• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycanın dünyanı heyran qoyan təbiət mənzərələri məşhur fotoqrafın gözü ilə "Ayı ilə üz-üzə gələndə..." - FOTO

  • Xüsusi
  • 5 Dekabr 2018 22:00
  • 2 419 Baxış
Azərbaycanın dünyanı heyran qoyan təbiət mənzərələri məşhur fotoqrafın gözü ilə 
 "Ayı ilə üz-üzə gələndə..."

Vahid Həsənov torpağına bağlı olan, vətənini, aktiv və sağlam həyat tərzini sevən, həvəskar dağçı və peşəkar videoqrafdır. Uşaqlıqda idmanla məşğul olan səyyah ekstrim həyat tərzindən qorxmur və adətən avtostopla müstəqil şəkildə səyahət etməyə üstünlük verir.

Şəhər həyatını sevməyən Vahid Həsənov artıq bir neçə aydır ki, Azərbaycanın bölgələrini gəzib, onun valehedici təbiəti və sonsuz müxtəlifliyini lentə alır. Vahidin birinci məqsədi Azərbaycan təbiətinin unikallığını dünyaya tanıtmaq, ikincisi isə bölgələrdə turizmin inkişafına öz töhfələrini verməkdir. Bütün qazancını səfərlərinə xərcləyən V.Həsənov bildirib ki, bölgələrlə bağlı layihələrini davam etdirmək üçün maddi dəstəyə ehtiyac var. Əks halda, layihələri müvəqqəti dayandırmalı olacaq. Bu isə onun ürəyincə deyil...

Publika.az-a müsahibə verən Vahid Həsənov bildirib ki, bütün bunları heç bir dövlət və özəl şirkət dəstəyi olmadan öz hesabına həyata keçirib.

- Vahid Həsənov kimdir və nəçidir?

- Təbiəti sevən, vətəninin gözəlliyini həm azərbaycanlılara, həm də xarici vətəndaşlara tanıtdırmaq istəyən videoqrafam. İxtisasca rəssam olsam da, əsasən fotoqrafiya və videoqrafiya ilə məşğul oluram. İl yarımdır ki, bölgələri, ucqar kəndləri gəzərək təbiət foto və videoları çəkirəm. Bunu öz hesabına edirəm.

- Niyə bu işlə məşğul olmağa qərar verdiniz?

- Səyahət etməyi sevirəm. Rəssamlıq etdiyim vaxtlarda Azərbaycanı səyahət etməyə başladım və gördüm ki, təbiətimiz həqiqətən də valehedicidir. Təəssüf ki, bu gözəlliyin dəyərini bilən və onu tanıdan insanların sayı azdır. Xarici ölkələrdə Gürcüstan deyəndə dağlar yada düşür, Azərbaycanı isə çoxu düzənlik ölkə kimi tanıyır. Halbuki, Kiçik Qafqaz, Böyük Qafqaz və Talış dağları Azərbaycan ərazisinə düşür. Qərar verdim ki, bu yolda bir iş görüm. Fotoaparatı özümlə səyahətlərə aparıb çəkilişlər etməyə başladım. İlk vaxtlarda həvəskar idim, sonra kursa gedib foto və video sənətini öyrəndim. Fotoqraf kimi özümü peşəkar hesab etməsəm də, video işində daha çox püxtələşmişəm. Bunun üçün öz üzərimdə ciddi çalışmışam. Ümumiyyətlə rejissorluğa meylliyəm, gələcəkdə xaricdə rejissorluq təhsili almağı planlaşdırıram.

Quba - Qalaxudat

Görüntünün olası içeriği: gökyüzü, gece ve açık hava

- Bütün səyahətləri öz hesabınıza həyata keçirmək, üstəlik ağır texniki avadanlığı özünlə daşımaq asan deyil. Maddi baxımdan sıxıntılarınız olur?

- Bütün qazancımı, gücümü və enerjimi səfərlərə xərcləyirəm. Bunun müqabilində heç nə qazanmıram. Əslində, sevdiyim işi görməkdən zövq alıram. Lakin maddi problemlər imkan vermir ki, daha yaxşı təbiət mənzərələri çəkim. Təəssüf edirəm ki, Azərbaycanda peyzaj foto sahəsi inkişaf etməyib. Xarici ölkələrdə mənim kimi səyyah fotoqrafları bütün avadanlıq, hətta maşınla təmin edən sponsorlar olur. Odur ki, başlanğıc üçün yatırımı özüm etdim.

- Biz adətən ilboyu işləyib yayda hansısa xarici ölkəyə gedə bilmək üçün pul yığırıq. Siz isə öz bölgələrimizə üz tutursunuz. Bu fədakarlığı etməyə dəyər?

- Əlbəttə, dəyər. Ölkəmizdə gözəl mənzərələr çoxdur, sadəcə araşdırıb tapmaq həvəsində olan yoxdur. Paylaşdığım şəkilləri görən insanlar inanmırdı ki, bura Azərbaycandır.

Dəvəçi - Çıraqqala

Görüntünün olası içeriği: gökyüzü, dağ, açık hava ve doğa

- Gözəl yerləri necə kəşf edirsiniz?

- Bu işdə dağçılar mənə kömək edir. Peşəkar dağçı deyiləm, həvəskara yaxınam. Əslində zirvəyə çıxmağa yox, zirvəni çəkməyə həvəsliyəm. Dağçılarla yola çıxanda tələsirlər, mən isə yox. Füsunkar bir mənzərə görəndə dayanıb saatlarla onun foto və videosunu çəkirəm. Odur ki, çox vaxt özümə yol yoldaşı tapa bilmirəm. Tək səfərə çıxmaq çətindir, adi yük çantasının çəkisi 20-25 kq-dır, texniki avadanlığın çəkisi isə 15 kq-dan çox olur. Və mən bu çanta ilə avtostopla büdcəsiz gəzirəm. Meşələrə və dağlara çıxanda gecələr çadırda gecələyirəm.

- Uğurlu fotonun alınması üçün ən əlverişli mövsüm hansıdır?

- İlk başlayanlar üçün yaz-yay yaxşıdır. Bu fəsillərdə çadırda qalmaq daha rahatdır, həm də təbiət daha gözəl olur. Mən əsasən payızda səfərə çıxıram, çünki o zaman rənglərin bolluğu istədiyim kadrları əldə etməyə imkan verir.

- Bəs günün hansı saatında kadrlar daha effektli alınır?

- Ya sübh tezdən, ya da axşam.

- Yerli əhali sizi necə qarşılayır?

- Münasibətlər müxtəlifdir.

Qusar

Görüntünün olası içeriği: dağ, gökyüzü, bulut, açık hava ve doğa

- Səyahət etdiyiniz hansı bölgənin insanları daha çox qonaqpərvər və ünsiyyətcildirlər?

- İsmayıllı və Quba əhalisi daha səmimi və mehribandır, evlərinə qonaq dəvət edirlər. Gədəbəydə isə heç kim dəvət etmədi, az qalsın qovurdular. Elə bilirdilər ki, qızıl axtarmağa getmişəm. Izah edə bilmirdim ki, təbiətin gözəlliyini lentə alıram.

- Haranın təbiəti sizi daha çox valeh edib?

- Dağlar görmək istəyən Quba və Qusara, həmçinin Lerikə, meşələr görmək istəyən də İsmayıllıya getməlidir. O, cümlədən Qaxda həddindən artıq abidələr var. Qaxın Sarıbaş kəndi xüsusilə diqqətəlayiqdir. Bütün evlərin damları eyni rəngdir, yolu da çətindir. Cavan nəslin çoxu kəndi tərk edib, ancaq yaşlı insanlar qalıb. Əminəm ki, xarici turistlərə o kənd haqqında məlumat verilsə, oranı gedib öz gözləri ilə görmək istəyəcəklər.

- Yəqin ki, sizi bu işlə məşğul olmağa sövq edən səbəb sadəcə təbiət eşqi deyil.

- Digər səbəbi ondan ibarətdir ki, bölgələrdə turizm inkişaf etsin. Çox istərdim ki, Azərbaycan təbiətini dünyaya tanıtdırmaq istiqamətində gördüyüm işlərdə Dövlət Turizm Agentliyi mənə dəstək olsun. Çünki bu, sadəcə özüm üçün deyil, ölkəmin təbliği üçün əhəmiyyətlidir.

Qusar

Görüntünün olası içeriği: gökyüzü, dağ, bulut, açık hava ve doğa

- Səfərə çıxan hər bir səyyah bilir ki, qarşıda onu gözlənilməz sürprizlər gözləyir. Başınıza gələn maraqlı əhvalatları xatırlaya bilərsiniz?

- Gürcüstanla Zaqatalanın sərhəddində yerləşən dağlara qalxmaq üçün 3 gün 25 km yol getmişdim. Aşağı düşəndə gördüm ki, ağacların arasında nə isə tərpənir. Bir ayı başını qaldırıb mənə baxdı, fikir vermədən ağır yüklə yoluma davam etdim. Dərk eləmirəm ki, bu, ayıdır. Ayı ona fikir vermədən sürətlə aşağı düşdüyümü görəndə, ayaqlarını qucaqlayıb dombalaq aşıb getdi. Ola bilsin ki, üstümdəki yükü görüb çəkindi. Ümumiyyətlə belə anlarda sayıqlığı itirmək və qorxunu bəlli etmək olmaz.

Bir dəfə isə Lahıcda kənddən bir uşaqla marşurut olmayan dağa qalxmışdım. Mənə lazım idi ki, orada sübh tezdən qızılı rəngə boyanan yolun şəklini çəkim. Sən demə, oraya qalxmaq üçün qayalıqları dırmanmaq lazım imiş. Çox çətinliklə olsa da, 30 kq-lıq yüklə dağa qalxa bildik. Az qalsın ki, uçurumdan yıxılacaqdım. Gecə çadıra 3 dəfə ayı gəlmişdi. Hiss edirdim ki, ağır nə isə çadıra yaxınlaşır. Yaxşı ki, yanımızda it var idi, yoxsa ayı başını içəri soxa bilərdi. İt ayının başını qatıb meşəyə aparırdı, sonra çadıra qayıdıb yenidən keşiyimizi çəkməyə davam etdi. İşə olan məhəbbətimdən dolayı belə hadisələr gözümü qorxutmur. Bunun üçün sadəcə işini sevmək kifayət etmir, eyni zamanda cəsarətli olmalısan. Dostlarım deyir ki, sən canını yerdən tapmısan.

İsmayıllı - Lahıc

Görüntünün olası içeriği: dağ, bulut, gökyüzü, açık hava, doğa ve su

Qaxda isə 3 it az qalmışdı ki, məni parçalasın. Ferma itləri idi, sahibi 30 saniyə geciksəydi, ağır yaralana bilərdim. Gözləmədiyim anda bir it üstümə tullandı, sonra 3 it məni əhatəyə aldı. Bilmirdim ki, hansından yaxamı qurtarım. Yumruqla burunlarına vurdum, nəticədə əlim sındı.

Yolun kənarında və ya bir nöqtədə dayanıb şəkil çəkmirəm, effektli görüntü əldə edə bilmək və kompozisiya qurmaq üçün mütləq gəzirəm. Səfərə çıxanda heç bir strategiya qurmuram, beynimdə qurduğum kadrı tapmayana qədər qayıtmıram.

Qəbələ - Nohurqışlaq

Görüntünün olası içeriği: gökyüzü, bulut, dağ, okyanus, açık hava, doğa ve su

Görüntünün olası içeriği: gökyüzü, dağ, bulut, ağaç, açık hava, doğa ve su

- Ailənizin dəstəyini hiss edirsiniz? Azərbaycanda valideynlər adətən övladlarına pul gətirən işlərdə çalışmağı tövsiyə edir.

- Etiraz etmirlər, əksinə atam həmişə yanımdadır. Yeri gəlmişkən, xarici ölkələrdə yaşayan həmvətənlərimizdən iş təklifləri gəlib. Sözsüz ki, getmək istəmərəm, Azərbaycanda görülməli və işıqlandırılmalı yerlər çoxdur. Amma bu məsələdə yardım edən tapılmasa, yəqin ki, fəaliyyətimi xaricdə davam etdirəcəyəm.

- Sizcə, biz təbiətin qədrini bilirik?

- Çox azdır. Əgər imkanım olsaydı, kənd camaatı arasında turizmlə bağlı maarifləndirmə işləri aparardım. Məsələn, Xınalıqda aparılan təbliğat nəticəsində turistik yer kimi məşhurlaşıb. Yerli əhali turizmdən pul qazana bilir. Həmçinin digər kəndlərdə də turizmin inkişafı üçün müəyyən addımlar atılmalıdır.

Quba - Xınalıq

Görüntünün olası içeriği: dağ, gökyüzü, bulut, doğa ve açık hava

- Yəqin ki, şəhər həyatı sizin üçün maraqsız olar.

- Bəli, şəhər həyatı məni sıxır. Ümumiyyətlə, bir yerdə yaşamağı düşünmürəm. Azərbaycanı dünyaya tanıtmaq missiyamı tamamladıqdan sonra dünya səyahətinə çıxmaq arzum var.

- Kənd əhalisinin kameralara reaksiyası necədir?

- Adətən gülümsəyir və çəkdikdən sonra "Ver baxım" deyirlər.

- Rəsmlərinizdə hansı janra üstünlük verirsiniz?

- Son zamanlarda kosmos rəsmlərini çəkirəm. Peyzaj rəsmləri olacaq, amma beynimdə canlandırdığım başqa planetlərin təbiətidir. Hazırda bu işlə məşğul olmağa vaxtım yoxdur, çünki bütün günüm yollarda keçir. İlk kameramı da portret sifairşlərindən qazandığım pulla almışdım. Texniki avadanlığın bəziləri sıradan çıxıb, bəzilərini isə satmaq məcburiyyətində qaldım. Bir müddət dostlarımın dəstəyi ilə fəaliyyətimi davam etdirə bildim. Onu da etiraf etməliyəm ki, vətənpərvər insanların və ya turizm agentliyinin dəstəyi olmazsa, ciddi və keyfiyyətli işlər ortaya qoymaq mənə mümkünsüz görünür...

- Müsahibə üçün minnətdaram. Missiyanızı tamamlamaqda uğurlar arzu edirik.

- Çox sağ olun.

Şamaxı rəsədxanası

Görüntünün olası içeriği: gökyüzü, bulut, dağ, açık hava ve doğa

Aytən

Foto: Səfiyar Məcnun

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR