəşad Məcidin rolu olub yəni...

- Əlbəttə var. Mənə dəstəyi olub.

- Necə dəstək olur sizə?

- Onun dəstəyi ilk illərdə daha çox əhəmiyyətli idi bizim üçün. Maddi, mənəvi - hər cür dəstək verib. Müxtəlif məsələlərdə öz tövsiyələrini, məsləhətlərini əsirgəməyib.

- Maddi dəstək hələ də davam edir?

- Yox. Çünki artıq “Qol.az” özü-özünü maliyyələşdirə bilən, gəlir gətirən və kollektivini təmin edən saytdır.

- Maliyyələşmək demişkən, işçilərinizin maaşını necə təmin edirsiniz?

- Sayt özü populyar və brend olduğu üçün müxtəlif reklam şirkətləri, korporativ şirkətlər, idman qurumları, futbol klubları və federasiyalarla sıx əməkdaşlıq içindədir. Böyük şirkətlər saytımıza ödənişli reklamlar yerləşdirir. Müəyyən ödənişli press-relizlər, reklam yazıları dərc edirik. Bu reklamların hesabına saytı dolandırırıq.

- “Qol.az”ı Rəşad Məcidin oğlu yox, başqası açsaydı nəsə dəyişərdi?

- Yəqin ki...Bilmirəm...Hər halda...Maraqlı sualdır... Bəlkə də dəyişiklik ola bilərdi. Biz daha təmkinliyik. “525-ci qəzet”dən gördüyümüz o təmkinliliyi, ağırlığı, ciddiyyəti qoruyuruq. Bəlkə nələrsə fərqli ola bilərdi.

- Məsələn.

- Daha çox sərhədləri aşmaq, qırmaq istəyərdik. Daha çox cığallıq edərdik.

- Tənqidi baxımdan?

- Düşünürəm ki, tənqid kifayət qədərdir. Ancaq indi müəyyən şeylər bizim qarşımızı kəsə bilir.

- Atanız Rəşad Məcidin bir jurnalist kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rəşad Məcidin necə jurnalist olması ilə bağlı bir söz demək istəmirəm. Çünki Rəşad Məcid illərdir bu sahədədir. Azərbaycan mətbuatının ən tanınmış, öncül insanlarından biridir. Onun haqqında fikir bildirmək... Əslində, mən Rəşad Məcid haqqında danışmaq istəmirəm.

- Niyə?

- Çünki bu suallar məni yorur. Bu haqda çox danışmışam. Hesab edirəm ki, mən bu mərhələni çoxdan keçmişəm. “Rəşad Məcidin oğlu” kimi gündəmdə deyiləm. Artıq iki böyük saytın rəhbəriyəm. Burada bu qədər insan çalışdırıram. Mən artıq Mirhacib Məcidəm. Rəşad Məcidin oğlu olmaq, bəlkə də, 5-6 il öncə maraqlı idi. Ancaq bu gün mən Mirhacib Məcidəm.

- “525-ci qəzet”i oxuyursunuz?

- Şənbə nömrəsi daha maraqlı olur. Onda maraqlı ədəbi, publisistik yazılar, tanınmış yazıçıların hekayələri dərc edilir. Şənbə nömrəsini maraqla oxuyuram.

- Ədəbiyyatda hansı imzaları bəyənirsiniz?

- Açığı, deməzdim ki, bu dəqiqə kütləvi şəkildə kitab, ədəbiyyat oxuyuram. Lakin “525-ci qəzet”də çıxan, dövri mətbuatda yayımlanan maraqlı məqalələri, hekayələri oxuyuram. Ancaq xüsusi oxuduğum imzalar yoxdur. Lakin gənc və istedadlı imzalarımız təbii ki, mövcuddur. Sadəcə adlarını indi yadıma sala bilmirəm.

- Bəs “Publika.az”ı necə, oxuyursunuz?

- Bəli, izləyirəm. Çox sevindim ki, bu yaxınlarda uzun illər bir yerdə çalışdığımız dəyərli Aqil Lətifov saytın baş redaktoru təyin olundu. Fürsətdən istifadə edib onu da təbrik edirəm. “Publika.az”a da uğurlar arzu edirəm.

- Siz “525-ci qəzet”i oxuyursunuz. Bəs atanız sizin saytları izləyirmi?

- Yox, oxumur. Ola bilsin, “Qol.az”ı oxuyur, amma “Axşam.az”ı oxumur. Bəzən deyir “bu nədir, şou saytı, qeyri-ciddi xəbərlər verirsiniz, çılpaq müğənnilər filan”. Arada belə yarızarafat çıxışları olur bizim haqqımızda. Amma hər halda, ümumi məlumatı var.

Çox tez-tez “Axşam.az”da çıxan yazılara görə Rəşad Məcidə zəng edirlər. Müğənnilər, tanınmış şəxslər daha çox tənqidi yazıları çıxanda soruşub maraqlanırlar ki, kimin saytıdır. Bilənlər də deyir ki, Rəşad Məcidin oğlunundur. Məni tanıyanlar birbaşa özümə zəng edir, tanımayanlar da atama. Zəng edənlər də bizdən narazılıqlarını çatdırırlar, şikayətlər edirlər.

- Bəs atanız sizə hansısa qadağa qoyub?

- Qadağa deməzdim. Amma mənim özümdə “Rəşad Məcidin oğlu olmaq” məsuliyyəti var. Artıq mən bu addan çıxmaq istəyirəm. Bəzən elə şeylər olur ki, onları etmək istəyirəm, aləmi qatmaq istəyirəm bir-birinə. Amma sonra fikirləşirəm ki, yenə zəng edəcəklər Rəşad Məcidə. Atamın adının üstümdə olması bəzən mənə mane olur, əslində.

- Məsələn, nələr etmək istəyirsiniz?

- Müəyyən hadisələr var ki, orada daha kəskin, maraqlı, tənqidi mövqe qoymaq olar, aləmi bir-birinə qatmaq olar.

- Məsələn?

- Xüsusilə “Axşam.az”la bağlı deyirəm bunu. Atama zəng edib deyilən narazılıqlar mənə çatdırılır. Ancaq mən də izah edirəm ki, bu, normal haldır. Mən bu formada işləyirəm. Necə ki, mən “Rəşad Məcidin oğlu olmaq” adının məsuliyyətini dərk edirəm, o da eləcə bilməlidir ki, bu, mənim oğlumdur və bu şey mənim işimdir.

- İki sayta başçılıq etmək çətin deyil ki?

- “Qol.az” sarıdan rahatlıqdır. Çünki o saytın peşəkar kollektivi var. Aydın Bağırov “Qol.az”ın baş redaktorluğunu yüksək səviyyədə yerinə yetirir. Onun da ətrafına yığdığı jurnalistlər peşəkardır. Aydın özü də, uzun illər “525-ci qəzet”də işləyib. O baxımdan tam arxayınam.

- Aydın Bağırovla həm də uzunmüddətli dostluq münasibətiniz var...

- Bəli, bəli. Həm də qohumuq. Təkcə 10 il elə biz “Qol.az”da birgə işləyirik.

- Bu uzun illər onun maaşına təsir göstərir?

- Biz onunla şərikik. Nə qazanırıqsa, birlikdə qazanırıq.

- “5 Media” layihəsi nə yerdədir?

- Həm “Qol.az”, həm də “Axşam.az” “5 Media” layihəsinin tərkib hissəsidir. Bu şirkəti quranda içində 5 müxtəlif istiqamətli saytların fəaliyyət göstərəcəyini nəzərdə tutmuşduq. Məsələn, idman, mədəniyyət, ədəbiyyat, siyasət... Hazırda bunların ikisi fəaliyyət göstərir. Üçüncüsü ilə bağlı düşünürəm.

- Üçüncü hansı istiqamətdə olacaq?

- Yəqin ki, ümumi formatda olacaq. Hər növdə xəbər dərc ediləcək.

- Özünüz yazılar yazırsınızmı?

- Publisistik yazılar yazmıram. Düzdür, Amaliya Pənahovanın vəfatından sonra birini yazmışdım. Ancaq saytımızda gedən xəbərlərin bəzilərini mən yazıram.

- İndi idman mətbuatında köşə yazıları yazılır, ancaq o qədər də maraqla qarşılanmır. Məsələn, Türkiyə mediasında jurnalistlər köşə yazarlığı imzaları ilə tanınır. Ancaq bizdə belə deyil. Sizcə, bunun səbəbi nədir?

- Bunun bir çox səbəbləri var. Lakin bu səbəblərin hamısı maddiyata gəlib söykənir. Bizdə də Türkiyədəki qədər istedadlı yazarlar var. Ancaq biz onlara sırf köşə yazılarına görə qonorar verə bilmirik. Əgər bizim də böyük maddi, reklam gücümüz olsa, biz köşə yazarlarına yaxşı qonorar verə bilsək, onda bu sahə bizdə də yaxşı inkişaf edəcək. Onlar daha çox tanınacaq. İndi hansı saytda köşə yazarlarına xüsusi yer verilir? Bu dəqiqə bütün saytlar köşə bölməsini yığışdırırlar. “Qol.az”da köşə bölməsi var, həmkarlarımız orada yazılarını dərc edirlər. Bizdə gedən köşələr idman cameəsində oxunur, səs-küy yaradır, müzakirələrə səbəb olur. Lakin biz bunun üçün onlara xüsusi qonorar verə bilmirik.

- Sizi haçansa siyasətdə və yaxud siyasi istiqamətli saytın başında görmək olacaq?

- Siyasətə xüsusi həvəsim yoxdur. Mən jurnalistikadan həzz alıram. Bu da mənim üçün kifayətdir. Hər verilən yaxşı xəbərin, oxunma sayının verdiyi zövqü, adrenalini heç nəyə dəyişmərəm. O, mənim üçün hər şeydən üstündür. Siyasət kimi sahələrə isə həvəsim yoxdur, ürəyim getmir.

- Gələcək hədəfləriniz nələrdir?

- Hədəf çoxdur, plan da çoxdur. Bəzən nələr edə biləcəyim haqda fikirləşirəm. Ancaq çox zaman da sənin arzuların, xəyalların reallıqla üst-üstə düşmür. Reallıqlar başqa şey deyir. Hazırkı vəziyyət də elədir ki, konkret olaraq nəsə haqqında danışmaq olmur. Ancaq hər halda, işləyirik, tempi qoruyuruq.

- Saytlarınızda xəbərlərinizin dərc edilməsinə qadağa qoyduğunuz kimsə varmı?

- Elə şeylər daha çox əvvəllər var idi. Gənc vaxtalarımda deyirdim ki, filankəslə bağlı xəbərləri yayımlamayacağıq. İndi isə demək olar ki, elə bir adam yoxdur.

- Əvvəl qadağa qoyduqlarınız kimlər idi?

- Xatırlamıram. Jurnalistika ayrıseçkiliyi sevmir. İndi düşünürəm ki, hamı haqqında xəbərləri yayımlamaq lazımdır. Təbii ki, xəbər əhəmiyyəti varsa.

- Elə ola bilərmi ki, işinizi atıb getmək istəyəsəniz?

- O pessimistlik bəzən olur. O da hansısa xəbərlə bağlı həddən artıq təzyiq olunanda, şikayətlər gələndə baş verir. Ancaq düşünmürəm və ümid etmirəm ki, mən o həddə çata bilərəm. Hələ indi başlayıram işləməyə. Hələ ki, gələn vaxtımdır, gedən vaxtım deyil.

- Təsəvvür edək ki, çox vacib bir işiniz çıxıb və siz bir müddət bütün işləri qoyub uzağa getməlisiniz. Saytlarınızı kimə əmanət edərsiniz?

- Çox rahatlıqla inandığım, güvəndiyim, etibar etdiyim insanlar var. Biri elə Aydın Bağırovdur. “Axşam.az”ın redaktoru Zəhra Əhmədova var. Onlara təkcə işgüzar anlamda yox, bütün işlərdə etibar edirəm.

- Bəs atanıza?

- Atama da edərəm. Sadəcə onun sahəsi başqadır. İşləri başqa cürdür.

- Bu qədər işin işində ailənizə zaman ayıra bilirsiniz?

- Ayırıram. İki qızım var. Mehin və İpək adında. Mehin ana babası ilə daha sıx münasibətdədir. Ona görə o, artıq bizə gəlmir. Biz də məcbur oluruq ki, onun yanına gedək.

- Gələcəkdə onları jurnalistikadan uzaq tutmaq kimi ehtimalınız var?

- Yox. Elə bir niyyətim yoxdur. Təzyiq də göstərməyəcəm. Özlərinin istedadları və istəkləri olacaqsa, hansı sahədə istəsələr, mən onlara kömək edəcəm.

- Yəni atanızın sizə etdiyi kimi...

- Bəli.

- Bizim mentalitetdə şou-biznes xəbərləri yazan, bu sahə ilə maraqlanan insanlara bir az qəribə baxırlar. Olubmu ki, “Axşam.az”da gedən xəbərlərə görə qohumlarınız sizi qınasın?

- (Xeyli güldükdən sonra) irad tutulmur. Çünki “Axşam.az” hətta şou xəbərləri versə belə, bunu ən ciddi və keyfiyyətli şəkildə təqdim edirik. Şou olsa da, bizdə bayağılıq, qeyri-ciddilik yoxdur. Amma bəzən müğənnilərin dostları, qohumları bizə müraciət edir, rica edir ki, imkan varsa, onlar haqqında yazdığımız xəbərləri silək.

- Şou-biznesdən təhdid edənlər olurmu sizi?

- Günümüz elə onlarla keçir. Xəbərlə bağlı narazılığını bildirənlər var. Ancaq bu elə narazılıq səviyyəsində qalır. Əslində, bunu da normal qarşılayırıq. Müğənnidir, haqqında çıxan xəbərlərə reaksiya verməlidir. Bizim işimiz isə bu xəbərləri yayımlamaqdır.

- Bəs jurnalistlərinizi məhkəmə, ölümlə təhdid edirlər?

- Elə bu yaxında müğənni Zemfira İbrahimovanın həyat yoldaşı zəng edib müğənninin bir jurnalistlə mübahisəsini verdiyimiz xəbərə görə bizi təhdid və təhqir etdi. Ancaq sonra yenə zəng edib üzr istədi. Olur belə şeylər.

- Bəs sizin atanız haqqında yazılanlara görə hansısa jurnalistlə sözünüz çəp düşüb?

- Mən o tip şeylərdən həmişə uzaq durmuşam. Atamın müdafiəsinə qalxmamışam. Heç kimlə də sözüm çəp gəlməyib. Onun haqqında xüsusi narazılıq da görməmişəm ki, müdaxilə edim.

- Mirhacib bəy, səmimi müsahibəyə görə sizə təşəkkür edir, uğurlarınızın, yubileylərinizin davamlı olmasını arzu edirik. Vurduğunuz “Qol” olsun!

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm