Yeni prezident qonşu ölkəyə nə verəcək: Azərbaycan olmasaydı, Gürcüstan... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Yeni prezident qonşu ölkəyə nə verəcək: Azərbaycan olmasaydı, Gürcüstan... - MÜSAHİBƏ

Ötən gün Gürcüstanda prezident seçkiləri keçirilib. Bu gün keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin hamısının sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvilinin 59,52, onun rəqibi, müxalifətçi Qriqol Vaşadzenin isə 40,48 faiz səs topladığı məlum olub. Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib.

Politoloq Qabil Hüseynli Gürcüstanın prezident seçkilərində qadın namizədin qələbə çalması, yeni prezidentin xarici siyasət kursunun istiqamətləri və bu kimi bir çox məsələlərlə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Gürcüstanda keçirilən seçkilərdə qadın namizəd Salome Zurabişvili böyük səs çoxluğu ilə qalib gəldi. Beləliklə, həm Gürcüstanın, həm də Qafqazın ilk qadın prezidenti statusuna yiyələndi. İlk qadın prezidentin seçilməsi məsələsini necə dəyərləndirirsiniz?

- Ümumi olaraq, prezidentin qadın seçilməsi təqdirəlayiqdir. Ancaq bu, Gürcüstanda o zaman təqdirəlayiq ola bilərdi ki, seçkilər şəffaf, demokratik keçirilsin və xalqın iradəsini özündə əks etdirsin. Təəssüflər olsun ki, Seçkilər bu qaydada keçmədi. Bu səbəbdən də, məncə, Seçkilərin nəticələrinə sadalanan faktlar kölgə salacaq. Həmçinin, ilk qadın prezidentin Legitimliyi məsələsi də ciddi şübhələr doğuracaq və kifayət qədər mübahisəli məsələlərə gətirib çıxaracaq.

- Müxalifət hakim partiyanı seçkilərdə saxtakarlıq etməkdə ittiham edir. Hadisələrə kənardan baxan Saakaşvili isə Vaşadzeni aksiyalar keçirməyə çağırır. Vaşadze Saakaşvilinin çağırışlarına cavab verəcəkmi? Gürcüstanda yenidən küçə iğtişaşlarına şahid olacağıq?

- Seçkilərin saxtalaşdırılması faktdır. Birmənalı şəkildə də təsdiq edilib. Exit-poll bu fakta əks cavab versə də, bu, danılmazdır. Exit-poll sadəcə olaraq səs verənlərin rəylərini öyrənməklə məşğuldur. Bu qurum seçkinin kökündə dayanan ciddi elementləri öyrənmək imkanına malik deyil. Qərbin də seçkinin legitimliyini qəbul edəcəyinə şübhə ilə yanaşıram. Əgər müxalifət indiki birliyini qoruyub saxlaya bilərsə, səslərin qorunması istiqamətində kütləvi tədbirlər rolunu seçərsə, o zaman müəyyən nəticələr əldə edilə bilər. Saakaşvilinin çağırışları indiki halda o qədər də aktual ola bilməz. O mənada ki, hələ Gürcüstan müxalifətinin birliyi təşkilati formada yaranıb formalaşmayıb.

Ona görə də bu cür qərarlar Saakaşvili tərəfindən yox, Gürcüstanda olan digər siyasi partiyaların liderləri tərəfindən birgə verilməlidir. Ona görə ki, bu qərar həm əhalini öz ardınca apara bilsin, həm də kütləvi tədbirlərə çevrilə bilsin. İndi Gürcüstanda müxalifətin koordinasiya şurasının yaradılması məsələsi gündəmdədir. Əgər yaradılarsa və bu məsələ haqqında müsbət qərara qəbul edirlərsə, bəli, Gürcüstanda kütləvi tədbirlərin başlanacağı, Bidzina İvanişvili üçün böyük başağrısı yaradılacağını söyləmək olar.

- Seçkilərin nəticələri Gürcüstan-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

- Gürcüstan Azərbaycandan həm iqtisadi, həm mədəni, həm də digər nöqteyi-nəzərlərdən asılı ölkədir. Bu gün Gürcüstan ayaqları üstündə dayan bilirsə, iqtisadi problemlərini müəyyən qədər həll edə bilirsə, bunun mərkəzində Azərbaycan dövləti, onun başçısı və Azərbaycan xalqının Gürcüstana olan xoş münasibəti dayanır. Vaxtilə Mixail Saakaşvili də söyləyib ki, Rusiya Gürcüstanda həmlələr edəndə Azərbaycan olmasaydı, Gürcüsütan istiqlaliyyətini tamamilə itirə bilərdi. Hadisələri şirşirmədən, cəsarətlə deyə bilərəm ki, Azərbaycan olmasa, Gürcüstanın müstəqil şəkildə ayaqda qala bilməsi çətin olar. Ona görə də Gürcüstanda kim hakimiyyətdə olursa-olsun, Azərbaycan amilinə diqqət yetirməlidir. Azərbaycan Qafqazın lider ölkəsidir və eyni zamanda, Azərbaycanla Gürcüstanın çox sıx əlaqələri var. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Gürcüstan büdcəsinin 42 faiz gəlirləri Azərbaycanın reallaşdırdığı böyük layihələrdən gələn gəlirlər hesabına formalaşır. Bu da onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərini kimsə poza bilməz.

- Bəs Gürcüstan-Ermənistan münasibətlərində hər hansı siyasi yeniliklərə şahid ola bilərikmi?

- Çətin ki, Gürcüstan-Ermənsitan münasibətlərində kəskin dönüşlər olsun. Bu dəqiqə Ermənistan üçün ən mühüm məsələ yol, tranzit yüklərinin daşınması məsələsidir. Ermənistan hazırda Rusiyaya gedən dəmir yolunun açılmasını düşünür, həmçinin, yenə Rusiyaya gedən TransQafqaz hərbi yolunun işə düşməsini nəzərdən keçirir. Əgər bu yollar olmasa, Ermənistan blokada içində boğular. Bu məsələdə Gürcüstan hələ ki, müəyyən dərəcədə Azərbaycanın maraqlarına uyğun şəkildə davranır. Yəni dəmir yolunun açılmasını istəmir. Çünki bu həm də Rusiyanın bölgədə möhkəmlənməsi və Abxaziyanın dirçəlməsi deməkdir. Yəni, bizdən daha çox Gürcüstana lazımdır ki, bu yolların açılması uzadılsın, ya da bölgədə sabitlik yaranmayana, problemlər həll edilməyənə qədər vəziyyət olduğu kimi qalsın.

Ermənistanla Gürcüstan arasında digər məsələlərdə də ciddi bağlılıq yoxdur. Düzdür, ümumi xristianlıq onları birləşdirir, lakin bu iki millət xristianlığın tamamilə başqa qollarına sitayiş edir. Gürcüstan provaslavlığın Rusiya qolunu, ermənilər isə xristinalığa yad olan qriqoryan qolunu özlərinə əqidə kimi qəbul ediblər. Bununla da özlərini dini baxımdan xristian dünyasından ayırıblar.

Güman etmirəm ki, Gürcüstanla Ermənistana dini təəssübkeşlik, yaxın qonşuluq münasibətləri bu iki ölkənin yaxınlaşmasına gətirib çıxarsın. Onlar arasında müəyyən diplomatik münasibətlər mövcuddur. Ancaq bütövlükdə bu münasibətlər genişmiqyaslı xarakter daşımır.

- Salome Zurabişvilinin Gürcüstanda xarici işlər naziri olduğu dövrdə Rusiyanın hərbi bazaları bu ölkənin ərazilərindən çıxarıldı. Bu faktdan yola çıxaraq, demək olarmı ki, yeni prezidentin gəlişindən sonra Gürcüstan-Rusiya münasibətləri yeni gərginliklərə yelkən açacaq? Yoxsa, onlar ortaq dil tapmağa cəhd göstərəcəklər?

- Gürcüstanda hökm, fərman sahibi “qara kardinal” Bidzina İvanişvilidir. Onun heç bir inzibati vəzifə tutmasına baxmayaraq, hər şeyə sərəncam verir və rəhbərlik edir. Bu nöqteyi-nəzərdən, Gürcüstanda prezident hakimiyyəti kifayət qədər simvolik xarakter daşıyır. Nə xarici siyasətə cavabdehdir, nə də ölkə həyatının mühüm məsələlərində iştirak edir. İcra hakimiyyətinin mühüm funksiyaları belə prezidentin əlindən alınıb. Prezident, sadəcə olaraq, beynəlxalq tədbirlərdə və s. ölkəni təmsil etmək səlahiyyətinə malikdir. Doğrudur, bu, o demək deyil ki, prezident bu və ya digər hadisələrdə, qərarların qəbulunda iştirak etmir. Edir, amma mən inanmıram ki, Fransada doğulub boya başa-çatan, gürcü dilində çox pis bilən bir insan Rusiya ilə münasibətlərin yaxşılaşması xəttini tutsun. Hətta bunu Bidzina İvanişvilinin istəməsinə baxmayaraq. Bu münasibətləri ən çox istəyən odur. Amma əgər Rusiya ilə ciddi, dərin yaxınlaşmalar olarsa və hakimiyyət siyasi kursunda bu xətti tutarsa, həm Qərbdən ciddi zərbə ala bilər, həm də gürcü xalqının ciddi tənbehilə üzləşər. Bir sözlə, Zurabişvilinin prezident postunda olması Rusiya ilə Gürcüstan münasibətlərinə müəyyən töhfə verə bilər. Ancaq indiyə qədərki siyasi kursu kəskin sürətdə dəyişə bilməz.

- Fransa demişkən, Zurabişvilinin Fransada doğulub böyüməsi, 30 il orada fəaliyyət göstərməsi Gürcüstanın Qərbə doğru istiqamətlənməsinin başlanğıcını qoya bilərmi?

- Desək ki, Gürcüstan qərbyönümlü inkişaf istiqamətindən imtina edib – bu, qeyri-səmimilik olardı. Gürcüstan Qərbə doğru getməkdə davam edir, istiqamətini NATO-ya doğru çevirib. NATO-nun bir sıra strukturları artıq Gürcüstan ərazisində yerləşib. NATO da öz xarici siyasətində Gürcüstanın üzv kimi qəbul edilməsi məsələsi üzərində işləyir. Bu gün Gürcüstanın Qərblə əlaqələrini kifayət qədər inkişaf etmiş hesab etmək olar. Zənnimcə, Zurabişvili qərbyönümlü bir insandır. Gürcüstan-Qərb, xüsusilə, Gürcüstan-Fransa münasibətlərinin möhkəmlənməsinə ciddi töhfələr verə bilər.

- 2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Müxalifətin builki məğlubiyyəti parlament seçkilərinə nə dərəcədə təsir göstərəcək? Həmin seçkilərdə uğur qazanmasının qarşısını ala bilərmi?

- O, müxalifətin aparacağı siyasətindən asılıdır. Müxalifət seçkilərin saxtalaşdırılması faktını ümumi rəyə çevirə bilsə, insanlar arasında təbliğ edib onları inandıra bilsə, bütün istiqamətlərdə mövqeyi möhkəmlənə bilər. Müxalifət həmçinin, indiki prezident seçkilərində olduğu kimi, razılaşdırılmış formada getsə, uğur qazana bilər. Yox, müxalifətdaxili polemikalar baş qaldırsa, parlament seçkilərində qalibiyyət qazanmaq çətin olacaq.

- Saakaşvilinin ekstradisiyası məsələsi hansı istiqamətə doğru yol alıb? Onun Gürcüstana doğru gəlməsi ehtimalı azalıbmı?

- Zənnimcə, Saakaşvilinin ekstradisiyası gündəmdə əsas məsələ kimi dayanmır. Seçkilər göstərdi ki, hakim qüvvələrin sosial bazası xeyli sarsılıb. Müxalif rəy isə Saakaşvilinin köhnə nüfuzuna söykənərək cəmiyyətdə kifayət qədər möhkəmlənib. Saakaşvilinin Gürcüstanın iqtisadi inkişafı arzusu isə qeyri-realdır.

Əvvəla, bu, baş tutmayacaq bir sevdadır. Qərb ölkələri buna imkan verməyəcək. İkincisi isə, belə bir ideyanın qaldırılması Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasının və onun yeritdiyi siyasətin uğurlu nəticələrinə gətirib çıxara bilməz. Zənnimcə, bu haqda susmaq hakimiyyətə daha çox xeyir gətirə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm